Bəstəkar Sərdar
Fərəcovun uğurları
Azərbaycan Respublikasının Xalq artisti,
üzeyirşünas-alim, Üzeyir Hacıbəylinin Xatirə-Ev
muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov məhsuldar
yaradıcılığı ilə yanaşı, həm də
ictimai xadim kimi ölkəmizdə və ölkə
hüdudlarından kənarda da vətənimizi daim təmsil
edir. Bəstəkarın elmi, ictimai və yaradıcı fəaliyyəti
nəzərə alınaraq 2025-ci il 8 may tarixində Azərbaycan
Respublikasında mədəniyyətin və elmin
inkişafında xidmətlərinə görə Sərdar Fərəcov
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə
layiq görülüb.
Sərdar Fərəcov Üzeyir Hacıbəylinin 140
illiyi münasibəti ilə Üzeyir Hacıbəylinin
ev-muzeyində müxtəlif səpkili yaradıcı tədbirlərin
təşkilatçısı və rəhbəri kimi də
fəaliyyət göstərməkdədir. O, Üzeyir
Hacıbəylinin 140 illiyinə həsr olunmuş
"Şuşanın səsi - Azərbaycanın səsi"
III Beynəlxalq Konfransda (18-19 aprel 2025-ci il,
Qarabağ-Şuşa-Xankəndi) "Şah Abbas və Xurşid
Banu" operasının bərpasına dair" adlı məruzəsi,
eləcə də Bakı Musiqi Akademiyasında (24 aprel 2025-ci
il) Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbirdəki
çıxışı ilə hər kəsə bir
üzeyirşünas alim kimi də örnək olmağı
bacarıb.
Sərdar Fərəcov həmçinin IX "Muğam"
Televiziya Müsabiqəsinin də ən sevilən, ən dəqiq
analitik təhlillər aparmağı bacaran, ən obyektiv qərarlar
verən münsiflər heyətinin üzvlərindən biri
kimi xalq arasında olduqca sevilməkdədir.
Bu yaxınlarda bəstəkar S.Fərəcov
TÜRKSOY xətti ilə Qazaxıstana müxtəlif
müsabiqələrə münsif heyətinin üzvü kimi
də dəvət edilib.
Məlumdur ki, Türk Dünyasının Mədəniyyət
Paytaxtı estafetini Türkmənistanın Annau şəhərindən
Qazaxıstanın Aktau şəhəri götürməsi
münasibətlə 13 iyun 2025-ci ildə Aktau şəhərində
geniş mədəni tədbirlərin proqramına görkəmli
qazax bəstəkarı Nurqisa Tlendiyevin 100 illik yubileyinə həsr
olunmuş Türk Ölkələri Bəstəkarlarının
Müsabiqəsi keçirilib. Müsabiqənin şərtlərinə
görə, müsabiqəyə qatılan bəstəkarların
əsərlərində vətəni Aktau şəhəri sayılan
Mangistau küylərinin melodiyalarından istifadə
olunmalı idi. Müsabiqə iki nominasiya üzrə (xalq
çalğı alətləri orkestri və kamera orkestri
üçün bəstələr) keçirilib. Müsabiqəyə
təqdim olunan bütün əsərlər Manqistau Vilayət
Filarmoniyasının Kamera Orkestri və Xalq Çalğı
Alətləri Orkestri tərəfindən münsiflər heyəti,
bəstəkarlar və tamaşaçılar
üçün ifa olunub.
Qeyd edək ki, müsabiqə anonim keçirildiyi
üçün münsiflər heyətinin üzvləri tərəfindən
müsabiqə iştirakçılarının adları
gizli saxlanılıb. Münsiflər heyətinin sədri
Qazaxıstan Respublikasının Əməkdar xadimi, Mangistau
Vilayət Filarmoniyasının bədii rəhbəri və
baş dirijoru Raxat Madreyev idi. Münsiflər heyətinin
üzvlərinə isə məhz Azərbaycanın Xalq
artisti, Üzeyir Hacıbəylinin Xatirə-Ev Muzeyinin direktoru,
bəstəkar Sərdar Fərəcov, Özbəkistanın
Əməkdar mədəniyyət işçisi, Batır
Zakirov adına Dövlət Estrada İncəsənət
İnstitutunun rektoru, bəstəkar Əvəz Mansurov,
Qazaxıstan Bəstəkarlar Assosiasiyasının sədri,
"Kürmət" orden mükafatçısı, bəstəkar
Artık Toksanbayev, Türksoyun bədii rəhbəri Arman
Numahatulı, Kurmanqazı adına Qazax Xalq Çalğı
Alətləri Milli Orkestrinin baş dirijoru və bədii rəhbəri
Abılay Tlepbergen, Mangistau Regional Filarmoniyasının direktoru
Daniyar Saqinqaliuli daxil edilmişdi.
