Qohum evliliklərini qadağan edən
qanun təsdiqləndi
Azərbaycanda əmi, xala, bibi və dayı
uşaqlarının evliliyini qadağan edən qanun təsdiqləndi.
Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik
Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə
mindi. Dəyişikliklə nikahın bağlanmasına mane
olan halların sayı artırılır. Layihədə
aralarında nikahın bağlanması yol verilməyən
subyektlər dairəsinin genişləndirilməsi ilə
bağlı təkliflər də irəli sürülüb.
Belə ki, bu problemdən əziyyət çəkən
dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan
qohumları arasında bağlanan nikahlar nəticəsində
doğulan uşaqlarda genetik xəstəliklərin olması
riski olduqca yüksəkdir.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən,
yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə
və nəvələr, doğma və ögey (ümumi ata və
anası olan) qardaş və bacılar), övladlığa
götürənlər və övladlığa
götürülənlər, ikisindən biri və ya hər
ikisi başqası ilə nikahda olan şəxslər, bu Məcəllənin
13-cü maddəsində nəzərdə tutulmuş tibbi
müayinədən keçməyən şəxslər,
ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və
ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər
arasında nikahın bağlanmasına yol verilmir.
Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib.
Millət vəkili Razi Nurullayev bunu genofondumuzun
qorunması baxımından mühüm addım
adlandırıb: "Qohum evliliklərinin qadağan olunması
ailə sağlamlığı və milli genofondumuzun
qorunması baxımından mühüm addımdır.
Artıq sabahdan etibarən Azərbaycanda qan qohumları
arasında nikahın qanunla qadağan edilməsi ilə
bağlı qanun qüvvəyə minir. Bu qanun dəyişikliyini
bəyənir, onu cəmiyyətin sağlam gələcəyi
naminə atılmış vacib bir addım kimi qiymətləndirirəm".
Deputat qohum evliliklərinin hüquqi şəkildə
qadağan olunmasını tam dəstəklədiyini bildirib:
"Uzun illərdir ki, elm adamları və səhiyyə
mütəxəssisləri yaxın qohumlar arasında qurulan
nikahların genetik xəstəliklərin yayılmasına səbəb
olduğunu bildirirdilər. Cəmiyyətin rifahı, gələcək
nəsillərin sağlam böyüməsi üçün
bu risklərə biganə qalmaq olmazdı. Ona görə də
qohum evliliklərinin hüquqi şəkildə qadağan
olunmasını tam dəstəkləyirəm. Bu addım təkcə
tibbi baxımdan deyil, sosial və psixoloji mühitin
sağlamlaşdırılması baxımından da önəmlidir.
Ailə institutu cəmiyyətin təməlidir. Onun sağlam
və davamlı şəkildə qurulması
üçün hüquqi mexanizmlər lazımdır. Bu qərar
ailə dəyərlərinin qorunmasına, sağlam və vətənə
yararlı övladların yetişməsinə töhfə
verəcək".
Bu sahədə maarifləndirmə işlərinin
aparılmasının vacibliyindən danışan millət vəkili
daha çox ucqar bölgələrdə yaşayanlar məlumatlandırılmalı
olduğunun vacibliyini xüsusi qeyd edib: "Bu sahədə maarifləndirmə
işlərinin aparılması da gücləndirilməlidir.
Cəmiyyətin bütün təbəqələri,
xüsusilə də ucqar bölgələrdə yaşayan
insanlar bu dəyişikliklərin səbəbləri və
faydaları barədə məlumatlandırılmalıdır.
Media, təhsil, vətəndaş cəmiyyəti, aidiyyəti
dövlət qurumlarının, o cümlədən din xadimlərinin
bu prosesdə fəal rol oynamaları vacibdir".
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qohum
evlilikləri tarixən yaşayış tərzindən irəli
gəlib: "Sadəcə əldə olan imkanın, eləcə
də var-dövlətin başqa şəxsə keçməməsi
kimi məsələlər qohum evliliklərini
aktuallaşdırıb. Xüsusilə, ikinci və
üçüncü dərəcəli qohumlar arasında
nikahlar çox olub. Bu nikahlar genefondun
sağlamlaşmasına, onun yeni genlər götürməsinə
maneə olub. Belə ki, uşaq hər iki valideyndən gen
götürür. Azərbaycanda talasemiya, o cümlədən,
müxtəlif genetik, xromosom xəstəliklər var. Təəssüf
ki, bu xəstəliklərin sayı da az deyil".
Onun sözlərinə görə, iki qohum evlənirsə
və onların hər ikisi xəstədirsə,
uşağın normal genlər götürmək imkanı məhdud
olur: "Bu da xəstəliklərin yayılmasına gətirib
çıxarır. Bu baxımdan qohum evliliklərinin
qadağa olunması müsbət haldır. Genefondun sağlamlığının
qorunması üçün bu addım atılmalı
idi".
Həkim-pediatr Vaqif Qarayev deyir ki, təkcə əmiqızı,
əmioğlu yox, lap uzaq qohumların da evlənməsi
arzuolunmazdır. Çünki xromosom kodunda eynilik var, indi
olmasa da, gələcək nəsillərdə dəyişiklik
ehtimalı həddindən artıq çoxdur. Ona görə
də, bizdə irsi genetik xəstəliklər
çoxalıb. Bu problem təkcə bizdə deyil, yəhudilərin
də müəyyən bir qolu var ki, onlarda da yaxın qohumla
evlənirlər. Ancaq dünya miqyasında müsəlman
arealında qohum evlilikləri daha çoxdur, ən çox isə
ərəb ölkələrindədir: "Azərbaycanın
çox böyük bir kəndində beynəlxalq təşkilat
qohum evliliklərinin monitorinqini aparıb, hesabatda ortaya
çıxıb ki, əksəriyyəti qohumu ilə evlənib.
