Rusiyanın etnik terroru: Moskva nəyə
nail olmaq istəyir?
Rusiya son aylar ərzində məqsədyönlü
şəkildə Azərbaycanla münasibətləri pisləşdirən,
gərginləşdirən addımlar atıb. Ötən ilin
dekabrında Azərbaycan Hava Yollarının Bakı-Qroznı
reysini həyata keçirən sərnişin təyyarəsinin
vurulmasından sonra Moskva nəinki öz günahını
etiraf edərək Bakının tələblərini yerinə
yetirmədi, əksinə, gərginliyi artıran hərəkətlərini
davam etdirdi. Baxmayaraq ki, təyyarənin vurulması ilə
bağlı bütün sübutlar ortada idi, amma Rusiya tərəfi
nə üzr istədi, nə kompensasiya ödədi, nə də
günahkarları məsuliyyətə cəlb etdi.
Ardınca, 2025-ci il fevralında Azərbaycanın
informasiya resurslarına qarşı genişmiqyaslı
kiberhücum təşkil edildi. Mayın 2-də Milli Məclisdə
bu mövzu ilə bağlı keçirilən ictimai
müzakirələr zamanı vurğulandı ki, Azərbaycanda
fəaliyyət göstərən ondan çox aparıcı
media resursuna qarşı koordinasiyalı və siyasi motivli
kiberhücumlar həyata keçirilib. Aparılan
araşdırmalar nəticəsində bu hücumların
ölkəmizdə indiyə qədər qeydə
alınmış ən ciddi kibermüdaxilə hadisələrindən
biri olduğu məlum olub. İlkin nəticələrə
görə, hücumlar zamanı əsasən xüsusi xidmət
orqanları tərəfindən geniş istifadə olunan
"saxta bayraq" (false flag) əməliyyatlarının tətbiq
edildiyi müəyyənləşib.
Milli Məclisin Xarici müdaxilələrə və
hibrid təhdidlərə qarşı komissiyasının sədri
Ramid Namazov media resurslarına kiberhücumun Rusiyadan
qaynaqlandığını söyləyib: "Kiberhücum
Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilib.
Ekspertiza nəticəsində istər hücum zamanı istifadə
edilən texniki üsullar, istərsə də davranış
modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29
("Cozy Bear"), yəni "Rahat Ayı" (digər
adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus
olduğu müəyyən edilib. Bu qrup xüsusi əhəmiyyətli
kiberəməliyyatlar həyata keçirən mütəşəkkil
dəstədir".
O bildirib ki, aparılan kiberpsixologiya təhlilləri nəticəsində
hücumun motivinin də haradan qaynaqlandığı aydın
olur: "Motiv - fevralın 3-də ölkəmizdə
hüquqi şəxs qismində qeydiyyatı olmayan və
qanunvericiliyin tələblərini ciddi şəkildə
pozduğu üçün fəaliyyətinə xitam verilən
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus
Evi" və o vaxt üçün ləğv edilməsi ilə
bağlı söhbətlər gəzən "Rossiya
Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi
idi".
Bir müddət əvvəl isə Həştərxanda
keçirilən tədbirə dəvət olunmuş Azərbaycan
parlamentinin deputatı Rusiya ərazisinə buraxılmayraq
deportasiya edildi.
Nəhayət, Rusiyanın hüquq-mühafizə
orqanları tərəfindən Yekaterinburq şəhərində
soydaşlarımızın mənzillərinə basqın
edilməsi, onlara qarşı həyata keçirilən
amansız zorakılıq, iki azərbaycanlının - Səfərov
qardaşlarının döyülərək
öldürülməsi, ailənin digər üzvlərinə
ağır xəsarətlərin yetirilməsi artıq
Rusiyanın qırmızı xətləri keçməsi
oldu. Rusiya tərəfi ölümə səbəb kimi
"ürək çatışmazlığı" kimi
saxta, cəfəng informasiyaları tirajlasa da, ilkin mərhələdə
şahidlərin söylədikləri, daha sonra Bakıda Səfərov
qardaşlarının cəsədlərinin ekspertizası ilə
bağlı açıqlanan nəticələr təbii ki, həqiqəti
gizlətməyə imkan vermədi.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor
Ədalət Həsənov bildirib ki, Azərbaycandakı
ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi
ekspertiza rəyi uyğun gəlmir. Onun
açıqladığı faktlar zorakılığın,
vəhşiliyin həddini göstərməklə, dəhşət
yaradır:
"Hər iki gözün ağlı qişasına
qansızmalar, sağ gözün üst və alt
qapaqlarında qansızmalar, döş qəfəsində
qançırlar, döş qəfəsini palpasiya edəndə
assimetrikdir, qarnın sağ yan səthində və kalçada
qançırlı sıyrıqlar, xayalıqda
qırmızı və göyümtül qançırlar
var. Bunlar ölümə səbəb olan xəsarətlərdir.
Daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər
birincidən fərqlənmir. Baş-beyinə qansızmalar,
döş qəfəsinin sıxılması,
qabırğaların çoxsaylı yerdəyişən
sınıqları, qarnın arxa divarında yumşaq
toxumalarda, paranefral sahələrdə qansızmalar, yumşaq
toxumalarda yayılmış qansızmalar, xayalığın
qançırları ölümə səbəbdir.
Ölümə səbəb qeyd edilən çoxsaylı xəsarətlərlə
ağır post-travmatik şok olub. Bunlar hər iki şəxsin
meyitlərinin xarici və daxili müayinələrinin nəticələridir".
Amma bu da hamısı deyil, ekspertiza digər işgəncə
və zorakılıq hallarını müəyyən edib.
Bütün bunlar bir daha onu göstərir ki, Rusiya
qeyri-millətlərə qarşı şovinizmdən,
zorakı əməllərdən əl çəkməyib.
Bu ölkədə azərbaycanlılar yanaşı, Mərkəzi
Asiya ölkələrinin nümayəndələrinə və
digər millətlərə qarşı eyni şovinist,
diskriminasiya və islamofob siyasət aparılır. Rusiya hətta
rəsmi şəkildə vətəndaşı olan qeyri-rus
millətindən olanları da öz vətəndaşı
kimi qəbul etmir
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu
vətəndaşlarımızın və Azərbaycan əsilli
şəxslərin Rusiyada işgəncəyə məruz
qalmaları və xüsusi amansızlıqla qəsdən
öldürülmələri faktı üzrə cinayət
işi başladıb. İndi, açıq qalan bir sual var:
Rusiya Azərbaycanla münasibətləri məqsədli şəkildə
niyə gərginləşdirir? Ekspertlərə görə,
Moskva Azərbaycanın müstəqil xarici siyasət
aparmasını, regionda yeni reallıqlar yaratmasını qəbul
edə bilmir, Cənubi Qafqazda yeni gərginlik ocağı
yaratmaq istəyir. Ermənistanda hökuməti devirməyə
çalışan revanşistlər də məhz Moskvadan dəstək
alırlar.
Politoloq Zaur Məmmədov hesab edir ki, Yekaterinburqda
baş verən məlum hadisə sadəcə bir kriminal xəbər
kimi təqdim olunsa da, bu hadisə dərin siyasi alt qatlara
malikdir: "Açıq şəkildə bu cür kobud
davranış Azərbaycana qarşı gözlənilən
diaspora kartından istifadə etmək deməkdir. Polisin onlara
qarşı itaətsizlik olmadığı halda insanları
güllələməsi çox ciddi və kobud cinayətdir.
Görünür, Azərbaycanın öz regionunda güclənməsi
bəziləri tərəfindən ciddi irad ilə
qarşılanır. 2023-2025-ci illərdə Azərbaycan və
Ermənistan arasında birbaşa danışıqların
sayının artması və son 200 ildə ilk dəfə
olaraq iki dövlət arasında yeni səhifənin
açılması perspektivi Cənubi Qafqaza tamamilə yeni
siyasi konfiqurasiya gətirməkdədir. Bu, Moskvanın regional
təsir dairəsini ciddi şəkildə daraldır. Rusiya
üçün əsas narahatedici məqam odur ki, Ermənistanın
Qərbə inteqrasiyası sürətlənir, Moskva vasitəçi
yox, müşahidəçi statusuna düşür, Türkiyənin
bölgədə siyasi çəkisi artır və Ermənistan
tədricən türk oxuna düşür".
Politoloq hesab edir ki, Türkiyə və Ermənistan
arasında münasibətlərin normallaşması məsələsi
Rusiya üçün narahatlıq mənbəyidir:
"Əgər bu iki ölkə arasında sərhədlər
açılarsa və diplomatik münasibətlər tam bərpa
olunarsa, Ermənistanın iqtisadi və siyasi alternativləri
genişlənəcəkdir. Daha dəqiqi, Ermənistanın
Rusiya iqtisadi asılılığından
çıxmasını, Türkiyə-Ermənistan-Azərbaycan-Gürcüstan
dördbucağının formalaşması və Cənubi Qafqazda
Türkiyənin geosiyasi təsirinin artmasını gözləmək
olar. Hazırda Rusiya müxtəlif yollarla həm Ermənistan
daxilində sabitsizlik yaratmaq, həm də Azərbaycanın
siyasi qərarlarına təzyiq göstərmək kimi
taktikalardan istifadə edir. OMON hadisəsi, bu alətlərin
konkret nümunəsi kimi qəbul oluna bilər".
