ÖMÜR
BƏLƏDÇİLƏRİMİZİN
İLKİNİ
Düşünən insanın minillərin
uzağında əriyib itən qocaman tarixi başdan-başa kəşflərin,
ixtiraların tarixidir. İkinci minilliyin son əsri
sıra-sıra heyrət doğuran kəşfləri ilə bəşərin
sanki bütün ötən ixtiralarını da üstələdi.
Kosmos zamanı, bilgisayar əyyamları başlandı.
Bəni-adəm süni adam yaratmağa bir az da
yaxınlaşdı. Amma insan nə qədər inkişaf etsə
də, tapğılarının,
açğılarının miqdarı nə qədər
çoxalsa və qeyri-adiləşsə də, ixtiraların ən
köhnələrindən olan iki ixtira əbədi birinciliyini
saxlayır: əlifba və on rəqəm.
Sonrakı bütün ixtiraların da, bütün tərəqqilərin
də ilki, təməl kərpici onlardır.
Əlifbanın, yazının qüdrətindəndir
ki, yüz il əvvəlin də, beş əsr qabağın
da, min il oyanın da sözünü, düşüncəsini,
hiss və həyəcanını olduğu kimi, elə bir qərinə,
yüz il, beş əsr, min il əvvəlki təzəliyi və
təravətində bizə yetirir. Ən möhtəşəm
daş tikililəri zamanın gərdişi dəyişir,
soldurur, parçalayıb dağıdır, məhv edir. Amma
söz - yazıya köçərək əyaniləşmiş,
maddiləşmiş SÖZ bu hürküdən uzaqdır.
Əlifba olmasaydı, yaddaşın ömrü bunca
uzun olmazdı.
Əlifba olmasaydı, mənəviyyat bunca zəngin
olmazdı.
Əlifba olmasaydı...
Əlifba var və əlifbaları öyrənəcək
yeni-yeni insanlar da hər an doğulur.
Dünyanın hər yerində hər xalq öz
övladını mədəni dünyanın balası etməkçün
ona savad verir, əlifba öyrədir və əlifbanı
öyrətməkçün də kitablar yaradır.
Əlifba kitabları!
Ömrümüz boyu çox kitablar oxuyuruq. İllər
uzunu oxuduğumuz kitablardan sevdiyimiz də olur,
yaddaşımızda alababat qalanları da, yerli-dibli unutduğumuz
da. Amma ilk kitabı hər kəs hər zaman xatırlayır.
İlk kitabımızsa "ƏLİFBA"dır.
"Əlifba" bünövrədir,
özüldür. Özül sağlam olduqca onun üzərində
ucalan qatlar da mötəbər, möhkəm olur.
İyirmi birinci əsr gəldi, Üçüncü
minillik başlandı və artıq göz
açıb-yumunca bu əsrin üçüncü onili
yarıbayarı oldu.
Yenə hər payız astanasında on minlərlə
(son illərdə bizdə ilk dəfə məktəbə
yollanan birincilərin sayı aşağı-yuxarı 140
mindir) Azərbaycan uşağı məktəbə yollanacaq,
ilk dəfə qələm götürəcək,
kağız üzərində ilk hərfləri cızacaq
(Daş üzərində bizə ilk məktublarını
göndərən ən ulu babaları kimi məhz cızacaq.
Yazı əlin az sonrakı vərdişi və qabiliyyətidir).
Məktəbin sehrli aləminə
düşmüş çocuq başlayacaq ilk öyrəndiyi
hərflərdən sözlər qurmağa, höccələyə-höccələyə
gözünün asta-asta alışdığı hərflərin
ardındakı sözü OXUMAĞA!
Orta çağda müsəlman Şərqində, o
sıradan Azərbaycanda mədrəsələrdə
oxumağa başlayan şagirdlərə klassiklərin ən
seçmə şeirlərindən mütləq proqram olaraq təxminən
40 min misra əzbərlədilərmiş, 10 min misra da
müasirlərdən.
Bu zəngin ehtiyat həm öyrəncinin söz
ehtiyatının artmasına, həm
dünyagörüşünün inkişafına, həm də
şeiri duyma və özünün də şeir yaza bilmə
vərdişlərinin yaranmasına səbəb olurmuş.
Yaxın və Orta Şərqdə, yenə o sıradan Azərbaycanda
əksəriyyətin söz qoşa bilmək, şeir təfəkkürünə
malik olmaq qabiliyyətinin izləri bu ənənədən
kök alır.
Orta çağ ayrı zaman idi, indi başqa
Vaxtdır.
Hətta indi XX əsr də deyil.
33 səsimiz, 32 hərfimiz yerindədirsə də,
mühit dəyişib, təfəkkür
başqalaşıb, bildiklərimizin çevrəsi və
bilməli olduqlarımızın dairəsi genişlənib.
İndinin 4, 5, 6, 7 yaşlısını 125, 100, 80,
50, heç 20 il əvvəlin də o yaşlı
uşaqları ilə müqayisə etmək olmaz.
Bunlar yaxşı mənada çoxbilmişlərdir.
