Çuğulçu erməninin
puç olmuş arzuları
Üzeyir Hacıbəylinin 1938-ci ildə
yazdığı "İlk Azərbaycan xalq xoru" adlı
məqaləsini oxuyanda bəlli olur ki, bəstəkar
"İlk Azərbaycan
çoxsəsli xor"unu 1926-cı ildə Azərbaycan
Dövlət Konservatoriyasında yaradıbmış. Bu xorda əksəriyyəti
tələbə-gənclərdən ibarət 70 nəfər
oxuyan varmış. Lakin bədxahların "Azərbaycan
xalqına çoxsəsli xor, polifoniya lazım deyildir"
hay-küyü öz mənfi təsirini göstərmiş,
"nəticədə böyük zəhmətlə
yaradılmış xor dağılmışdır"
(Ü.Hacıbəyli).
Üzeyir bəy illər sonra, 1936-cı ildə Azərbaycan
Dövlət Filarmoniyasında yenidən Azərbaycan Dövlət
xorunu yaradır. 1936-cı ilin dekabrında artıq xorun 80 nəfər
üzvü vardı.
"Azərbaycan xalq xoru" məqaləsində
Üzeyir Hacıbəyli xor üçün repertuar seçmək
məsələsinə də toxunaraq yazırdı:
"Repertuar seçmək, daha doğrusu, öz
repertuarımızı yaratmaq sahəsində
qarşımızda bir sıra ciddi vəzifələr
durmuşdur. Mən ona görə "yaratmaq" deyirəm
ki, repertuarımıza daxil edilən hər bir xalq
mahnısını çoxsəsli xorla oxumaq
üçün harmonizə etmək lazım gəlmişdir.
Əsas çətinlik ondan ibarət olmuşdur ki,
bütün bu mahnılar ta qədim vaxtlardan xalq arasında ya
bir səslə, ya da unison oxunmuşdur. Əslində
bunların hər ikisi eyni şeydir. Təbii ki, bu cür
melodiyaların harmonizə edilməsi vəzifəsinin mexaniki
həlli xalq mahnısı üslubunun təhrif olunmasına,
ayrı-ayrı hallarda isə melodik xəttin pozulmasına səbəb
olardı. Məlum olduğu kimi, Azərbaycanda elə bir xalq
mahnısı yoxdur ki, bu və ya başqa muğamla əlaqəsi
olmasın...
Təcrübə göstərmişdir ki, lad
musiqimizin adi harmonizasiyası istər-istəməz
kadansların tətbiq olunmasını tələb edir,
kadanslar melodiyanı ya majora, ya da minora gətirib
çıxarır. Bu zaman Azərbaycan musiqisini yaradan ladlar
çox vaxt öz xüsusiyyətini itirir. Ona görə də
mən mahnıları harmonizə edərək adi dördsəsliyi
deyil, kontrapunkt çoxsəsliyi və unison imitasiyaları tətbiq
edirəm".
Dahi bəstəkarın böyük xidmətlərindən
biri də xalq mahnılarına bu cür həssaslıqla
yanaşması idi. "Aman nənə", "Ay lolo",
"Ləli", "Tello", "Ay bəri bax",
"Qarabağ şikəstəsi", "Gedək gəzək
bağçada" kimi xalq mahnılarının tərtibatı
o illərin, bir sözlə, Üzeyir qələminin unudulmaz
yadigarlarıdır. O illərdə Üzeyir Hacıbəylinin
öz dövrü üçün xarakterik olan
"Komsomolçu qız", "Komsomolçu"
mahnılarını da xor kollektivi sevə-sevə oxuyurdu.
İlk Azərbaycan Dövlət xorunun üzvlərindən
Şövkət Ələkbərovanın, Qüdrət
Əmiraslanovanın, Xurşid Babayevanın, Sima Məhəmmədbəylinin,
Xanımbacı Həmidovanın, Cahangir Cahangirovun,
S.Əlibalayevin adlarını çəkə bilərik. Mən
1987-ci ildə Şövkət Ələkbərovanın
ömür yolundan bəhs edən kitab üzərində
işləyəndə müğənni ilə
vaxtaşırı görüşüb söhbətləşirdik.
