Müəllimi qoruyaq
Müəllimlərin məzuniyyəti başlayır.
Müəllim zəhməti, həm də onları yaralayan xəbərlərlə
dolu bir dərs ili də bitdi. Bu arada bir neçə müəllimin
ağrılı söhbətlərini eşitdim. "Axı,
yaxşı, vicdanlı müəllimlər qat-qat çoxdur,
niyə ancaq neqativ hallardan bu qədər yazırlar?" -
dedilər. Düşündüm ki, bu münasibətdən
şagird, valideyn, müəllim, cəmiyyət olaraq nə
qazanırıq, nə itiririk görəsən?
Qazandığımız və ya itirdiklərimizin
hamısı gərəkdirmi bizə? Düşünsək,
hadisələrə münasibətimizə diqqət edərik.
Axı istənilən adamın həyatında zəhməti
olan müəllimdən danışırıq.
Mən də təhsillə bağlı tənqidi
yazılar yazmışam, amma işlədiyim müddətdə
işində heç bir nöqsanı olmayan müəllim
kimi.
Ömrümün 45 ilidir həm də o müəllim.
Zəif müəllim də görmüşəm, savadı
yetərincə olmayan da, əsl müəllim də.
İnanın, o zəif hesab etdiyiniz müəllimlər də
zəhmət çəkirlər, uşaqları öyrətməyə
çalışırlar. Amma öyrədə bilməyənlər,
sadəcə dərsi yola verənlər də var. Müəllim
olmaq təkcə savadla bağlı məsələ deyil.
Əvvəl təkmilləşmə kursları
vardı. Bu kurslarda müəllimlər təcrübələrini
bölüşür, çətin gələn
mövzuları, məsələləri birlikdə müzakirə
edirdilər. Bunu müəllimlərə daha çox köməyi
olurdu.
İndi imtahan keçirilir. Buna etiraz edənlərdən
olsam da, imtahan qismən də olsa, zəif müəllimləri
üzə çıxarır. Elə müəllimlər var
ki, 5-10 il və daha çox dərs deməsinə baxmayaraq,
inkişaf eləmir. Fənnini öyrənmir, öyrənə
bilmir. Amma yüksək bal toplayıb sinfi idarə edə bilməyən,
ya o bala uyğun savadı şagirdlərə ötürə
bilməyən müəllimlər də var. Makarenko deyirdi ki,
nə qədər universitet oxuyursan, oxu, yaxşı müəllim
olmaq üçün təcrübə lazımdır.
Müəllimliyi işləyə-işləyə
öyrənirsən, amma sevsən.
Təhsildən çoxumuz narazıyıq. Niyə?
Ona görə ki, səhvlərimiz oldu.
Məsələ bundadır ki, sovet təhsil sistemini
dağıtdıq. Yerində bilmədiyimiz bir sistem qurmağa
başladıq. Halbuki dünya üçün Sovetlər
Birliyinin 20, 30, 40 ildə qazandığı uğurlara necə
nail olması maraqlı idi. Savadsız 15 respublikada məktəblər
açmaq, pulsuz təhsil sistemi yaratmaq, alimlər, həkimlər,
rəssamlar, bəstəkarlar yetişdirmək asan məsələ
deyildi. Onda da dərsin mərhələləri vardı,
gözəl də dərs alınırdı. Şagirdin
gündəlik fəaliyyəti, hətta intizamı qiymətləndirilirdi.
İndi bunlar önəmli deyil. Yalnız test, yəni KSQ, BSQ
balları nəzərə alınır. Səbəbini kimsə
izah edə bilmir. Test üsulunun daha çox müsbət nəticə
verdiyini demək çətindir. Oxumayanların sayı
artır. Uşaqların nitqi, yazısı əsas deyil.