Bunlar hər gün televiziya ilə, kompüterlə
yatıb-dururlar. Lakin Yeni Minilin, başqa bir zamanın yavrusu
olan körpə soydaşımız da yenə atasının,
babasının, babasının atasının oxuduğu
"Əlifba" kitabındanmı alsın savadı? Axı
bu uşağın tələbi atasının,
babasının, babasının atasının umduğu biliklərdən
fərqlidir. Axı bu uşaq gərək onlardan ən azı
bir addım irəli gedə. Axı bu uşaq artıq tam haqla
dünya ailəsinin bir üzvü olan Azərbaycan dövlətinin,
ona dədələrdən miras qalmış bu müqəddəs
Vətənin və bu şərəfli millətin daha
işıqlı gələcəyini qurmalıdır.
Sabahımızın ümidi olan bu övlada gərək
onun layiq olduğu kitabı verək axı!
O çağlar ki əlifba bəlalarımızdan
yalnız hələ birincisinə düçar olmuşduq - qədim
türk yazısını əldən verərək ərəb
əlifbasına keçmişdik və yaxşı-yaman bu əlifba
həyatımıza işləmişdi, min ildən artıq
müddətdə ərəb yazısı ilə zəngin
kitab sərvətimiz yaranmışdı, o əyyamlarda bu
hökmran əlifba yazı-pozuya başlayan uşağa elə
doğma yazımız kimi öyrədilirdi (Güney Azərbaycandakı
40 milyondan artıq azərbaycanlımız üçünsə
həmin gerçəklik bu gün də qüvvədədir).
O zamanlarda mədrəsələrdə və
mollaxanalarda ilkin yazı və qiraət vərdişlərini
Sədi Şirazinin az qala qeyri-rəsmi dərslik səviyyəsində
bütün Yaxın və Orta Şərqdə qəbul
edilmiş "Gülüstan"ından seçmə
parçalar əsasında mənimsədərdilər.
Və dillərə indiyəcən yaşayan bir deyim
qonmuşdu: "Gülüstan"ı 7 yaşında oxuyub,
70 yaşında anlayarlar".
Bu sözlərin ilk həqiqəti ondaydı ki, dahi
klassikin ömrün müdriklik çağında qələmə
aldığı bu nəsihətamiz əsərdəki dərin
hikmətləri anlamaq, onların mahiyyətinə varmaq, əlbəttə
ki, sütül uşaq qafasının gücündə
deyildi. Amma o əski deyişin daha vacib gerçəyi də
var - Sədinin səslənişi cazibəli misraları
uşağın ayna kimi təmiz yaddaşına möhkəmcə
yapışırdı, illər boyu zehnində
yaşayırdı, ilk kitabın hikmətləri yaş
artdıqca dünənki uşağa, indiki cavana, ahıla yeni
mənalar pıçıldayırdı.
Beləcə, "Əlifba" - ilk bələdçi,
ilk kitab həyatı boyu insanın içərisində
yaşayırdı.
Azərbaycan məktəbinin həmişə öyrənciylə
yaşayan, daim onun həmsöhbətinə çevrilə
bilən, illər ötdükcə onunla yeni tərzdə,
yaşının sonrakı çağına uyar şəkildə
dərdləşəcək, sirdaş olacaq kitablara
ehtiyacı var. Yeni minillik içərisindəki müstəqil
Azərbaycanın "Əlifba"dan üzü yuxarı
bütün dərslikləri gərək belə ola! Və
inanıram ki, olacaq da!
Amma bir para vacib mətləblərə keçməzdən
öncə yüngülvari də olsa tarixə səyahət
etməyin yeri var.
İlk dəfə ana dilimizdə "Əlifba" dərsliyi
tərtib etmək təşəbbüskarlığı
böyük Mirzə Fətəlinin payına düşən
xidmətdir. Lakin o əsər əlyazma şəklində
qalıb, nə dərəcədə tətbiq edilib-edilməməsi
də hələ ki aydın cavabı bilinməyən
ayrıca sualdır. Ancaq peşəkar dərslik mənasında
işıq üzü görən - nəşr edilərək
məktəblərdə istifadəsi başlanılan ilk
"Əlifba"mıza görə Aleksey Çernyayevskiyə
(1840 - Şamaxı, 1897 - Tiflis) minnətdar olmalıyıq.
Aleksey Osipoviç təşəbbüskar, öyrənmək
və öyrətmək yanğısı ilə dolu bir
cavanmış. Azərbaycan dilini təmiz bilirmiş və
Ağsuda poçt şöbəsində işləyərkən
varlığındakı müəllimlik eşqinin yönəltməsiylə
kənd uşaqlarını yığıbmış
başına, onlara ruscanı öyrədirmiş.
Tale belə bir ssenari qurur ki, Qafqaz təhsil dairəsinin
müdiri Ağsudan keçib Şamaxıya gedərkən
poçt şöbəsinə girəsi olur və
Çernyayevskinin qeyri-rəsmi məktəbinin qeyri-rəsmi
şagirdləri nəzərini çəkir. Onları
danışdırır və görür ki, bu kənd
uşaqları özünü müəllim yerinə
qoymuş həvəskarın sayəsində əməlli-başlı
rus dilini bilirlər. Çernyayevskiyə söz verir ki, onun
müəllim olaraq işə götürülməsinə
nail olacaq. Bircə əirzə və sənədlərini
yollamağı tapşırır və ərizə gəlib
Tiflisdə əlinə çatan kimi "popeçitel" məsələni
müsbət həll edir və Çernyayevski
köçür Tiflisə.
