HƏR YENİ
GÜNDƏ TƏKRARLANMALI DƏRS
Nə qədər şəkk edilsə belə, hər
halda qədər, qismət deyilən aqibət var. Elə bir
yazı ki, ondan qaçıb qurtarmaq, çərçivəsindən
kənara çıxmaq mümkünsüzdür. Alına nə
yazılıbsa, bir az gec, bir az tez (kim bilir, bəlkə də
məhz elə öncədən nəzərdə tutulduğu
məqamdaca) mütləq olacaq.
Mirzə Şəfi Vazeh Azərbaycanın ən
xoşbəxt və ən kəc taleli şairlərindəndir.
Xoşbəxtdir ona görə ki, lap çoxdan həyatda
yoxsa da, yaşamaqda davam edir, adı dillərdədir. Onun
taleyində Azərbaycanın az söz ustasının bəxtinə
düşmüş bir uğur var - XIX yüzildən etibarən
Qərbdə də, Şərqdə də onillər boyu
tanınıb və sevilib. Yeni minillikdə də Mirzə
Şəfi diridir. Ancaq həm də taleyi qırıqdır
ona görə ki, Vazeh, onun həyat yolu və irsi ilə
bağlı cavabsız suallar keçən əsrlərdə
olduğu kimi, bu əsrdə də ortadadır. Lap başdan
bir laübalılıq, məchulluq onun ömür yolunu da,
yaradıcılığını da bürüyüb. Mirzə
Şəfi Vazehlə bağlı çox suallar var ki, 100-150
il öncə olduğu kimi, yenə açıq
qalmaqdadır.
Qoy sən həqiqəti söyləyən zaman
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara, ey Mirzə Şəfi,
Uca tut daima arı, şərəfi!
Özü həqiqət aşiqi idi, haqqı da həmişə
uca tutdu, başına bəlalar gələ biləcəyindən
də çəkinməyərək daim sözün
düzünü deməyə çalışdı. Gərəkdir
ki, arı, şərəfi yüksək tutmağa səsləyən,
həqiqəti söyləyərkən qorxu-hürkü eyninə
olmayan bu mərd insan haqqında doğrular da əvvəl-axır
ortaya qoyula, onun adı və mirasını əhatələmiş
qatı duman pərən-pərən salına.
Mirzə Şəfi bənna oğlu idi, həm də
sıravi yox, adıbəlli ustanın övladı idi. Elə
atası kimi, o da həmin yolu tutub gedərdi,
dolanışığını bənnalıqdan
çıxarardı, olardı babat dolanışıqlı
yüzlərlə, minlərlə başqa azərbaycanlıdan
biri.
Ancaq bənnalıq qismətində
deyilmiş. Mirzə Şəfinin atası sadəcə bənna
yox, həm də memar idi. Bənnanın da, memarın da
sıravisindən olmamasının sübutu bu idi ki, Cavad xan
(1748-1804) onu Gəncədə sarayına gətirmiş,
xanlığın əsas bənnası və memarı
etmişdi. Gəncəbasarda isə o çağlarda
işinin sahibi olan, peşəsinə məharətlə yiyələnmiş
xeyli bənna çalışmaqdaydı. Cavad xan məhz onu
seçmişdisə, demək ki, digərlərindən
üstünmüş. Ancaq nədirsə, o, Şəfinin bənna,
memar yox, ruhani olmasını istəyirmiş. Odur ki, gətirib
qoyubmuş Gəncə mədrəsəsində dərs
almağa. Ancaq Şəfi din adamı da olmadı. Nə ailəsi,
nə yaxınları onu gələcəyin şairi kimi
görürdü. Di gəl, taleyin yazısı beləymiş
ki, gərək o, Azərbaycanın böyük müəllimlərindən
və üstün söz ustalarından biri ola.
Şəfinin adının əvvəlində və
ardındakı hər iki sözü ona keçdiyi yol nəsib
etdi. Mirzəlik əski əyyamlarda xəttatlığın,
katibliyin məxsusi bir çeşidi idi. Hamının
yazı-pozudan baş çıxarmadığı
çağlarda, bir yerdən başqa yerə məktub
göndərənlər mirzələrin yanına gələrdi.
Onların şifahi dediklərini mirzələr kağıza
köçürər və məktub ünvanına
yollanardı. Hərdən yazısı, savadı olanlar belə
məktubu daha təmtəraqlı, daha gözəl xətlə
yazdırmaqçün mirzələrin xidmətindən
istifadə edərdi. Bəlli mirzələrin çörəyi
beləcə, başqalarına məktublar yazmaqdan
çıxardı, ancaq bir də vardı onun-bunun
yazısını yazan, hansısa yazılmışların
üzünü köçürüb abıra salan mirzələrdən
çox fərqli olan Millət Mirzələri.
Peşəsi mirzəlik olanların
sayını-hesabını müəyyən etmək
mümkünsüzdür, amma Millətimizin Mirzəsi adlanmaq
şərəfini qazanmışların miqdarı barmaqla
hesablanacaq qədər azdır. Vazehin doğuluşundan
qazandığı Şəfi adının əvvəlində
sabit yerini tapmış iftixarlı "Mirzə"
sözü millətin ölməz balaları Mirzə Fətəli
Axundzadənin (1812-1878), Mirzə Ələkbər Sabirin
(1862-1911), Mirzə Cəlilin (1866-1932), Mirzə Əbdürrəhim
Talıbovun (1834-1911), Mirzə Nəsrullah Didənin (1797-1870),
Mirzə Qədim İrəvaninin (1825-1875), Mirzə
Baxış Nadimin (1785-1880)... adlarını nurlandıran kəlmədəndir.
