Şeyx Əbdidən
Şeyx Nəsrullaha - yaxud Həsən
bəy Zərdabinin "ölüləri"
(əvvəli ötən şənbə
sayımızda)
Hər şeydən əvvəl qeyd edim ki, şeyx
Hacı Əbdi Əfəndi mifik şəxsiyyət deyildi.
Haqqında mənbələrdə müəyyən məlumatlar
mühafizə olunub. "XIX əsrdə Qafqazda təsəvvüfi
əlaqələr" adlı geniş araşdırmanın
müəllifi Fariz Xəlillinin yazdığına görə,
1825-ci ildə Şirvan əyalətinin Sərdərin
mahalının Qaracallı kəndində doğulmuşdu. Bu
məlumat onun mənşəyinin əslində Cəbrayıl
qəzasının eyni adlı kəndinə bağlı
olduğunu düşünməyə əsas verir.
Çünki aralarında təriqətçiliyin geniş
yayıldığı Cəbrayıl
qaracallılarının Şirvana köç etmələri
tarixi qaynaqlarda təsdiqini tapmış faktdır. Kiçik
yaşlarında atasını itirdiyi, anası isə
başqasına ərə getdiyi üçün əmisi Rəhimin
himayəsində böyümüşdü. Həsən bəyin
yazdığına görə, ilkin dini təhsilini Amasiyadan
Şirvana köçmüş məşhur təriqət
şeyxi Molla Mövlananın yanında alsa da, təriqət məsələlərinə
skeptik münasibətinə və bəzi açıq tənqidi
mülahizələrinə görə onun
davamçıları sırasından
uzaqlaşdırılmışdı. Amma hər şeyə rəğmən,
24 yaşında artıq Qaracallı kəndinin mollası idi.
Fariz Xəlilli daha sonra yazır: Mürşidinin (məqalə
müəllifi "mürşid" dedikdə Hacı Mahmud
Əfəndi Kürdəmirlini nəzərdə tutur, Həsən
bəy Zərdabi isə bəlkə də daha çox əsasla
Molla Mövlananı onların ikisinin də müəllimi
sayır -V.Q.) icazəsi ilə təsəvvüfi fəaliyyətə
başlayan Şeyx Əbdi Əfəndi təriqətin əsaslarını
daha dərindən öyrənmək məqsədi ilə Həcc
ziyarətindən qayıdarkən Amasiyaya və İstanbula
getmiş, müəyyən müddət Osmanlı dövlətində
yaşamışdı. XIX əsrin 50-ci illərinin əvvəllərində
Qaracallıya qayıdan Şeyx Əbdi Şirvandakı nəqşibəndi
şeyxlərinin ənənəvi təsəvvüfi fəaliyyətindən
nisbətən fərqlənən irşad məqamına
keçmişdir. O, "Cəmiyyət" adlanan və
cümə gecələri keçirilən cəzbə mərasimlərində
qadın və kişilərin iştirak hüquqlarını
bərabərləşdirmiş, ney sədaları altında
bayatı və mahnıların oxunmasına, rəqslərin təşkil
edilməsinə icazə vermişdi".
Nəhayət, məqalə müəllifi "rəsmi"
adlandırdığı, lakin yerini göstərmədiyi mənbəyə
istinadla Hacı Əbdinin ümumilikdə Həsən bəyin
müşahidələri ilə səsləşən portret
cizgilərini təqdim etmişdir: "O, əsl tatar (azərbaycanlı)
kimi ortaboylu, üzünün cizgiləri düz və zərif
şəxsdir. Səsi incə, aydın, bir qədər tutqun
olub, sürətli nitqə malikdir. Cəsarətlidir. Silahdan məharətlə
istifadə edir. Ova çıxmağı xoşlayır.
Qonaqpərvərdir. Yun köynək geyinir. Varlıdır.
Nökərləri var. Seçmə atlar saxlayır. Qəza
şəhərlərində yüksək mənsəb sahibi
ailələrlə münasibətdədir. Qaracallıda minarəli
məscid tikdirib. Məscidin yanında isə qonaq qəbul etmək
üçün ev inşa etdirib. Rəhbərliyə hörmətlə
yanaşandır. Savadı az olub, şəxsi mirzəsi
vardır."