Az sonra isə Aleksey Osipoviç artıq Qori Müəllimlər
Seminariyasında Azərbaycan, ya ovaxtkı deyilişlə ifadə
etsək, tatar bölməsinin müdiri təyin edilir - bu,
1879-cu il idi. Elə həmin ildən də Çernyayevski Azərbaycan
dilində "Əlifba", "Ana dili" dərsliklərinin
yoxluğunun yaratdığı bütün çətinlikləri
çılpaqlığıyla duyur. Qərara alır ki, bu kəsiri
özü aradan götürsün.
Aleksey Çernyayevski 1882-ci ildə oxucusuyla
görüşən "Vətən dili" kitabıyla
yalnız "Əlifba" dərsliklərimizin nəşri ənənəsinin
deyil, ümumən milli dərsliklər gələnəyimizin
əsasını qoydu.
O ilk dərsliyimiz
daşbasma üsulu ilə nəşr edilmişdi və xətt
Çernyayevskinin yetirməsi Rəşid bəy Əfəndiyevinki
idi.
Bu qaranquş "Əlifba"mız vur-tut 48 səhifə
idi və Çernyayevski həmin dərsliyi necə öyrətmək
yollarını göstərən metodik vəsait -
"Üsul kitabı" da qələmə
almışdı. "Vətən dili" elmi prinsiplərlə
yazılmış ilk "Əlifba"mız olan sayaq, bu
kitab da müəllimlər üçün
yazılmış əvvəlinci bələdçi idi.
Aleksey Çernyayevskinin 1888-də Tiflisdə
basılan "Vətən dili" kitabı ilk nəşrin
təkrarı deyildi. Əvvələn, bu kitabı artıq o,
tək işləməmişdi, müəllif-tərtibçilər
sırasında Səfərəli bəy Vəlibəyovla Həsənəli
Qaradaği də vardı; ikincisi də, bu kitab 6 il əvvəlki
dərsliyin müəyyən mənada davamı idi.
Bir neçə il sonra isə Rəşid bəy
Əfəndiyev ustadının başladığı yolu bir
az da irəlilədəcək, 1889-cu ildə öz
"Əlifba"sını yaradacaq - "Uşaq
bağçası" dərsliyini nəşr etdirəcək
("Savadsız adam bu kitab ilə bir ayda oxur və yazar" -
Rəşid bəyin öz sözləridir).
Qori seminariyasından sonra Rəşid bəy kənd məktəblərində
müəlliminin "Əlifba"sı ilə dərs deməyə
başlamışdı, təcrübədə o dərsliyin
üstün və zəif cəhətlərini sınaqdan
keçirə bilmişdi və həmin səbəbdən
yaratdığı yeni dərslik də qavrayış
üçün daha sadə və münasib idi.
Yol başlanmışdı və Azərbaycan
maarifçiliyinin, Azərbaycan ziyalılığının
dəyərli elçilərinin neçəsi sonralar bu nəcib
ənənəni davam etdirdi, ciddi milli mənası olan
işi daha da təkmilləşdirmək səmtində can
qoydu.
İlk qiymətli "Əlifba"larımızdan
birinin üstündə Mahmudbəy Mahmudbəyovun imzası
yaşayır. 1907-ci ildə çıxan kitabının
ünvanı "Türk əlifbası və ilk qiraət"
idi.
Firidun bəy Köçərlinin 1912-ci ildə
çap edilən "Balalara hədiyyə"si bir "əlifba
qoşqusu" idi, indiyəcən də hədiyyəliyini
hifz etməkdədir.
"Əlifba"mızın və ibtidai siniflər
üçün ilk dərsliklərimizin, ədəbi örnəklərimizin
yaradılması və cilalanması, millətə layiq səviyyəyə
çatması uğrunda Seyid Əzimin də, Abbas Səhhətlə
Mirzə Ələkbər Sabirin də, Abdulla Şaiqlə
Hüseyn Cavidin də, Hacıkərim Sanılının da, Fərhad
Ağazadənin də, Üzeyir bəy Hacıbəylinin də...
unudulmaz əməkləri, maarif və maarifçilik tariximizdə
qalan pozulmaz izləri var.
İyirminci yüzilin otuzuncu illərinədək
"Əlifba"ya yaradıcı yanaşmalar və müəllif
rəngarəngliyi vardısa da (təbii ki, bu, çox gözəl
idi, inkişafa, yeni axtarışlara təkan verirdi), həmin
dövrdən sonra müəyyən səngimə
başlandı.
1933-36-cı illərdə Azərbaycan məktəblərində
istifadə edilən "Əlifba"nı Veysəl Mustafazadə
yazmışdı. Böyük ölçüdə
yanaşılanda həmin dərsliyin ovqatı indiyəcən
yaşayır və məktəblərimizdə oxunan
"Əlifba" kitabı hələ də o cazibə dairəsindən
çıxa bilməyib. Niyə?