Adının əvvəlindəki "Mirzə"ni
Şəfiyə el, ənənə yaraşdırdısa,
ikinci adına çevriləcək "Vazeh" təxəllüsünü
özü götürdü. "Vazeh" sözünün
mənası aydın deməkdir. Bu aydınlıq, saflıq
Mirzə Şəfidən yadigar qalan misraların hər birinə
hakimdir. Eyni duruluq, pərdəsizlik onun
dünyagörüşünün, duyğu aləminin mahiyyətində
və nüvəsindədir. Ancaq Vazehi qarabaqara izləyən
ziddiyyət budur ki, qələmindən çıxanlar, yaxud
onun qələminə aid edilənlər nə qədər
aydın, nə qədər sadə dərk ediləndirsə də,
onun həyat yolu, şəxsiyyəti, irsi ilə bağlı
bildiklərimiz vazehlikdən çox aralıdır. Bir
mübhəmlik və məchulluq Mirzə Şəfi Vazehi həmişə
müşayiət edir və XIX yüzilliyin 70-ci illərindən
başlanan həmin qatmaqarışıqlıq, cavabı sona
qədər tapılmayan suallar qatarı bu günə qədər
də davam etməkdədir. Ancaq bir sənətkarı
düşünürkən bəlkə bunun özü də
müəyyən mənada elə bir ayrı bəxtiyarlıq
sayılmalıdır. Məhz o sualların çox olması,
məchulluğun daimi varlığı həmişə elə
edib ki, diqqətlər müdam Mirzə Şəfi Vazehin
ardınca olub. Bu macəralılıq və sərgüzəştlilik
alimləri və sadə oxucuları daim Mirzə Şəfi
barədə daha maraq və sual ediciliklə düşünməyə
səfərbər edib.
Əsr yarımdan artıqdır ki, Vazehlə
bağlı suallar ortadadır, həmin köhnə
sualların bir çoxunun hələ də qaneedici cavabı
verilməyib, yəqin ki, bu gedişlə
hansılarınınsa bizim dövrdə cavabları
aşkarlansa da, sabah üçün yenə açıq
qalanları olacaq. Ancaq Mirzə Şəfi Vazehlə
bağlı qurtarmaz qədər görünən
açılabilən və açılmaz sualların
fövqündə cavabı dəqiq məlum olan bir
böyük həqiqət var.
Bu vazehlik və aydınlıq da ondan ibarətdir ki,
Mirzə Şəfi Vazeh Azərbaycan
ziyalılığının, Azərbaycan maarifçiliyinin,
Azərbaycan şeirinin XIX yüzildəki ən parlaq
simalarından biridir və o parlaqlıq o əsrdən bu əsrə
keçdiyi kimi, gələcək zamanlar içərisində
də həmişə davam edəcək.
Mirzə Şəfi Vazehlə aramızdakı vaxt məsafəsi,
sən deyən, çox deyil. Bununla belə, onun ömür
yolu haqqında əldə-ovucdakılar seyrəkdir. Ancaq az
olanları da bir daha süzgəcdən keçirərək və
təsdiqlənmişlərini dönə-dönə yazmaq və
söyləmək lazımdır ki, bu bilgilər
yaddaşlarda yerini möhkəmcə tutsun.
Məlum "Şairin yazdıqları onun tərcümeyi-halıdır"
zərbülməsəlində həqiqət yalnız
dolayısı ilə, fəlsəfi mənada yer almaqdadır.
Əslində hər qələm sahibinin ömrü onun
yazdıqları tamamlayan, o həyatın şərhi
sayıla biləcək cizgilərdir. Çünki
ömür o təhər yaşanmasaydı, bu
yaradıcılıq da belə alınmazdı.
Gəncəli Kərbəlayı
Sadığıın iki oğlu vardı - Əbdüləli
və Şəfi. Cavad xanın dərbarında
çalışanlar çox idisə də, onun Kəblə
Sadığa rəğbəti məxsusi idi. Qızıl əlli
və sərrast gözlü bir sənətkar olduğundan onu
el arasında sadəcə "Memar Sadıq", "Bənna
Sadıq", "Usta Sadıq" deyil, "Ustabaşı
Sadıq" çağırırlarmış.
Zahirən, guya bu işin qulpundan yapışan hər
kəs elə bənna olur. Amma belə deyil axı. Dərzidən
dərziyə, zərgərdən zərgərə, çalğıçıdan
çalğıçıya, aşpazdan aşpaza,
bağbandan bağbana fərq olduğunu kim danar? Bütün
bacarıqlardan əlavə, hər sənətdə və
peşədə o işlə məşğul olana Pərvərdigarın
əta etdiyi şövq, fəhm də vacibdir. Payına bu
qabiliyyət düşübsə, o usta hökmən
seçiləcək.
Kəblə Sadığın əlləri qabil
olduğu qədər gözləri də tərəzi
imiş. Daşı daş üstünə dəqiq qoymaqda,
divarı yüksəltməkdə, bina ucaltmaqda onun bənzəri
yoxmuş. Odur ki, Gəncə tərəflərdə
böyük tikintiyə başlayanlar məşvərət
üçün usta Sadığı dəvət etməyi
borc sayar, onun xeyir-duasını almağı işin avand
başlanğıcı hesab edərlərmiş.
El sözünün yorulmaz və fədakar
yığıcılarından olmuş ədəbiyyatşünas
Sədnik Paşa Pirsultanlı (1929-2013) zamanında Gəncəbasarı
qarış-qarış gəzmişdi, sinəsi sözlə
dolu çox ağsaqqalları, ağbirçəkləri
dindirmişdi, eşitdiklərinin də hamısını həm
lentə, həm qələmə almışdı. 1990-cı
illərin əvvəllərində Azərbaycan radiosunda
hazırladığım "Bulaq" verilişinin bir hissəsini
gəncəli şairlər haqdakı el rəvayətlərinə
həsr etmişdim və həmin söyləmələrin arasında
Sədnik Paşanın vaxtilə topladığı əhvalatlar
da vardı. Folklorçu alim Mirzə Şəfinin atası
Ustabaşı Kəblə Sadıq haqqında el arasında
dolaşan bir silsilə hekayəti yığmışdı.
