Ermənistanın
absurd təklifi: məqsəd sülh prosesini uzatmaqdır
Məğlub ölkənin qalib ölkəyə
"gəl, silahlarımıza qarşılıqlı nəzarət
edək" təklifini irəli sürməsi məntiqsizdir
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla
sülh sazişi layihəsindən danışıb. Onun
sözlərinə görə, sazişin iki bəndi hələ
də razılaşdırılmayıb. Əlbəttə ki,
bu, yeni xəbər deyil. Məlumdur ki, Azərbaycan-Ermənistan
sülh sazişi layihəsində 17 bənddən 15-i
artıq razılaşdırılıb, qalan iki bəndin yerinə
yetirilməsi isə birbaşa İrəvandan
asılıdır. Əsas məsələlərdən biri
avropalı müşahidəçilərlə
bağlıdır. Amma Ermənistan bu istiqamətdə konkret
addım atmaq niyyətində deyil, Paşinyanın
açıqlaması da bunu göstərir.
O bildirib ki, ötən gün İrəvan saziş
layihəsi ilə bağlı Bakıdan cavab alıb və bu,
artıq sülh müqaviləsinə 12-ci düzəlişdir:
"Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə
münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini
formalaşdırmaq üçün onun təhlilini
aparırıq".
Paşinyanın sözlərindən bəlli olub ki, tərəflər
sərhəddə avropalı müşahidəçilərin
yerləşdirilməsi məsələsində
razılığa gələ bilməyib və Bakı hələ
ki, İrəvanın kommunikasiyaların açılması təklifinə
rəsmi cavab verməyib: "Biz öz təkliflərimizi təqdim
etmişik və Azərbaycandan müsbət cavab alacağımıza
ümid edirik. Söhbət iki ölkə arasında dəmir
yolu əlaqəsinin bərpasından, o cümlədən Azərbaycanın
qərb rayonlarından Ermənistanın suveren ərazisindən
keçməklə Naxçıvana yüklərin tranzitindən
gedir. Öz növbəsində, Ermənistan Yerasx-Mehri (Arazdəyən-Mehri
- red.) marşrutu üzrə dəmir yolu əlaqəsi
imkanı əldə edəcək".
Yada salaq ki, razılaşdırılmayan iki bənd tərəflərin
bir-birinə qarşı beynəlxalq iddialardan çəkinmələri
və başqa ölkələrin nümayəndələrini
Azərbaycanla sərhəddə yerləşdirməməklə
bağlıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, avropalı müşahidəçilər
Azərbaycanla sərhəddədir ki, Bakı da bunun qəti əleyhinədir.
Çünki sözdə Avropa müşahidəçiləri
pərdəsi altında Azərbaycanla Ermənistan sərhədində
NATO tərəfindən infrastruktur yaradılıb. Yada salaq
ki, bu müşahidəçilərin göndərilməsi məsələsi
2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının o
zamankı prezidenti Şarl Mişel, Fransa prezidenti və Azərbaycan
lideri arasında keçirilən dördtərəfli
görüşdə razılaşdırılıb. Amma iki
ay müddətində və 40 nəfər heyətlə.
Bundan sonra isə missiyanın müddəti Bakı ilə
razılaşdırılmadan uzadıldı və arqument
bundan ibarət oldu ki, missiya Ermənistan ərazisindədir. Rəsmi
Bakı isə bəyan edib ki, əgər belə idisə,
onda razılığa gələndə niyə bizimlə
razılaşdırdınız? Eyni zamanda, missiyaya
Kanadanın nümayəndələri qoşuldu və NATO-nun
missiyasına çevrildi.
Bakının həm də İrəvandan iki tələbi
də var. Bunlar Ermənistan konstitusiyasında dəyişiklik
edilməsi - hansı ki, orada Azərbaycana qarşı ərazi
iddiaları yer alıb - və ATƏT-in Minsk qrupunun ləğvi
ilə bağlı birgə müraciətin edilməsidir.
