Əncir ağacının kölgəsində
SƏSLƏ SUSAN TÜRKÜ
Bəzən bir səs gəlir... Qapını
döymür, qəlbi döyür. Öz dilində
danışmır, sənin hisslərini alır qəlbinin ən
dərinliklərindən. Heç fərqinə varmadan o səsin
içində özünü axtarmağa başlayırsan.
Harada itirdiyini bilmədiyin hisslərini, nə vaxt itirdiyini
xatırlamadığın sükutunu. Sənsə bu səsin
dalınca düşür, ruhunun harasında
dayandığını anlamağa çalışırsan.
Bəzən bir musiqi başlayır və sən bilirsən
ki, indi danışmaq yox, dinləmək vaxtıdır. Amma bu
dinləmək yalnız qulaqla deyil - içlə, yaddaşla,
keçmişlə, çoxdan unudulmuş xatirələrin
pıçıltısıyla baş verir. "Hastane
Önünde İncir Ağacı" ("Xəstəxana
önündə əncir ağacı") məhz belə bir
səsdir. Bu, sadəcə bir musiqi deyil, qəlbin qaranlıq
otaqlarına açılan səsli bir qapıdır. Bəli,
bu türkü bəzən dərddən qaçmaq deyil, onunla
eyni masada oturmaq, çiyin-çiyinə susmaq kimidir.
İlk səsdən etibarən içində bir
tanışlıq yaranır - haradasa eşitdiyin bir səs,
haradasa yaşadığın bir duyğudur bu. Bəlkə də
o duyğunu heç vaxt tam yaşamamısan, amma yenə də
hiss etmisən. Bu, türkülərin sehridir: hamıya aid
olmayan bir hissi elə danışır ki, sanki hamının
dilidir, hamının hekayəsidir.
Türk xalqının öz dərdini danışmaq
üsuludur türkülər. Eşq, qürbət, həsrət,
ayrılıq, ölüm... hamısı musiqinin incə, qəlb
sızladan nəfəsiylə can tapır. "Hastane
Önünde İncir Ağacı" xalq türküsü məhz
belə bir nəfəsdir. Bu, təkcə musiqi deyil, həm də
bir fəryaddır. Nəğmə deyil, dirilər
arasındakı ölünün söylədiyi vida məktubudur.
Burada sözlər oxunmur, deyilir. Musiqi çalınmır,
ürəkdən qopur. Əsl söz isə... sonda sükutla
deyilir. Adama danışmağı yox, susmağı öyrədir.
Elə bir susqunluq ki, hər kəsin içində gizlədiyi,
dilləndirsə, muncuq kimi sökülüb ətrafa səpələnəcək
o dərdi oyadır. Bu, türkü deyil, dərinləşən
bir nəfəsdir - gözlə görünmür, amma hər
dəfə dinlədikcə nəfəsini yarı yolda qoyur.
Hastane önünde incir ağacı
Annem ağacı
Doktor bulamadı bana ilacı
Annem ilacı...
Burada nə xəstəxana təsadüfidir, nə də
ağac. Xəstəxana çarəsizlik, son dayanacaq, taleyin dəyişmədiyi
bir yerdir. İncir ağacı isə folklor və mifologiyada həm
həyat, həm ölüm, həm də sirr daşıyan
simvollardan hesab olunur. Bu türküdə isə o, artıq həyatın
deyil, ölümü gözləyənin kölgəsinə
sığındığı bir ağacdır. Bəlkə
də bu ağacın kölgəsi insanı qaranlığa
aparmır, əksinə, içindəki qaranlığı səssizcə
qucaqlayır.
Haqqında danışdığım türkü sənə
"ağla" demir. Amma sən özün istəmədən
biixtiyar ağlayırsan. Çünki bu musiqi
"ölüm"dən danışır, amma
"ümidsizlik" vermir. Hətta ən kədərli
anlarında belə insanın qəlbində qəribə bir
yaşamaq ehtiyacı oyadır. Düşünürsən:
bir insan bu qədər dərdi yaşayıb sözə
çevirə bilibsə, deməli, dərddən keçib
ömrə çatan bir yol var. Musiqi isə bəzən o
yolun özüdür.
Türkü səni əlindən tutub uşaqlıq
illərinin - ən qayğısız zamanlarının
keçdiyi o tanış küçəyə aparır. Yay
axşamlarında açıq pəncərədən gələn
səsə, qapılarının önündə oturub
çay içə-içə söhbətləşən
insanların əhvalına, qonşulardan ən
"gözüaçığının" tənginəfəs
gəlib "filankəsin nənəsi rəhmətə
gedib" dediyi günə... Yəni bu türkü təkcə
dərd deyil, keçmişdir. Dəyər verdiyin, amma indi əlinin
yetmədiyi hər şeyin ümumi sədasıdır.
Nə qəribədir - bu qədər kədərin
içində ağır bir gözəllik var. Bir incəlik,
bir yavaşlıq. Sanki həyatın o tələsik günlərində
"dayan bir az" deyən köhnə dost kimidir bu
türkü. Səni müasirliyin içindən çəkib
çıxarır və bir anlığa yavaşladır. Nəfəs
dərmək üçün yaranmış o fürsətdə
isə sən özünü tanımaq şansı əldə
edirsən. Haralardan gəldiyini, kimlərə borclu
olduğunu, hansı hissləri basdırdığını
görürsən o nəhəng və şəffaf aynada..
Türkünü dinlədikcə hiss edirsən ki,
hamımızın içində bir incir ağacı var.
Kimimizin kölgəsində oturmaq istədiyi, kimimizin hələ
kök salmasına icazə vermədiyi. O ağac həm xatirədir,
həm sükut, həm də hər şeyə və hər
kəsə rəğmən davam etmə səbəbi.
Sonda türkü bitir, səs kəsilir. Amma sən də
bir az dəyişmisən. Qəlbinin içində nəsə
yumşalıb. Tələsmirsən artıq. Özünə
bir az daha anlayışlısan. Bilirsən ki, hər şey
keçib gedir - dərd də, sevinc də. Amma bəzi səslər
əbədi qalır. Bəzi türkülər susmur.
İncir ağacı həmişə eyni yerdə dayanır.
Kökü torpaqda, budağı göydə. Elə bizim
özümüz kimi...
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 2 iyul(№112).-S.11.