Veysəl Məmmədzadə imzalı son
"Əlifba" 1936-cı ildə nəşr edildi. 1937-də
Azərbaycan məktəbi yerində idi, yeni birincilər
vardı, Veysəl Mustafazadə isə artıq yox idi. Daha onun
adını kitabın üstünə yazmaq olmazdı. Onu
"xalq düşməni" elan etmişdilər və belələrinin
adətən kitablarını da yox edirdilər. Lakin belə tələsikdə
təzə "Əlifba" dərsliyi düzəltmək də
çətin idi. "Əlifba" kitabının
üstündən Veysəl Mustafazadənin adını sildilər,
iki nəfərə tapşırdılar ki, köhnə dərsliyə
bir qədər əl gəzdirib "Əlifba"nın yeni
nəşrini hazırlasınlar. 1937-də Veysəl Mustafazadəsiz
nəşr edilən, keçənilki nəşrdən az
seçilən "Əlifba"nın üzərində
artıq Yusif Zeynalovla Əliməsrur Qafarinin adları dururdu.
Veysəl Mustafazadənin yasaq adı kitabın üzərindən
özü cəmiyyətdən və həyatdan qoparılanda
silinmişdi. İllər ötdü, digər həmmüəllif
də çıxdaş olundu və Yusif Zeynalov
"Əlifba"nın tək müəllifinə
çevrildi - 1946-dan 1962-yədək "Əlifba" onunku
idi. Xeyli dəyişikliklər edilmişdi, amma təməl,
Veysəl Mustafazadədən gələn cövhər
qalırdı. Mən həmin "Əlifba" dərsliyi ilə
yolunu başlayan sonunculardan oldum. 1963-də buraxılan
"Əlifba"da müəlliflər yenə
qoşalaşmışdı. Yusif Zeynalov adının
yanına yeni ad əlavə edilmişdi: Yəhya Kərimov. Bu
qoşamüəllifli zahirən təzə dərslikdə də
yeniləşdirmələr, dəyişdirmələr
vardı, amma əski özək - Veysəl Mustafazadə
havası yenə qalırdı.
Bir müddət sonra isə "Əlifba", bir
növ, Yəhya Kərimovun inhisarına keçdi. Düz 4
onillik boyunca! Bu böyük vaxt kəsiyində dünyada
çox şeylər dəyişdi və əlbəttə
ki, Y.Kərimovun da "Əlifba"sında ara-sıra
xırda əskiltmələr, artırmalar, rəsm dəyişiklikləri
baş verirdi. Lakin əsaslı fərq yox idi. Veysəl
Mustafazadənin özünü rejim asanlıqla öldürə
bilmişdi, bilənlərsə bilirdi ki, Veysəl Mustafazadənin
"Əlifba"dakı ömrü davam edir, o, elə bir qəlib
yaradıb ki, sonralar sadəcə həmin cazibə dairəsində
hərəkət edir, xırda-para (bir sıra hallarda
qüsurlu) dəyişikliklərdən uzağa gedə bilmirlər.
İkinci minillik bitdi, üçüncü minillik
başlandı, artıq orta məktəblərdə işlənən
"Əlifba" dərsliyinin bəsitliyi, günün tələblərinə,
yeni təhsilin umacaqlarına cavab vermədiyi aşkar duyulurdu,
ancaq qırsaqqız inadkarlıqla Yəhya Kərimov kimsəni
"Əlifba"ya yaxın buraxmırdı.
Bəlkə həmin kitab, doğrudan da, əvəzedilməz
idi, onu dəyişməyə heç ehtiyac da yox idi? Axı
hər halda neçə onil ərzində bu qədər Azərbaycan
balası həmin kitabdan oxuyub-öyrənmişdi. Di gəl,
başı qaldırıb dünyaya da baxmaq, ətrafda baş
verənləri də izləmək zəruri idi axı!
Son yarım əsrdə dünyanın maarifi, təhsili
irəli getmiş ölkələrinin əksərində bir
neçə dəfə deyil, on dəfələrlə
"Əlifba" dərsliklərinin müəllifləri də,
məzmunu da dəyişib. ABŞ-da, İngiltərədə,
Avropanın onlarca başqa ölkəsində, əlimizin ən
tez çatdığı, yeniliklərini daha asan
müşahidə etmək imkanına malik olduğumuz Rusiyada
alternativ "Əlifba" dərslikləri artıq XX
yüzilin axırlarından etibarən bir neçə deyil,
onlarladır. Lakin heyiflər ki, bizdə təqribən 40 il
istifadədən sonra təhsil dövriyyəsindən kənarlaşdırılan
Yəhya Kərimov "Əlifba"sından sonra da daha bir
sönüyünü ortaya çıxartdılar, fərqli,
daha gözəl ola biləcək, rəqabətə girərək
üstünlük qazanmaq imkanlı yeni alternativ
"Əlifba" dərsliklərinə yenə meydan verilmədi.
Belə qısqanc yanaşmanın səbəbi o
deyildi ki, rəqiblərinin yaranmasına, məktəbə yol
tapmasına macal verilməyən bir qisim dərsliklər, ilk
növbədə isə tətbiq edilməkdə olan
"Əlifba" dərsliyi həqiqətən, əvəzedilməz
idi. Yox, belə deyildi. Səbəblər başqa idi.