Fariz Xəlillinin
"Şeyx Əbdi Əfəndinin təsəvvüfi fəaliyyəti
daim çar hökumətinin nəzarəti altında olub, təzyiqlərə
məruz qalmışdır" fikri ilə razılaşmaq
çətindir. İstər özünün istinad etdiyi
"rəsmi sənəddəki" "yüksək mənsəb
sahibi ailələrlə münasibətdədir" ifadəsi,
istərsə də Həsən bəyin məqaləsində
xüsusi diqqət yetirilən məqam -"Qəzanın ərazi
iclasçıları (yeni çar administrasiyası nəzərdə
tutulur -V.Q.) da bahalı hədiyyələr müqabilində
Əbdi Əfəndinin yaramaz əməllərinə göz
yumurdular" fikri bunun belə olmadığını göstərir.
Hacı Əbdi yalnız gənclik illərində
Osmanlıda
yaşadığına görə şübhə
doğura bilərdi. Lakin göründüyü kimi, ayıq
adam olduğundan belə
"anlaşılmazlıqları" həll etməyin yolunu
tapmışdı.
Həsən bəyin həcmcə o qədər
böyük olmayan məqaləsi ilə "Ölülər"i
müqayisə etmək niyyətində deyiləm. Lakin hər
iki əsəri oxuyanlar diqqət yetirsinlər: Qaracallı
şeyxi Hacı Əbdı Əfəndi necə də gələcək
davamçısı Şeyx Nəsrullanı xatırladır!
Yaxud ikinci sanki sələfinin tökdüklərini
yığıb. Doğrudur, Əbdi Əfəndi gələcək
davamçısı kimi "ölü diriltmək" fikrinə
düşüb ağını
çıxarmamışdı. Amma eyni dərəcədə
mümkünsüz bir işin "öhdəsindən gəldiyi",
guya mütəmadi merac səyahətinə
çıxdığı haqda avamın beynini dumanlandıran
şayiə yaymağı bacarmışdı. Nəticədə
müridləri digər möcüzələri ilə birlikdə
şeyxin hər cümə axşamı Həzrəti
Peyğəmbərin məzarını ziyarət etmək
üçün Qaracallıdan Səudiyyə Ərəbistanının
Mədinə şəhərinə səfər etdiyinə
inanmış, yaxud özlərini inanan kimi göstərmişdilər.
Hacı Əbdi də xələfi Şeyx Nəsrullah
kimi çevik, praktiki ağla malikdir. Kütlə
psixologiyasına yaxşı bələddir. Adamların zəif
damarını tutmağı, asanlıqla tora salmağı
bacarır. Eyni zamanda hər kəsə fərdi
yanaşır, hərə ilə öz dilində
danışır. Şeyx Nəsrullah Hacı Həsənin
"Firəngistanda məktəb qurtarmış" oğlu
Kefli İskəndərdən ehtiyatlandığı kimi,
Hacı Əbdi də Zərdabın hörmətli, vəzifəli
şəxslərindən Səlim bəyin oğlu, üstəlik
də, rus məktəbində oxuyan yeniyetmə Həsənə
xüsusi münasibət nümayiş etdirir. Yəni onun
kütlədən olmadığının fərqinə
varır. Şeyx Nəsrullah Kefli İskəndərin
tikanlı sözlərinə səbirlə dözdüyü
kimi, Hacı Əbdi də Həsənin əlini öpməməsinin
üstünü vurmur, vidalaşarkən hamının
gözü qarşısında ayağa qalxıb ehtiram
göstərməyi lazım bilir.
Aralarında yarım əsrlik zaman məsafəsi
olmasına baxmayaraq, şeyxlərin ikisi də sərvət və
qadın düşkünüdür. Şeyx Nəsrullanın
gözü hər yerdə "bacıları"
axtardığı kimi, Hacı Əbdi Əfəndi də
düzəltdiyi cəzbə məclisləri vasitəsi ilə
ilk növbədə gənc qadın və qızları ələ
keçirməyi hədəf alırdı. Çox güman
ki, sırf təsadüfdür - Şeyx Nəsrullah Hacı Həsənin
qonağı olduğu müddətdə dörd qız
siğə etdiyi kimi, Hacı Əbdi də Zərdabda dörd
dəfə evlənməyə imkan tapmışdı...
