Sağlığında qiymət verin insanlara...  

 

(Əvvəli ötən sayımızda)

 

Həsən Həsənovun zəngin həyat yolunda Azərbaycan Respublikasının tarixinin ən çətin vaxtlarında, xaricdən təcrid olunduğu, Qarabağ müharibəsinin gərgin fazasının yaşandığı dövrdə xarici işlər naziri olması xüsusi mərhələdir. Ona görə də, bu barədə ayrıca danışmaq istəyirəm. 1993-cü ildə Ulu öndər tərəfindən Həsən Həsənovun xarici işlər naziri təyin olunması, təcrübəli və intellektual bir şəxsiyyətin diplomatiyaya rəhbərlik etməsi baxımından strateji əhəmiyyət kəsb edirdi. Həmin ağır illərdə o, bir sıra ölkələrlə diplomatik münasibətlərin qurulmasına  və Azərbaycanın xarici siyasət xəttini müəyyən edən ilkin protokolların hazırlanmasına şəxsən rəhbərlik etdi, Azərbaycanın beynəlxalq aləmdə tanınması prosesi, BMT və ATƏT kimi qurumlarla daha aktiv əməkdaşlığın qurulması, xarici ölkələrdə ilk diplomatik nümayəndəliklərin  açılması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəviyə çıxarılması kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən bacarıqla gəldi. Həsən Həsənovun çıxışlarında və danışıqlarında təmkin, rasionallıq, diplomatik etika, ritorik məharət, tarixə dərindən bələdlik, intellektual zənginlik diplomatik münasibətlərin qurulmasında həlledici rol oynayırdı. Xarici işlər naziri olduğu dövrdə böyük təcrübəyə malik bir siyasətçi kimi ünsiyyətdə peşəkarlıq nümayiş etdirərək Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərə bilmişdi.

Həsən müəllim 2004-cü ildən 2010-cu ilədək Azərbaycanın Macarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. Həmin illəri Azərbaycan-Macarıstan dostluğunun intibah dövrü də adlandırmaq olar. Həsən Həsənov səfirliyi zamanı təkcə diplomatik əlaqələri gücləndirtməklə kifayətlənməmiş, elmi-mədəni layihələr, kitab nəşrləri, media və ictimai təşəbbüsləri birləşdirərək Azərbaycan-Macarıstan münasibətlərində əhəmiyyətli dönüş yaratmışdı. 60-dan çox Azərbaycan kitabı, o cümlədən "Dədə Qorqud", "Koroğlu" dastanları, Füzuli, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə və Heydər Əliyev haqqında çoxcildli nəşrlər macar dilində çap olunaraq böyük kitabxanalara təqdim edilmişdi. "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda beynəlxalq konfransların təşkili Həsən Həsənovun təşəbbüsü ilə sistemli şəkildə həyata keçirilmiş, böyük ali məktəblərdən biri olan Danube Universitetinin Elmi kitabxanasında Azərbaycan kitab guşəsi açılmışdı. Budapeştin böyük konsert salonlarında, Mərkəzi Avropa Universiteti kimi nüfuzlu məkanlarda mütəmadi klassik və xalq musiqisi konsertləri, o cümlədən muğam və simfonik musiqi gecələri, Azərbaycan rəssamlarının əsərlərindən ibarət, Azərbaycan musiqi alətləri, milli geyimləri, mətbəxi, digər mədəniyyət nümunələri ilə bağlı çoxsaylı sərgilər təşkil etmişdi.

2010-cu il martın 10-dan 13-dək Boloniya prosesinə üzv dövlətlərin təhsil nazirlərinin Konfransında iştirak etmək üçün getdiyim bu səfərdə ən çox yadımda qalan və məni heyrətləndirən səfirliyimizin tərtibatı idi. Artıq on iki il idi ki, nazir idim və müxtəlif ölkələrdə ezamiyyətdə olarkən mütləq səfirliklərdə olur, həm səfirlə, həm də respublikamızı bu yad ölkədə təmsil edən bina ilə, oradakı şəraitlə yaxından tanış olurdum. Açığını desəm, yəqin heç kəs inciməz, Budapeştdəki səfirlikdə gördüyüm cah-calal, təmtəraq, ölkənin və xalqın təqdimatı üçün yaradılan şəraiti heç yerdə görməmişəm. Elə bil Azərbaycanın ən dilbər guşəsində, ən gözəl şəhərində, ən füsunkar mənzərəsinin önündəsən. O zaman Şuşanın azad olunmasına hələ 10 il qalırdı, ancaq elə bil Şuşa qalasının yanında dayanıb Cıdır düzünü seyr edirsən, ya da Həkəri çayının sahilindəsən... Həsən müəllim nə mümkündürsə etmişdi, tablolar, fotolar, albomlar, xəritələr, əyani vəsaitlər, bayraqlar... Elə zənn etdim ki, Azərbaycan tarixi muzeyindəyəm, ya da Qobustanda, Yanardağda, Atəşgahda... İnsanda nə qədər vətən sevgisi olarmış!!!