O rəvayətlərdən biri Kəblə Sadığın
camaat arasında nə qədər böyük nüfuzu,
hörməti olmasının təsdiqi sayıla bilər.
Deyir, Gəncə zənginlərindən biri özünə
mülk tikmək istəyinə düşür.
İmkanları geniş, özü də bir qədər təkəbbürlü
olduğundan tikdirəcəyi binanın ustalarını da kənardan
gətizdiribmiş ki, buralarda onun imarətinə bənzəyən
başqası gözə dəyməsin. Baş memarı da, bənnaları
da Təbrizdən imiş. Artıq tikintinin bütün tədarükləri
görülübmüş, "bismillah" deyilməli,
özül qoyulmalıymış, amma hərəkət
yoxmuş. Sifarişçi hövsələdən
çıxır, ustaları danlayır ki, axı neçə
günlərdir burdasınız, niyə günü-günə
satır, işə başlamırsınız? Təbrizdən
gətirdiyi baş memarı çağırtdırır ki,
axı neçə gündür gözləyirik, niyə əlinizi-qolunuzu
yanınıza sallayıb durmusunuz? O da qayıdır ki, qurban,
bir-iki gün də möhlət verin, Kəblə
Sadığı gözləyirəm, o, Gəncədə
yoxdu, gəlsin, başlayacağıq. İşin sahibi lap
qeyzlənir ki, a kişi, Kəblə Sadığın bu məsələyə
nə aidiyyəti, Gəncədə yoxdur yoxdur da, heç dəxli
var?
Təbrizli memar dillənir ki, ağa, Ustabaşı Kəblə
Sadığın adı yalnız burda - Gəncəbasarda yox,
Təbrizdə də bəllidir. Mən ondan xeyir-dua,
halallıq almasam, işimə başlaya bilmərəm. Gərək
gəlib mənim etdiyim hazırlıqlara baxsın,
düzlüyünü təsdiq eləsin,
halallığını versin, ondan sonra başlayım.
Belə bir hadisə həqiqətən olmuşdumu?
Doğrusunu Allah bilir. Ancaq el dilində Kəblə
Sadığa sonsuz ehtiramın varlığından deyən
belə bir söhbətin dolaşması artıq elə onun sənətkar
şöhrətinin, yalnız camaat arasında deyil, elə sənətkarlar
içində də necə böyük hörmət sahibi,
nüfuz yiyəsi olmasının danılmaz göstəricisidir.
Kəblə Sadıq oğlu Əbdüləliyə bənnalığın
sirlərini səbirlə öyrədir, onu öz peşəsinin
davamçısı kimi görmək istəyirmiş. Ancaq
Şəfi barədə fikri bu imiş ki, Gəncə mədrəsəsində
müəyyən təməl biliklər alandan sonra onu Azərbaycandan
kənara, ərəb ölkələrinə mükəmməl
dini təhsil almağa göndərsin. Ancaq qəza vü qədərin
yazdığı hekayədəki sərt dönüş də
elə burdan başlanır.
Kəblə Sadıq Cavad xanın yanında idi, onun
istəklilərindəndi, həyat da rəvan
axarındaydı. Fəqət tale qəfilcə səmtini tam
tərsinə dəyişir. 1804-cü ildə çar
qoşunu gəlib Gəncənin ağzını kəsdirir.
Sisianov qoşunu ilə Gəncənin həndəvərində
idi və hökmlü xəbərini göndərmiş,
ötkəm Cavad xandan təslim olmasını tələb
etmişdi. Cavad xansa o yekəxana ismarışa qəzəbli
cavab göndərmişdi ki, siz Gəncəyə yalnız mənim
cəsədimin üstündən keçib girə bilərsiniz.
Cavad xan son anınacan mərdanəliklə
döyüşmüşdü, sağkən
işğalçının Gəncəyə girməsinə
macal verməmişdi və düşmən yalnız onun
meyitinin üzərindən adlayaraq xanlığın baş
şəhərinə girə bilmişdi. Həlak olmuşdu,
ancaq qurban gedən canıyla da sonrakı nəsillərə dərsini
vermişdi. Vətən uğrunda, torpaq naminə, namus
adına sona qədər çarpışmağın, dəyanətin,
ləyaqətin dərsini!
Cavad xan yenilincə Gəncə xanlığı
süqut etmişdi və Sisianov gəlib oturmuşdu burda. Təbii
ki, həmin andan Cavad xana, onun sarayına bağlı
olanların hamısının, o sıradan, Kəblə
Sadığın həyatı məhvərindən
çıxmışdı. Ürcah olduğu
sarsıntılar onun da axırına
çıxmışdı və Ustabaşı da çox
keçmədən vəfat etmişdi.
Yəqin ki, oğlu Əbdüləli atası səviyyəli
bir memara, bənnaya çevrilsəydi, bunun da izi
yaddaşlarda, ən azı, el söyləmələrində
qalardı. Tarix bu barədə susur. Amma Ustabaşının
digər övladı, Kəblə Sadığın bənna
kimi görmədiyi oğlu Şəfi əslində ən
adlı-sanlı bənnaya dönür. Ancaq kərpici kərpic
üstünə düzərək mülklər tikən bənnaya
deyil, sözü sözə bənd edərək şeir qəsri
ucaldan bənnaya!