Yemək "fəlsəfələri" də
biri-birinin eynidir. Gizlində cücə-plovu gözünə
təpən Şeyx Nəsrullah aşkarda "təamının
gündə bir xurma olduğunu" deyib avamı heyrətdə
buraxır. Sələfi Şeyx Əbdi isə süfrəsinə
gətirilən yeməkləri bir kimsənin görməsini
istəmir. Bu yolla da guya möhtacları, imkansızları
umsuq etmək kimi günah əməl işlətmədiyini
insaf və mürvətinin dəlili kimi camaatın
gözünə soxur.
Nəhayət, ikisinin də uğur düsturu
çevrədəki insanların avamlıq və cahilliyinə,
qəflət yuxusuna getmiş canlı "ölülər"
mühitinə əsaslanır. Balıq susuz yaşaya bilmədiyi
kimi, onların da bu mühitdən kənarda mövcudluğu
imkansızdır.
Əlbəttə, diqqət yetirdiyim analogiyalar
heç bir əsasla Mirzə Cəlilin Həsən bəyin məqaləsində
yer almış süjet və təsvirlərdən
yararlandığını, "Ölülər"in
ideyasını öz böyük müasirindən
götürdüyünü
iddia etməyə əsas vermir. Mövzunu da, "qəhrəmanı"
da onlara zaman, mühit, içində yaşadıqları
"müsəlman cəmiyyəti" vermişdi.
"Atılan toplara diksinməyən" bu qafil, süst cəmiyyət
"Əkinçi" səhifələrində
"Çağırıram gəlmir, göstərirəm
görmür, deyirəm eşitmir" fəryadı qoparan Həsən
bəyin zamanından "Molla Nəsrəddin"in ilk
sayında "Sözünü o kəslərə de ki, sənə
qulaq asmırlar" sarkazmına varan Mirzə Cəlilin vaxtına qədər çox az dəyişmişdi.
Əslində yerində saymışdı.
Ona görə də XIX əsrin ortasında Hacı
Əbdi Əfəndi donunda zühur edən lotu şeyxlərin
XX yüzilliyin əvvəlində Şeyx Nəsrullah
libasında meydana çıxmaları tamamilə təbii və
gözlənilən idi. Yeni, mütərəqqi Azərbaycan ədəbi-ictimai
fikrinin bəsirəti isə belə hadisə və tipləri
zamanında görməsi, səciyyəvi keyfiyyətləri
ilə ədəbiyyata gətirməsi sayıla bilərdi. Təbii
ki, bədii siqlət və ədəbi təcəssüm baxımından lokal miqyaslı
şeyx Hacı Əbdi ilə artıq İrandan vurub Qafqazdan
çıxan beynəlmiləl şeyxənanın - Həsrullahın müqayisəsi
mümkünsüzdür. Təsadüfi deyil ki,
"Ölülər"in ilk tamaşasından sonra M.Ə.Rəsulzadənin
"Açıq söz" qəzeti əsərin həqiqi
qiymətini çox sadə, anlaşıqlı sözlərlə
verərək yazmışdı: "Şeyx Nəsrullahın
ölüləri diriltməsi yalansa da, "Ölülər"in
ölü fikirləri diriltməsinə şübhə ola
bilməz". Yəqin ki, Həsən bəyə bu qeyri-adi əsərin
ilk tamaşasında iştirak etmək nəsib olsaydı, xəyal
onu əlli-altmış il əvvələ - gözü ilə
gördüyü "ölülərin" yanına
aparardı.
"Kaspi" redaksiyasına Zərdabdan göndərilən
çoxsaylı xəbər və məqalələrində
bölgənin iki "görkəmli xadiminin" -
quldurbaşı Əli Xıdır oğlu ilə Hacı
Əbdi Əfəndi ocağının varisi şeyx Hacı
Əlibabanın adı heyrətamiz ardıcıllıqla
yan-yana çəkilirdi. Həsən bəyin hakimiyyət mənsublarına
ünvanlanan çoxsaylı xəbərdarlıq və
çağırışlarına baxmayaraq, bu peşəkar
lotular on illər boyu Şirvan əyalətində cinayət əməllərini
qorxub-çəkinmədən həyata keçirirdilər.
Həm də işə
bax ki, savadsız quldurla kəmsavad molla rusca çıxan
"Kaspi"də haqlarında yazılanlardan zamanında xəbər
tuturdular. Görünür, xidmətlərində dayanan
rusdilli "xeyirxahları" varmış.
