Gəncəli
gürcü balası Kukaraça
VƏ YA PİROSMANİ PERSONAJLARININ
VƏRƏSƏLƏRİ
İstərdim mövqeyimi öncədən konkret
olaraq bildirim ki, sonradan ikibaşlı yozumlarla
qarşılaşmayım. Həqiqətən, arzulardım
ki, kaş "Kukaraça" kimi akvareldə, Pirosmani
primitivizminə yaxın üslubda, personajları Rezo
Qabriadzenin kuklaları tipajında işlənmiş, lakin
ara-sıra içdən-içə sarı simə ustufca
toxunan bir tamaşa Bakı teatrlarının repertuarında da
olaydı. Yox, demirəm ki, gördüyüm tamaşa dahiyanə
idi. Əsla. Amma hərdənbir öz sadəlövh, səmimi
görüntülərilə zövq qapılarını
döyəcləyirdi, ürkək-ürkək ruh dünyasının
pəncərəsindən boylana bilirdi və sonucda, sən bu
tamaşaya baxdığına görə vaxtına heyifsilənmirdin,
baxtına kəc baxmırdın.
Gəncə Dövlət Milli Dram Teatrı ilə
Gürcüstanın Huriya bölgəsinin Ozurgeti Milli Dram
Teatrının birgə layihəsi çərçivəsində
Nodar Dumbadzenin "Kukaraça" povestinin motivlərindən
"pöhrələnmiş" eyniadlı tamaşa Azərbaycan
teatrının gündəmində qəfil zühur elədi.
Haradasa məni azacıq sevindirdi, azacıq
şaşırtdı, hətta azacıq kefimi də durultdu. Nədən
ki, teatr mədəniyyətimizin tarixində, əgər səhv
eləmirəmsə, bir ilkə imza atıldı, bir qeyri-adi,
unikal proyekt gerçəkləşdi, Azərbaycan və
gürcü aktyorları bir səhnəni paylaşdılar,
öz dillərində sərbəstcəsinə
danışdılar, koloritləri qarışdırdılar,
bir Qafqaz evi yaratdılar, səmimi ülfət bağlayıb
anlaşdılar, anladıqlarını anlatdılar:
gürcü gürcücə dedi, azərbaycanlı
eşitdi; azərbaycanlı azərbaycanca dedi, gürcü
eşitdi və birlikdə bir-birinə dəstək olub
gürcülərin sovet keçmişindən bir xatirəni
gürcü koloritilə aşılanmış ovqatlar mənzərəsində
yaşatmağa çalışdılar.
"AMARKORD", YƏNİ MƏN XATIRLAYIRAM
Tiflis... Varazisxevi məhəlləsi... Yayın əvvəlidir...
Uşaqlar sərçə sürbəsi kimi meyvə
ağaclarına daraşıblar: özlərini elə
aparırlar ki, sanki şəhər yalnız onlara məxsusdur.
Hətta bu dəcəl, şuluq davranışda
yüngülvari bir cinayət tərkibi də var. Hərçənd
gənc milis sahə müvəkkili Kukaraça - Georgi
Tuşuraşvili uşaqların bu dəcəlliyi
qarşısında bir sipərdir, onların indisinə və
gələcəyinə mehriban bir nəzarətdir.
N.Dumbadze öz "Kukaraça" adlı povestini təqribən
belə bir pastoral ruhlu təhkiyə ilə başlayır və
həməncə də bu ovqatı "ay camaat,
Kukaraçanı öldürüblər" xəbərilə
dağıdır, əhvalatı xatirə çətirinin
altına yığır. Çünki povest bir bütövcə
olaraq 1979-cu ildə ikinci infarkt ərəfəsində 50 yaşlı
Tamazın xəyalən keçmişə səyahətidir,
Varazisxevi məhəlləsinə geri
dönüşüdür, yeniyetməliyinin əsas hadisə
və epizodlarını öz varoluşunun böhran məqamında
xatırlamasıdır.