Müəllimlərin çabası, hədsiz zəhməti
olmasa, cümlə qura, yaza bilməyənlərin sayı
çoxalar. Amma biz müəllimlərin zəhmətini bir kənara
qoyub neqativ halları qabardırıq. Bu hallar məktəb
daxilində həll oluna bilər. Müzakirəyə
çıxarıb müəllimləri kütləvi şəkildə
təhqir etməyə nə gərək var? Sadəcə məktəbə
vicdanlı, savadlı, xalqını sevən direktor
lazımdır. Təhsil Nazirliyinin ən birinci vəzifəsi
o direktorları tapmaqdır. Öz işini bilən,
vicdanlı rəhbər özünə layiqli müavinləri
seçə bilər. Yaxşı direktor savadsız müəllimi
istəməz rəhbərlik etdiyi məktəbdə. Və
yaxşı direktor pis müəllimini tanıyır. Çox
təəssüf ki, Təhsil Nazirliyi bu işin öhdəsindən
gələ bilmir.
Müəllim olmaq məqsədi olmayan, bunun nə qədər
önəmli olduğunu bilməyən müəllim olmasa,
yaxşıdır. Qəbul imtahanlarında bunu tənzimləmək
lazımdır. Yoxsa abituriyent, məsələn, 4-cü qrupa
imtahan verir, həkim olmaq istəyir, ən sonda biologiya, kimya
ixtisasını seçir. Təbii ki, həkim olmaq istəyib
balı çatmadığı üçün müəllim
olanların hamısı bu peşəni sevməyəcək.
İmkanım olsa, bütün abituriyentlərə deyərdim
ki, müəllim olmağın
məsuliyyətini dərk etmirsinizsə, bu ixtisası
seçməyin. Əgər sevərək ixtisas
seçirsinizsə, "müqəddəs" dediyimiz
peşənin müqəddəsliyini qoruyun.
Ümumiyyətlə, əziz müəllimlər, sizə
olan haqsızlığa susmayın. Çətin tərbiyə
olunan uşaqların tərbiyə üsulları da var. Məktəbdə
direktor müavini-təşkilatçı var. Bir neçə
müəllim narazıdırsa, uşağa xəbərdarlıq
edilir, aktlaşdırılır, pedaqoji şurada valideynlərin
iştirakı ilə müzakirə də edilə bilər. Hər
məktəbin yerləşdiyi əraziyə baxan polislər
var, uşaqların hüquqlarını qoruduqları kimi,
çətin tərbiyə olunanlarla da müəyyən
profilaktik işlər aparmalıdırlar. Bunu mən uydurmuram,
qanunlarımız var. Rayon icra hakimiyyətlərində
xüsusi şöbə var və s. Amma ən önəmlisi
uşaqların sevgisini qazanmaqdır. Müəllimin ən
böyük uğuru, dayağı, müdafiəçisi
şagirdlərin hörmət və sevgisidir.
"Müəllim uşağıma söz dedi,
vurdu" deyə hay-küy salan, "Mənim
uşağımı vursa, gedib belə edərəm, elə
edərəm" deyib həşir qoparan valideynlər!
İnanın, şagirdini, hətta intizamsızlıq etsə
belə, söyən-döyən müəllim yox dərəcəsindədir.
Tutaq ki, 1, 2, lap 5 faiz hər hansı səbəbdən bunu
edir. 95 faizi düşünün.
Çıxışlarımdan birində demişdim: "Bəzən
müəllimin bir şilləsi uşağı həyatın
sərt şillələrindən qoruyur". Bunu da
düşünün. Sizin sözkeçirməz
uşaqlarınıza məktəb, müəllim qədər
kimsə güzəştə getmir həyatda. Siz bütün
dedi-qodularınızla, yersiz tənqid, təhqirinizlə o saf
dünyanı dağıdırsınız. Nəticə
göz qabağındadır: uşaqlar müəllimləri
sevmirlər, onları əsəbləşdirib videoya çəkir,
paylaşırlar. Bilirsinizmi, necə çətin uşaqlar,
valideynlər var? Yox, bilmirsiniz!
Yaşadığım ərazidə məktəblilərlə
tez-tez rastlaşıram müxtəlif saatlarda. Bəzən dərs
vaxtı olur, ikibir, üçbir çiyinlərində
çantaları gəzirlər əllərində
telefonları ilə. Bəzən parklarda, besetkalarda siqaret
çəkir, qucaqlaşır və s. Məktəblilər bir-birinə cəza
verir, bulinq edir, bıçaqlayır, döyürlər...