"Əkinçi" naşirinin "daldabucaq" adı
verdiyi və silsilə yazılarını da "Daldabucaqdan xəbərlər"
ümumi başlığı altında dərc etdirdiyi Zərdabda
sözün həqiqi mənasında "Kim kimi?"
davası gedirdi. Əli Xıdır oğlu və Hacı
Əlibaba tandemi hər vasitə ilə Həsən bəyi
kiçik vətənindən
uzaqlaşdırmağa, ucqar kəndə
sığınmaq məcburiyyətində qalmış ilk azərbaycanlı
universitet məzunu isə onların həqiqi simalarını
göstərməyə çalışırdı. Bu yolla
da "ölülər" mühitinə bir hərəkətlilik,
canlılıq gətirməyə çalışırdı.
Həsən bəyin doğma şəhərdə ən
adi hüquqları da pozulan "müsəlmanların" dəvəti
ilə Bakıya qayıtdığı 1896-cı ilə qədər
vəziyyət belə davam etmişdi. Amma böyük şəhərdə
yaşaması, qayğı və dərdlərin
çoxluğu onu Zərdabın, ümumən bölgənin
problemlərindən uzaq salmamışdı.
lll
Şeyx Hacı Əbdi Əfəndi, onun ailəsi və
müridləri ilə 1858-ci ildə baş tutan
"tanışlıq" əsrin sonuna - 1899-cu ilə qədər
davam etmişdi. Yalnız bir dəfə
görüşdüyü Qaracallı şeyxi 1870-ci illərin
əvvəlində öldürüldüyündən Həsən
bəyin diqqəti ailə sülaləsinin növbəti
nümayəndəsinə - şeyxin böyük oğlu və
varisi Hacı Əlibabaya, eləcə də ətrafına
topladığı qaragüruhçu dəstəyə
yönəlmişdi. Bir çox hallarda yazılarının
konkret nəticəsi olmasa da, Həsən bəy hələ
"Əkinçi"də elan etdiyi "su mürur ilə
daşı deşər" prinsipindən çəkilmir,
xalq və zaman qarşısında cavabdehlik hissini heç
vaxt korşalmağa qoymurdu.
Görünür, həyat yoldaşının tərcümeyi-halını
qələmə alarkən "Kaspi" qəzetinin komplekti Hənifə
xanımın əlinin altında olmamışdı. Aradan onilliklər
keçəndən sonra isə bütün şəxsləri
və hadisələri dəqiq şəkildə, olduğu
kimi xatırlamaq o qədər də
asan deyildi. Bu "yaddaş
boşluqları" Zərdab şeyxləri ilə mübarizəyə
həsr edilmiş səhifələrdə daha aydın nəzərə
çarpır.
Hənifə xanım xatirələrində yazırdı:
"Həsən bəy başlanğıc mərhələdə
qonşuluqdakı Şeyx Əlibaba ilə üç
qardaşını zərərsizləşdirmək qərarına
gəldi. O, camaatın gözünü açmaq, şeyxin bəd
əməllərini aşkara çıxarmaq
üçün əlindən gələni əsirgəmirdi.
Bakıya gedib qubernatora sübut etmişdi ki, şeyx kimi fitnəkarlar
yalnız maarifin inkişafına əngəl deyillər, onlar
həm də fanatizmin ən qara qüvvələri kimi cəmiyyət
üçün təhlükəlidir. Qubernatorun əmri ilə
Şeyx Əlibaba ilə iki qardaşı Qafqaz hüdudundan kənara
- daxili Rusiyaya sürgün edildi. Şeyxin əlaltıları
Həsən bəyin tezliklə mütləq Allahın qəzəbinə
gələcəyini gözləyirdilər. Lakin Allahın
köməyi, bəlkə də Həsən bəyin
ağlı bizi bəlalardan xilas etdi. Xalq şeyxin
gücsüzlüyünün şahidi oldu. Odur ki, 1896-cı
ildə Həsən bəy Zərdabdan Bakıya köçəndə
Şeyx Əlibabanı yalnız fanatik qarılar
xatırlayırdılar".
Əslində isə belə olmamışdı.