Həsən Həsənov yalnız məsələnin görünən tərəfi ilə məşğul olan, necə deyərlər, "gözə kül üfürmək üçün" işləyən şəxslərdən deyil. Macarıstanda səfir işləyəndə də Gəncədə rəhbər olduğu kimi vəzifəsinə bütün varlığı ilə bağlanan, bütün enerjisini bu istiqamətə yönəldən, mümkün ola bilən hər şeyi edən bu insan Azərbaycan alimlərini Budapeştə dəvət edərək onları Macar-Azərbaycan xalqları arasında qohumluq əlaqələrinin araşdırılması istiqamətində tədqiqatlara yönləndirmişdi. Türk dünyasının, Macarıstanın tanınmış türkoloqlarının iştirakı ilə bu mövzuda bir neçə elmi konfrans, simpozium və digər tədbirlər keçirən Həsən müəllim etimologiyaları haqda müxtəlif mülahizələr mövcud olan Macarıstan cəmiyyətində onların almanlardan, slavyanlardan, romalılardan, keltlərdən daha çox türklərə bağlı olması barədə fikir formalaşdıra bilmişdi. Bu, çox gərgin bir işin, həm də milli dəyərlərə səmimiyyətlə bağlılığın ən bariz nümunəsi hesab oluna bilər. Bu gün Macarıstanın dövlət başçısının Türk dövlətləri toplantılarında müşahidəçi kimi iştirak etməsini heç bir mübaliğəyə yol vermədən Həsən Həsənovun o illərdəki xidmətləri ilə bilavasitə bağlı hesab etmək olar.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 2013-cü il yanvarın 30-dan fevralın 3-dək Avropa Şurasının Parlament Assambleyasının tədbirində iştirak etmək üçün Polşada olduğum günlərdə də analoji hadisələrin şahidi olmuşam. Həm səfirlik kiçik bir Azərbaycan idi, həm də sanki Polşanın qonşusu, müttəfiqi, dostu yox idi, onun ürəyi yalnız Azərbaycanla döyünürdü. Hər yerdə Azərbaycan rəmzləri, konsertləri, sərgiləri, gecələri, konfransları gedirdi, Azərbaycan alimləri Polşa-Azərbaycan elmi münasibətlərini, xalqların tarixi bağlılığını, dostluğunu, Azərbaycan Cümhuriyyəti nümayəndələrinin mühacirət dövrünü yaşadığı Polşa mühitini, ədəbi əlaqələri və digər məsələləri öyrənməyə cəlb edilmişdi, Azərbaycan ədəbiyyatı nümunələri polyak dilinə tərcümə edilərək kitabxanalara bağışlanılırdı, kitab mağazalarında satılırdı, 2017-ci ildə Varşavada "Polşanın və Azərbaycanın müstəqilliyi uğrunda döyüşən qəhrəmanlar" abidəsi açılmışdı və s. Bütün bunların isə bircə səbəbi var idi - Həsən Həsənov həmin dövrdə Polşada səfir idi!

Yeri gəlmişkən qeyd edim ki, Polşada səfir olarkən, 2011-ci ilin əvvəllərində mənə zəng etmişdi: "Misir müəllim, Polşa universitetlərində Azərbaycan dilini öyrənmək istəyirlər (!!!), tələbələr üçün "Azərbaycan dili" kitabının hazırlanmasında mənə köməyiniz lazımdır".

Ona belə nəcib işin müqabilinə nə cavab vermək olardı? Axı dünyanın onlarla ölkəsində səfirliyimiz var, onların heç birində Azərbaycan dilini öyrənmək istəmirlər, necə olub ki, bircə Polşada qəfildən dilimizə maraq əmələ gəlib. O da başqaları kimi ildə üç-dörd tədbir keçirməklə günlərini keçirə bilərdi, istirahət edərdi, Polşanın gəzməli, görməli yerlərinə səfər edərdi, ancaq oranın təhsil naziri ilə, universitetlərin rektorları ilə görüşüb, onları inandırıb ki, Azərbaycan dilinin tədrisi olduqca vacibdir, indi də mənə zəng edib, bu qədər vaxt itirib, əsəb sərf edib, müxtəlif cavablara hazır olaraq dediyini həyata keçirmək əzmindədir. Axı nəyə görə? Beləsinə başqa nə demək olardı:

- Baş üstə, Həsən müəllim!

