Söz də aciz qalanda...
Esse
- Tərcüməçi Seyfəddin Hüseynli sənin
"525"dəki redaktorun Seyfəddin müəllimdir?
- Nolub ki? - qəfil ilan vurmuş kimi oturduğum yerdən
dik atılıram. Lənətə gəlsin bu zəmanəni,
o qədər qəfil acılara öyrəşmişik ki (ya
da öyrəşməmişik!), birinin adı çəkiləndə
artıq beynimizə ən pis ehtimal gəlir. Cavabını
gözləməyə səbrim çatmır, təkrar və
bu dəfə daha böyük qorxu ilə soruşuram: - Nə
olub axı?
- Odur?
- Hə də, odur, nə olub Seyfəddin müəllimə?
- Seyfəddin müəllimin iki qardaşını
Rusiyada öldürüblər...
Bu beş-üç kəlməlik cavab almaq istədiyim
nəfəsi zərblə sinəmin düz ortasına
çırpdı elə bil. Elə çırpdı ki, zərbədən
nəfəsim kəsildi bir anlıq, nəsə demək istəsəm
də, səsim çiliklənib boğazıma
dağıldı, təkcə zəif xırıltı
qaldı geriyə:
- Dəqiq Seyfəddin müəllimin
qardaşlarıdır?
Bu dəfə onun tanış, doğma
simasının şəkilləşmiş əksini göstərir.
Daha qaçacaq yerim qalmır. İndicə aldığım
xəbərin təlaşından əlimdən
saldığım telefonumu axtarıram ürəyim əsə-əsə.
Tapıb birbaşa feysbuku açıram. İlahi, ortaq
tanışların hamısı eyni xəbəri
paylaşıb, bütün saytlar eyni hadisəni tirajlayıb.
Birtəhər özümdə güc tapıb linklərdən
birini açıram: "Bu gün Rusiyanın Yekaterinburq
şəhərində OMON dəstəsi Ziyəddin və
Hüseyn Səfərovların evinə basqın edib. Bu barədə
Səfərovların qardaşı, "525-ci qəzet"in
baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.
"İki qardaşımı da işgəncə ilə
öldürüblər", - deyə Seyfəddin Hüseynli
bildirib".
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq
şəhərində baş verən amansız basqın nəticəsində
Seyfəddin müəllimin iki qardaşı - bizim həmvətənlərimiz
- gecə saatlarında güc strukturlarının əməliyyatı
zamanı vəhşicəsinə qətlə yetiriliblər.
Eyni anda 10 evə edilən basqın nəticəsində əksəriyyəti
Səfərovlar ailəsindən olmaqla çox sayda
soydaşımız xüsusi amansızlıqla həbs edilib,
bəziləri ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib, bəzilərindən isə hələ də
heç bir məlumat yoxdur. Əslində, baş verənlərə
"əməliyyat" adı verilsə də, ortada qətl
var. Həm də bu, təkcə bir şəxsin, bir ailənin
faciəsi yox, bütöv bir topluma göz dağı verilməsidir.
lll
Bir vaxtlar elə bilirdim dünyadakı ən uca
qüvvə əlahəzrət sözdür. Onun
qarşısında hər şey, hər kəs acizdir. Amma həyat
mənə yanıldığımı göstərdi.
Gördüm ki, sözün də aciz qaldığı məqamlar
var, bəzən heç onun da gücü çatmır nələrəsə...
Bəzən bir insanın baxışlarına sığan
faciə bütöv bir ölkənin can
yanğısını təmsil edə bilərmiş. O
baxışlar ki, orada həm sükut, üsyan var, həm də
bütün bunlara rəğmən, ləyaqət,
sarsılmaz qürur...
Seyfəddin Hüseynli - adı ədəbiyyatla, mədəniyyətlə,
nəcibliklə, zəka və vicdanla assosiasiya olunan insan - bu
dəfə bir qələm adamı kimi yox, bir qardaş, bir
oğul kimi durur qarşımızda. Bu gün onun
bütün həyatı boyunca qurduğu səbr, təmkin və
etika divarları üzərinə müsibətin ən
ağır yumruğu dəyib.
30 iyun 2025-ci il, Bakı...
"525-ci qəzet"in baş redaktor müavini,
tanınmış tərcüməçi, ədəbiyyatşünas,
sözə və insanlığa vicdanla yanaşan Seyfəddin
Hüseynli qardaşlarının cənazəsini
qarşılayır. Yox, Seyfəddin müəllim həmin gecə
o hava limanında, əslində, təkcə iki
qardaşını deyil, bir ömrün, bir ailənin, bir
toplumun, bir ruhun, bir inamın dağıntılarını
qarşılayırdı.