Doğrudur, Hacı Əlibaba bir neçə dəfə
qısamüddətli həbs edilmiş, qanunazidd fəaliyyətini
dayandırmaq barədə xəbərdarlıq
almışdı. Lakin az-çox ehtiyatlandığı Həsən
bəy gedəndən sonra əl-qolu daha da
açılmışdı. Təriqət şeyxindən
müasir ifadə ilə desək, əyalət miqyaslı
biznes imperiyasının sahibinə çevrilmişdi. Dədə-babalarının
yaşadığı qamış daxmadan Avropa qaydası ilə
bəzənib-düzənmiş imarətə
köçmüşdü. Var-dövlətini artırmaqla
bir sırada eyş-işrət məclislərində və əxlaqsız
əməllərində də hüdud
tanımamışdı. Zərdabda, növbəti bac-xərac
toplamaq səfərində qonaq kimi qaldığı evdən
bir yeniyetmənin 11 yaşlı nişanlısını
("Ölülər"də Şeyx Nəsrullahın
yatağına sürüklənən balaca Nazlını
xatırlamamaq olmur!) qoltuğuna vurub aparması və
özünə arvad etməsi səbir kasasını doldurmuşdu.
Ən başlıca isə Həsən bəy fitnəkar
şeyxin başdan-başa insan və müsəlman əxlaqına
zidd həyatının məntiqi yekunu olan bu intiqam aktından
xəbər tutmuşdu. Qanlı, qanlı olduğu qədər
də gözlənilən hadisəni
artıq daimi müəllifi kimi tanındığı
"Kaspi"nin 3 sentyabr 1899-cu il tarixli 189-cu sayında
çıxan və aşağıda ruscadan tərcümədə
tam mətni təqdim edilən "Müridlərin son
"peyğəmbəri" adlı məqaləsində
ictimaiyyətin diqqətinə çatdırmışdı:
Həsən bəy Zərdabi
MÜRİDİZMİN SON
"PEYĞƏMBƏRİ"
"Şənbə günü, avqustun 28-də səhər
saat 9-da Zaqafqaziya dəmir yolunun Ucar stansiyasında qanlı
faciə baş verib.
Zərdab sakini, Paşa Əhməd oğlu adlı
17-18 yaşlarında yeniyetmə Qaracallı kəndinin sakini,
Şeyx Əlibaba Hacı Əbdi Əfəndi oğluna
dörd xəncər zərbəsi vurub. Ölümcül
olduğu deyilən zərbələrdən üçü
onun başına, biri isə kürəyinə dəyib. Zərərçəkən
geniş yayılmış müsəlman təriqətinin
başçısı kimi bütün diyarda yaxşı
tanınır. Bu səbəbdən də hadisə haqda daha ətraflı
danışmağı məqbul sayırıq.
Sonuna gəlib çatdığımız əsrin
iyirminci illərində Kürdüstanda təlim-tərbiyə
görmüş məşhur Molla Mövlana
köçüb Kürdəmirə gəldi və yerli
müsəlmanlar arasında təriqətçilik yaymağa
başladı. Sayı o qədər də çox olmayan
şagirdlərindən ən məşhurları Şamil
Dağıstanlı (Şeyx Şamil - V.Q.), Hacı Mahmud
Əfəndi Kürdəmirli, Hacı Hüseyn Əfəndi
Qaraqoyunlu idi. Zərərçəkənin atası Hacı
Əbdi Əfəndi də Mövlananın şagirdlərindən
olmuşdu. Lakin təriqətin ehkamlarına skeptik və tənqidi
münasibətinə görə Molla Mövlana onu yanından
qovmuşdu. Qaracallı kəndinə qayıdan gənc
Əbdi bir müddət sonra Kürdüstana, təriqətin
mərkəzi Amasiya şəhərinə getmək və dini
məsələləri dərindən öyrənmək qərarına
gəlmişdi. On ildən çox orada yaşayan,
Konstantinopolu və digər şəhərlərdəki dini
müəssisələri gəzib-dolaşan Əbdi Əhəndi
nəhayət 1850-ci illərin əvvəlində vətənə
qayıtmışdı. Bu, köçəri kəndlilərin
bəylərin şəxsi asılılığından azad
olunub hökumət məmurlarının idarəçiliyinə
verildiyini elan edən manifestin yayılmasından az sonra baş
vermişdi. Aydın məsələdir ki, kəndlilər həmin
dövrdə hələ kifayət qədər yaxşı
tanımadıqları məmurlara etimadsızlıq
yanaşırdılar. Yerli şəraitə, adət-ənənələrə
yetərincə bələd olmayan məmurlar da kəndlilərə
təsir göstərmək, onları istədikləri şəkildə
idarə etmək imkanına malik deyildilər. Vəziyyəti
belə görən Əbdi öz təbliğatına
başladı. Tezliklə onun çevrəsində əsasən
bəy asılılığından azad olmuş və
özlərini mürid adlandıran köçərilərdən
ibarət bütöv bir dəstə, yaxud partiya yarandı.
