109 il gecikmiş cavab
Esse
Gecikməklə aram yoxdur. Çalışıram ki,
gedəcəyim məkana hamıdan tez gedim. Eybi yox, qoy, mən
başqalarını gözləyim. Təki, kimsə məni
gözləməsin. Amma bu dəfə deyəsən, çox
gecikmişəm.
Müsahibələrim üçün yolum tez-tez
İncəsənət Universitetinə düşür. Hər
zaman eyni korpusa gəldiyimə görə digər korpusun
varlığını unutmuşdum. 1 ay əvvəl tarzənlərdən
biri ilə görüş üçün yenə İncəsənət
Universitetinə yollandım. Həmişəki korpusa.
Vaxtından tez çatmışdım. Bir xeyli həyətdə
gəzişdikdən sonra nəzarətçilər hava soyuq
olduğuna görə içəridə gözləməyimi
təklif etdilər. Kiminlə görüşəcəyimi
onlara belə deyəndə yanlış korpusa gəldiyimi demədilər.
İçəri keçib dəhliz boyunca divardan asılan
tablolara baxa-baxa məni digər korpusda gözləyən
müsahibimi gözləməyə başladım.
Tabloların arasında özümü itirdiyim bir vaxtda birinin
qarşısında özümü tapdım. Sima
tanış idi, doğma idi. Mən onu televiziyada, hətta evdə
yemək bişirəndə belə yutubda açıb izləyirdim.
Amma nədənsə bu dəfə fərqli bir
doğmalıq hiss etdim, gözlərinə baxdım, sanki
canlanmış, mənimlə danışırdı. Donub
qalmışdım. Axı nə üçün bir şəkil
mənə bu qədər təsir eləsin? Özümü
suallarla itirdiyim bir vaxtda müsahibimdən zəng gəldi:
- Qızım, haradasan?
- Universitetdə, Zamiq müəllim.
- Axı mən də buradayam. Sən hansı
korpusdasan? Aşağıda?
- Bəli, müəllim.
- Mən yuxarı korpusdayam. Gəl bura, amma
çalış tez gəl.
- Yaxşı, müəllim, gəlirəm.
Amma getmək istəmirdim. Ayaqlarım kilidlənmişdi.
Axı niyə bir şəkil məni addım atmağa
qoymasın? Birtəhər özümü məcbur edib
müsahibimə ayıb olmasın deyə oradan
uzaqlaşdım.
Hisslərim məndən əl çəkmirdi. Nə
edim, kimə danışım? Bəlkə, oğlu ilə
danışım. Nə deyəcəkdim? Mən Nəsibə
xanımın gözlərində bir sirr gördüm, siz həmin
sirri bilirsiniz? Adama gülərlər, birdən məni dəli
zənn edər deyə utandım. Tək çarəm Nəsibə
xanımın söhbətlərini tapmaqda idi. Gündüz
işdə, axşam isə dərsdə olduğuma görə
bu müddət xeyli uzandı. Nəhayət, yollandım
Axundov Kitabxanasına. İnternetdə olan materialları
hamı görə bilərdi. Mən heç kimin bilmədiyi
bir sirri aşkara çıxarmaq istəyirdim. Kitabxanın
işçilərindən birinə yaxınlaşıb salam
verdim. Salamımı almadı, eşitmədiyini
düşündüm. Amma üzündəki ifadə
eşidib eşitməzliyə vurduğunu deyirdi. Çəkinə-çəkinə
yenidən salam verib Nəsibə Zeynalova haqqında məqalə
və müsahibələri axtardığımı dedim:
- Xanım, burada 150-dən çox material var. Konkret nə
istəyirsiniz?
İşçini daha da əsəbiləşdirməmək
üçün tez siyahıda olan materiallardan seçməyə
başladım.
- Olar, digər səhifədəki materiallara da
baxım?
- Görmürsünüz, adlarını
köçürdürəm?
Daha qorxumdan heç nə deyə bilmədim.
Seçdiyim dörd yazı ilə kifayətlənmək məcburiyyətində
qaldım. Qəzet padşifkalarını özümlə
götürüb oxu zalına keçdim. Qəzetlərdən
üçündə heç nə tapa bilmədim,
hamının bildiyi məlumatlardan materiallar idi. Nəhayət
birində bir müsahibə tapdım. Kirilcə yazılan
müsahibəni heca-heca oxumağa başladım. Müsahibənin
yarısına gəlib çatanda beynimdəki dumanlı
fikirlər yerinə oturmağa başladı. Şəkil
gözümün qarşısına gəldi. O qədər
baxmışdım ki, hər cizgini əzbərləmişdim.
Mənə gülümsəyərək baxırdı, amma mən
bilirdim ki, əslində gülüşün altında nələrisə
gizlədir. Gözlərində gizlədir.
Dünyasını dəyişən aktyorları
köçəri quşlara bənzədirlər. Deyirlər
ki, guya onlar nə zamansa, haçansa qayıdacaqlar. Gözlərim
yollara baxır. Hey baxır. Amma onlar qayıtmırlar.
Qayıtmırlar deyə bəlkə canıma
üşütmə düşüb?! Bəlkə
qayıtmırlar ki, mən onların yanına gedim?!
Dayandım. Deyəsən, o sirri, o kədəri
tapmışdım. Amma hələ də nəsə
yarımçıq idi.
Özümü sırasından, qatarından ayrı
düşmüş durnaya bənzədirəm...
Nəsibə xanım haqqında olan yazıların əksəriyyəti
ya onun ad gününə, ya da ölüm gününə həsr
olunmuşdu. Hə, axı vərdiş etmişik insanları
belə günlərdə yad etməyə. Bəlkə, ona
görə inciyib bizdən, ona görə mənə elə
baxdı. Bəlkə, adi günlərdən birində
xatırlanmaq istəyib. Axı o bizi xüsusi günlərdə
yox, adi günlərdə də güldürürdü. Bilmirəm,
bəlkə də gözlərindəki o sirri
açmışam. Amma mənə elə gəlir ki,
cavabı tapmaq üçün 109 il gecikmişəm.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 2 iyul(№112).-S.11.