İllər ötəcək, Şəfi böyüyəcək,
sabahın məşhur Mirzə Şəfi Vazehinə
çevriləcək və atasının o məhrəm
arzusu da gerçəkləşəcək. Ustabaşı Kəblə
Sadıq diləyirdi ki, onun oğullarından biri memar, bənna
olsun. Mirzə Şəfiyə bənnalığı,
memarlığı millətinin mənəviyyat aləmində,
zövq dünyasında gerçəkləşdirmək nəsib
oldu.
Və bu istiqamətdə də onun
yolaçıcısı göylərin öncədən
cızdığı naxış idi.
Hər insanın həyatında, illah da ki,
Tanrının yaradıcı istedad
bağışladığı seçilmişlərin
ömründə mütləq bir ustada, öndəgedənə,
əldənyapışana ehtiyac var. İllər ötəcək,
Şəfi özü çoxları üçün məhz
belə bir dayağa çevriləcək. Ancaq onun Vazehə
dönməsi üçün daha əvvəl qoldan
yapışacaq xeyirxah bir insan gərək idi.
Həmin insanı da İlahi Özü müəyyən
edir. O insan da tapılır. Qədər onun Şəfinin
ömrünə də gəlişini öncədən həll
etmişdi.
Təbrizdə və Bağdadda yaxşı təhsil
almış Hacı Abdulla adlı ruhani günlərin birində
gəlib yetişir Gəncə mədrəsəsinə, orada
axundluğa başlayır. Bura gəlib çatanacan Hacı
Abdulla dünya görmüşdü və geniş biliklər
qazanmışdı. Gəncə mədrəsəsində təzə-təzə
dərs dediyi çağlardaca uşaqlardan birində - balaca
Şəfidə gördüyü işıq Hacı
Abdullanın ürəyinə elə mehr salır ki, bu
şagirdinə doğma övladı kimi məhəbbət bəsləməyə
başlayır, tədricən ona yalnız müəllim yox,
elə ikinci ata olur.
Tarixin çərxi elə dövran etmişdi ki, Gəncədə
xanlıq yenə bərpa olunmuşdu. 1804-cü il hadisələrindən
22 il keçəndən sonra İranla Rusiya arasında
növbəti dava qızışmışdı, həmin
toqquşmanın bəla çanağı yenə Azərbaycanın
başında çatlamışdı.
Az keçəcək, Azərbaycanı ikiyə
böləcəklər, yarısı Arazın o tayında
qalacaq, yarısı hicranlar çayının bu tərəfinə
düşəcək. Amma 1828-ci ilin o faciəli
parçalanmasından əvvəldə də, elə həmin
1826-cı ildə də müəyyən bölümləmələr
olmuşdu. Çarlıq-Şahlıq savaşı əsnasında
Gəncə bir neçə aylığa Rusiya hökumətinin
nəzarətindən çıxmışdı və Cavad
xanın oğlu Uğurlu xanı gətirib oturtmuşdular
taxtda, onu rəsmən Gəncə xanı etmişdilər.
Lakin bu da uzun sürmür. Özünü toparlayıb
qayıdan çar qoşununun növbəti həmləsindən
sonra Uğurlu xan Gəncəni tərk etməyə məcbur
qalır. Gəncədən ayrılanda bacısı Püstə
xanımı da özüylə götürərək
İrana pənah aparır. Püstə xanımın
gedişi isə Şəfinin həyatındakı daha bir
uğurlu səhifənin qapanması deməkdi.
Uğurlu xan hakimiyyətə gələndən sonra
Şəfinin də həyatında təzə bir mərhələ
başlanmışdı. Ailəlikcə Cavad xan ocağı
ilə çoxdan bağlı olduqlarından Püstə
xanım Şəfini öz dəftərxana işlərini
aparmağa dəvət etmişdi. İş ondadır ki,
Uğurlu xanın təzədən gətirilib taxta
oturdulmasından əvvəl də Şəfi eyni işi
görmüşdü, Püstə xanımın yanında
olmuş, onun yazı-pozu işlərini aparmışdı.
Ancaq təzədən şölələnmiş
ümid çırağı tezcə də sönür,
Püstə xanımgil rusların qayıdışı ilə
Gəncədən ayrılınca Şəfinin həyatında
yeni bir namüəyyənlik zolağı başlanır.
Nə arxa-dayaq var, nə hayan duracaq simsar bir adam. Yolu
necə davam etdirməli, hara üz tutmalı, nə işlə
məşğul olmalı?
Fərasətli Şəfi mədrəsədə
oxuduğu dövrdə kifayət qədər biliklərə
yiyələnmişdi, qəşəng xətti də
vardı, demək, çörəksiz qalmayacaqdı.
Özünün də təlim aldığı Gəncə
mədrəsəsində dərs deməyə başlayır.
1820-ci illərin sonları, 1830-cu illərin əvvəllərində
Mirzə Şəfinin əsas işi xəttatlıq idi. Gəncə
mədrəsəsində dərs deməyinə deyirdi. Bu, onun
gündəlik işi idi, amma çörəkpulusu ən əvvəl
xəttatlıqdan çıxırdı. Onun nə qədər
mahir, həm də yalnız mahir deyil, nə təhər həssas
bir xəttat olduğunun təsdiqini canlı şahid bəyan
edir.
Uzun hekayətinə az sonra keçəcəyimiz
Bodenştedt Almaniyadan gəlib Mirzə Şəfini axtaranda
onun əsas niyyətlərindən biri bu ustaddan hüsnxət
öyrənmək olmuşdu. Mirzə Şəfinin xəttatlığı
haqqında isə o, artıq vətəninə qayıdandan
sonra təəssüratlarını yazacaq. Canlı şahid
kimi təsdiq edəcək ki, Mirzə Şəfi hansı xətlə
necə yazmaq, xəttə necə süs verməyi şeirin məzmunundan
çıxış edərək müəyyənləşdirirmiş.