Hələlik Əbdinin təriqət təlimi, xalqa təsiri
və keçmiş sahə iclasçıları ilə
münasibətləri
haqqında daha geniş danışmağı növbəti
dəfəyə saxlayaraq yalnız bu sadə mollanın öz
çoxsaylı tərəfdarlarının
sitayişgahına, canlı bütə çevrildiyini deməklə
kifayətlənək. Hətta ən uzaq kəndlərdən
də onun ziyarətinə gəlirdilər. Həm də
aydın məsələdir ki, əliboş gəlmirdilər.
Müridləri ilə birlikdə yolunu saldığı kəndlərdə
isə Əbdi Əfəndinin şərəfinə şahanə
qəbullar, görüşlər düzəldir, səxavətlə
qarşılayıb bol hədiyyələrlə yola
salırdılar. Bu "hədiyyələr" arasında
gözəl qadınlar da az olmurdu. Tezliklə şeyx
özünə az qala bütöv bir hərəmxana düzəltmişdi.
Yetmişinci illərin əvvəlində Hacı
Əbdi Əfəndi öldürüldü. Amma bunun necə
baş verdiyi aydın olmadı. Çünki 12 sadiq müridi
cəsədin yarılması nəticəsində şeyxin
müqəddəs təninin murdarlanmasına imkan vermək istəməmişdi.
Böyük oğlu, bir neçə gün əvvəl
qətlə yetirilən Hacı Əlibaba irsən
"şeyxlik məqamını" atasından qəbul
etdi. O, adını güclə yazırdı. Heç bir
xüsusi istedadı, yaxud qabiliyyəti ilə seçilmirdi.
Amma buna baxmayaraq, yalnız təriqət qurucusunun böyük
oğlu olduğuna görə atasının pərəstişkarları
hər yerdən axışıb ziyarətinə gəlirdilər.
Hacı Əlibaba da öz növbəsində camaatı
"maarifləndirmək" məqsədi ilə tez-tez
onların arasına gedirdi. Lakin yeni peyda olmuş
"şeyxin" bəxti heç gətirmirdi: dəfələrlə
həbsdə oturmuşdu, dəfələrlə inzibati
sürgünə göndərilmişdi, dəfələrlə
dilindən yazılı iltizam alınmışdı ki,
heç yerə getməsin, heç kimi qəbul eləməsin.
Amma o da öz işində idi - hər yerə gedir, hamıdan
hədiyyələr, bəxşişlər qəbul edir, istədiyi
hər kəslə görüşürdü.
Hələ təcrübəsiz olduğu vaxtlarda bac-xəracı
nisbətən az olurdu. Amma bir müddət sonra təcrübəli
dostları ona necə yaşamağı, işlərini necə
sahmana salmağı öyrətdilər. Bu son illərdə
Hacı Əlibaba sözün həqiqi mənasında
dünyanın keyfini çıxarmaqla məşğul idi.
Min başa qədər iri, bir neçə min baş xırda
buynuzlu mal-heyvanı, 500-dən çox atı vardı.
Sürü və ilxılarına çoxsaylı müridləri
baxırdı. Ticarətlə də məşğul olurdu. Təriqətinin
üzvlərindən barama, pambıq və digər məhsulları
ucuz alıb baha qiymətə satır, qazandığı
pulları 20-30 faizlik gəlirlə sələmə verirdi.
Artıq Avropa qaydasında döşənib-bəzənmiş
evlərində hörmətli qonaqlarının şərəfinə
ziyafətlər düzəldirdi. Belə məclislərdə
ortaya az qala şampan şərabı da qoyulurdu. Bir sözlə,
istədiyi kimi yaşayırdı.
Avqustun əvvəlində Hacı Əlibaba adəti
üzrə balıq və balıq məhsullarının
satışına qadağa qoyulandan sonra "bac-xərac"
toplamaq üçün Zərdab kəndinə gəlmişdi.
Zərdablı Həmid Əfəndinin evində qalıb
"vergisini" lazım bildiyi şəkildə
yığandan sonra ev sahibinin 11 yaşlı gözəgəlimli
qızını da götürüb yola
düşmüşdü. Qızın nişanlısı
olan əmioğlusu Paşa Əhməd oğlu onların
dalınca Qaracallı kəndinə gəlib deyiklisini geri almaq
üçün Hacı Əlibabaya dönə-dönə
xahiş-minnət etmiş, yalvarıb-yaxarmışdı.
