Azərbaycan yəhudiləri
çar hakimiyyəti dövründə
Arxiv sənədlərinin
izi ilə
Azərbaycan Respublikasında üç yəhudi icması
- dağ yəhudiləri, aşkenazi yəhudiləri və
Gürcüstan yəhudiləri icmaları mövcuddur. Dağ
yəhudilərinin ölkəmizdə məskunlaşması
V-VI əsrlərə, Gürcüstan yəhudilərinin VIII əsr
ehtimal edilir. Aşkenazi yəhudilərinin isə Azərbaycana
gəlişi çar Rusiyası dövründən
başlayıb. İlk aşkenazilər 1832-ci ildə
Bakıda məskunlaşmışlar. XIX əsrin sonu - XX əsrin
əvvəllərində Bakıda yaşanan neft bumunun baş
verməsi ilə şəhərdəki yəhudi əhalisinin,
o cümlədən aşkenazilərin sayı sürətlə
artıb. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi
vardı ki, onların da əksər hissəsini aşkenazilər
təşkil edirdi. Bununla yanaşı, 1903-cü ildə
Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda,
habelə Rusiya imperiyasının digər şəhərlərində
baş vermiş yəhudi qırğınları nəticəsində
yüzlərlə aşkenazi Azərbaycana pənah gətirmiş,
daha çox, Bakıda məskunlaşmışdılar.
Qırğınlardan xilas olmaq üçün ölkəmizə
üz tutmuş aşkenazilər burada özlərinə ikinci
vətən tapıblar.
Çar zamanında ölkəmizə köç
etmiş gerlər və subbotniklər də Rusiyanın
müxtəlif yerlərlərindən 1820-ci illərdə Yəhudiliyi
qəbul etmiş etnik qruplardır. 1839-1841-ci illərdə
Çar hökuməti bu şəxsləri Cənubi Qafqaza əsasəndə
Azərbaycana sürgün etmişdi. Onlar köhnə adı
Həştərxan-Bazarı olan Cəlilabadın böyük
məskunlaşma məntəqələrindən biri
sayılan Privolnoyeyə yerləşdirilmişdilər. Bura
sonralar Rusiyanın ən böyük Yəhudi-Rus məskunlaşma
məntəqələrindən birinə çevrilmişdi. Təəssüf
ki, həmin dövrün kameral təsvir kitablarından
başqa, onlara aid məlumatları özündə saxlayan
heç bir sənəd dövrümüzədək gəlib
çatmayıb. Bu etnik qrupdan olanların əksəriyyəti,
Rusiyaya köç etmələri səbəbindən Azərbaycanda
hazırda gerlər və subbotniklər, demək olar ki,
yaşamırlar.
XIX əsrin yarısı - XX əsrin əvvəllərində
yəhudilər ən çox Bakı quberniyasında
yaşayırdılar. İmperiya zamanında dağ yəhudilərinin
kompakt yaşadığı yeganə yer olan Qubanın yəhudi
qəsəbəsindən əlavə, Bakı şəhərində
və Bakı qəzasının Sabunçu, Balaxanı,
Ramanı kəndlərində, Lənkəran şəhərində
və Lənkəran qəzasının Privolnoye kəndində,
Şamaxı, Göyçay, Cavad qəzalarındakı
yaşayış məntəqələrində yerləşmişdilər.
Azərbaycan Dövlət Tarix Arxivində qorunan qiymətli
mənbələr arasında yəhudilərə dair rast gəlinən
ilk sənədlər 1863-cü ilə aid Bakı qubernatorunun
dəftərxanası işləri siyahısıdır ki,
burada müxtəlif məsələlərlə bağlı
qeydlərdə onların adları çəkilir (f.45, siy.2,
sax.vah.79).
Bu saxlama vahidindən sonra ən maraqlısı "Qəzalardakı
yəhudilərin, sineqoqların, ibadət evlərinin sayı
haqqında məlumatların təqdiminə dair Bakı
quberniyasının qəza rəisləri ilə
yazışmaları"dır (f.44, siy.2, sax.vah.40, vər.1-8).