Yəni ona köçürülməkdən ötrü gətirilən
"Divan"ları, ayrı-ayrı nüsxələri
ucdantutma elə eyni rəvan xətlə yazmağı bəs
hesab etməzmiş. Yazının içərisindəki məna
onu yönəldər, mətləblərə uyğun da xətt
seçərmiş. Mirzə Şəfi Zatında,
varlığında qanlaötürülmə memarlıq, bənnalıq,
fitrətdən gələn şairlik olduğundan üzdən
dinməz-söyləməz icraçılıq təsiri
buraxan xəttatlıq işinə də Mirzə Şəfi
şairanə, xüsusi yaradıcılıq ehtirası ilə
yanaşırmış.
Artıq Mirzə Şəfi ayaq üstə
durmuşdusa da, onunçün ata əvəzi Hacı
Abdullanın bir əli üstündə idi. Odur ki, 1831-ci ildə
Hacı Abdullanın canını tapşırması Mirzə
Şəfinin ömrünün bu mərhələsindəki ən
ağır tale zərbəsinə çevrilir. O
ağsaqqalını, yolgöstərənini, həm də
vasitəçisini itirmişdi. O mənada vasitəçisini
ki, Gəncə mədrəsəsində dərsini deyə-deyə
köçürülməli əlyazmalar ona elə
öz-özünə gəlib çatmırdı. Geniş əlaqələri
olan Hacı Abdulla tanış-biliş öz yerində,
ayrı-ayrı "Divan"ları, müəyyən
nüsxələri nəfis xətlə, savadlı
köçürtmək istəyən bir çox başqa
müştəriləri də tapır, Şəfiyə
sarı yönəldirmiş.
Bu yandan Hacı
Abdullanın həyatdan getməsiylə sifarişlər
tükənir, o biri tərəfdən də litoqrafiya
işinin, kitab çapının yeni növünün bərqərar
olması dolanışığını daha çox xəttatlıqla
yola verən Mirzə Şəfinin çörəyini bir az
da azaldır. Odur ki, ömrünün bu mərhələsində
gücünü daha çox dərs verməyə
ayırır və günlərin birində onun
qarşısında bir yeniyetmə dayanır.
Dünya cavaba cavab dünyasıdır. Sənə
kimsə yaxşılıq edibsə, o
yaxşılığı həmin adamın özünə
olmasa da, bir başqasına hökmən qaytarmalısan və
qaytaracaqsan. Mirzə Şəfi Vazeh artıq özünü
dolandıra bilirdisə, asta-asta cəmiyyət içərisində
tanınırdısa, bunun əsas səbəblərindən
biri xeyirxah insanlar olmuşdu, ən başda da müəllimi
Hacı Abdulla.
Və Gəncə məscidindəki bir hücrədə
oturub dərsini verdiyi günlərdə, artıq Hacı
Abdullasız qaldığı əyyamlarda bir gün Mirzə
Şəfiyə ondan nəstəliq xətti ilə
göyçək yazmağı öyrənmək istəyən
yeniyetməni təqdim edirlər. Mirzə Şəfi bəsirətli
adamdı, bir neçə dərsdən sonra şagirdindəki
gizli qalması müşkül olan işığı sezir və
vaxtilə ona atalıq, ağsaqqallıq şəfqəti ilə
yanaşaraq yaxşılıq etmişlər kimi, o da nəciblik
və xeyirxahlıq əlini bu gəncə uzatmağı qət
edir.
Mirzə Şəfinin qarşısında dayanan sabah
onun özündən də qüdrətli MİRZƏyə
çevriləcək bir insandı - gələcəyin Mirzə
Fətəli Axundzadəsi.
Hələ təkcə Yaradanın Özünə bəllidir
ki, bu yeniyetmə böyüyəcək və bütün
milləti oyadan ən qüdrətli şəxsiyyətlərdən
biri olacaq. Hələlik isə onu Mirzə Şəfi Vazeh
oyadırdı. Oyadırdı ki, sabah bu gənc milləti qəflət
yuxusundan səksəndirsin.
Əhvalatın necə baş verdiyini Mirzə Fətəli
özü təsvir edir ki, günlərin birində növbəti
dəfə Gəncə məscidindəki hücrədə
Mirzə Şəfinin qarşısında oturmuşduq, nəstəliqdən
dərs keçirdik. Mirzə Şəfi bir çox elmlərə
dərindən vaqif olan və nəstəliq xəttində də
çox usta bir insandı. İkinci atam istəmişdi ki, bu
bilikli insandan həm dərs alım, həm də ondan nəstəliq
xəttini mükəmməl şəkildə mənimsəyim.
Günlərin birində dərs əsnasında Mirzə Şəfi
- müəllimim məndən soruşdu ki, Fətəli, bu
elmləri öyrənməkdə sənin məqsədin nədən
ibarətdir? Mən də cavab verdim ki, ustad, ruhani olmaq istəyirəm.
Bunun müqabilində Mirzə Şəfinin dediyi
sözlər yeniyetməni şaşırdır. Mirzə
Şəfi kinayə ilə gülümsünür ki, demək,
sən bu qədər elmləri öyrənəndən sonra gəlib
bunlar kimi şarlatan, fırıldaqçı olmaq istəyirsən?
Özü üçün çox gözlənilməz
və təəccübgətirici olan həmin söhbəti
illər sonra minnətdarlıqla xatırlayan Mirzə Fətəli
belə yazırdı: "Mirzə Şəfi söylədi
ki, bu qədər elmlər, biliklər öyrənib
özünü bu qaragüruhun içərisində məhv
eləmə, onlardan biri olma".
