Naxçıvan və İrəvanda
dini-ruhani mühit: çar hökumətinin məkrli siyasəti
fonunda
Çar Rusiyası hər zaman var qüvvəsi ilə
"dişini qıcıdığı" Cənubi Qafqazda,
xüsusilə də Şimali Azərbaycanda 1840-cı ildə
yeni inzibati-ərazi və məhkəmə islahatları həyata
keçirib. Belə ki, həmin ilin 10 aprel tarixində
çar I Nikolay tərəfindən "Qafqaz diyarının
idarə olunması üçün təsisat" adlı
inzibati-məhkəmə islahatını nəzərdə
tutan layihə təsdiq edilmiş, həmin layihə qanuni
qüvvəsini almışdı.
I Nikolayın 21 mart 1828-ci il tarixli əmri ilə Azərbaycan
torpaqları olan İrəvan və Naxçıvan
xanlıqları "erməni vilayəti" adlı bir
inzibati bölgüdə birləşdirilmişdisə, həmin
inzibati-məhkəmə islahatından sonra göstərilən
vilayət ləğv edilmiş, onun yerinə İrəvan və
Naxçıvan qəzaları yaradılmış,
Naxçıvan qəzası Gürcüstan-İmeretiya
quberniyasının tərkibinə qatılmışdı.
İslahatlar nəticəsində ölkəmizdə əsrlərdən
bəri mövcud olan məhkəmə sistemi
bütövlüklə rus məhkəmə sistemi ilə əvəz
edildi. Belə ki, islahatlara görə rus dilində fəaliyyət
göstərən qəza məhkəmələri, eləcə
də quberniya və vilayət, cinayət və mülki məhkəmə
palataları yaradıldı (Z.Şahverdiyev. Naxçıvan
bölgəsi XIX-XX əsrin əvvəllərində.
Bakı, 2008, səh. 44).
Həmin dövrdə Naxçıvanda fəaliyyət
göstərən qəza məhkəməsi əsasən
notarial, əmlak, mülki, torpaq, oğurluq və ümumiyyətlə,
polis orqanları tərəfindən daxil olmuş cinayət
işlərinə baxmaq funksiyasını yerinə yetirirdi.
Naibin başlıca vəzifəsi şikayətə baxmaq və
əhali arasında mübahisə, dalaşma işləri ilə
qanun üzrə məşğul olmaq idi (F.Cəfərov.
Naxçıvan qəza polisi (1828-1920-ci illər). Bakı,
"Nurlan", 2008, səh. 10).
10 aprel 1840-cı il tarixli qanun Cənubi Qafqazda, o
cümlədən Azərbaycanda 1841-ci ilin əvvəllərindən
tətbiq olunmağa başlanıldı. Həmin qanun dini məhkəmələrə
də əhəmiyyətli səlahiyyətlər verdi. Belə
ki, müsəlmanlar şəriət qaydaları əsasında
müəyyən mülki işlərini həll edə bilərdilər
(A.Milman. Politiçeskiy stroy Azerbaydjan v 19 - naçale 20 vekov.
Baku, Azerneşr, 1966, s. 122).
1849-cu ildə İrəvan quberniyası təşkil
edildi ki, Naxçıvan və Ordubad qəzaları İrəvan
quberniyasına verildi. İrəvan quberniyasının tərkibinə
İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz
qəzaları da daxil idi.
Bu dövrlərdə şəri məhkəmələrinin
səlahiyyətləri məhdudlaşdırılsa da, hətta
XIX əsrin sonlarında, eləcə də XX əsrin əvvəllərində
belə müsəlmanlar öz mülki mübahisələrinin
həllində qazılara üz tutur, dini işlər üzrə
ədalət mühakiməsi məhz qazılar tərəfindən
həyata keçirilirdi. Azərbaycanın digər bölgələrində
olduğu kimi, Naxçıvanda da qazılar fəaliyyət
göstərmişdir.
Arxiv sənədlərin araşdırılması nəticəsində
XIX əsrin sonu, eləcə də XX əsrin əvvəllərində
Naxçıvanda fəaliyyət göstərmiş olan bir
neçə qazının adı, qazı olmaq arzusunda olan
dindarların bəzilərinin şəxsiyyətlərinə
dair maraqlı məlumatları, habelə həmin dövrdə
qazı olmaq üçün prosedur qaydaları əldə
etmişik. Maraqlıdır ki, qazı olmaq üçün bəzi
dindarların ünvanladıqları ərizələr
müxtəlif səbəblər göstərilərək təmin
olunmamış, bəzilərinin barəsində verilmiş
xasiyyətnamələrdə isə onların fanatik
olmamaları, xüsusilə bölgədə yaşayan ermənilər
tərəfindən rəğbətlə
qarşılanmalarının müsbət hal kimi qiymətləndirilməsi
göstərilmişdi.
