Bir daşın
tarixçəsi
FİRONUN DAŞININ BAŞINA
GƏTİRİLƏNLƏR
Bizans dönəmində ippodrom, Osmanlı dönəmində
at meydanı, bu ərəfələrdə turistlərin
göz bəbəyi olan Sultanəhmədin düz ortasında əsrlərə
meydan oxuyarcasına dimdik dayanan, bütün şuxluğu və
əzəməti ilə göylərə ucalan, şəhərin
tarixi qədər qədim olan bir Misir abidəsi var. Turist
axınından fürsət tapıb heç vaxt
yaxınlaşa bilmədiyim, ziyarətə ancaq indi imkan
tapdığım bu abidə o qədər qədimdir ki,
öz-özünə düşünürsən - kim bilir nələrə
şahid olub, kimləri görüb gəlib.
Qarşısında dayanıb heyranlıqla seyr edən
fironları, imperatorları, sultanları xəyalında
canlandırıb həyəcana bürünürsən. Zəfər
çoşğusuna da şahidlik edib, önündə qurulan
dar ağaclarında neçə-neçə insan da edam
olunub, qanın dizə çıxdığı üsyanlar
da görüb. Uzaqdan baxanda deyirsən, bir dənə uzun
daşdır də, bunun nə tarixi ola bilər ki? Amma elə
ki yaxınlaşdın, dediyin sözün üzünə
baxmağa üzün gəlmir. 3500 illik tarixi olan bu Misir abidəsinin
əlbəttə, hekayəsi böyükdür.
Haradan haraya...
Dikilidaşdan danışıram.
Dünyada sadəcə beş dənə olan belə
abidənin birincisini yeni imperatorluq dönəminin
savaşçı krallarından olan III Tutmosis b.e.ə.
1450-ci ildə Fironların Misirində - Misirin qızıl
çağında Tanrıların Tanrısı Amona
şükranlıq ifadəsi kimi tarixin gəlmiş
keçmiş ən böyük tapınağı sayılan
Karnakda ucaltdırıb. Qədim Misirdən günümüzə
gəlib çıxan digər bütün bənzər abidələr
kimi, bu da Misirin Asvan şəhərindəki mədənlərdən
çıxarılan qranitdən ərsəyə gətirilib.
O vaxtlar bu daşları tapıb çıxartmaq ən
çətin işlərindən imiş.
Qırığı, çatlağı olmayan bu
daşları tapmaq əsl işgəncə
sayılırmış. Bir dənə sağlam daş tapa
bilmək üçün bəzən tonla
ağırlığı olan bu daşı yerindən
çıxarmaq lazım gəlirmiş. Nəhəng heykəllərin,
abidələrin inşasında məhz bu daşlardan istifadə
edilirmiş.
Fironun fərmanı...
Dikilidaş fikri ilk dəfə Firon III Tutmosisin
ağlına gəlir. O, Karnakdakı böyük
tapınaqlarda üzərində öz adının və
tanrılara olan şükranlığını ifadə edən
sözlərin yazıldığı dikilidaş
ucaldılması barədə mühəndislərə əmr
verir. Misirdə qranit məskəni sayılan Asvanda nəhəng
daşlar tapılır, yerlərindən
çıxarıldıqdan sonra budanmış
ağacların üstündə yumalandıra-yumalandıra
Nil sahilinə qədər daşınır, oradan da xüsusi
düzəldilən qayıqlara yüklənərək
Şimali Misirə aparılır.
Hər sahədə olduğu kimi, bu məsələdə
də müdrik misirlilərin köməyinə zəkaları
çatır. Uzaq məsəfəyə daşınan
ağır qranit daşların yolda tərsinə çevrilməsini
əngəlləmək üçün qəribə bir
üsul fikirləşirlər. Daşları daşınan
qayıqların boş gövdələrinə mərcimək,
buğda, paxla kisələri asıb, üstünə tonlarla
ağırlığı olan bu daşları düzürlər.
Bu daş blokların yerdən çıxarılması da
başqa bir mühəndislik kəşfidir. Eynilə Hititlərdə
olduğu kimi... Nəhəng daşların
axtarışına isti mövsümlərdə
çıxırmışlar. Daşların olduğu ərazidə
tək bir xətt üzərində təxminən 10-20
santimetr dərinliyində dəliklər açır,
qaraağac, küknar, vələs kimi sərt, dayanıqlı
ağaclardan şişuclu çivlər hazırlayıb o dəliklərə
salırmışlar. Sonra çivlər salınmış o
dəliklərə müntəzəm olaraq su
tökürmüşlər. Suyun və gün
işığının təsirindən dəliklərə
pərçimlənmiş həmin ağac parçaları
bir neçə gün ərzində şişməyə
başlayırmış. Beləcə şişən
ağac parçaları nəhəng daşları bir xətt
boyunca partladırmış. Başdan ayağa dümdüz
bölünən blok bu vasitə ilə rahatlıqla gün
üzünə çıxarılırmış. Bu
günün özündə də Misirə gedənlər,
Asvanda fironlar dönəmindən qalan daş karxanalarında qədim
misirlilərin daş bloklarını partlatdıqları yerləri
olduğu kimi, bütün çılpaqlığı ilə
görə bilərlər. Yeri gəlmişkən, Hititlərin
əsrlər əvvəl Anadoluda, Kapadokyada, Qaziantepdə
çıxardığı daş blokları da
varmış.