Əslində, Tamaz heç nə xatırlamır: sadəcə,
ötən günlər onun gözləri önündən
bir film-yuxu-duman kimi, keçmişin kölgələri kimi
ötüşüb keçir. Tamaz orada, o müdhiş yuxuda
görür ki, özü oturuşmuş bir kişidir,
Kukaraça isə hələ də 21-22 yaşlarında
cavan bir oğlan... Amma buna rəğmən, Kukaraça yenə
də yeniyetməlik çağlarında olduğu kimi, Tamazın
qənşərində dayanıb ona öyüd-nəsihət
verir. Ol səbəbdən Varazisxevi məhəlləsinə
aid əhvalatların mərkəzi fiquru Tamazdır: təhkiyə
kompozisiyası onun qavrayışına görə
formatlaşdırılır.
Beləliklə, bir tərəfdən povest zaman
etibarı ilə infarkt öncəsi təsəvvürə gətirilən
xəyal-yuxunun vaxtını özündə ehtiva edir, digər
tərəfdən isə bu xəyal-yuxuda yaşanılan xatirənin
süjeti düz 1 ilə sığışır: süjetin
hadisə və faktlar zənciri 1940-cı ildə yay
mövsümünün başladığı vaxtdan start
götürür, 1941-ci ilin 21 iyununa, II Cahan
savaşının mühüm bir səhifəsinin
açıldığı günədək bədii təhkiyə
kompozisiyasında davam etdirilir. Daha doğrusu, hadisə
Murtalonun məhkəməsilə məhz bu tarixdə bitir, səhərisə
ümumxalq fəlakəti ucbatından həməncə
unudulur. Göründüyü kimi, N.Dumbadze öz əsərində
zamanla plastilin kimi davranır, hadisə və
yaşantıları zaman içinə maqqaşla
düzür, təhkiyə burulğanında nəyisə
böyüdüb iri planda göstərir, nəyisə
kiçildib arxa plana yığışdırır,
perspektivlə işləməyi əla bacarır, zamanı
"duyğularla" kəsib-doğrayıb montaj eləyir.
Nəsr kino sənətinin materialına çevriləndə
"xoşhallanır", "şadlanır", teatra gələndə
isə
"qayğılanır": bilir ki, şərtiliklərlə
buxovlanacaq. Odur ki, əgər teatrda müəllif təhkiyəsi
səhnənin obrazlı dil sistemində adekvat ifadə olunmursa,
nəsr öz təravətini, təsirləndirmə sehrini
itirir. Bəs "Kukaraça" povestinin səhnə
variantında bunu gerçəkləşdirmək
mümkünləşibmi?
Səhnələşdirmə (Niniya
Sadğhobeloşvili) bir qədər eskizvari olsa da, zatən,
"Kukaraça" povestinin tamaşa variantından ötrü
yetərlidir və əsasən bir sevgi hekayətində
Kukaraça - Murtalo qarşıdurumunun
brutallığını, amansızlığını
qabartmağa, gürcü huşyarlığını,
zarafatını, insanpərvərliyini vurğulamağa
hesablanıb.
Tamaşanın quruluşçu rejissoru Vaso
Çiqoqidze də səhnələşdirmənin
arxasınca gedərək həm povestin başlanğıc
epizodunun təcəssümündən, həm məyusedici qəmli
xəbərdən, həm də süjeti birbaşa Tamazın
xatirəsi qismində danışmaq iddiasından imtina edir,
hadisəni "dördüncü divar" estetikasında
oynamağı üstün tutur. O, quruluşçu rəssam
Lomğuli Musiridze ilə birgə povest ekspozisiyasının səhnə
obrazını kinorejissor Otar İoseliani filmləri
üçün səciyyəvi bir ovqatda
vizuallaşdırır, Varazisxevi məhəlləsinin
gürcü koloritini yansıtmağa, binaların, evlərin
ruhunu kətan üzərində asudə bir manerada
cızılmış rəsmlərin köməyilə
görükdürməyə çalışır, birinci
planın sol küncündə, güman ki, çoxsakinli,
arı pətəyinə bənzər həyətin metal
konstruksiyalı, ağ rəngə boyanmış spiralvari pilləkənini
ucaldır, ailə planında Anikonun mənzilini qurur, sağda
isə effektli bir tərzdə
işıqlandırılmış yamyaşıl, nurlu bir
ağac "əkir". Bu anturaj içrə rejissor
personaj-tipləri tünd rənglərin dominantlığı
ilə tikilmiş gürcü geyimlərində (geyim rəssamı
Ketevan Tsitişvili) Anikonun mənzilinin önünə
toplayır, onları frontal mizan üzrə səhnə
planşetinə düzüb fotoşəkildə olduğu
kimi kadr-görüntünü bir anlığa dondurur, statikləşdirir.