Təbii olaraq müğənni ilk addımlarını
atdığı Azərbaycan Dövlət xorundan,
yaradıcısı Üzeyir bəy Hacıbəylidən
ürəkdolusu danışardı. O deyirdi:
- Üzeyir bəy mənim səsimi çox
xoşlayardı, həmişə mənə
"özündən, səsindən muğayat ol" deyərdi.
O, böyük ürək sahibiydi, məktəb idi, məktəb!
Bizə oxumağın, yana-yana oxumağın,
çalmağın, bir sözlə, sənətin hər
sirrini öyrədərdi. Bilirsiniz, dördsəsli xorda
oxumağım mənə çox şey veribdir. Bu gün
müxtəlif üslublu, müxtəlif dəst-xətli,
müxtəlif templi ansamblların, orkestrlərin müşayiətilə
oxuya bildiyim üçün ilk növbədə Üzeyir bəyə,
onun yaratdığı xora borcluyam.
Bu sətirləri yazdığım zaman
yaddaşımda Şövkət xanımın zümzüməli
səsi canlanır. O, xorda oxunulan mahnıları
xatırlaya-xatırlaya: - Görün Üzeyir bəy
"Qarabağ şikəstəsi"ni xor üçün
necə gözəl işləyibdir:
Bir qızılquş kaş olaydım mən,
Gəzdirəydin öz qolunda sən.
Bir mədət qıl, yarım,
Qoyma məni zar...
Heç qərarım gəlməz
Səndən ayrı, yar...
Mən o zaman ürək sözlərini qələmə
almaq üçün konservatoriyaya gedib ölməz bəstəkarımız
Cahangir Cahangirovla da görüşmüşdüm. Səbəb
də bu idi ki, Cahangir Cahangirov da 1937-ci ilin baharından
Üzeyir bəyin yaratdığı Dövlət xorunun
solisti olmuşdur. Cahangir müəllim
görüşümüzün səbəbini bildiyi
üçün artıq yaşanıb tarixləşmiş o
illərə qayıtmışdı:
- Üzeyir Hacıbəyov filarmoniyada xor kapellası
yaratmışdı. Bu, xor sənətinin ən çətin
bir sahəsi idi. Musiqinin müşayiəti olmadan oxumaq! Azərbaycanda
indiki mənada başa düşdüyümüz xor sənəti
olmamışdı. Buna görə də Üzeyir bəy
tarla kamançanın və başqa musiqi alətlərinin səslənməsindən
istifadə edərək xor kapellasını
yaratmışdı. Üzeyir bəy "Aman nənə",
"Bəri bax", "Qarabağ şikəstəsi" və
başqa xalq mahnılarını xor üçün işləmişdi.
Üzeyir bəyin işi o zaman həddindən artıq
çox idi. Ona görə tələbələrini də
işə cəlb edirdi. Mən özüm həm solist idim, həm
də xormeysterlik edirdim. Sonra xor kapellası tədricən
mahnı və rəqs ansamblının tərkib hissəsindən
birinə çevrildi. Mən Şövkət Ələkbərovanın
səsini ilk dəfə xorun solisti kimi eşitmişəm.
Yadımdadı, o, "Qarabağ şikəstəsi"ni elə
məharətlə oxuyurdu ki!.. Səsi uzandıqca
uzanırdı... O cür oxumağa böyük nəfəs
lazım idi.
Mənim burada Üzeyir bəyin yaratdığı
xordan bu qədər geniş danışmağım səbəbsiz
deyildir. Təəssüf ki, çuğulçu ermənilər
o vaxt da ocaq başındaydılar. Məqsədləri də
Üzeyir bəyi şərləyib gözdən salmaq,
tutdurmaq idi. O repressiya illərində filarmoniyanın yerli Komitəsinin
sədri Akopiyan 21 noyabr 1937-ci ildə surəti Bakı Sovetindəki
Mərkəzi Seçki Komissiyasına olmaqla NKVD-yə iftira
dolu bir məktub göndərmişdi. Akopyan öz əcdadlarının
adətinə rəğmən yazırdı:
"Sizə bildirirəm ki, Azərbaycan Dövlət
Filarmoniyasında Dövlət xoruna rəhbərlik edən və
eyni zamanda Azərbaycan Sovet Bəstəkarları
İttifaqının sədri olan bəstəkar Üzeyir
Hacıbəyov işləyir.