Bu, sadəcə müəllim məsləhəti
deyildi, Fətəlinin bütün varlığını səksəndirib
silkələyən zəng idi.
Həmin dəqiqələr sabahın böyük Mirzə
Fətəlisinin təməlinin qoyulduğu anlar idi. Bu,
oyanış məqamı idi.
Gələcəyin böyük Mirzə Fətəlisinin
yaranışının səbəbkarı Mirzə Şəfi
Vazeh idi.
Arxada qalan min ildən artıq bir müddətdə
Yaxın-Orta Şərqin dörd bucağında şeiri,
musiqini daim seviblər və Yaxın-Orta Şərqin, o
sıradan Azərbaycanın ən müxtəlif guşələrində
bu uzun müddət boyunca çağın ziyalı
klubları sayıla biləcək şeir məclisləri
bir-birini əvəz edib. Zəmanənin təfəkkür və
ilham sahibləri, maarifpərvər şəxsiyyətləri
belə məclislərdə toplaşaraq fikir
bölüşmüş, gələcək haqqında
düşüncələrə dalmış,
yazıb-yaratdıqları, apardıqları fikir mübadilələri
ilə yurdun və xalqın gələcək yüksəlişlərini
hazırlamağa can atmışlar.
XIX yüzildə o qəbil məclislər Azərbaycanın
cənubunda da çoxdu, şimalında da, qərbində də,
şərqində də az deyildi.
Və həmin məclislərin hamısı da bir-biri
ilə rabitədə idi - vaxtaşırı olaraq o məclisdəkilər
bu məclisə, bu yığnaqdakılar digər
yığnağa təşrif aparırdılar. İncə
söylənmiş bir şeirə cavabın əks-sədası
günlər ötüncə xeyli aralıdakı məclislərdən
gəlirdi. Yəni həm qaibanə təmaslar daimi idi, həm
də bilavasitə ünsiyyətlər vardı. Lənkəranda
"Fövc ül-füsəha" məclisi
yaranmışdı və ora Mirzə İsmayıl Qasir
(1805-1900) rəhbərlik edirdi. Həmin məclisə cənub
bölgəsinin qələm adamları, ziyalıları,
müəllimləri, üstün düşüncə sahibləri
toplaşardı. Şamaxıda "Beyt üs-səfa"
vardı ki, ora Seyid Əzim Şirvani (1835-1888) rəhbərlik
edirdi. Qubada Abbasqulu ağa Bakıxanov Qüdsi (1794-1847)
"Gülüstan" məclisini yaratmışdı.
Bakıda Məhəmməd ağa Cürminin (XIX əsr)
"Məcmə üş-şüəra" məclisi fəaliyyətdə
idi. Naxçıvandakı "Əncümən
üş-şüəra"nın önündə gedən
Fəqir Ordubadi (1836-1886) idi. Qarabağda isə iki şeir məclisi
sözlə, musiqi ilə qaynayırdı: Xurşudbanu Natəvanın
(1832-1897) rəhbərlik etdiyi "Məclis-i üns", Mir
Möhsün Nəvvabın (1833-1918) yaratdığı
"Məclis-i fəramuşan".
1820-1830-cu illərdə Azərbaycanın şeir məclisləri
içərisində ən seçkinlərdən olan
"Divani-hikmət"i də Mirzə Şəfi Vazeh
yaratdı. Mirzə Şəfi ki gah Gəncədə, gah
Tiflisdə olurdu, məclisin orda da, burda da özəyi
vardı. Mirzə Şəfi Vazehin "Divan-i hikmət"ində
kimlər görüşürdülər? Şeyx İbrahim
Naseh (1816-1869), Ağa İsmayıl Zəbih (1781-1868), Fazil xan
Şeyda (1784-1852), həmin Abbasqulu ağa Bakıxanov
Qüdsinin özü...
Ancaq bu məclisin bir özəlliyi də vardı ki,
oçağkı bütün başqa Azərbaycan
şeir-musiqi məclislərindən fərqli olaraq, həmin
yığnağa yalnız özümüzünkülər
toplaşmırdılar, Avropadan, Rusiyadan gələn qonaqlar da
oralarda mütəmadi gözə dəyirdi.
Adının da anlatdığı kimi, bu ədəbi
yığnaq məhz hikmət, düşüncə məclisi
idi. Həmin məclislərin bir özəlliyi də səsləşmələrdi.
Hər axşam cazibədar bir şeir yarışması
baş verirdi. Hansısa bir beyt söylənirdi, bircə beytin
ətrafında bir neçə saat söhbət gedirdi,
misraların içinə girirdilər, məna
qatlarını söz-söz açırdılar, təhlil
edirdilər, o beytə cavablar qoşur, ardınca cavabları
tutuşduraraq onlardan hansının ədəbi dövriyyədə
daha üstün yer tutacağı haqqında mülahizə
bölüşürdülər. Təbii ki, o zaman hələ
nə səs, nə təsvir yazısı vardı.
İstedadla çağlayan insanların həmin məclislərdə
söylədikləri, hər dəqiqəsi qızıla bərabər
söhbətlər uçub gedirdi. Amma nə yaxşı ki,
həmin məclislərdən birində cərəyan
etmiş şeirləşmənin izi bir əlyazmada
qalmaqdadır. Əvvəlcə Abbasqulu ağa Bakıxanov
başlayır, bir beyt deyib dayanır. Yəni növbə
sizindir, buyurun. Həmin beytə Abbasqulu ağa sonralar yeni beytlər
artıraraq bütöv qəzələ çevirəcək,
o qoşqu dillərdə əzbər olacaq.