1883-cü ildə Naxçıvan qəzasının
qazısı Axund Hacı Molla Saleh Məhsunzadə, Şərur-Dərələyiz
qəzasının qazısı Axund Hacı Molla
İsmayıl Nadirzadə, Ordubad qəzasının
qazısı isə Axund Mehdi Məhəmmədzadə
olmuşdu.
Naxçıvan Muxtar Respublikasının Dövlət
Arxivində İrəvan quberniyasının İdarə Heyətinin
qazıların təyin edilməsi ilə bağlı bir
sıra işlərinə dair materiallar saxlanılır ki,
onlardan birinə nəzər salmaq maraqlı olardı. Məlum
edək ki, 01 fevral 1895-ci ildə başlayıb 14 fevral 1895-ci
ildə qurtaran İrəvan quberniyasının İdarə
Heyətinin bu işi Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin
üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə
Əbdül Həsənzadə ilə bağlıdır
(Naxçıvan MR Dövlət Arxivi, f. 23m, s.1, iş 1147,
v.1-18). İş materiallarında onun İrəvan qubernatoruna
ünvanladığı 26 yanvar 1895-ci il tarixli ərizəsində
yazılıb:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına
Siz Zati-alilərinə həvalə edilmiş İrəvan
quberniyasında dini sahədə xidmət etmək arzusunda
olduğumdan özümə şərəf bilərək mənim
Naxçıvan qəza qazısı vakant vəzifəsinə
təyin edilməyim barədə sərəncam verməyinizi
xahiş edirəm. Bununla bərabər, sizə hazırkı
vəzifə ilə bağlı mənim xidmətimə dair
formulyar siyahının təsdiq olunmuş nüsxəsini, 80
qəpik dəyərində gerb markasını təqdim edirəm".
Onun tərəfindən tərtib edilmiş 4 mart
1893-cü il tarixli formulyar siyahıdan aydın olur ki, Mirzə
Əbdül Cabbar Mirzə Əbdül Həsənzadənin
35 yaşı vardır. Onun fərqlənmə
nişanları yoxdur, ildə 300 manat məvacib alır.
İki evi vardır, biri Şuşa şəhərində,
digəri isə atadan qardaşları ilə ona miras
qalmış Cavanşir qəzasının Alnavat kəndində
yerləşir. O, təhsilini (arxivdə saxlanılan orijinal sənəddə
"tərbiyəsi"ni yazılmışdır - Y.X.) əvvəlcə
Şuşa şəhərində, sonra isə Yelizavetapol
şəhəri "Cuma" məscidi nəzdində yerləşən
mədrəsədə almışdır. Elmlərin tam
kursunu bitirdikdən sonra öz doğma ana dilində, eləcə
də fars və ərəb dillərində 23 noyabr 1891-ci ildə
Zaqafqaziya Şiə Ruhani İdarəsinin İdarə Heyətində
"Axund" elmi dərəcəsini alması ilə
bağlı imtahandan keçmişdir. Mirzə Əbdül
Cabbar Mirzə Əbdül Həsənzadə Tiflis
qubernatorunun 22 fevral 1892-ci il tarixli, 664 nömrəli göstərişinə
əsasən Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin
üzvü vəzifəsinə təsdiq edilmişdir. Onun ailəsi
haqqında isə qeyd olunur ki, o, Şuşa sakini Kərbəlayi
Əli Əsgər Məşədi Məhəmməd
Hüseyn oğlunun qızı Sona ilə evlənib. Müsəlman
dini məzhəbinə aid olan arvadından uşağı
yoxdur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası
Dövlət Arxivində həmin işdə saxlanılan 24
yanvar 1895-ci il tarixli sənəddə qeyd olunur ki, bu formulyar
siyahının hazırkı nüsxəsinin həqiqiliyi
Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin imzası və
vurulmuş möhürü ilə təsdiqlənmiş Axund
Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadənin
raportu əsasında ona verilmişdi.
Onun İrəvan qubernatoruna ünvanladığı
26 yanvar 1895-ci il tarixli ərizəsi ilə bağlı
qubernatordan 14 fevral 1895-ci il tarixdə Tiflis polismeysterinə
aşağıdakı məzmunda cavab alınıb:
"...Zati-alilərinizdən xahiş edirəm ki,
Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin üzvü Axund
Mirzə Əbdül Cabbar Mirzə Əbdül Həsənzadəyə
elan etməyi əmr edəsiniz ki, onun mənə həvalə
edilmiş quberniyasının Naxçıvan qəza
qazısı vəzifəsinə təyin edilməsi ilə
bağlı verdiyi məlumat vərəqəsi qeyd olunan vəzifənin
başqa şəxs tərəfindən əvəz edildiyi
üçün nəticəsiz qalmışdır".