Paşinyan bu iki şərtlə bağlı müsbət
siqnal versə də, hələ ki, real addım
atılmayıb. Zəngəzur dəhlizinə gəlincə,
bu, 2020-ci il 10 noyabr tarixində atəşkəslə
bağlı imzalanmış üçtərəfli bəyanatda
öz əksini tapıb. Ermənistan istənilən yolla bunun
icrasından yayınmağa çalışır. Həmçinin
"silahların qarşılıqlı nəzarəti və
yoxlanılması mexanizmi" kimi absurd və məntiqsiz bir
"təklif" irəli sürməsi də öz öhdəliklərindən
yayınmağa hesablanıb. Paşinyan deyib ki, Bakı bunu
cavabsız qoyub. Əlbəttə ki, başqa cür ola da bilməzdi,
çünki saziş layihəsində belə bir bənd
mövcud deyil.
Hərbi ekspert Elxan Şıxəliyev mövzu ilə
bağlı "525"ə deyib ki, indiki mərhələdə
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması
və saziş layihəsində göstərilən müddəaların
razılaşdırılması prosesi gedir. Səlahiyyətli
şəxslərin açıqlamalarına görə, tərəflər
sülh sazişi layihəsindəki 17 bənddən 15-ni
razılaşdırıblar, ikisi isə
razılaşdırılmamış qalıb. Azərbaycan tərəfi
Ermənistanın konstitusiyanın dəyişdirilməsi və
ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə
bağlı birgə müraciət şərtlərini irəli
sürüb. Ermənistan Aİ müşahidə missiyası
ilə bağlı Bakının tələbləri
qarşılığında silahlara nəzarət mexanizmini
gündəmə gətirib. Göründüyü kimi, Ermənistan
sülh sazişinin müzakirələrində yenə də
səmimi deyil, bu səbəbdən fərqli fikirlər səsləndirir.
Ekspertə görə, silahlara
qarşılıqlı nəzarət və yoxlanılması
mexanizminin yaradılması mümkün deyil: "Ermənistan
sırf bunun olmaması üzərindən sülh sazişinin
imzalanmamasını səbəb göstərərək vaxt
qazanmağa çalışır, üstəgəl,
özü sürətli şəkildə silahlanmanı həyata
keçirir. Eyni zamanda, Ermənistandan revanşist bəyanatlar
səsləndirilir. Təbii ki, əgər bir ölkə
sürətlə silahlanırsa, bu o deməkdir ki, müharibəyə
hazırlaşır. Bu, bütün zamanlarda belə olub.
Xüsusən də bir məqamı qeyd etmək
lazımdır ki, Ermənistanın aldığı
silahların içində müdafiə silahlarından daha
çox hücum silahları var. Ermənistan Azərbaycan ərazilərinə
20 km-dən 500 km-dək məsafədə zərbələr
endirə biləcək hərbi texniki avadanlıqlar almaq niyyətindədir,
düzdür, artilleriya vasitələrini Hindistandan, Fransadan təmin
edib. Amma indi yenə də Hindistandan orta və uzaqmənzilli
ballistik raketlərin alınması müzakirə olunur. Bu səbəbdən
Ermənistanın silahlanmada niyyəti aydındır və
sülh sazişinin imzalanmasına hazırlaşmır".
Avropa İttifaqının müşahidə
missiyası ilə bağlı məsələyə diqqət
çəkən E.Şıxəliyev deyib ki, bu missiya
başlanğıcda Azərbaycanla
razılaşdırılmışdı, amma sonra Ermənistan
birtərəfli qaydada bu razılaşmanı pozdu. Yəni
missiyanın vaxtını uzatdı və say tərkibini
artıraraq 209 nəfərə çatdırdı. Bu il
missiyanın mandatı 2027-ci ilə kimi artırıldı.
Bəs Aİ missiyası sülh sazişindəki
müddəa əsas götürülərək, 2027-ci ildən
tez Ermənistanı tərk edə bilər, yoxsa İrəvan
onun davamlı qalmasında maraqlıdır?