Amma bir faydası olmamışdı. Naəlac qalan Paşa
Əhməd oğlu əvvəl Göyçaya, sonra
Bakıya getmişdi. Ailəsinin yanına qayıtmağı
özünə böyük üz qarası sayan bədbəxt
nişanlı Ucarda qalıb yaşamaq qərarına gəlmişdi.
Avqustun 28-də səhər vaxtı bazarda dolaşarkən
Paşa Bakı qatarından düşüb Göyçaya
getmək üçün fayton axtaran Hacı Əlibaba ilə
rastlaşmışdı. Dərhal xəncərini çəkib
şeyxin üstünə atılmışdı.
Ətrafdakı dükançılar özlərini
çatdırana qədər ona yuxarıda da qeyd etdiyimiz kimi,
dörd xəncər zərbəsi vurmuşdu. Hadisə yerinə
gələn polis Paşanı həbs etmişdi. Hacı
Əlibabanı isə uryadnikə qoşub Müsüslü
stansiyasının yaxınlığındakı Qaracallı
kəndinə, evinə göndərmişdilər. Şeyxi
müşayiət edən uryadnik bir müddət sonra
qayıdıb onun yolda canını
tapşırdığını demişdi. Özündən
sonra 16-17 yaşlarında bir oğlu qalıb. Beləliklə,
Allahın Göyçay və qonşu qəzaların
camaatına yazığı gəldi. Onların canını
illərdən bəri yalançı, islama zidd təlimi ilə
xalqın maarifə gedən yolunu kəsmiş bir adamdan
qurtardı" .
lll
Beləliklə, Zərdabda yarım əsrdən
çox at oynadan Hacı Əbdi Əfəndi klanının cəzasını
Həsən bəyin şeyxlərə
qarşı açıq mübarizəyə
başladığı 1880-ci illərin əvvəlində
doğulmuş bir yeniyetmə verdi.
Təbii ki, bu, ictimai
motivli cəza deyildi. Şəxsi qisas hissindən
qaynaqlanırdı və "Kaspi"də çap olunan
ifşaçı məqalələrlə birbaşa bağlılığı yox idi.
Yəqin ki, bu istiqamətdə ən
sarsıdıcı zərbə fanatizmin Həsən bəydən
də barışmaz düşməni kimi tanınan Cəlil
Məmmədquluzadənin 1909-cu ildə tamamladığı,
ilk dəfə 1916-cı ildə tamaşaya qoyulan
"Ölülər" tragikomediyası oldu.
Kiçik çaylar böyük nəhrlərə
qovuşub yox olduğu kimi, Həsən bəyin eyni
mövzudakı kiçik yazısı da Mirzə Cəlil
dühası önündə diqqəti çəkmədi.
Amma hesab etmirəm ki, Böyük Əkinçi belə
"diqqətsizlikdən" inciyə, rəncidə ola bilərdi.
Çünki xalqını sevən, soydaşlarını
layiq olduqları ucalıqda görmək istəyən həqiqi
ziyalı kimi ümumi işə təmənnasız xidməti
özünə daim borc saymışdı.
Həsən bəy milli teatrın binasının
qoyulduğu 1873-cü ildə, iyunun 7-də Bakıdan Tiflisə,
Mirzə Fətəliyə göndərdiyi məktubda
yazırdı: "...Elə düşünməyin ki,
xalqı maarifləndirmək işi
hansısa kiçik bir məqalə, yaxud pyes hesabına
başa gələn məsələdir. Xeyr, burada çox
böyük zəhmət tələb olunur. Bunun
üçün nəinki bir nəfərin, hətta onlarla rəhbərin,
yolgöstərənin həyatı və əsərləri də
yetərli deyil..."
Odur ki, "süddən yağ qayırmaqdan"
tutmuş millətə ali həqiqətlər barədə
söz açmağa qədər çox mətləbə
toxunmuş, çeşidli mövzulardan bəhs etmişdi.
Adını Mirzə Cəlilin verdiyi "ölülər"
məsələsi də onlardan biri idi...
Sarayevo.
Fevral, 2025-ci il
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 22 fevral(¹34).- S.10-11.