Mən elə bir ailə tanıyıram ki, yaxın qan qohumu
ilə evlənib, 4 uşağın 4-də də əqli və
fiziki qüsur var. Soruşuram ki, bunların ikisi xəstə
doğuldu, digərlərini niyə müayinələr
aparmadan dünyaya gətirirsiniz? Cahillikdir və deyirlər ki,
Allahın verdiyi paydır. Bu gün də bu yanaşma var.
İstənilən xəstəliyin öhdəsindən gəlmək
olar, ancaq irsi-genetik xəstəliklərə təbabət
heç nə edə bilmir. Qohum evliliklərində irsi xəstəliklərin
olması ehtimalı çoxdur, insanlar bunu
anlamalıdırlar. Bəlkə də cahillik dövründə
bunun izahı var idi. Ancaq maraqlıdır ki, indi təhsili olan
insanlar da var ki, övladını yaxın qan qohumu ilə evləndirir".
Pediatrın sözlərinə görə, məhz bu
səbəbdən irsi-genetik xəstəliklər sürətlə
artır, Azərbaycanda ən çox yayılan
talassemiyadır: "Autizmin isə səbəbləri tam bəlli
deyil, irsi-genetik faktorun da rolu var. Ancaq Avropada da autizm geniş
yayılıb, hərçənd onlarda qohum evlilikləri
yoxdur. Yeni doğulan uşaqlara 7 gün ərzində daban
testləri olunmalıdır, orada 4 çox ağır xəstəliyin
ilkin diaqnostikası aşkar olunur. Ana bətnində Daun xəstəliyinin
diaqnostikası mümkündür, laborator analizlərlə,
ultrasəs müayinəsi ilə təyin edirlər. Yaxın
qohumların nikahından olan hamiləliklərində xromosom
patologiyaları ola bilər, bəzi klinikalarda bunu təyin etmək
mümkündür. Əqli və fiziki qüsur yaradan
xromosomları müəyyən etmək olur. Qohum evliliklərində genetik istiqamətdə müayinə
çox vacibdir. Daun xəstəliyi hamiləliyin elə
dövründə aşkarlanır ki, ana onda uşağı
məhv etmək və ya
dünyaya gətirməklə bağlı seçim
qarşısında qalır. İndi bir humanist yanaşma var.
Çünki Daunla doğulan uşaqlar arasında kifayət qədər
intellektli olanlar da var. Ancaq valideynlər göz dağı
görmək istəmirsə, yaxşı olar ki, qohum evliliklərindən
uzaq olsunlar. Təbabət bunun qarşısında acizdir.
Diaqnostikasında irəliləyişlər olsa da, müalicəsi
ilə bağlı heç nə edə bilmirik. Talassemiya isə
nikaha gedən şəxslərin qan analizi ilə müəyyən
olunur. Əgər cütlükdə hər iki tərəf
talassemiya daşıyıcıdırsa, artıq onların hər
4 övladından biri talassemiya xəstəsi ola bilər.
Problem odur ki, bu mərhələdə artıq gənclər
nikaha girir, toy ərəfəsindədir, bəzən nə
çıxsa da, nikahdan imtina etmirlər. Bu xəstəliyin
müalicəsi müəyyən qədər var, xəstəyə
sümük iliyi köçürülür. Ancaq risk etməyin
mənası yoxdur. Təbabət məsləhət
görür ki, iki daşıyıcı evlənməsə,
yaxşıdır. Bundan başqa, qohum evlilikləri ilə
irsi karlıq və korluq, ürək xəstəlikləri
ötürülə bilər. Epilepsiyada, ürək
patologiyalarında da irsiyyətin çox böyük əhəmiyyəti
var. Ona görə bir daha vurğulayıram ki, yaxın qohumla
evlənmək düzgün deyil".
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, həyatımızın
çox hissəsi ailədə keçir. Ailə cəmiyyətin,
dövlətin çox vacib bir nüvəsidir, əsasıdır.
Buradakı atmosferdən, münasibətlərdən insanlar
arasında, cəmiyyətdə, onun müxtəlif təbəqələri
arasında, ən əsası, dövlət və onun
qarşısına qoyduğu hədəflərə
çatmaq istiqamətində çox şey
asılıdır. Biz bu ailədə hansı mühitə
malik oluruqsa, buradakı böyüklər, kiçiklər,
1-ci, 2-ci, 3-cü dərəcəli yerlərdə dayanan
insanlar, eynilə bu sosial mühitdə əldə etdiklərini
cəmiyyətə daşıyırlar. Qanunlara münasibətdə
ona daha çox üstünlük verirlər, öhdəliklərindən,
məsuliyyətlərindən daha çox istəklərini,
arzularını bu istiqamətdə söyləməyə
çalışırlar: "Qohumlar arasında nikah
halları və bunun törətdiyi fəsadlar digər
ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətində
də narahatlıq doğuran aktual ailə məsələlərindən
biri idi. Belə nikahların baş verməsi bir çox
hallarda sağlamlıq imkanları məhdud uşaqların
dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən
həssas qrupların sayının artmasına səbəb
olurdu. Elmi araşdırmalar göstərir ki, qan qohumları
arasında bağlanan nikahlar nəticəsində doğulan
uşaqlarda genetik xəstəliklərin olması riski olduqca
yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən
əziyyət çəkir. Təəssüf ki, Azərbaycanda
da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək
mümkündür".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 4 iyul(№114).-S.13.