Fikir, məram birmənalıdır: Varazisxevi məhəlləsinin
sakinlərini rejissor təkcə mehriban qonşular statusunda
yox, ailə üzvləri statusunda təqdim edir seyrçilərə.
Nədənsə mən bu mizana Niko Pirosmani
tablolarının, köhnə Avlabarın, Şeytanbazarın
ruhunun qonduğunu duydum. Bu mizanla rejissor həm də onu
söylədi ki, biz bir teatr olaraq keçmişin kölgələrini
oynayırıq.
Əlavə onu da vurğulayım ki, bu
mizan-foto-görüntü səhnədə göstəriləcək
epizodların emosional-psixoloji səciyyəsini işarələyir,
tamaşa poetikasına açar olur: yəni teatr Varazisxevi məhəlləsi
sakinlərinin 1940-cı illərdə çəkdirdikləri
köhnə fotoşəklin atmosferinə, ovqatına köklənib
"Kukaraça" tamaşasını retro üslubda səhnədə
canlandıracaq, praktiki surətdə fləşbək yolu ilə
Tamazın infarkt öncəsi xəyalən getdiyi
keçmişə gedəcək, mizan-fotoda görünən
fiqurları bir-bir "dirildəcək", onları yenidən
Varazisxevi məhəlləsində futbol oynayıb, şuluq
salıb hay-küy qoparmağa, məhəllə həyatını
yaşamağa sövq edəcək. Faktiki surətdə
quruluşçu rejissor bu lakonik priyomla povestin
finalındakı xəyal-yuxu-xatirə motivini ustacasına
tamaşaya gətirmiş olur. Təbii ki, 1980-ci ildə ikinci
dəfə infarkt keçirmiş yazıçı tərəfindən
yazılıb sovet dönəminin say-seçmə nəsr
nümunələrindən biri kimi gürcü
mentallığının, xarakterinin, zarafat və yumorunun,
gürcü həyatsevərliyinin, ədəbiyyat, teatr və
kinematoqrafiyasının çoxsaylı simvollarından birinə
çevrilmiş "Kukaraça" povestini oxumayanlar
tamaşaya baxanda bunun fərqinə varmayacaqlar, bilməyəcəklər
ki, Nodar Dumbadze öz personajlarından birinə - Tamaza - yaman bənzəyir.
Amma eybi yox: bu, tamaşanın qavranılmasına əngəl
törətmir.
KUKARAÇA VƏ MURTALO
N.Dumbadzenin Kukaraça adlı obrazı bir yandan rus
sovet şairi S.Mixalkovun kitab halında ilk dəfə 1955-ci ildə
nəşr etdirdiyi poetik pentalogiyasının qəhrəmanı
milis işçisi Styopa əmilə, o biri yandan isə
gürcü kinorejissoru O.İoselianinin "Bir qaratoyuq
yaşayırdı" (1970) bədii filminin personajı
simfonik orkestrdə litavr ifaçısı Giya Aqladze ilə
baxışır. Kukaraça - Georgi Tuşuraşvili
xeyirxahdır, alicənabdır, rəhmdildir, ədalətlidir,
Sovetlər Birliyinin sadiq əsgəridir Styopa əmi kimi; litavr
ifaçısı Giya Aqladze ilə onu yaxınlaşdıran
cəhət isə hər yerə çatmaq, hər yerdə
olmaq, hər şeyi nəzarətdə saxlamaq
iddiasıdır.
Bəs onda niyə Georgi Tuşuraşvilinin ləqəbi
Kukaraçadır?