Sükutun ən ağır, nəfəs kəsən
şəkli...
Bu, əzizdən əziz bir insanın öz əzizlərinin
cənazəsini gözlədiyi anın rəsmidir... O
baxışlara çökmüş kədər, o gözlərə
hopmuş çarəsizlik heç bir ssenaristə
yazdırıla bilməyəcək qədər real, heç
bir aktyora oynadıla bilməyəcək qədər acı
idi.
O duruşda, o baxışlarda nələr yoxdu ki? O
baxışlarda sükutun içində çırpınan
fəryad, təmkinə bürünmüş qəzəb və
bütün yaşananlara rəğmən, ləyaqətlə
ayaqda qalmaq cəhdi vardı. O baxışlar hər şeydir:
iki qardaş itkisi, haqsızlığa, ədalətsizliyə
qarşı qəzəb, zülmə nifrət, çarəsizliyin
iztirabı və qəlbinə pərçimlənmiş,
çiyninə yüklənmiş dağlara qarşı dik
dura bilməyin ilahi gücü...
Söz adamıdır Seyfəddin Hüseynli.
Jurnalistikada öz dəst-xətti olan, tərcüməçilikdə
ustalığı, ədəbiyyatşünaslıqda dərinliyi
ilə seçilən bir qələm sahibidir o. Amma biz, yəni
onunla illərlə eyni redaksiyanı paylaşanlar onu təkcə
peşəkar yox, əxlaq və mərifət simvolu, nəciblik
abidəsi kimi tanımışıq. Mənim
üçün Seyfəddin müəllim bu dünyada
tanıdığım ən nurlu beş-üç insandan
biridir. Səkkiz ildən artıqdır ki,
çiyin-çiyinə çalışırıq. O, mənim
üçün sözə münasibəti, insana
baxışı, zəmanənin haqsızlıqlarına
qarşı təvazökar dirənişi ilə örnək
olmuş insandır. O, mənə təkcə jurnalistika deyil,
həm də və ən vacibi həyatı,
insanlığı öyrədən şəxsiyyətlərdən
biridir. Mənim müəllimimdən öyrəndiyim ən
böyük dərs, heç zaman unutmadığım bir
cümləsi var: "Bu həyatda hər şey olur və hər
şey insanlar üçün olur, istəsək də, istəməsək
də... Biz bunu yaşamalı və bir yolla bundan keçməliyik".
Həmin gün - doğmalarının nəşini hava
limanında qarşıladığı gecə jurnalistlərə
verdiyi müsahibəsində də içindəki
ağrını ən dərinlərə basdırıb təmkinini,
qürurunu əldən verməyən müəllimim yenə
bənzər cümlə işlətdi: "Həyatın bu
günü də var..."
Ömrünü, həyatını insanlığa, ədəbiyyata,
sözə həsr etmiş Seyfəddin müəllim kimi bir
insanın belə bir ağrını, belə bir faciəni
yaşaması heç bir ədalət anlayışına
sığmır. 21-ci əsrin ilk qərinəsini
yaşadığımız dövrdə belə bir ədalətsizliyə
susmaq, bu faciəyə laqeyd qalmaq daha böyük zülmə
boyun əymək deməkdir. Ona görə də Seyfəddin
müəllimin o baxışı yüz illər sonra da
yaddaşlardan silinə bilməz. Çünki o fotoda, o
baxışlarda təkcə bir insanın deyil, böyük
bir toplumun boğazında düyünlənmiş sükut
var. O baxış bir portretdir, bütövlükdə
hamımızın ağrımızın siması olan
portret..
Bu gün Seyfəddin müəllim bir qardaş, bir vətəndaş,
bir insan kimi sınaqdan keçir. Və biz - onun həmkarları,
dostları, oxucuları - bu sınaqda onun yanında
dayanmağa, onu tək buraxmamağa borcluyuq. Çünki o,
bu ölkənin ləyaqət simalarından biridir. Ləyaqət
sahiblərinə çəkdirilən hər acı bu
dünyanın utancıdır.
İndi isə o şəkilə yenidən baxın. O
şəkil tarixə şahidlikdir, insanlığa, ədalətə,
haqqın yanında dayanmağa
çağırışdır!
Allah günahsız soydaşlarımızın yerini
behişt eləsin! Seyfəddin Hüseynliyə, ailəsinə,
doğmalarına, bütövlükdə xalqımıza səbr
versin!
Məzlumun ahı zalımda qalmasın!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 4 iyul(№114).-S.9.