Nəşriyyat şöbəsinin müdirini və digər əlaqədar şəxsləri dəvət etdim, oturub xeyli müzakirə etdik. Kitabın polyak dilində yazılması, əlifbadan müasir dilimizə, ədəbiyyatımıza qədər bütün sahələri əhatə etməsi, aydın, anlaşıqlı, həm də maraqlı, cəlbedici olması üçün təklifləri dinlədim, ümumi qərara gəldik. Polyak dili üzrə Dillər Universitetindən Fəridə Səfiyeva adlı bir mütəxəssis tapdıq, onun Azərbaycan dilini və dilçiliyini də mükəmməl bilməsi haqda dəqiqləşdirmə apardıq. Sonra həmin xanımı dəvət edib mütəxəssislərlə birlikdə kitabla bağlı geniş müzakirə keçirdik, nəhayət bir müddətdən sonra dərslik hazır oldu. Həmin xanımı kitablarla birgə Varşavaya yola saldıq, beləliklə, Həsən müəllimin fədakarlığı nəticəsində Polşa universitetlərində dilimiz tədris edilməyə başladı.

Polşada səfir işlədiyi 2018-ci ildə (o vaxt Riyaziyyat və Mexanika İnstitutunun direktoru idim) Həsən müəllim mənə zəng etdi ki, Nəsirəddin Tusi ilə bağlı yeni tədqiqatlar aparmağa başlamışam və çox maraqlı faktlar üzə çıxarmışam. Bakıdan bu işə dəstək verilməsi barədə araşdıranda gördüm ki, onunla bağlı az-çox rəhbərlik etdiyiniz İnstitutda işlər görülüb, konfranslar keçirmisiniz, ona görə də Sizə zəng etmişəm.

Yenə də bu insanın əməksevərliyinə, patriotluğuna heyrət edib düşündüm ki, ay Həsən müəllim, axı Sizin nəyinizə lazımdır Nəsirəddin Tusi? İxtisasınız mühəndislik, vəzifəniz səfirlik, doktorluq işiniz isə tarixin fəlsəfəsindən. Astronom, riyaziyyatçı Nəsirəddin Tusi hara, tarixin fəlsəfəsi, yaxud səfirlik hara?! Ay qardaş, sakitcə otur səfirliklə məşğul ol, qoy biz də günümüzü keçirək də... Ancaq Həsən Həsənov bir çərçivədə qalıb hadisələri seyr etməklə məşğul olan insanlardan deyil. Vətənin hər kiçik uğuru onun nəhəng sevinc mənbəyi, hər şəxsiyyəti onun ürəyini dağa döndərən ümid çırağıdır! O ki qalsın Nəsirəddin Tusi kimi görkəmli tarixi simalar ola!  Söhbət edəndə yana-yana deyir ki, mən etməsəm, sən etməsən, kölgədə qalmışların, unudulmuşların üstündən tozu kim silib bu xalqa tanıdacaq? Axı xalq bizə savad verib, səlahiyyət verib, şərait yaradıb ki, onun ümidlərini doğruldaq, ona xidmət edək, onun dünya boyda şöhrətə layiq olsa da, tanınmayan şəxsiyyətlərini özünə qovuşduraq!

Onun yanğı ilə danışdığı məsələlərdən biri də belədir: "Dünyanın çox yerində olub görmüşəm ki, bizim dahilərin əlinə su tökməyə layiq olmayan birisini o qədər tərifləyib dağ başına qoyublar, adlarına küçələr, aeroportlar, muzeylər, heykəllər düzəldiblər, adlarını dərsliklərə salıblar və dünyaya reklam ediblər ki, bunun tayı bərabəri yoxdur və cəmiyyət də onu olduğu kimi yox, elə təqdim edildiyi kimi tanıyır. Bizim şəxsiyyətləri nə özümüz tanıyırıq, nə də dünyaya tanıdırıq..."