Azərbaycan Dövlət Filarmoniyasında xor ikinci
ildir ki, mövcuddur və orada 200-dən artıq adam oxuyur. Xor
qarşıdakı Moskvada Azərbaycan incəsənəti
ongünlüyünə hazırlaşır.
Xorun rəhbəri Hacıbəyov sovet
düşüncəsi ilə işləmir,
xorçuların sırasından yad ünsürləri və
başqa məktəbdən qovulmuşları irəli çəkir,
məsələn:
1) Əmiraslanova Qüdrət - iri neft sənayeçisinin
qızıdır və onun qardaşı həbs edilib.
2) Məhəmmədbəyli Sima - sovet hakimiyyəti
qurularkən güllələnmiş polkovnikin
qızıdır.
Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim
üçün qaranlıqdır, belə ki, eşitdiyimə
görə, Üzeyir Hacıbəyov Müsavat hakimiyyəti
vaxtı "Ordan Burdan" (bu adda qəzet
olmamışdır, Üzeyir bəy bəzi məqalələrini
sadəcə bu başlıq altında yazırdı -
M.Ç.) Müsavat qəzetinin redaktoru olub. Bu qəzetin bir
nüsxəsi Əməkdar incəsənət xadimi, dirijor
İoannesyanın dediyinə görə, Xalq artisti
Hüseynqulu Sarabskidədir. Hacıbəyovun qardaşı
Müsavat Parlamentinin üzvü olub. Bolşeviklər
Bakıya gələrkən Üzeyir Hacıbəyov İrana
qaçıb və bir neçə vaxtdan sonra Bakıya
dönüb. Onun Müsavat Parlamentinin üzvü olan
qardaşı Parisə qaçıb və Üzeyir Hacıbəyov
yeddi il müddətində bu qardaşı üçün
Parisə pul köçürüb.
Bu deyilənlərdən çıxış edərək
və nəzərə alaraq ki, onun namizədliyi
Naxçıvan MSSR-dən Millətlər Sovetinə verilib və
1938-ci ilin fevral ayında o, Moskvaya Azərbaycan incəsənəti
ongünlüyünə partiya və komsomol heyətinə hətta
baxmaq belə istəmədən özünün himayəyə
götürdüyü, irəli çəkdiyi və
yetişdirdiyi sinfi dostları ilə birgə getməlidir, onun
müfəssəl tərcümeyi-halını öyrənməyi
və Üzeyir Hacıbəyovun gerçək
üzünü aydınlaşdırmağı xahiş edirəm"
(M.Mərdanov, Ə.Tahirzadə. "1920-ci ilədək ali məktəblərdə
oxumuş azərbaycanlılar", Bakı,"Təhsil",
2019, III cild, səh. 48)
Akopiyanların məqsədi o idi ki, Üzeyir bəy
deputat seçilməsin, onu 1938-ci ildə Moskvada keçiriləcək
Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyünə aparmasınlar. Akopiyan Üzeyir bəyin
daha da şöhrətlənməsindən narahat idi. Ancaq onun
məkrli niyyətləri baş tutmadı. Moskvada baş tutan
ongünlükdə bəstəkarın "Koroğlu"
operası oynanıldı və ona böyük şöhrət
gətirdi.
1988-ci ildə çuğulçu Akopiyanın
cızma-qarasında adı keçən milyonçu Nəcəf
Əmiraslanovun qızı Qüdrət Əmiraslanovayla
görüşüb söhbət etmişdim. Milyonçu
atasından ona bir kontor kitabı yadigar qalmışdı.
Sovet hökuməti qurulandan sonra atasının
var-dövləti müsadirə edilmiş, bununla kifayətlənməyən
bolşeviklər 1923-cü ildə onu həbs etmiş,
haqsızlığa dözməyən köhnə sahibkar
altı ay sonra dustaqxanada vəfat etmişdir. Qüdrət
xanımın qardaşı Nəsir Əmiraslanov isə
1937-ci ildə həbs
edilmiş, mühakimə olunaraq Sibirə sürgün
olunmuşdur.
Qüdrət xanım mənə Üzeyir bəyin
xeyirxahlıqlarından danışmışdı. Üzeyir
bəy milyonçu qızı olmağına baxmayaraq, onu
Dövlət xoruna solist götürübmüş.