Qüdsinin səsinə Naseh səs vermişdi, bədahətən
həmin beytə elə o ölçüdə, o vəzndə,
o qafiyədə cavabını yazmışdı. Bu tərəfdən
Vazeh dillənmişdi, o biri yandan Şeyda, digər tərəfdən
bir ayrısı.
Həm də qaydaya görə, sinədən,
anındaca yaranan misralar elə olmalıydı ki, bir-birini
davam etdirsin, sonda hamısı birləşərək
bütöv bir şeir əmələ gətirsin. Yəni o
şairlərin hər biri öz beytini götürərək
sonra öz ayrıca qəzəlini yazmağına yazacaq. Ancaq
bu qəbil yarışmalarda bir başqa hünər də
ondan ibarətdi ki, əvvəli başlanmış bir
şeiri məntiqi şəkildə həmin o ilk beytdən gələn
ahəngi, ruhu, ritmi tutaraq sonacan çatdıra biləsən.
Həmin axşam da o minvalla bir müştərək qəzəl
doğulmuşdu.
Abbasqulu ağa Bakıxanov deyən ilk beyt belə idi:
Gözlərin kim aşiqə məxmur şəklin
göstərir,
Əhl-i fəqrə mərdüm-i məğrur şəklin
göstərir.
Bu, Mirzə Mehdi Nacinin (1805-1882) cavabı idi:
Xətt-i rüxsarın edib tarac hüsnün
mülkünü,
Bir xərabə şəhr içində mur şəklin
göstərir.
O beyti eşidincə Şeyx İbrahim Naseh dilə gəlmişdi:
Göz sirişki mərdüminin nüqtəsin bərbad
edib,
Aqibət bir gün olur kim gur şəklin göstərir.
Əlbəttə ki, o biri şairlər
misralarını dilə gətirirdisə, məclisin rəhbəri
Mirzə Şəfi Vazeh susa bilməzdi. O da yarışmaya
qoşulmuşdu:
Səbzipuş olmuş rüxün rüxsari atəşgun
ilə
Muse-yi İmrana guya tur şəklin göstərir.
Bircə beyt deyib. Ancaq o beyti anlamaq üçün
çox mətləblərdən agah olmalısan. Bu ikicə
sətirdə "Tövrat" da var, "Quran" da. Bu bir
təlmihdir ki, Allah Kitablarında təsvirolunmuşlara
işarə edir.
Tur-i Sina (Sina dağı) Misirdədir. Əsatirə
görə, Musa peyğəmbər məhz o səhrada Allahla
həmsöhbət olub.
Səhra, bomboş qum düzənliyi, intəhasız ərazi.
Ancaq o boşluğun içərisində Pərvərdigarın
hökmü ilə yaşıl budaqlı, yaşıl
yarpaqlı ağac peyda olub.
Və Mirzə Şəfi Vazeh sevdiyini həmin qumlu,
intəhasız səhra qoynunda qəfildən gözə
görünən həmin yaşıl ağaca bənzədir.
...Mirzə Şəfinin mahiyyətcə müəllimliyi,
mədəniyyət və düşüncə quruculuğu
öz yerində, bununla yanaşı, o, həyatı boyu
bilavasitə də müəllimlik etdi - sinif otağına
girdi, qarşısında şagirdlər oturtdu, dərs verdi,
bundan da daim xüsusi ləzzət aldı. O şagirdlərdən
neçəsi sonradan məşhur olduqlarından, xatirələrini
də qələmə aldıqlarından bu əhvalatlardan xəbərimiz
var. Ancaq başqa, sonradan məşhurlaşmış elələri
də az deyil ki, bir vaxtlar Vazehin qarşısında əyləşən
tələbələrdən, şagirdlərdən olublar. O
vaxt Mirzə Fətəlini sancaraq gözünü
açdığı kimi, bunları da səksəndirib
oyadıbmış. Ümid edək ki, haçansa belə təfərrüatlar
da ortaya çıxacaq. Mirzə Fətəliyə gəlincə,
Vazeh onu görüncə anlamışdı ki, belə istedad
hücrələrə sığınıb qala bilməz. Ona
görə də sözünü kəskin demişdi.
Əlbəttə, Mirzə Şəfi yaxşı
anlayırdı ki, sitayişçilərin, ruhanilərin
arasında da dürüstləri, aqilləri, mərifətliləri
az deyil. Ancaq bunu da dərk edirdi ki, Mirzə Fətəlinin
yolu bu yol deyil. O, daha başqa bir yolun yolçusu
olmalıdır. Ona görə sözünü sərt
deyirdi. Sözü elə demişdi ki, bu yeniyetməyə təsir
etmişdi və Fətəli Gəncədəki mədrəsədən
ayrılıb gəlmişdi Nuxaya, oradakı qəza məktəbinə
daxil olmuşdu. Qəza məktəbinə daxil olması da
onun dünyəvi biliklərə yiyələnməsinə,
rus dilini mənimsəməsinə bir qapı
açmışdı.
Sonra vaxt elə gətirdi ki, Mirzə Fətəli
özü müəllimlik etməyə başladı. Tiflisdə
qəza məktəbində dərs dedi, 1840-cı ildə
başqa bir qulluğa getməsi ilə əlaqədar həmin
məktəbdən, müəllimlikdən ayrılası idi.
Mirzə Fətəli özü yolunun
başlanğıcında görmüşdü ki, iş
tapmaq nə qədər çətindir. Həm bunu nəzərə
alaraq, həm də bu boşalan yerdə məhz layiqli bir
müəllimin olmasını umaraq Mirzə Fətəli
müəllimi Mirzə Şəfini aramışdı, istəmişdi
ki, burada onun əvəzində ustadı dərs desin.