Maraqlısı budur ki, povestin bütün məna
potensialı, kriptosu neqativ auralı bu ləqəbə
yüklənib. Nədən ki, "kukaraça" ispanca
tarakan deməkdir və meksikalıların zarafatyana oxuduğu
bir mahnının adıdır. Təsəvvür edirsinizmi,
yazıçı öz sevimli qəhrəmanını tarakan
sözü ilə aşağılayır, ələ
salır. Nə üçün?
Qısa bir anons: Meksikada ötən əsrin əvvəllərində
inqilab çağlarında hökumət
qoşunlarını, sən demə, rişxəndlə
"kukaraça" çağırarlarmış. Ol səbəbdən
onlara kukaraça deyilirdi ki, qara bığlarının
uclarını eşib tarakan "bığları" kimi
uzadırdılar, tarakanlar kimi sürətlə qaçışırdılar
və tarakanlar kimi hər yeri basmışdılar.
Georgi Tuşuraşvili də sovet
qoşunlarının təmsilçisidir və
"KUKARAÇA" çağırılmağı
haradasa haqq edir.
Bu onu bildirir ki, N.Dumbadzenin ucaboy, yaraşıqlı
milis leytenantı Tuşuraşviliyə münasibəti
heç də birmənalı deyil: o, öz personajına
gülür, lağ eləyir, onunla zarafatlaşır, tez-tez
ona xəcalətli anlar yaşadır və sonucda "hərif"
Kukaraçanı cani Murtalonun əliylə öldürür.
Hm... Qəribədir...
Fikir verin, povestin protoqonisti Kukaraçadır,
başqa sözlə, Tarakan ayamalı milis leytenantıdır,
antoqonisti - Murtalo, yəni Murdar ləqəbli cani.
Gürcülər lığırsanı, alçaq adamı
"murtalo" sözü ilə aşağılayırlar.
Ancaq mən əminəm ki, murtalo elə azərbaycanlıların
"murdar" kəlməsindən düzəldilmədir.
Razılaşaq ki, insan qavrayışında tarakan da ən
murdar həşərata tay tutulur. Bu kontekstdə Kukaraça
ilə Murtalo eyniləşirlər, bir-birinə tay olurlar.
Hm... Qəribədir...
Onda bəs nədən N.Dumbadze öz qəhrəmanları
ilə bu sayaq davranır: birini qara tarakan eləyir, digərini
murdar?
Şəxsən mən burada N.Dumbadzenin gizli
dissidentliyini görürəm: o, Kukaraçanı sevmir:
tarakanı sevmək olmaz. Çünki Kukaraça sovet
hökumətinin köləsidir və bir kölə kimi
gürcülərin azadlığını boğazlayıb
dustaqlayır, hətta papiros çəkən yeniyetmədən
belə qəbz alır ki, o, bir daha papirosa əl uzatmayacaq. Təsadüfi
deyil ki, Kukaraçaya qəzəblənmiş Tamaz da onu
"casus" adlandırıb suçlayır. Kukaraça
hara, casusluq hara? O, kimdən kimə casusluq eləyir? Bəlkə
gürcüləri tutub sovet ədliyyə orqanlarına təhvil
verdiyi üçün onu casusluqda suçlayır Tamaz?
Kukaraça Gürcüstanı və gürcüləri nə
qədər sevsə də, bütün hallarda
azadlığın qollarına qandal vuran sovet hərb
maşınının həşəratı kimi
qavranılır gürcülər tərəfindən. Odur
ki, N.Dumbadze fürsət düşən kimi öz zarafat və
kinayə "iynələrini" milis leytenantı
Tuşuraşviliyə batırmaqdan çəkinmir.
Murtalo kimi bir cani, bir oğru, bir qatil təkcə adi
adamı, adi milis leytenantını, adi tarakanı -
Kukaraçanı - öldürmür, o, sovet-fin müharibəsinin
qəhrəmanını öldürür!!!
Hm... Qəribədir...
N.Dumbadze, baxın, Murtalonu gətirib cürətin
hansı zirvəsinə qaldırır və hətta onu
Gürcüstanı hüdudsuz sevən bir vətənpərvər
qismində tanıdır. Belə ki...