Ekspert bu suala cavab olaraq bildirib ki, Ermənistan
Aİ-nin missiyasının burdan çıxarılmasına
razı olacağını düşünmür: "Ona
görə ki, İrəvan hakimiyyəti artıq avroatlantik məkana
inteqrasiya üzrə yol xəritəsini qəbul edir və gələcəkdə
Avropa İttifaqına, mümkün olsa, NATO-nun çətiri
altına keçmək planları var. Avropa
İttifaqının mülki missiyası şərti sərhəddə
binokl diplomatiyası həyata keçirir. Kəşfiyyat məlumatlarını,
o cümlədən bölmələrimizin yerləşməsi
haqqında məlumatları toplayaraq Ermənistanın Baş
qərərgahına, daha sonra NATO-nun Brüsseldəki Mərkəzi
Qərargahına ötürürlər. Bunda məqsəd isə
özlərinin gələcək təcavüzkar
planlarını qurmaqdır. Təbii ki, indi müzakirələr
bunun üzərindədir ki, Avropa İttifaqının
müşahidə missiyası Ermənistan ərazisini tərk
etsin. Ermənistan guya sülh sazişinin imzalanmasında
maraqlı olduğunu və özünü sülh göyərçini
kimi göstərmək istəsə də, sahədə
baş verənlər bunun tam əksini göstərir".
Politoloq Elxan Şahinoğlu isə mövzu ilə
bağlı deyib ki, Baş nazir Nikol Paşinyan Azərbaycanla
Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ
də razılaşdırılmadığını bəyan
etdi. "Tərəflərin sərhəddə avropalı
müşahidəçilərin yerləşdirilməsi məsələsində
razılığa gələ bilmədiklərini" deyən
Paşinyan Bakının İrəvanın kommunikasiyaların
açılması təklifinə də müsbət cavab
vermədiyini vurğulayıb. Paşinyan rəsmi
Bakının İrəvanın silahların
qarşılıqlı nəzarəti və
yoxlanılması mexanizmi təklifini də cavabsız
qoyduğunu bildirib.
Politoloq əlavə edib ki, Nikol Paşinyanın
silahlanmaya nəzarətlə bağlı söylədiyi
müzakirə predmeti deyil: "Bu bənd sülh sazişinin
mətnində yoxdur. Müharibədə məğlub olan
ölkənin qalib ölkəyə "gəl
silahlarımıza qarşılıqlı nəzarət edək"
təklifini irəli sürülməsi məntiqsizdir. Tarixdə
də belə bir hal olmayıb ki, qalib ölkə məğlub
ölkənin tələbini yerinə yetirsin. Bir də ki, Azərbaycanın
silahlanması yalnız Ermənistanla əlaqəli deyil,
bölgədə müxtəlif
çağırışlara hazır olmalıyıq".
E.Şahinoğlu vurğulayıb ki, Paşinyanın
"tərəflər sərhəddə avropalı
müşahidəçilərin yerləşdirilməsi məsələsində
razılığa gələ bilməyib" ifadəsinin
ünvanı Bakı deyil, İrəvandır: "Paşinyan
Avropa İttifaqının və Fransanın istəyi ilə
Ermənistanda müşahidəçilər yerləşdirməsəydi,
bu məsələ Bakı ilə İrəvan arasında
fikir ayrılığına səbəb olmazdı. İki
ölkə arasında sülh danışıqları
aparılırsa və sülh sazişi imzalanacaqsa, gərginlik
yaradan müşahidəçilər bölgəni tərk
etməlidirlər. Bu, rəsmi Bakının haqlı tələbidir.
Onların sərhəd boyu hərəkət etmələri,
Avropadan gələnlərin daima durbinlə Azərbaycana
boylanmaları iki ölkə arasında əlavə gərginlik
mənbəyinə çevrilib.
Kommunikasiyaların açılmasına gəldikdə
Paşinyan iki variant təklif edib. Onun birinci təklifi budur ki,
Ermənistan Azərbaycandan Naxçıvana keçidi
İrandan keçən yol kimi eyni prinsiplə açmağa
hazırdır. Bunu əvvəl də bir neçə də
söyləyib. İkinci təklifi isə odur ki, İrəvan
qarşılıqlı əsasda yolun işləmə rejimini
sadələşdirməyə hazırdır. Bu da yeni təklif
deyil. Göründüyü kimi, Paşinyan əvvəlkitək
Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir".
Pərvanə
525-ci qəzet .- 2025.- 28 fevral(№38).- S.6.