...Razılaşdıq ki, Bakıya gələndə bu məsələni ətraflı müzakirə edərik. Bir müddət keçmişdi ki, gəldi və birlikdə Akademiyanın o vaxtkı prezidenti Akif Əlizadənin qəbuluna getdik. Nəsirəddin Tusi ilə bağlı Həsən müəllimin elmi əsaslarla ətraflı məlumatlarından, dəmir məntiqli fikirlərindən sonra qərara gəldik ki, Akademiyada onun adına Mərkəz yaradılsın və Həsən müəllim də həmin Mərkəzin rəhbəri olsun. Doğrusu, belə böyük, dünyanın bərkini-boşunu, dürlü-dürlü vəzifələrini, çətinliklərini və xoşbəxliklərini görmüş bir insanın Nəsirəddin Tusi Mərkəzinin açılması barədə ilkin razılaşmadan bu qədər sevinəcəyini gözləmirdim. Elə bil dünyanı ona bağışlamışdılar, ayrılana kimi Nəsirəddin Tusinin xidmətlərindən, onu dünyaya tanıtmaq üçün bu Mərkəz vasitəsilə görməyi planlaşdırdığı işlərdən ürək dolusu danışdı. Ancaq sən saydığını say, gör fələk nə sayır, deyiblər... Akif Əlizadə bizim planlarımız barədə Prezident Administrasiyasında məlumat verəndən sonra (ştatların açılması, bina ayrılması və digər texniki problemlər üçün razılaşdırılmaq zəruri idi), Ramiz Mehdiyev ömrü boyu məhz milli təəssübkeşliyinə görə kölgəsini qılıncladığı Həsən Həsənovun adını eşidən kimi etirazını bildirib, "bir Nəsirəddin Tusi qalmışdı mərkəzini açaq?!" deyərək qəti imtina edib. Bununla da, necə deyərlər, "qurduğumuz xəyallar", əksər hallarda olduğu kimi, bir məmurun subyektiv münasibətinə görə ürəyimizdə qaldı.

Doğrusunu deyim ki, bir müddət sonra həmin hadisəni tamam unutdum, işdə, ailədə, həyatın digər sahələrində baş verən müxtəlif əhvalatlar xalqımızın böyük bir nümayəndəsi ilə bağlı yaratmaq istədiyimiz o Mərkəzin planlarının üzərini yavaş-yavaş bağladı və bir də 6 il sonra bərk təəssüfləndim ki, kaş o Mərkəz açılmış olaydı. 2024-cü il iyulun 3-də Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Nəsirəddin Tusiyə həsr olunmuş "Riyaziyyat və mexanikanın müasir problemləri" adlı XI beynəlxalq konfrans keçirməyi planlaşdırmışdıq. Elanları, bildirişləri mətbuatda yerləşdirəndən sonra Həsən müəllimdən zəng gəldi:

- Misir müəllim, Nəsirəddin Tusi ilə bağlı tədbir keçirirsiniz, bəs mənə niyə demirsiniz?

- Ay Həsən müəllim, bu, riyaziyyatçıların toplantısıdır, Sizi narahat etmək istəmədim.

Əslində, onun Nəsirəddin Tusi ilə əlaqədar olan söhbətləri unutmuşdum deyə, Həsən müəllimə demək heç yadıma düşməmişdi. Digər tərəfdən fikirləşmişdim ki, riyaziyyatla bağlı belə tədbirə görə, artıq heç yerdə işləməyən, Bakıda sakit bir həyat yaşayan bu görkəmli şəxsiyyəti narahat etmək düzgün olmaz. Demə, o, heç də sakit həyat yaşamır, bütün günü oxumaqla, yazmaqla, xalqı üçün faydalı nə isə etməklə məşğul olaraq kifayət qədər gərgin bir ömür sürür.

- Misir müəllim, heç bir narahatlığı yoxdur, icazə versəniz, mən də iştirak edərəm, imkan olsa, çıxışım da ola bilər.

- Böyük məmnuniyyətlə, Həsən müəllim, təki Siz gəlin!

İyulun 3-də keçirilən tədbirdə məndən savayı, Akademiyanın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əminağa Sadıxov, Türkiyədən və Özbəkistandan gələn tanınmış alimlər və başqaları çıxış etdilər, Həsən Həsənov da danışdı. Bir həqiqəti etiraf etmək istəyirəm ki, uzun müddət bu çıxışlara hazırlaşmış, ixtisas yönümü yaxın olan biz alimlərin çıxışı bir tərəfə oldu, diplomat, siyasətçi, tarixçi alim, inşaatçı Həsən Həsənovun çıxışı bir tərəfə. Bu insan həmin çıxışla nə qədər zəngin bir şəxsiyyət, dərin analitik təfəkkür sahibi, mükəmməl biliyə malik alim, xalqı, vətəni ürəkdən sevən patriot, yüksək natiqlik məharətinə malik istedad olduğunu bir daha sübut etdi. Biz hamımız Nəsirəddin Tusini xalqın fəxri olan bir riyaziyyatçı alim kimi səciyyələndirdik (bir az da bir-birimizi təkrar edib şablon cümlələr işlətdik), o isə Azərbaycanda astronomiya ənənəsindən, Tusinin dünya elmində və xəritəçilik elmində rolundan, eləcə də böyük mütəfəkkirin milli-mənşəyindən, Tusinin yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsi olmasından, onun elmi irsinin, zəngin yaradıcılığının daha dərindən öyrənilməsinin zəruriliyindən elmi əsaslandırmalarla elə maraqlı danışdı ki, hamımız heyrət etdik.