... Murtalo mənfur və məşhur cinayətkar olsa
da, Gürcüstanda oğurluq eləmir!!!
Bu, Murtalodan ötrü mənəvi yasaqdır, namus
işidir, onu N.Dumbadzenin gizli qəhrəmanına çevirən
amildir. Gürcüstan onun üçün müqəddəs,
toxunulmaz bir məkandır və o, öz yeganə məsum
sevgisini də elə burada tapır. Murtalo əbəsdən
İnqaya söyləmir ki, "sən mənim
üçün Allahın hədiyyəsisən";
heç nədən, heç kəsdən çəkinməyən
bu insan əbəsdən etiraf eləmir ki, mənim yeganə
qorxduğum nəsnə dünyanı sevgisiz tərk etməkdir.
İnqa Laliaşvili Gürcüstanın rəmzi kimi oxunur bu
kontekstdə və bica deyil ki, Kukaraça da elə həmin
bu qadına aşiq olur.
Bununla da N.Dumbadze sosial-siyasi məsələlərə,
sovet rejiminə öz yazıçı-vətəndaş
münasibətini, öz dissidentliyini sevgi
üçbucağının çətiri altında qismən
neytrallaşdırır, onu təhkiyənin bir küncündə
sanki ört-basdır eləyir.
Səhnələşdirmə müəllifi
üçün də, quruluşçu rejissor
üçün də məhz elə bu "çətir"
önəmli və maraqlıdır. Ona görə də
"həyatdan sevgisiz gedənlər bədbəxtdirlər"
konsepti tamaşanın semantika çənbərində
dominant mövqe sərgiləyir.
AKVAREL TAMAŞANIN KÖLGƏLƏRİ
Kölgələri akvareldə işarələmək,
akvarellə görükdürmək daha əlverişli və
effektlidir.
Vaso Çiqoqidzenin mizanları akvarel boyalar içindən
boylandığından o, tamaşanın əsas
obrazlarının ifaçılarını səhnə oyunu
davam edə-edə tez-tez dəyişdirə, şəkilləri
neqativlə əvəzləyə, görüntüləri
kölgələşdirə bilir: bir də görürsən
ki, azərbaycanlı Kukaraça azərbaycanca
danışa-danışa gürcü aktyorlarla təmas
yaratdı, gürcü Kukaraça isə əksinə, bir
anın içərisində azərbaycanlı aktyorlarla əhatə
olundu. Belə ki, tamaşanın ayrı-ayrı fraqmentlərində
eyni bir rolu gah gürcü aktyor oynayır, gah azərbaycanlı
aktyor. Ona görə də mizanlar səhnədə akvarel
boyalar kimi axıcıdır, sızıntılıdır, dəyişkənliyə
meyillidir. Tamaşada məhz bu axıcılıq mizanların
forma dinamizmini, kölgə-xatirələrin səhnə məkanında
güzgülənməsini təmin edir.
Gəncə teatrının aktyoru Murad Meyfaliyev
Tuşuraşvili obrazında öz fakturası, tutalım,
qaraşınlığı, qara bığları, yumşaq
plastikası ilə haradasa kukaraçalığı
yansıtmağa yaxındır. Ozurgeti teatrının aktyoru
Giorgi Dolidze isə Kukaraça rolunda milis leytenantından daha
çox Qori gimnaziyasının şagirdlərini
xatırladır, affektiv, major oyun tərzinə meyillənir və
səhnəyə hər çıxdığında
seyrçi tərəfindən dalaşqan birisi kimi fiksə
edilir. Muradın Kukaraçası mülayimdir, həlimdir,
sakitdir, heç də iki tankı öz tankı ilə
sürükləmiş diribaş qəhrəmana bənzəmir,
Aniko, İnqa, Murtalo ilə ünsiyyət zamanı sanki
kölgədə qalır, aciz adam təəssüratı
oyadır.
Murtalo rolunun ifaçısı azərbaycanlı
aktyor Elxan Abbasov da görünüşcə personajın
N.Dumbadze tərəfindən sözlə
cızılmış bədii portretinə uyğun gəlir.