Mirzə Şəfi yetirməsinin bu iltifatını məmnunluqla
qarşılamışdı və Gəncədən
köçüb gəlmişdi Tiflisə.
Ta səkkiz il sərasər həmin Tiflis qəza məktəbində
dərs dedi.
Və müəllimliyinin şöhrəti bir az da
artdı. Tiflis, əlbəttə ki, o çağda Qafqazda əsas
mərkəz idi - Qafqaz canişinliyi burada yerləşirdi.
Tiflisdə ad-san qazanmaq, irəliləmək imkanı
da çox idi. Ancaq Mirzə Şəfi elə yaxşı
müəllim idi ki, hətta Gəncədə olduğu
vaxtlarda da ad-san qazana bilmişdi. Şöhrəti Gəncədən
qıraqlara yayılmışdı. Səbəbsiz deyildi ki,
Almaniyadan gəlib müəllim axtarana Tiflisdə ayrı bir
müəllimi yox, birbaşa Mirzə Şəfini nişan
vermişdilər.
1848-ci ildə Mirzə Şəfi Tiflisdən
ayrılaraq yenidən Gəncəyə qayıtsa da, orada
çox qalmır. İki il sonra onu yenidən geri
çağırırlar. Gəlir Tiflisə və Tiflisdə
gimnaziyada müəllimliyini davam etdirir, fars və Azərbaycan
dillərindən dərs deyir.
Mirzə Şəfiyə ehtiyac ona görə
böyükdü, onu bu səbəbdən daha çox
axtarırdılar ki, o, Azərbaycan dili dərsi deyirdisə,
hec vəchlə sadəcə "Azərbaycan dili" fənni
müəllimi deyildi. Fars dili dərsi deyirdisə, sadəcə
"fars dili" müəllimi deyildi.
Mirzə Şəfi Azərbaycan dili dərsi deyəndə
də, farscanı öyrədəndə də, nəstəliq
məşqləri keçəndə də şagirdlərinə,
yetirmələrinə yalnız bu sahələrlə deyil,
daha geniş əhatədə olan bilikləri ötürməyi
bacarırdı. Onun müəllimliyi istedadlı
varlığının ayrı bir parlaq tərəfi idi. Ancaq
Mirzə Şəfinin müəllimlik illərinin millətimizin
tarixində qalan daha vacib bir bəhrəsi də oldu. XIX
yüzil idi. Artıq yeni tipli məktəblər Azərbaycanın
müxtəlif yerlərində yaranmağa, inkişaf etməyə
başlayırdı. Tədrisimiz inkişaf edirdi, ancaq dərsliklər
yox idi. O boşluğu da doldurmaq gərək idi. Dərsliklərə,
öyrədici vəsaitlərə ehtiyac o qədər
çox idi ki, azərbaycanlı olmaya-olmaya, ancaq bütün
varlığı və fəaliyyətləri ilə
çoxdan azərbaycanlılaşmış Aleksey
Çernyayevski (1840-1894) dərs dediyi məktəbdə tədris
vəsaiti olsun deyə ilk önə düşənlərdən
oldu, "Vətən dili" kitabını yazdı. O
böyük şəxsiyyətlərimizin adı XIX yüzildə,
XX yüzilin əvvəllərində millət tarixində,
millət quruculuğunda həmişəlik qalır,
onların hamısının yolu bu və ya digər dərəcədə
mütləq məktəbdən, tədrisdən, dərslikdən
keçib. Mirzə Şəfi Vazeh də dərs deməyinə
deyirdi, ancaq bir dərsliyi də o yaratdı. "Kitab-i
türkü" adlanan həmin qalın dərsliyi Mirzə
Şəfi Vazeh öz yetirməsi və işlədiyi
gimnaziyada müəllim yoldaşı olan İvan Qriqoryevlə
birgə yazdı. Vərəqləyirsən, kitabın ilk 16 səhifəsində
İvan Qriqoryevin əli rus mətnlərindən edilən
müxtəlif tərcümələrdə hiss edilir. Lakin
qalan 250 səhifənin hamısı bilavasitə Mirzə
Şəfinin bəhrəsi kimi görünür. Ehtimalən,
aralarında danışıq da belə olubmuş ki, İvan
Qriqoryev bu kitabın nəşri məsələsini öhdəsinə
götürəcək, əvəzində müəlliflərdən
biri olacaq.
Və boynuna götürdüyü həmin işi də
kişi kimi sədaqətlə başa çatdırır.
Kitab Təbrizdə nəşr edilir. Təəssüf ki, Mirzə
Şəfi Vazehə adının kitabların üstündə
müəllif kimi yazıldığını görməyə,
Azərbaycanda və Avropada irili-xırdalı kitabların səhifələrində
şeirlərinin əks olunduğu günlərə şahid
olmağa ömrü çatmadı. O cür kitabların
hamısı böyük şairin ömür möhləti
bitəndən sonra ortaya çıxdı. Amma kitablar
qalır və xatirəni yaşadır.
Mirzə Şəfi Vazeh şeirləri
sağlığında da oxunub, bu gün də oxunur, gələcəkdə
də oxunacaq. Ancaq onun "Kitab-i türki"sini bu gün
yalnız təhsil tariximizlə, tədris keçmişimizlə
tədqiqat aparanlar vərəqləyər. Həmin kitabsa bir
abidədir, köhnəlməz dərslikdir. Həm tarixdir, həm
ibrətdir və həm də varlığıyla yalnız hər
təzə dərs ilindən istifadəyə başlanmalı
deyil, hər gün təzədən açmağa layiq dərslik,
hər gün yenidən təkrarlanmalı dərsdir. Bu
gün də milləti sevmə, millət yolunda
çalışma öyüdlərini verən dərslik və
DƏRS!
27 iyun 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 2 iyul(№112).-S.12-13.