1960-cı illərin lap əvvəllərindən Azərbaycan
məktəblərində dörd onillik ərzində işlədilən
Yəhya Kərimovun tərtib etdiyi dərslik oldu. Ona görə
də bu müəllif və bu dərsliyin üzərindən
sükutla keçmək yaramaz. Parlaq klassiklərdən,
yalnız pedaqoji biliyə deyil, həm də yüksək bədii
istedada malik güclü qələm sahiblərindən sonra
onlarla hec vəchlə müqayisə edilə bilməyəcək
bu müəllifin "Əlifba"sının belə
dayanıqlı istifadəsinin səbəbi nə idi? Çox
sanballı və mükəmməl idi - ona görəmi, ya
bir çoxlarının təsdiqlədiyi kimi, bu sahəni
monopoliyasına çevirməyi bacardığı
üçünmü belə olmuşdu? Bu, ayrıca
mövzudur, onu incələmək boş vaxtı çox
olanların məşğuliyyətidir (amma hər halda buna da
ehtiyac var. Çünki təhsilimizin və deməli, millətimizin
taleyi ilə bağlı heç bir məsələ diqqətdən
kənarda qalmamalıdır) və bizim məqsədimiz
köhnə palan içi eşmək yox, yeni və uğurlu
olanı təklif etməkdir. XX yüzilin sonlarında, yeni əsrin
əvvəllərində Azərbaycan mətbuatında Yəhya
Kərimovun "Əlifba"sı haqda bu
yıpranmışlıqdan təngə gələn bişkin
mütəxəssislərin, təcrübəli müəllimlərin,
tanınmış qələm sahiblərinin bir-birinin
ardınca kəskin tənqidi yazıları dərc edildi. Bəzən
o yazılarda qədərindən artıq sərt ifadələrə
də rast gəlinirdi. Belə yanaşmaları sona qədər
qəbul edə bilmirəm. Axı adama deyərlər ki, bu
müəllifin kitabı təxminən 40 il məktəbdə
istifadə edilib, pis idi, bəyənmirdiniz, kənarlaşdıraydınız,
başqa müəllifə sifariş verəydiniz kitabı. Bu
irada belə cavab tapırdılar ki, Yəhya Kərimov Təhsil
Nazirliyində ibtidai siniflər üzrə dərslik və
proqramların hazırlanmasına nəzarət edən
komissiyanın sədri imiş və onun marağında
olduğu əraziyə girməyə iddialı olan bircə fərli
rəqibə və dərsliyə də bu maneəni
aşmağa imkan vermirmiş, üstəlik, yalnız
"Əlifba" ilə kifayətlənməyərək,
asta-asta digər ibtidai sinif dərsliklərinin də müəllifliyini
öhdəsinə götürübmüş. Yəhya Kərimovun
kəskin tənqidçiləri "Əlifba"da və
onun digər dərsliklərində bəsitliyin,
zövqsüz ədəbi parça seçiminin,
çağdaş təhsilin tələblərindən uzaq məqamların
bolluğundan yazırdılar (Bir az ehtirasla yazsalar da, hər
halda sübutsuz, dəlilsiz keçinmirdilər, dərsliyə
necə düşməsi adamı mat qoyan tutarlı nümunələr
gətirirdilər). Bəziləri isə onun Azərbaycan
türkcəsini qədərincə bilməməsində, yəni
heç olmazsa Azərbaycana uşaqlarına əlifba öyrədəcək
səviyyədə bilməməsində təkid edir,
iradlarını da Yəhya Kərimovun dərsliklərindəki
saysız dil pintilikləri ilə sübut edir, əşyayi-dəlil
olaraq ən azı onun "Dovşanın iki qulağı
var" əvəzinə "Dovşan iki qulağa
malikdir" kimi əndrəbadi cümlələrini misal gətirirdilər.
Artıq nə Yəhya Kərimov həyatdadır, nə
onun "Əlifba"sı işlədilir. Həmin müəllif
və dərsliyi ilə bağlı qənaətlərimi mətbuatdan
və ən yüksək kürsülərdən onun öz
sağlığında açıqca demişəm, odur ki,
indi bu qeyd edilənlər sadəcə tarixi
xatırlamalardır. Bunları yada salmaqla da nə artıq
ömrünü başa vurmuş müəllifi, nə də,
nəhayət ki, məktəbimizin qurtulduğu kitabı təhlil,
ya tənqid etmək istəyirəm. Bunları ona görə
yazıram ki, bir daha düşünək: axı niyə beləyik?
Niyə millətin ümdə maraqları ilə bilavasitə
bağlı olan bir çox məsələlərdə onillərlə
mütiliklə dözüb iş-işdən keçəndən
sonra tərpəşməyə başlayırıq?!