Onun sözlərinə görə, Azərbaycanın
son illərdə həyata keçirdiyi çoxşaxəli
xarici siyasət kursu ölkənin regional aktorlar arasında
balans yaratmasına imkan verir. Bu balans Rusiya, Türkiyə,
Avropa İttifaqı və ABŞ arasında diplomatik və
iqtisadi əməkdaşlıqları paralel şəkildə
davam etdirməyə yönəlib: "Rusiya ilə münasibətlərin
gərginləşməsi fonunda Azərbaycan suverenlik məsələlərində
prinsipial mövqe tutur, Türkiyə ilə strateji
ittifaqını gücləndirir. Azərbaycanın məqsədi,
hərbi və diplomatik balansı qoruyaraq suveren siyasət
yürütmək, eyni zamanda, regionda sabitlik və iqtisadi
inkişaf üçün real tərəfdaşlıqlara əsaslanmaqdır.
Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə
qədəm qoyub. Bu mərhələdə Rusiya öz təsir
gücünü saxlamaq üçün daha açıq və
sərt alətlərdən istifadə etməyə
başlayıb. Bu kontekstdə OMON hadisəsi sadəcə
insident deyil, Bakıya qarşı tətbiq edilən siyasi
siqnalın bir formasıdır. Bu hadisələrin fonunda Azərbaycan
balanslaşdırılmış, lakin prinsipial mövqeyini
qorumaqla bölgədəki lider rolunu daha da gücləndirir və
postmüharibə dövrünün real geosiyasi
arxitekturasını müəyyənləşdirən əsas
aktorlardan birinə çevrilir. Azərbaycan postmüharibə
dövründə Rusiya üçün bir sıra strateji
jestlər və mövqelər ortaya qoydu, amma sual yaranır -
Bakının bu cür addımları ola-ola niyə bölgədəki
proseslərə Rusiya maksimalist davranır? Rusiya iki məsələdə
çox həssasdır. Birincisi, MDB məkanında dövlətlərin
ərazilərinin Qərbin hərbi-siyasi çətirinə
keçməməsi və ikinci dövlətlərin Qərbin
hərbi-siyasi təşkilatlarına üzv olmaması. Məgər
bu iki məsələ ilə bağlı Azərbaycan və
Rusiya arasında ziddiyyət varmı? Xeyr. Əksinə, bir
çox məsələlərdə hər iki dövlətin
maraqları və baxış bucaqları üst-üstə
düşür. Bundan başqa, Azərbaycan Rusiya əleyhinə
sanksiyalara qoşulmadı, Şimal-Cənub nəqliyyat dəhlizi
çərçivəsində Rusiya mallarının İran
və Hindistana çıxışı Azərbaycan üzərindən
təmin olundu. Azərbaycan dəmiryolu və tranzit siyasəti
ilə Rusiyaya alternativ nəqliyyat imkanları yaratdı.
İsrail-İran qarşıdurması zamanı rusların
İrandan Azərbaycana keçidinə kömək etdi,
onları xoş qarşıladı, otellərə yerləşdirdi
və yüksək səviyyədə yola saldı. Hətta səhv
etmirəmsə, təşəkkür qismində Bakıda
kiçik konsert da verdilər. Ən əsası, Azərbaycanın
xarici siyasət davranışı bir çox dövlətlərlə
müqayisədə tamamilə sabitdir. Azərbaycan
Qoşulmama Hərəkatının üzvü kimi heç
bir hərbi-siyasi təşkilatlara üzvlüyü
qarşısına məqsəd qoymur, nəinki NATO, heç
Aİ ilə bağlı da bir düşüncə yoxdur.
Sözün qısası, Rusiya üçün ciddi
qıcıq doğuracaq heç bir məsələ yoxdur.
Lakin görünür, oradakı bəzi qüvvələr
Qafqaz siyasəti ilə bağlı ciddi
yanlışlığa yol verirlər.
Azərbaycanın adekvat addımları fonunda təyyarə
hadisəsi və günahkarların cəzalanmamısının
şahidi olduq. Bütün bunların fonunda Azərbaycan
sübut etdi ki, təzyiqlərə qarşı
dözümlü, maraqlara əsaslanan çoxşaxəli
siyasət mümkündür".
Pərvanə
525-ci qəzet .- 2025.- 2 iyul(№112).-S.5.