1869-cu ildə tərtib edilmiş sənədlər Bakı,
Quba, Şamaxı, Cavad qəza rəislərinin
raportlarından ibarətdir. Quba qəzası, yəhudi qəsəbəsinin
1868-ci ilə dair göstərilən məlumatları belədir:
4947 nəfər yaşayan qəsəbədə kişilərin
sayı qadınlardan çoxdur. Doğum və ölüm
sayında da kişi cinsi üstünlük təşkil edir.
İl ərzində 44 nikah qeydə alınıb, boşanma
hadisəsi baş verməyib.
Sayları artdıqca mövcud ibadət evləri ilə
kifayətlənməyən yəhudilərin 1908-ci ildə
Bakıda, 1911-ci ildə Quba yəhudi qəsəbəsində
yeni sineqoqların tikintisi ilə bağlı Bakı Qrado
naçalnikinə və Quba qəza rəisinə müraciətləri
tarixi baxımdan əhəmiyyətlidir.
Yəhudi slobadasının yeni qəsəbəsində
“Mizraxi” sineqoqunun 02.06.1911-ci il tarixli layihəsi
Onlar təkcə dini inamları ilə deyil, təhsil
və maarif sahələrində də geniş fəaliyyətləri
ilə fərqlənmişlər. 1909-cu ildə Bakı yəhudi
qadın peşə məktəbi fəaliyyətə
başlamışdı (f.309, siy.1, sax.vah.852, vər.1-10).
1911-ci ildə "Talmud-Tora" yəhudi maarifçi cəmiyyətinin
qurulmasına nail olmuşlar (f.46, siy.2, sax.vah.143, vər.1-18).
İki sinifli Yəhudi Qadın Peşə məktəbinin
1915-ci il üzrə hesabatı
1913-cü ildə yəhudi ədəbi-musiqili cəmiyyətinin
yaradılması haqqında Bakı Qrado naçalnikliyi
qarşısında vəsatət qaldırmışlar (f.46,
siy.2, sax.vah.164, vər.1-8). Bu arada yəhudi qəzetləri ilə
yanaşı, Solomon İsakoviç Dvosin adlı yəhudi rus
dilində "Bakinskiə razvleçeniə"
jurnalının nəşr edilməsi üçün
quberniya rəhbərliyindən icazə istəmişdi (f.46,
siy.4, sax.vah.59, vər.1-5).
1913-cü ildə Bakı ravvin cəmiyyəti iudey
dinindən olan şəxslər üçün Bakı
şəhərində yəhudi xeyriyyə cəmiyyətinə
xeyriyyə evi açmağa razılıq verməsini şəhər
İdarəsindən xahiş etmişdi (f.1, siy.1, sax.vah.1751, vər.1-6)
.
1914-cü ilin Bakı şəhərinin hesabatı
üzrə məlumatlara istinadən əsrin əvvəllərindən
yeni məskunlaşan sakinlərin milli tərkibində ruslar və
ermənilərdən sonra yəhudilər də xüsusi yer
tutub. Şəhər əhalisinin 4.55 faizi hesab edilən 9689 nəfər
yəhudi qeydə alınıb. Onların içərisində
savadlılıq dərəcəsi 82.9 faiz olub (f.389, siy.1,
sax.vah.643, vər.9).
1915-16-cı illərdə Birinci Dünya müharibəsinin
yaratdığı səfalət üzündən Rusiya
imperiyasının qərb quberniyalarından Bakıya gələn
qaçqın yəhudilərin sayı 1158 nəfər
imiş (f.495, siy.1, sax.vah.111).
Bir-birinin milli dəyərlərinə
qarşılıqlı hörmət və ehtiram Azərbaycan
və yəhudi xalqlarını yaxınlaşdıran
başlıca cəhətdir. Odur ki, xalqımızın
tarixində böyük izlər qoymuş yəhudi əsilli
azərbaycanlıları daim qəlbən sevir, xatirələrini
əziz tuturuq: Lütfi Zadə, Mirzə Xəzər, milli qəhrəmanımız
Albert Aqarunov, Nobel mükafatı almış Lev Landau və
onlarla başqa tanınmışlar ümumi vətənimizin
- Azərbaycanımızın fəxr edilməli
övladlarıdır.
Rövşən YERFİ
525-ci qəzet .- 2025.- 19 fevral(¹31).- S.12.