Lakin öz aktyor tipajına görə Azərbaycanın
tanınmış səhnə sənətçisi Həsənağa
Salayevə bənzəyən Elxan Abbasov nədənsə
Murtalo obrazını F.Şiller dramaturgiyasının
ehtirasları burulğanında, Karl Moor stixiyasında
oynamağa cəhd göstərir və bu müstəvidə
Murtalonun "kriminal avtoritet" imici, brutal cazibəsi
ştamplar tələsinə düşür. Murtalo öz
brutal cazibəsini itirəndə isə istər İnqa ilə
söhbətlərində, istərsə də
tamaşanın münasibətlər sistemində
inandırıcı ola bilmir. Personajla aktyor arasındakı
yaş fərqi də tamaşanın bədii-estetik mündəricəsinin
neqativlərindən biri kimi qavranılır.
Murtalo mərdlik və nakişilik marşrutunun
oyunçusudur: asanlıqla birindən digərinə
sıçraya bilir.
Onun İnqaya olan sevgisi, rəğbəti və sədaqəti
obrazı igid, mərd oğru səviyyəsinə yüksəldir.
Kukaraça Murtalonu İnqanın otağında yaxalayıb
tutmaq istəyəndə qadının yalvarış və
qorxularına yenilib qatı cinayətkarı sərbəst
buraxır.
Bu, Kukaraçanın qələbəsidir: o, öz
taleyini sevgilisi İnqaya hədiyyə edir, ucaldıqca
ucalır. Murtalo isə Kukaraçanı İnqanın
otağında yaxalayanda nakişilik edib milis leytenantını
qətlə yetirir.
Bu, Murtalonun məğlubiyyətidir: o,
Kukaraçanı güllələməklə İnqanın
sevgi dünyasının işıqlarını
söndürür. N.Dumbadze məhz burada Murtalonun üstündən
bir insan kimi iki çarpaz xətt çəkir. Gərçi
Kukaraçanın qətli qısqanclıq zəminində
yozularsa, onda Murtaloya bəraət qazandırmaq mümkün
olacaqmı? Xeyr, qətiyyən. Çünki Murtalo
Kukaraçanı öldürməklə Qafqaz kişilik
kodeksini pozdu.
N.Dumbadze əla bir nəsr ustası kimi öz qısa
povestində Kukaraça və Murtalo münasibətlərini
elə bir kombinatorikada təqdim edir ki, kimin kim və nə
cür olduğunu dəqiq müəyyənləşdirmək
imkanı hədsiz dərəcədə azalır. Odur ki, bu
obrazların səhnə variantını yaratmaq da, epizodlarda,
ayrı-ayrı dialoq və davranışlarda onların
taleyini danışmaq da aktyorlardan ötrü əməllicə
çətinləşir: akvareldə işlənmiş
tamaşada pozitivlə neqativin balansını gözləmək
çox zaman onlara müyəssər olmur. Elə bu səbəbdən
də istər Kukaraça, istərsə də Murtalo
aktyorların ifasında yetərincə effektli alınmır.
Gürcü aktyor Levan Saginadzenin təqdimatında
Murtalo daha qrafik təsir bağışlayır: səhnədə
az görünməsinə rəğmən, o, öz
personajının "kriminal avtoritet" siluetini cıza
bilir, onun qorxaq, murdar təbiətini də dəqiq
reaksiyaları ilə yansıtmağı bacarır. Bu,
İnqanın məhkəmədə Murtaloya atəş
açdığı zaman xüsusilə özünü bəlirtir.
Kukaraça ilə Murtalo düyününün, bir
az daha sərt desəm, konfliktinin adı İnqa
Laliaşvilidir. Məhz İnqanın seçimi əsərin
ideyasını gün işığına
çıxarır. Tamaşada konsept olaraq iki fərqli
İnqa Laliaşvili var. Biri Gəncə teatrının
aktrisası Kəmalə Məmmədovanın yetərincə
yaraşıqlı, ətli-qanlı İnqasıdır. Kəmalə
xanım İnqanı xoş xasiyyətli, mehriban, haradasa
yüngül əxlaqlı bir qadın kimi oynayır. Ozurgeti
teatrının aktrisası Tamar Canukvadzenin ucaboy İnqası
isə dekabristlərin arvadları ilə Leninin qatili Kaplan
arasında mövqelənir; sərt maneraları ilə
seçilir ki, bu da tamaşanın "akvarel"
poetikasının rənglərini tündləşdirir.