Akopiyanların cəhdləri faydasız olmuşdu. Qüdrət
xanım Dövlət xoru ilə birgə Moskvada keçirilən
Azərbaycan incəsənəti günlərində
iştirak etmiş, hətta tarzən Bəhram Mansurovun
müşayiəti ilə "Güloğlan" xalq
mahnısını oxuyub vala yazdırmışdır.
1937-1938-ci illər o dövrün insanlarının,
xüsusən ziyalıların taleyindən keçən ən
müdhiş, amansız, güzəştsiz repressiya illəri
kimi tarixə qovuşub. Akopiyanın Üzeyir bəy
haqqında yazdığı böhtan dolu məktubun
üstündən ölkə başçısı
M.C.Bağırov ona görə sükutla keçmişdi ki,
o zaman Üzeyir Hacıbəyli öz sahəsində yeganə
şəxsiyyət idi. Respublika Moskvada keçiriləcək
1-ci incəsənət ongünlüyünə 700 nəfərlik
bir heyətlə iştirak etmək niyyətindəydi. Bu tədbirdə
Üzeyir bəyin "Arşın mal alan" operettası,
"Koroğlu" operası oynanılacaqdı. Bundan
başqa, məhz Üzeyir bəyin təşəbbüsü
ilə yaradılmış notlu Xalq Çalğı Alətləri
Orkestri, dirijoru və bədii rəhbəri olduğu Dövlət
xoru, 40 nəfər üzvü olan rəqs ansambılı bu
yeddi yüz nəfərlik yaradıcı heyətin tərkibində
iştirak etməli idi. Bu bədii kollektivlər bir-biri ilə
yaradıcılıq təmasında idilər. Məsələn,
"Koroğlu" operasının xor səhnələrində
Dövlət xorunun solistləri də iştirak edirdilər.
Moskvada keçiriləcək bu ədəbiyyat və incəsənət
günləri bir nəfərin yox, respublikanın adı ilə
bağlı məsələ idi. Şərəf məsələsiydi.
Bütün bunlara görə hər kəsin yaxşı
tanıdığı, şəxsiyyətinə və xidmətlərinə
rəğmən hörmət etdiyi, iftixar duyduğu dahi bir bəstəkarı
dılğır bir erməninin böhtan dolu
cızma-qarasına qurban vermək olmazdı! Əlbəttə,
o zaman hər adama belə bir güzəşt etmək qismət
olmurdu. Xalq artisti Əminə Dilbazi söyləyirdi ki, 1938-ci
ildə Moskvada keçiriləcək incəsənət
günlərində iştirakı nəzərdə tutulan
şəxslərin kimliyini yoxlamaq üçün hər
birimizdən on ədəd şəkil almışdılar.
Ona görə ki, NKVD-də adamların kimliyinə, ictimai mənsubiyyətinə
zərrədinlə baxırdılar. Təsadüfi deyildir ki,
Moskvaya getmək ərəfəsində rəqs
ansambılının üzvlərindən Leyla Bədirbəyli,
Əminə Dilbazi, Əşrəf Səfərov, Əlibaba
Abdullayev, Hacı Ağayev, Cavanşir və Fərəc
Cavanşirov qardaşları, notlu Xalq Çalğı Alətləri
Orkestirində kamança ifaçısı Qılman Salahovu,
tarzən - bəstəkar Adil Gərayı (atası Heybətqulu
bəyi 1937-ci ildə güllələmişdilər), həyat
yoldaşı tarzən Ruqiyyə Əliyevanı
ongünlüyə gedənlərin siyahısından
çıxarmışdılar. Sonra görəndə ki, rəqs
ansambılının üzvülərinin sayı azalır,
onları əvəz etməyə peşəkar rəqqas və
rəqqasələr yoxdur güzəştə getmişdilər.
Bu gün biz müstəqil, ərazi
bütövlüyü bərpa edilmiş Azərbaycan
Respublikasının vətəndaşı olaraq 1937-1938-ci illərin
bitib tükənməyən faciələrini, repressiya
qurbanlarının acınacaqlı, məşəqqətli həyat
hekayələrini göz önünə gətirərək
dahi Üzeyir bəyin nələr çəkdiyini çox
aydın dərk edir, onu ehtiramla yad edirik!
30 iyun 2025-ci il
Mustafa ÇƏMƏNLİ
525-ci qəzet .- 2025.- 3 iyul(№113).-S.8.