Yaxşı, heç olmazsa, ağlımız
başımıza gələndə, hərəkət etmək
istəyinə düşəndə də yalnız dünəni
bihudə ahlarla xatırlamayıb olub-keçənlərdən
ibrət götürək, bugünümüzdəki başqa
oxşar qüsurların elə keçmişdəkilər
kimi onillərlə acı bağırsaq kimi uzanmamasından
ötrü tədbirlər görməyə can ataq. Axı Yəhya
Kərimovun "Əlifba"sından qurtulandan sonra da
müşkülümüz həll olunmadı. İndi
"Əlifba"mız əvvəlkilərdən də betər
kökdədir, digər orta məktəb dərsliklərimizin,
xüsusən DİLİMİZ və ƏDƏBİYYATIMIZLA
əlaqədar olanların aqibəti çox ciddi
narahatlıqlar doğurur, etirazlar da səslənir, ancaq nəticə
hasil olmur, dəyirman elə əski fırlanışında
davam edir, demək, millət müqəddəratı ilə
birbaşa bağlı bu cür həyati məsələlərdə
qətiyyət təcrübəmiz yetərli deyil.
Gərək millət üçün yalnız zərərli
deyil, ümumən arzulanan qədər faydalı olmayanlardan
vaxtında imtina etməyi bacarasan, ad-sanı, maddiyyatı Azərbaycan
millətinin ali mənafeyindən yüksək tutmayasan.
Tutarsan, bu, artıq millətəəks əməl olur, bu
haqsa heç kəsə verilməz.
Bir millət üçün onun təməl kərpici,
bünövrəsi ƏLİFBAdan, DİLdən,
ƏDƏBİYYATdan müqəddəs nə ola bilər ki!
Qutsal olana isə yalnız və yalnız PAK niyyətlərlə
yanaşmaq, özünü unudaraq, könlünü
aşağı tutaraq vicdanlı münasibət bəsləmək
vacibdir.
İnsanı insan edən, insanı üstün edən,
tərəqqini təmin edən ilk amil seçmək
imkanıdır. Niyə Azərbaycan məktəbi, niyə Azərbaycan
balası, niyə Azərbaycanın Gələcəyi ümdədən-ümdə
olanı - "Əlifba" kitabını seçmək
imkanından məhrum qalmalıdır? İmkan verək, yeniləri
də yaransın, yalnız imkan verməklə işimiz bitməsin,
əksinə, bu işin təşkili yolunda səylər
qoyaq. Bəd ayaqda lap o köhnə və köhnəlmiş də
qalsın, amma başqalarının, yenilik təklif edənlərin,
zamanın istəyindən törəyənlərin də yolu
qapanmasın. Dərslik siyasətində onillərdən bəri
müşahidə etdiyimiz və davamı da əvvəlki
qaydada gələn mühafizəkarlığın ardında
heç də xoş olmayan, milli mənafeyə xidmət etməyən
məxsusi hədəfli niyyətlər gizləndiyini də
ağıldan keçirməyə bilmirsən.
Milli maraqlar dairəmizə daxil olan mühüm mətləblərlə
bağlı bu qəbil nigaran məqamların bizi hər
gün müşayiət etməsi bütün bunların
yalnız bilməzlikdən, səriştəsizlikdən, təkəbbürdən,
şəxsi maraqlardan deyil, həm də qat-qat təhlükəli
olan xarici təsirlər, düşünülmüş qəsdlərdən
qaynaqlandığını istisna etmir.
Susmaq da olar, danmaq da, görməzliyə vurmaq da. Amma
heç kəs heç bir zorun gücünə el naminə
gedilən yolun qarşısında maneə ola bilməz. Vaxt nə
istəyir, o olacaq! Vaxt qaxsımış nələr varsa,
hamısından imtina edəcək. İlk növbədə təhsil,
dərslik siyasətində kiflənmiş nə varsa
tullayacaq, yerinə təri, təzəni, özünə gərəkəni,
özünə yaraşanı götürəcək. Vaxt
gözləməyəcək ki, kimsə onun əvəzinə
seçsin və öz primitiv seçimini ONA diktə etsin.
Vaxt nəyi istəyir, özü seçəcək! Hökm
edən də, hər bir işə, əmələ, əsərə
ən ədalətli məhək daşı ola bilən Hakim
də Vaxtdır.
1905-ci ildə "Həyat" qəzetində qiymətli
maarifçimiz, milli mətbuatımızın təməlçisi
Həsən bəy Zərdabi qəlbində bəslədiyi
yeni dərsliklər, dərs vəsaitləri, məktəblinin
oxu üfüqlərini genişləndirəcək bol-bol
kitablar arzusundan yazırdı: "Bəlkə siz elə fikir
edirsiniz ki, məktəblərdə verdiyiniz dərslər bəsdir,
artıq lazım deyil? Yox, yox, o vaxtlar keçibdir. Damcı-damcı
ilə yaramız sağalası yara deyil. İndi sel
vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən
ondan içib doya bilsin. Belə yanğı vaxtında hər
millətini istəyənin borcudur ki, birə-beş artıq
işləsin".
Elə millət böyüklərinin belə vəsiyyət
və tövsiyələrinin təsiri ilə mən də 25
il əvvəl bir "Əlifba" yazdım və həmin
kitab 2001-ci ildə nəşr edildi.
O kitab necə yarandı, hansı tale yaşadı,
ayrı bir macəralı hekayətdir. Ancaq XX əsrin bitəcəyində
həmin kitabı yaza-yaza əlifbamız dolayısınca hər
gecə-gündüz düşündüyüm əsnada mənə
bir həqiqət də əyan oldu ki, o barədə söz
açmağı gərək qabağa salam.