İnqa kimi Aniko obrazı da "Kukaraça"
povesti üçün çox önəmlidir. Əgər
İnqa süjetin inkişaf dinamikasını tənzimləyən
faktordursa, Tamazın anası Aniko bütün
yaşananların əxlaq və mənəviyyat kəməridir.
Rolun hər iki ifaçısı, istər azərbaycanlı
Sevda Orucova, istərsə də gürcü Tamar Mininaradze məhz
bu konsepti əsas götürərək Anikonu alicənab məhəllə
anası, məhəllə ağbirçəyi
plastikasında rəsm edirlər. Aniko səhnəyə həm
real personaj kimi, həm də Tamazın xəyalından
keçən kölgələrdən biri kimi
çıxır. Kölgə-Aniko aktrisa Şükufə
Salmanlıdır və bu üç aktrisa səhnədə
Anikonun Məhəllə Anası heykəlini yaratmaq
iddiasındadırlar.
Bu müstəvidə yerinə düşər onu da
söyləsəm ki, Gəncə teatrının aktyoru Elmir Məmmədov
Tamazı hadisələrin bəlkə də ən
mühüm iştirakçılarından biri kimi təqdim
edə, onu xarakterə çevirə bilmir. Halbuki Varazisxevi məhəlləsinin
nə vaxtsa baş vermiş əhvalatlarını, bu əhvalatların
iştirakçılarını öz xatirəsində
retuş eləyən adam Tamazdır və Tamaz
yazıçının alter eqosudur.
Varazisxevi məhəlləsinin bütün ikinci dərəcəli
personajları öz geyimləri, davranışları ilə
tamaşada əla fon yaradırlar: səhnəyə qədəm
basan kimi öz fakturaları ilə sovet
Gürcüstanının taleyini danışmağa
başlayırlar. Bu da ona dəlalət eləyir ki, kütləvi
səhnələri, xırda detalları quruluşçu rejissor
xarakterlərə nisbətən daha dəqiq, daha böyük
zövqlə işləyib.
Və bununla belə... Tamaşanın tempi çox
yüksəkdir: sanki hamı əhvalatı sürətlə
danışıb bitirməyə tələsir. Bu da
anlaşılasıdır. Çünki səhnələşdimə
20 konkret personajdan və üstəgəl, qonşulardan ibarətdir.
Hələ bundan əlavə müəyyən rollar həm
gürcü, həm də azərbaycanlı aktyorlar tərəfindən
ifa edildiyindən səhnədə onların sayı haradasa
40-a çatır: busa səhnə planşetini
aşırı yükləyir, səhnədə bir
basırıq yaradır, ayrı-ayrı emosional epizodların təsir
gücünü tükədir, prosesdə xarakterin
doğulmasına və açılmasına mane olur. Nəticə
etibarı ilə aktyorlar psixoloji yaşantıdan imitasiyaya
qaçmaq məcburiyyətində qalırlar. Tamaşanın
mizan rəsmi də akvarellə çəkildiyindən orada
nöqtə və vergüllərin yeri tez-tez itir: akvarel
tabloya ləkələr düşür.
Əlbəttə ki, Azərbaycanın və
Gürcüstanın bölgə teatrlarının
"Kukaraça" proyektinin o qədər sosial-siyasi,
kulturoloji, kommunikativ, psixo-koqnitiv pozitivləri var ki, onlar
bütün neqativləri öz içində əridirlər.
Bu səbəbdən də hər iki teatra əməkdaşlığı
genişləndirmək istiqamətində uğurlar diləmək,
Aqil Bəhramlıya isə bu özəl layihə
üçün təşəkkürlər etmək mənim
teatrşünas borcum!..
Aydın TALIBZADƏ
525-ci qəzet .- 2025.- 1 iyul(№111).-S.12-13.