Bu il iyunun 14-də Qazaxıstanın Almatı şəhərində
görkəmli qazax bəstəkarı Balnur Kıdırbekin
70 illik yubileyi münasibəti ilə keçirilmiş
"Ömür və incəsənət bayramı"
adlı konsertində dirijor A.Jayimın rəhbərliyi
altında Qazax Simfonik Orkestrinin ifasında S.Fərəcovun
"Koroğlu" freskası səslənib. Qeyd edək ki, həmin
tədbirdə B.Kıdırbekin "Xocalı
qurbanları" simfonik əsəri, eləcə də onun
yaradıcı-bəstəkar dostlarından - O.Qulbeyin
(Türkiyə), R.Kalimulinin (Rusiya), L.İzmagilovanın
(Başqırdıstan), M.Beqaliyevin (Qırğızıstan),
R.Nepesovun (Türkmənistan) da əsərləri ifa olunub.
Ümumiyyətlə "Koroğlu freskası" S.Fərəcovun
yaradıcılığında ən parlaq, uğurlu simfonik əsərlərdən
biri hesab olunur. Bu əsər ilk dəfə 14 dekabr 2012-ci il
tarixində Bəstəkarlar İttifaqının IX
Qurultayının konsert proqramında M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında dirijor Fəxrəddin Kərimovun
rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin ifasında səslənmişdir.
İlk ifadan böyük uğur qazanmış bu əsər
2013-cü ilin aprel ayında Kiyev şəhərində
baş tutan "Ukraynada Azərbaycan Musiqi günləri"
adlı konsertdə yenidən dirijor F.Kərimovun rəhbərliyi
ilə dinləyicilərə təqdim olunmuşdur. Bu
münasibətlə Ukraynalı jurnalist Aleksandr Moskalets
"Denğ" qəzetində
(2013) əsər haqqında belə yazmışdır:
"Konserti Sərdar Fərəcovun simfonik freskası olan -
"Koroğlu" əsəri açır. Əsərin ilk
xanələrindən musiqi dinləyicilərdə
tükürpədici hal yaratdı. Əlbəttə,
ukraynalı dinləyicilər Şərq koloritini, dinamikliyi və
həssaslığı gözləyirdi. Lakin dinlədiymiz
musiqi haqqında təəssürat gözləntilərimizdən
də artıq oldu. Koroğlu XVII əsrin dastan qəhrəmanıdır
və xalqı zülmdən azad edən cəsur şəxsdir.
Koroğlu obrazı çox qədim olsa da, musiqidə onun
obrazı bəstəkar tərəfindən elə təfsir
edilir ki, əsərin melodiyası yaşından və milliyətindən
asılı olmayaraq, hər kəsi valeh edir".
Dinləyicilərdə dərin təəssürat
yaradan "Koroğlu" freskası 2013-cü ilin may
ayında Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
R.Abdullayevin rəhbərliyi ilə BSO-nın ifasında,
2014-cü ildə Veytnamın Hanoy şəhərində,
2015-ci ildə isə qazax dirijoru Raxat Madreyevin ifasında Aktau
və Bakıda Qazax Milli Alətləri Orkestrının
ifasında, 21 mart 2025-ci ildə Yerkeali Rekmediev adına Qazax
Dövlət Akademik Filarmoniyasının Orkestrı tərəfindən
də ifa olunub. "Koroğlu" freskası daima Qazaxıstanda
uğurla səslənən və sevilən əsərlərdəndir.
Məhz bəstəkar B.Kıdırbekin də yubileyində əsərin
yenidən səslənməsi deyilənlərin təsdiqi kimi
öz əksini tapır.
Ümumiyyətlə, bəstəkarın "Azərbaycan
rəqsi", "Koroğlu freskası", "Türk
şöləni" əsərləri Qazaxıstanın, eləcə
də bir çox türk dövlətlərinin
türkçülük, dövlətçilik, vətənpərvərlik
simvoluna çevrilərək ürəkləri fəth etməyi
bacarıb.
Bəstəkar Sərdar Fərəcova bu münasibətlə
daim ictimai və bədii fəaliyyətində yeni-yeni
uğurlar və möhkəm cansağlığı arzulayırıq.
O, vətəninə layiqli xidmət edən dəyərli sənətkardır!
Humay FƏRƏCOVA-CABBAROVA
Musiqişünas
525-ci qəzet .- 2025.- 4 iyul(№114).-S.15.