Bunu hər kəs bilərək öz əcdadı ilə
iftixar etsin ki, qədim türklərin bəşərin mədəni
inkişafında müstəsna yeri var. Qədim türk
tarixini, əslimizi, kökümüzü gərəyincə
bilməməyimiz, yetərincə öyrənməyə cəhd
də göstərməməyimiz ciddi kəsirimizdir ki, gərək
hər an ondan qurtulmağa çalışaq.
Qədim Elladanın başda Zevs olmaqla Olimp
dağına sığınan ilahları, onlara həsr
edilmiş əsatirlər hər zaman bizi heyran qoyub,
yunanların bunca əski və cəlbedici keçmişi bizi
heyrətli cazibəsiylə çəkib. Lakin eyni mənzərə
daha əvvəl türk mühitində görünür və
bir çox başqa ənənələr kimi, əslində
bu da yunanlara qədim türklərdən keçmədir. Qədim
türklərin inandığı 33 ilahlı tenqriçilik
(tanrıçılıq) dini varmış. Baş Allah
Qorbustanın (bu, yunanlarda Zevsdir) ətrafına toplanan
ilahların hərəsi bir sahənin "himayədarı"
idi. Yaşı onminillərlə ölçülən
Qobustanımızı tanrıçılıq dininin baş
allahı Qorbustanla sadəcə səsləniş
oxşarlığının
yaxınlaşdırdığını düşünmək
sadədillik olardı. Elə Qobustanın adı da baş
tanrının adından alınıb. Və bu da var ki,
Qobustan insanlarının sığındığı
mağaralar çox qədim yaşayış məskəni
deyil, nəhəng ibadətgahmış -
tanrıçılıq dininin Məkkəsi, Mədinəsiymiş.
Tanrıçılıq dini, onun baş
tanrısı Qorbustan haqda elmi həqiqətlər XX
yüzilin səksəninci illərində artıq mübahisəli
elmi suallar çərçivəsindən çıxaraq təsdiqlənmiş,
etiraf və qəbul edilmiş gerçəklər kimi
ikicildlik mükəmməl "Dünya xalqlarının mifləri"
və digər oxşar ensiklopediyalara daxil edilmişdi. Yunanlara
hamının - onlardan savayı bütün digər millətlərin
"mənəviyyat, mədəniyyət müəllimi"
yarlığını tələsik yapışdıranlar
tarixin çox həqiqətlərindən, o sıradan qədim
türklərin bəşər sivilizasiyasının yüksəlişlərindəki
yerindən və xidmətlərindən bixəbər
olmuşlar. Lap qədimlərdən yazıya, əlifbaya malik
olan türklər bəs hərflər sırasını necə
adlandırırmışlar?
Bu gün hərflər cərgəsinin ümumi
adı kimi işlətdiyimiz "Əlifba" kəlməsi ərəbcədən
gəlmədir. Yalnız biz yox, bir sıra başqa türk və
İrandilli xalqlar da eyni termini istifadə edir. Ərəb əlifbasının
ilk hərfinin adı əlif, ikincisininki bedir, birləşərək
"əlifba" sözünü yaradıblar.
Ayrılıqda nə "əlif"in, nə də
"be"nin bir mənası var. Düzdür, ərəbcədə
"min" anlamı verən "əlf" kəlməsi də
işlənir. Lakin bunun o biri əlifə dəxli yoxdur. Hərflər
toplusundakı ilk iki hərfin adını götürərək
bunu hərflər qatarının ümumi adına çevirmək
ənənəsinin yunanlardan gəldiyi fərz edilir.
Onların ilk hərfinin adı alfa, ikinci hərfinin adı
betadır. Qovuşaraq "Alfabet" olublar. Ayrılıqda
söz olaraq nə "alfa"nın, nə
"beta"nın mənası var. Ruslar da həmin
sözyaratma quruluşu üzrə ilk hərfləri olan
"az" və ikinci hərfləri "buki"ni birləşdiriblər,
"Azbuka" yaranıb. Ruscada nə "az", nə
"buki" sözünün müstəqil mənası
var.
Bəs biz necə deyirikmiş, hərflərimizin cəmini
qədim türklər nə təhər adlandırırlarmış?
Çox da ki, sonradan bədbəxtlik baş verib -
dünya türkləri öz doğma, əsl əlifbalarını,
həmin əlifbada qələmə alınmış
kitabları əldən veriblər və əsrlərcə
yad qrafikalardan istifadə etmək zorunda qalıblar. Qalan o əlifbanın
hərfləridir, həmin qədim türk yazısında əbədiləşmiş
daş kitabələrdir. Yazımız, əlifbamız olubsa,
yəqindir ki, onun adı da olub. Düzdür, "əlifba"
kəlməsi bizimçün doğmalaşıb, bu da
dilimizdə vətəndaşlıq hüququ qazanmış
yüzlərlə gəlmə kəlmələrdən
biridir. Lakin ən azı bilməliyik axı hərflər
sırası bizdə necə adlanırmış. Bəlkə
elə onu tapandan sonra tətbiq də edək?!
