Yol kimindir?
Esse
İnsanın sarvan olduğu əməllər
karvanının yola çıxdığı
ucsuz-bucaqsız səhrada əsl hikmət yolçu olmaq deyil,
yolda olmaq anlayışı, onun dərkidir. Bu
anlayışla, insanın tamam başqa bir dünyaya
oyanması ilə məna axtarışının
ağrısı sona çatır. Əməllərini
özünə, axirətinə deyil, yola olan sadiqliyinə həsr
edəndə içdiyin suyun, basdığın
torpağın qədrini bilirsən. Nəfəs
aldığınız havanın və
yandırdığınız odun nəfsinizdən daha vacib olduğunu
anlayırsınız. Hücrəndən çıxmadan onu
görə bilməyəcəyini və yaşamağın
necə bir ehtiras olduğunu anlamaq üçün sevginin
gücünü hiss etməli olduğunu anlayırsan. Bu,
mahiyyətinizi dərk etməyə gətirib
çıxarır, sevdikcə enerjimiz genişlənir, sevdikcə
içimizdəki mahiyyət böyüyür.
Özümüzə toxunmağımız lazım
olduğunu bilirik. Müşahidəçi olaraq
özümüzə şahidlik etdikcə, beynimizin içindəki
ilə qəlbimizin içindəkini ayırd edə bilirik.
Ağlımızda hökmranlıq qurduqca ruhumuzda da asma
bağlar qurulur. O bağların salxım-salxım
üzümlərinin rəngli dənələrinə
toxunmursansa, onları dərmirsənsə, nəfsinə
qurduğun pusunu sərbəst buraxmırsansa, içindəki
mahiyyətin, yolunun xisləti səni başqasına
çevirə bilir. Siz o zəif başqasını sevəcək
və qəbul edəcəksiniz, amma inadla ondan yox, öz adət
etdiyiniz mahiyyətinizdən kömək istəyəcəksiniz.
Yolunuz daşlı və tikanlı olsa belə. Ətini
sümükdən ayırsalar da, qəlbini qırsalar da,
varlığını əzsələr də, müqavimət
göstərəcəksən. Biləcəksən ki, o almaz nə
qədər çox qırılsa, bir o qədər işıqlı
və əsrarəngiz olacaq. Ağrıları bala çevirmək
və ağrıları sevmək böyüməyin, fərd
olmağın birinci çarəsidir. Gecəni sevmədiyini
söyləyə bilərsən, amma gecəni
yaşayırsan. Günü bəyənmədiyini söyləyə
bilərsən, amma o günü keçirirsən. Sevmirəm
deyərək yaşamaqdansa, hər şeydə bir güman və
ümid axtarıb təzədən özünü inşa
etmək daha həzzvericidir. Bu, özünü dünyaya gətirmək
deməkdir. Heç kimə paxıllıq etmədikdə,
heç kimlə rəqabət aparmadıqda, heç kəsi
özündən yuxarı və aşağı
qoymadıqda, heç kimin dəyərini azaltmadıqda,
gün gələcək və asma bağların içindəki
üzümün bolluğuna təəccüblənəcəksən.
Bərabər olmaq, daxilən hər şeylə həmdəm
olmaq özünlə olan müharibədə əbədi
sülhün tarazlığıdır. Və bu müharibədə
sən heç bir əməldən daha dəyərli deyilsən.
Onlara - əməllərinə və xislətinə təbəə
olmağa məhkumsan.
İnsanın ən böyük düşmənləri
isə onun şöhrətpərəstliyi və mənliyidir.
Bu ikisinin cilovunu möhkəm tutanın karvanı yolu azmaz,
deyirlər. Həm də deyirlər ki, yol bilən bilir ki,
zatında sevgi və işıq yoxdursa, sözlərində də
rəng yoxdur. Vücudunuz xəstədirsə, ruhunuz
komadadırsa, düşüncələriniz əzbərdirsə
və hissləriniz sadəcə travmadırsa, bilməli
olduğunuz odur ki, bu qədər əskikliyin içində təmiz
qalan xislətin özü möcüzədir. Sadəcə
içinizə qulaq asın. Onu ciddi qəbul edin,
çatışmazlıqlarınızı deyəndə, səhvlərinizi
göstərəndə, hiyləgərliyinizi,
axmaqlığınızı göstərəndə ondan
qaçmayın. Durub soruşun ki, mən nə edə bilərəm,
nəyi əvəz edə bilərəm, necə düzəldəcəm?