Dəftərxana rəisinin qeydinə nəzər
saldıqda, görürük ki, qubernatorun sözü gedən
cavab məktubu İrəvan quberniyasının İdarə
Heyətinə təqdim edilmiş, polismeyster köməkçisi
və konselyariya rəisinin imzası ilə təsdiq
edilmiş 23 fevral 1895-ci il tarixli qeydlə onun 6-cı sahənin
pristavına icra edilməsi üçün, lazım gələrsə,
sonuncudan çatdırılmasına dair məlumat tələb
olunmaqla növbəti sahəyə göndərilməsi tələb
olunmuşdu.
Arxivdəki işdə saxlanılan Axund Mirzə
Əbdül Cabbar Mirzə Əbdül Həsənzadə tərəfindən
öz imzası ilə pristava verilmiş iltizam isə onu deməyə
əsas verir ki, bir gün sonra, yəni 24 fevral tarixində
qubernatorun həmin göstərişinin məzmunu ona elan
edilmişdi.
Lakin rədd cavabı almasına baxmayaraq, o, israrla 4
mart 1895-ci il tarixdə yenidən eyni məzmunlu məktubla
İrəvan qubernatoruna müraciət edərək yenə də
Naxçıvan qəza qazısı vakant vəzifəsinə
təyin edilməsini xahiş etmiş, xidməti ilə
bağlı formulyar siyahının İrəvan
quberniyasının İdarə Heyətinin işlərində
saxlandığını bildirmişdi.
14 aprel 1895-ci il tarixli, 2310 nömrəli sənəddən
aydın olur ki, həmin məktub İrəvan
quberniyasının İdarə Heyətinə göndərilib.
Bu məktuba qubernatordan Zaqafqaziya
Şeyxülislamına ünavnlanmış 22 mart 1895-ci il
tarixli, 815 nömrəli cavab məktubunun məzmunu isə
aşağıdakı kimi olub: "Zati-alilərinə bildirməyi
şərəf bilirəm ki, Naxçıvan qəza
qazısı vəzifəsi layiqli şəxs tərəfindən
tutulduğundan Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin
üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə
Əbdül Həsənzadənin həmin vəzifənin ona
müvəqqəti verilməsi ilə bağlı xahişi qəbul
oluna bilməz və bu barədə axunda elan edilməsi
xahiş olunur".
Bununla bağlı İrəvan qubernatoru, eləcə
də general-leytenant vitse-qubernator və müşavir əvəzinə
katib-kargüzarın imzası ilə ikinci dəfə Tiflis
polismeysterinə 22 mart tarixli, 816 nömrəli
aşağıdakı məzmunda məktub
ünvanlanmışdı: "Sizdən, Zati-alilərinizdən
xahiş edirəm ki, Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin
üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə
Əbdül Həsənzadəyə elan edilməsini əmr
verəsiniz ki, onun Naxçıvan qəza qazısı vəzifəsinə
təyin edilməsi ilə bağlı verdiyi məlumat vərəqəsi
qeyd olunan vəzifə baş qərargahın başqa şəxsi
tərəfindən tutulduğundan tərəfimdən təmin
edilməmişdir".
Haqqında söhbət açdığımız məktub
isə 8 aprel tarixində Axund Mirzə Əbdül Cabbar Mirzə
Əbdül Həsənzadəyə elan edilib.
Beləliklə, İrəvan quberniyasının
İdarə Heyətinin Tiflis-Kutaisi Şiə Quberniya Məclisinin
üzvü Axund Mirzə Əbdül Cabbar Mirzə
Əbdül Həsənzadə ilə bağlı olan işi
aşkar şəkildə onu deməyə əsas verir ki, fars
və ərəb dillərini bilən özünü
yetişdirmiş bu din xadiminin Naxçıvan qəzasında
vakant olan qazı vəzifəsinə "həmin vəzifənin
baş qərargahın "layiqli" şəxsi tərəfindən
icra edilməsi" bəhanəsi ilə təyin olunmaması
bu cür savadlı din xadimlərinin Rusiyanın çar
hakimiyyətinin maraq və mənafelərinə uyğun gəlməməsindən
qaynaqlanıb.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet.- 2025.- 20 fevral(№32).- S.13.