Elə bil ömrü boyu nə xarici işlər naziri olub, nə Gəncənin rəhbəri, nə diplomatik fəaliyyət göstərib, nə də Baş nazir vəzifəsində işləyib, bütün həyatını Nəsirəddin Tusiyə həsr edib, onu araşdırıb, öyrənib, indi də uzun onilliklər boyu öyrəndiklərini bizə danışır. Bəs görəsən, hər biri 300-500 səhifə olan və Əlimərdan bəy Topçubaşova həsr edilən "Top gurultusu altında diplomatiya", Azərbaycan və bütün müsəlman dünyası tarixində ilk demokratik respublikanın müstəqilliyinə gedən yolunu və yaranması prosesini əks etdirən "Birinci Respublikaya aparan yolda", Bakı bütpərəstlik kompleksini, Bakı Qız qalasını, Qobustanın nadir qayaüstü təsvirlərini hərtərəfli tədqiq edən "Bakı tanrıçılıq kompleksi", Antik dövr Azərbaycanının görkəmli dövlət xadimi Atropat və onun Makedoniyalı İsgəndərlə əməkdaşlığına dair "Makedoniyalı İsgəndər və Atropat", Bakının, Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açan "Bakı Qız qalası", Ümummilli lider Heydər Əliyevə həsr edilmiş  "Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr" kitablarını və digər çoxsaylı və çox sanballı elmi əsərləri kim yazıb?! Nə vaxt yazıb?! Necə çatdıra bilib?!

Vətənpərvərliyi dilə gətirmək asandır, onu əməllərdə yaşatmaq isə çox çətindir. Həsən Həsənov bu çətin yolu seçənlərdən olub - ömrü boyu səhnədə yox, səhnəarxasında vətən üçün çalışıb. Doğru deyilmişdir ki, "vətənpərvərlik içki məclislərində boğazdan yuxarı xalqın şərəfinə tost demək, "Qarabağ" havası ilə rəqs eləmək deyil", Vətən üçün nə isə etməkdir. Onun həyat yoluna baxanda milyonlardan fərqli bir tale görmək olur. İnsanların əksəriyyəti kimi sabit və hamar, necə deyərlər, "düzxətli, bərabərsürətli" yol keçməmişdir, bir ömürdə gah inşaatçı, gah mühəndis, gah səfir, gah iqtisadçı, gah Baş nazir, gah xarici işlər naziri, gah BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, gah İcra başçısı, gah Mərkəzi Komitənin katibi, gah da unudulmuş bir ziyalı... Bütün bu müxtəlifliyi birləşdirən isə Vətən sevgisi və fədakarlıq hesab edilə bilə...

Bu gün 85 yaşında da yorulmadan, gənclik həvəsi ilə çalışan Həsən Həsənov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsidir. 60-70 il bundan əvvəl olduğu kimi, bu gün də nəcib duyğularla, böyük arzularla yaşayır-Türk xalqlarının vahid amallar və məqsədlər yolunda birləşməsi ən müqəddəs istəklərindən biridir, yaxın onilliklərdə bu arzusunun həyata keçəcəyinə inanır. Biz də 15 il sonra qeyd ediləcək yubileyində özünün bu xəbəri xalqımıza çatdırmasını arzulayırıq!

Həsən müəllim haqqında kitab-kitab məqalə yazmaq olar, saatlarla danışmaq olar, nə yorularsan, nə bezərsən, nə də mövzu bitər! Ancaq mən bu yazını yekunlaşdırmaq istəyirəm və sonda tariximizin Qızıl fonduna daxil olan bu insanla bağlı Xalq şairi Cabir Novruzun bir misrasını qeyd edirəm: "Sağlığında qiymət verin insanlara..."

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

525-ci qəzet .- 2025.- 4 iyul(№114).-S.14;15.