Bura qədər bütün bu şeylərdən imtina
etmisinizsə, bundan sonra onları tapmaq və
sorğu-sualsız qəbul etmək məcburiyyətindəsiniz.
Əlbəttə, o yol sizə bütün cavabları
göstərir. Bu cavablarla köhnə
üsullarınızı və bildiklərinizi dəyişdirin.
Təsəvvür edin, hara getsəniz, o, sizinlədir. Əgər
həmişə eyni olsanız, eyni şeyləri
yaşamağa davam edəcəksiniz. Yeni bir limana çatmaq
üçün yelkəni yenidən açmaq, küləyi
yenidən hiss etmək lazım olur. Əgər siz yetkin
olmusunuzsa, lakin hələ də böyüməkdən imtina
edirsinizsə, eqonuz indi sizin ən böyük
günahınızdır. Halbuki eqonuzu öz xarizmanıza
çevirə bilərsiniz. Əgər çoxlu
qorxularınız varsa, eqonuz böyüyür. Əgər onu
dəyişməyə cəsarətin varsa, mahiyyətin və
işığın böyüyəcəkdir. Gizlincə
öz içinə baxmaq üçün cəsarət. Hər
bir insan uçurumdur. Özünüzü uçuruma
atmağa cəsarətiniz olmalıdır.
İndi dünya hər şeyin çətin və
qıt olduğu, hər kəsin sıxıldığı və
həzz almadığı rəqəmlər erasıdır.
Bu səbəbdən mühakimələrimizi nəsnələrə
və ya başqalarına deyil, özümüzə yönəltməliyik.
Eqoistlik etmədən öz dəyərimizi bəsləməliyik,
onu böyütməliyik. Almadan verdiyimiz hər bir dəyər
(sevgi, hörmət, haqq, ədalət və s.) bizi azaldır.
Və bizim başqa bir ehtiyat nüsxəmiz yoxdur.
Gözümüzü yumsaq, heç nə yoxdur. Dünya
yoxdur. Özümüzü məğlub etdiyimiz an
azadlığımız başlayır. Həqiqətin
uyuduğu yer budur.
Ağıl və məntiq, ürək və
duyğu. İki cəbhə və iki məğlub olmamaq
üçün döyüşən ordu. Dünən
aşiq olduğunuz biri bu gün haqqında heç nə hiss
etmədiyiniz biri ola bilər. Dünən əhvalınız
pis idi, bu gün gülməkdən gözləriniz yaşara
bilər. Bunlar hamısı təfərrüatdır. Hisslərinizə
görə qərarlar vermədiyiniz müddətcə hisslərinizə
görə yaşayın. Məntiq sənin iradəndirsə,
duyğuların bu iradənin çiçəkləridir.
Xarakterinizi düzəldin, emosiyalar və düşüncələr
dəyişə bilər. Fikir sahibi olmaq isə təəssübkeşlikdir.
Bu anda olmağın özü fərqindəlikdir. Dünəndən
azad ola bilməyənlər sabahı yaşamaqla reallıqdan
qopmuş olurlar. Əgər bu günün və
özünün fərqində olmasan, xatırladılana ibadət
edərsən və bu, bütpərəstlikdir.
Davranışını və xatırladıqlarını
heç vaxt sorğulamayan insan heç vaxt özü deyil.
Özünü sorğulamayan adamın görmək istəməyəcəyi
ilk şey özüdür. Bu tip insanlar özlərini
başqa düşüncələrə və başqa
insanlara bağlayırlar. Fərqliliyi qəbul edə bilməyən,
əyilə bilməyən, əksinə, özünü məcbur
edənlər var. Bu tiplərdən faşistlər, narsistlər,
sosial şovinistlər, irqçilər və millətçilər
çıxır. Bizdə şəxsi əxlaq,
ardıcıl xarakter, yəni şüur
çatışmır. Bu, xarakteri dəyişkən,
ideyaları şüurun qaranlığında canlı
saxlanılan faşizmdir. Daxililəşdirmək, dərk etmək
və hiss etmək lazımdır. Çünki yolun mahiyyəti
budur.
Rəvan CAVİD
525-ci qəzet .- 2025.- 5 iyul(№ 115).- S.21.