Qədim Şəki “İpək Yolu” XIV Beynəlxalq
Musiqi Festivalına hazırlaşır
Azərbaycanın qədim sənət və mədəniyyət
mərkəzlərindən olan Şəkidə iyulun 4-dən
6-dək növbəti musiqi bayramı – Şəki “İpək
Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı və Şəki Şəhər İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə reallaşacaq musiqi festivalında Türkiyə və
Çin Xalq Respublikasının, eləcə də Azərbaycanın
tanınmış musiqi kollektivləri, istedadlı
musiqiçilər iştirak edəcəklər. Üç
gün davam edəcək festival çərçivəsində
tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin
parlaq nümunələrindən ibarət rəngarəng
konsert proqramları təqdim olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər
verir ki, Şəkidə festivala hazırlıq işləri
artıq başa çatıb, tədbirlərin keçiriləcəyi
tarixi məkanlar, konsert zalları hazır vəziyyətə
gətirilib.
Şəki Şəhər İcra Hakimiyyətindən
verilən məlumata görə, Şəki “İpək Yolu”
XIV Beynəlxalq Musiqi Festivalı iyulun 4-də “Yuxarı
Karvansaray” mehmanxana kompleksində Azərbaycanda yaşayan
azsaylı xalqlardan ibarət xor, mahnı və rəqs kollektivlərinin
konserti ilə başlayacaq. Həmin gün axşam “Marxal”
kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIV Beynəlxalq
Musiqi Festivalının təntənəli
açılış mərasimi keçiriləcək. Rəsmi
hissədən sonra Türkiyənin Sivas Folklor Təhsil Mərkəzi
Xalq Musiqisi və Xalq Rəqsləri Birliyinin konserti təqdim
ediləcək.
İyulun 5-də günün birinci yarısında
Şəki Musiqi Kollecində Üzeyir Hacıbəylinin anadan
olmasının 140 illiyinə həsr olunmuş kollecin müəllim
və tələbələrinin, həmçinin gənc
pianoçu Kamal Axundovun iştirakı ilə konsert olacaq. Həmin
gün axşam “Marxal” kompleksinin Yay Teatrında festival
iştirakçılarına Cahangir Cahangirov adına Xor
kollektivinin konserti təqdim ediləcək.
İyulun 6-da “Yuxarı Karvansaray” mehmanxana kompleksində
“Şəhər Günü” bayram tədbiri keçiriləcək.
Həmin gün festival iştirakçıları, həmçinin
Heydər Əliyev Mərkəzində Çin Xalq
Respublikasının Şimal-Qərb Pedaqoji Universitetinin yetirmələrinin
konsertinə tamaşa edəcəklər. Axşam isə
“Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli
bağlanış mərasimi keçiriləcək. Mərasimdə
Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi
Orkestri konsert proqramı ilə çıxış edəcək.
Konsert Vətən müharibəsindəki şanlı Zəfərimizin
5 illiyinə həsr ediləcək.
525-ci qəzet .- 2025.- 4 iyul(¹114).-S.9.