Milli Kitabxanada
“Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi
açılıb
Milli Kitabxanada görkəmli ədəbiyyatşünas
alim, tənqidçi və tərcüməçi, filologiya
elmləri doktoru, professor Pənah Xəlilovun anadan
olmasının 100 illik yubileyi münasibətilə “Professor Pənah Xəlilov – 100”
adlı kitab sərgisi açılıb.
Sərgidə professorun əsərləri, tədqiqatları,
ali məktəblər üçün dərs vəsaitləri,
tərcümələri, tərtib etdiyi, ön söz
yazdığı, redaktoru, rəyçisi və məsləhətçisi
olduğu kitablar, həyatı və
elmi-bədii yaradıcılığı, pedaqoji və tərcüməçilik
fəaliyyəti haqqında ədəbiyyatlar nümayiş
olunur.
Qeyd edək ki, Pənah İmran oğlu Xəlilov 1925-ci
il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun
Sadaxlı kəndində ziyalı ailəsində anadan olub.
İbtidai təhsilini kənddə alıb. 1934-cü ildə
ailəlikcə Gəncəyə köçdüklərindən
M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində
oxuyub, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948). Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının aspirantı
(1948-1951), sonra baş müəllim, dosent (1951-1969), SSRİ
xalqları ədəbiyyatı tarixi kafedrasının
müdiri (1969-1989) vəzifəsində
çalışıb.
1948-ci ildən fəal ədəbi
yaradıcılığa başlayıb.
Bir çox dərslik və dərs vəsaitlərinin
müəllifi olmuş Pənah Xəlilovun iki cildlik “SSRİ
xalqları ədəbiyyatı”, professor Mir Cəlal
Paşayevlə birlikdə yazdığı “Ədəbiyyatşünaslığın
əsasları”, 1994-cü ildə nəşr olunmuş
“Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı”
kitabları bu gün də alim və tələbələrin
müraciət etdiyi dəyərli elmi mənbələrdir.
Professor Pənah Xəlilov “Əhməd Yəsəvi”,
“Ukraynanın böyük Kobzarı”, “Kitabi-Dədə
Qorqud-intibah abidəsi”, “"Əli və Nino" problemləri”,
“Dostluğun gücü”, “Nəsrimizin üfüqləri” və
s. sanballı əsərlərin müəllifidir.
20-dən çox kitabın, 300-dən artıq məqalənin
müəllifi olan Pənah Xəlilov həm də bədii tərcümə
sahəsində ciddi xidmətləri olan yaradıcı şəxsiyyətlərdəndir.
Migel de Servantesin “Don Kixot” və Herodotun “Tarix” əsərlərinin tərcüməsi
görkəmli alimin yaradıcılığında xüsusi
yer tutur.
Görkəmli alim haqqında 2010-cu ildə Arif
Əmrahoğlu “Professor Pənah Xəlilov” adlı monoqrafiya
yazıb.
525-ci qəzet .- 2025.- 1 iyul(¹111).-S.9.