Bunlara görə siz günahkarsız. O yaşda
uşaqların sevdiyi yer məktəb olmalıdır. Sevdikləri
müəllimlər olmalıdır. Zövq aldıqları dərs
prosesi olmalıdır. Dərsdən qaçıb parklarda
veyllənmək yox! Bunları düşünün. Sizin
müzakirəyə çıxardığınız məktəbi,
müəllimi sevərmi övladınız? Siz nə
düşünürsünüz, necə
düşünürsünüz? Dostuna video çəkməyi
tapşırıb, dərsdə müəllimi haldan
çıxaran, sonra da paylaşan övladlar nəyinizə gərəkdir?
Ümumiyyətlə gərəkdirmi? Bir sözünə, hərəkətinə
görə "hansı şagirdsə video çəkər,
paylaşar" gərginliyi ilə, məsuliyyətsiz
valideynin şikayəti ilə işdən qovulmaq həyəcanıyla
dərs keçən müəllim
necə şəxsiyyət yetişdirər? Uşaqları necə
sevər? Onlara nə öyrədər? Hansı cəmiyyəti
yaradar? Qorxaq, yaltaq, həmişə narahat...
Bir də "jurnalist"lər, belə xəbərləri
bəh-bəhlə paylaşan saytlar var. Bilmirəm bu xəbərləri
yazan, paylaşanlar peşəkar jurnalistlərdirmi? Verdiyi xəbərin,
yazdığı yazının məsuliyyətini dərk edənlər
yox, məktəbdə problemi olanlardır. Yaxşı oxuyan,
məsuliyyətli, intizamlı uşaqların problemi olmur. Belə
şagirdləri əzizləyir müəllimlər. Gizlicə
çəkilmiş bir video paylaşılan kimi məktəbə
hücum çəkən, özünü qeyri-adi bir iş
görürmüş kimi aparanlar güman ki, sorunlu şagirdlər
olub. Guya müəyyən səbəblərdən tərif, tənqid
yazan jurnalistlər yoxdurmu? Nəyinsə xətrinə kimisə
göylərə qaldıran ədəbiyyat adamları
yoxdurmu? Bəlkə bunlardan yazasınız? Məsələn,
nədən adları ən neqativ, ən xoşagəlməz
hadisələrdə hallanan adamları təhsil eksperti kimi təqdim
edirsiniz? Səbəbi nədir? Belə "təhsil ekspertləri"ni
də bir araşdırın. Müəllimləri müzakirə
obyektinə çevirməyin. Təhsilə ürəyiniz
yanırsa, məktəbə gedin, valideynlərlə,
şagirdlərlə, müəllimlərlə
danışın, video çəkmədən, səs
yazmadan. Demirəm ki, neqativ halları ört-basdır edin, amma
ehtiyatlı olun. Tənqidlərə, təhqirlərə
baxmayaraq, vicdanla işləyən, qarmaqarışıq təhsil
üsulları içində şagirdləri
üçün zəhmət çəkən müəllimlər
ordusunu düşünün. Şikayətçi valideyni də
araşdırın. Görün necə övlad
böyüdüb.
Son günlər bir video da paylaşıldı:
valideynlər müəlliməyə bəzək əşyası
alıblar. Müəllimənin çıxışına
baxdım. Səsindən, üzünün ifadəsindən
sarsıldım. Dəfələrlə "yaxşı eləmisən"
dedim öz-özümə. Dərs ilinin sonunda valideynlərin
müəllimə hədiyyə alması niyə qəbahətdir?
Az qala cinayətdir ki?
Doğrudanmı bunu paylaşan, müəllimi haldan
çıxarıb gizlicə videoya çəkən, səs
yazan uşaq və ya valideyni daha yaxşıdır? Müəllimə
hədiyyə alanlar pisdir?
Unutmayın, yalanın qarşısında sədd
olmur. Həqiqət özünə yol açmalı olur. Bu,
bütün zamanlarda belə olub. Bütün ölkələrdə
belədir. Sadəcə həqiqətin qabağını kəsənlər
çoxaldıqca bədbəxt-nifrət dolu cəmiyyət
yaranır. Sizə elə gəlmirmi, bunun
qarşısını almaq üçün ilk növbədə
müəllimi qorumalıyıq?
Mənə elə gəlir...
Kamalə ABİYEVA
525-ci qəzet .- 2025.- 1 iyul(№111).-S.11.