Araşdırmalar əslində "alfabet"in də
kökü etibarı ilə qədim türklərə
sarı uzandığını göstərir. Həmin
"bet"in yerində bizdə "bit" durub. Qədim
türkcədə yazıya "BİT" deyilirdi. Kitaba da
elə həmin səbəbdən qədim türkcədə
"bitik" deyilirdi. Bu söz indiyə qədər bir
çox türk dillərində, o sıradan Azərbaycan
türkcəsində işlənməkdədir.
"Dua-pitik" ifadəsi danışığımızda
indi də diridir. Qədimdə "dua" şifahi oxunan
dualara, "pitik" (ya bitik) isə yazılı dualara
deyilirmiş. "Dua-pitik" də indi dilimizdə məhz
yazılı duanı nişan verən kəlmə kimi işlənir.
Alfanın yerində isə bizdə "ALP", "ALPA"
dururmuş. Bu söz "igid", "mərd" mənasında
bu gün də dilimizdədir. "Qədim türk lüğəti"ndə
isə "alp" sözünün, heç bir mənası
olmayan "alfa"dan, "əlif"dən fərqli olaraq,
bir silsilə anlamı var: igid, qoçaq, uca,
başlanğıc, çətin sınaq.
Beləliklə, qovuşan ALP və BİT kəlmələri
hərflər sırasına verilmiş ümumi adı -
ALPABİT sözünü doğurur və bu termin bizdən
başqalarına keçsə də, özümüzdə tədricən
unudulub, bizimki olduğu yaddan çıxıb. Bizdən
başqalarına keçməsinin ən üzdəki
sübutu ALPABİT sözünün hər iki hissəsinin qədim
lüğətlərin təsdiqlədiyi mənasının
olması, o biri dillərdə Alfabet, Alfavit, Alfabe, Əlifba
... kəlmələrinin etimoloji anlamdan məhrum
olmasıdır.
ALPABİT - YAZININ BAŞLANĞICI. Söz
özümüzünkü, anlamı üstündə və
birbaşa mahiyyətlə bağlı. Bizsə yad kəlmədən
yapışıb qalmışıq. Bu elmi həqiqət
balalarımızın yaddaşına elə gözləri hərfləri
tanıyandan hopsun deyə o vaxt - hər birimizi nadir tarixi
insanlara döndərən minilliklər kəsişməsində
ayrıca bir şeir də yazıb "Əlifba"
kitabıma daxil etdim:
Yazıya ulu babam
Qədimlərdə "bit" dedi.
"Sözü daşda, kağızda
Ək, becər, dirilt", - dedi.
Bitki kimi bitdi söz,
Bitdi, vərəqlər doldu.
Kitabın köhnə adı
Bizlərdə "bitik" oldu.
İlk hərfimiz "alp" idi,
Anlamı - igid, qoçaq.
Başqa yozumu - uca,
Başlanğıc, çətin sınaq.
Qovuşdu "alp" ilə "bit",
"Alpabit" oldu ünvan.
Hərflər sırasını
Belə verdilər nişan.
"Alpabit"in açımı:
"Yazının başlanğıcı"!
Minillərlə uzaqda
Bu bitməz yolun ucu.
Bir xalq dedi "alfabet",
Bir başqası "alfavit".
"Əlifba" sözü çıxdı,
Unuduldu "alpabit",
Güclü olmaq istəsək,
Qayıdaq özümüzə.
Ataq yadı, üz tutaq
Doğmaca sözümüzə.
Hərflər düzümünə
Dədələr kimi biz də
"Alpabit" deyək, yenə -
Dirilsin ulu kəlmə.
Düz iyirmi beş il əvvəl bu şeiri ilk dəfə
oxuyub əzbərləyən uşaqların indi özləri
ata-anadırlar, bəzilərinin uşaqları artıq
"Əlifba" oxuyur. O vaxt yazdığım kitabın
yaxşı-yamanını birbaşa təmaslarda
duymaqçün özüm də birinci sinifdə dərs
deyirdim. 33 uşaq idilər, hamısı bu şeiri əzbər
söyləyirdi, "Əlifba"ya da "Alpabit" deyirdilər.
Bu şeiri yazanda, kitabıma əlavə edəndə məqsədim
o deyildi ki, "Əlifba" sözündən imtina edib
"Alpabit"ə keçək. Sadə bir dillə
mühüm tarixi həqiqəti şeirləşdirmişdim
ki, elə birinci sinifdən, başlanğıcdanca
balalarımızın düşüncəsində
özünə yer etsin, onlarda öz əslini-kökünü
tanıyıb-bilmək vərdişini yaratsın.
Dilimizin, qulağımızın öyrəşdiyi,
başqalarının bizdən alıb bizə
özününkü kimi qaytardığı o qədər
sözlərimiz, sərvətlərimiz var ki! Dərinə
getdikcə qan qanı çəkir. Sözlərin təkinə
daldıqca özümüzü daha aydın
görürük. Özümüzü tanımanın, millət
olmağın dərslərini aşılamağasa elə gərək
təməldən - "ƏLİFBA"dan başlayaq!
20 fevral 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 26 fevral(№36).- S.12-13.