Azərbaycan - Çin strateji tərəfdaşlığı
Azərbaycan - Çin münasibətlərinin strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi
ikitərəfli əlaqələrin yeni mərhələyə
daxil olmasını və daha dərin inteqrasiyanı
nümayiş etdirir. Bu tərəfdaşlıq iqtisadiyyat,
ticarət, enerji, nəqliyyat və logistika, texnologiya və rəqəmsal
infrastruktur, eləcə də mədəni və humanitar əlaqələri
əhatə etməklə geniş spektrdə əməkdaşlıq
imkanlarını artırır. Çin ilə ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindən biridir.
Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində
cənab Prezident İlham Əliyev Azərbaycan - Çin
münasibətləri ilə bağlı fikirlərini ifadə
edib, ölkələr arasında əlaqələri yüksək
dəyərləndirib. Dövlət
başçısının dediyi kimi, Çin və Azərbaycan
dost, strateji tərəfdaş ölkələrdir. Bu gün
Azərbaycanla Çin arasında münasibətlər
uğurla inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham
Əliyev ilə Çin Xalq Respublikasının lideri cənab
Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin
qarşılıqlı əlaqələrinin güclənməsində
müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi
deyil ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində
keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının
sammiti çərçivəsində dövlət
başçılarımızın görüşü
zamanı strateji tərəfdaşlıq münasibətlərinin
qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Bu sənəd
Azərbaycan - Çin münasibətlərini strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldir.
Çinin irəli sürdüyü “Bir kəmər,
bir yol” təşəbbüsünü ilk dəstəkləyən
ölkələrdən biri olan Azərbaycan, o cümlədən
Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər
müstəvisində sıx əməkdaşlıq qurub.
Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata
keçirib və “Bir kəmər, bir yol” layihəsinin
mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun
inkişafına əhəmiyyətli investisiyalar
yatırıb.
Çin şirkətlərinin yalnız xidmət və
texnologiyaların təmin edilməsində yox, həmçinin
Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar. Belə
ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan
arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin
çəkilməsi ilə bağlı müqavilə
imzalanıb. Bununla da Mərkəzi Asiya ilə Azərbaycan və
potensial olaraq Çin enerji kabeli ilə bir-birinə
bağlanıb. Digər bir layihədə belə bir kabel xətti
Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən
Avropaya və geriyə yüklərin
çatdırılması üçün ən səmərəli
və təhlükəsiz marşrutdur. Bakı-Tbilisi-Qars dəmir
yolunun istifadəyə verilməsi ilə Çindən
Türkiyəyə yük daşımalarının müddəti
bir aydan 12 günə qədər azalıb. Çindən
göndərilən bu yüklərin Türkiyə vasitəsilə
Qərbi Avropa ölkələrinə
çatdırılması isə ümumilikdə cəmi 18
günə baş verir.
Bəli, Azərbaycan - Çin əlaqələri
çoxşaxəli struktura malikdir. Burada enerji keçidi, bərpa
olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş
istehsal sahələrinədək bir sıra məqamlar var. Məsələn,
Azərbaycanda elektrik mühərrikli avtobusların
istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD)
şirkəti ilə iş birliyinə start verilib.
Avtobusların yerli istehsalına isə bu il
başlanılması planlaşdırılır. Bakı ilə
Sıçuan əyaləti, Gəncə ilə
Çindaonun, Sumqayıt ilə Sian və Myenyan şəhərlərinin,
Çunçin şəhərinin Cyancin rayonunun,
Naxçıvan Muxtar Respublikası ilə Çunçin
şəhərinin, Bakı şəhərinin Xəzər
rayonu ilə Quancou şəhər bələdiyyəsinin
Nanşa rayonunun əməkdaşlığına dair sənədlərin
imzalanması isə nikbin mənzərəyə xüsusi
ovqat qatır. Habelə, elm və təhsil sahəsində əməkdaşlığın
inkişafını, Pekin Dillər Universitetində Azərbaycan
dilinin tədrisi kafedrasının mövcudluğunu, ölkəmizin
ali məktəblərində Konfutsi institutlarının
uğurlu fəaliyyətini də qeyd etməliyik.
Bütün bunlarla yanaşı, bir məqamı da
xüsusi vurğulamağa ehtiyac var. Heydər Əliyev Fondu Azərbaycanla
Çin arasında mədəni və humanitar mübadilənin
əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin
Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti”
ilə birlikdə müxtəlif layihələr həyata
keçirir ki, bu fəaliyyətin də uğuru göz
önündədir. Bundan başqa, 2023-cü ilin aprelində
Pekində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla
Əliyevanın “Yalnız bir dəfə yaşayırsan”
poeziya kitabının Çin dilinə tərcümə
olunmuş variantının təqdimatı keçirilib. Nəzərə
alaq ki, bu nəşr Çin Xarici Dillər Nəşriyyatı
Administrasiyası tərəfindən ölkələrin mədəni
və humanitar sahələrdəki əməkdaşlığının
gözəl nümunəsi kimi qiymətləndirilib.
Azərbaycanla Çin arasında
qarşılıqlı anlaşma var. Azərbaycan ilə
Çin arasında strateji tərəfdaşlığın
qurulması haqqında birgə bəyannamədə qeyd olunub
ki, tərəflərin strateji tərəfdaşlığı
qarşılıqlı hörmətə, bərabərlik,
etimad və qarşılıqlı dəstəyə əsaslanır,
Azərbaycanla Çin xarici amillərdən asılı
olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. İki
ölkə arasında münasibətlər ərazi
bütövlüyünə və suverenliyə
qarşılıqlı hörmətə, daxili işlərə
qarışmama prinsiplərinə əsaslanır,
separatçılıqdan uzun illər əziyyət çəkən
Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir
və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul
edir.
Azərbaycan - Çin strateji tərəfdaşlığı
həm ikitərəfli əsasda, həm də regional və
beynəlxalq təşkilatlar çərçivəsində
təmasların artırılması, mübadilələrin
intensivləşdirilməsi və əməkdaşlığın
hərtərəfli dərinləşməsi işinə yeni
dinamika gətirir.
Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın katibi
525-ci qəzet .- 2025.- 15 fevral(¹29).- S.7.