Fironların "əbədi" həyatı
Sultanəhməddəki Dikilidaş da eyni mərhələlərdən
keçib. Əvvəlcə Nil çayından xüsusi
qayıq ilə paytaxt Tebə gətirilib və oradakı
Karnak tapınağında ucaldılıb.
Bir neçə kəlmə də bu daşın mənasının
nə olduğu barədə. Dikilidaşlar Antik Misirdə həm
yaşadıqları dövrdə, həm də ölümlərindən
sonrakı həyatlarında Fironlara enerji verən abidə
olaraq qəbul edilirmiş. Qədim misirlilərin
inanıcına görə, milyon illər davam edəcək bu
yaşam içində göylərə doğru yüksələn
və təpəsindəki pramida şəklindəki ən uc
nöqtədə qızıl, ya da gümüşdən
düzəldilən şapka görüntüsünə bənzər
dikilidaşlar simvolik olaraq günəşdən
aldığı enerjini o biri dünyada milyon illər
yaşayacaq Fironların ruhuna ötürən vasitədir.
Kimə niyyət, kimə qismət...
İndi gələk İstanbulda ucaldılmış
Dikilidaşa. Misirdəki Dikilidaşın inşasından
yüz illər sonra Bizansın qurucusu İmperator I Konstantin
öz adını verdiyi paytaxta - Konstantinopola idarəsi
altında olan ölkələrdən prestijli abidə göndərilməsini
tələb edir. Misirlilər yuxarıda bəhs etdiyim Karnak
tapınağına dikilən, ardından Heliopolis
Tapınağına aparılan Fironun abidəsinin Konstantinopola
göndərilməsinə qərar verirlər. Ancaq nəhəng daş yerindən
tərpədilib yola çıxana qədər İmperator
Konstantin ölür. 337-ci ildə oğlu II Konstantin taxta
oturur. O da eynən atası kimi daşın vaxt itirilmədən
Konstantinopola göndərilməsinin sürətləndirilməsini
istəyir. Tonlarla ağırlığı olan daşı
böyük çətinliklərdən sonra ancaq İskəndəriyyəyə
qədər daşıya bilirlər. Təbii ki, həmin ərəfədə
İmperator II Konstanin də ölür. Deməli, daş o qədər
ağır imiş ki, yerindən tərpətmək bir
ömür alırmış. 361-ci ildə taxta oturan Yulian
özündən öncəkilərin vəsiyyətini yerinə
yetirmək üçün qollarını
çırmalayır, ilk gündən Misir valisinə ciddi bir
məktub yazır və Dikilidaşın tezliklə
Konstantinopola göndərilməyini tələb edir.
Tarixçi Markolinu Komesin yazdıqlarına görə,
Dikilidaşın İstanbula nə vaxt gətirildiyi dəqiq
bilinmir, ancaq tarixi qaynaqlardan öyrənirik ki, abidə
Yuliandan sonra taxta keçən imperator I Teodasisin dönəmində,
390-cı ildə ippodromun ortasında, "Spina" adı
verilən platformdakı yerinə oturdulub. Uzunluğu 19 metr 59
santimetr olan bu Misir daşının 6 metrlik parçası əskikdir,
ehtimal edilir ki, Misirdən İstanbula göndərilərkən
çətin şərtlərlə gəldiyi yolda
yarısı kəsilib. Fəqət, bu günə qədər
kəsilən həmin parçanın harada və necə
istifadə edildiyi məchuldur.
Daşdakı məna
Bu gün Dikilidaşın dörd tərəfində
qədim Misirin müqəddəs yazısı hesab edilən
heroqliflərlə işlənmiş sözlərdən
öyrənirik ki, Kral III Tutmosis bu abidəni vaxtilə Asiya
torpaqlarında qazandığı zəfərlərin şərəfinə
qurdurub. Dikilidaşın ən yuxarısında yerləşən
və taxt üstündə oturmuş şəkildə təsvir
edilən Tanrıların Tanrısı Amonun önündə
diz çöküb şükran ifadə edən Firon
üçün bu sözlər yazılıb: "Günəşin
qızıl rəngini dünyaya saçıb, hər şeyə
həyat, əbədiyyət və dad verən Tanrılar
Tanrısı, göy üzünün sahibi Amonun sayəsində
dənizləri aşaraq iki çay arasındakı ölkələri
zəbt edən zəngin, güclü və bacarıqlı
Kral III Tutmosis, Tanrılar Kralı Amona
şükranlarını sunmaq üçün səltənətinin
otuzuncu ilində bu abidəni ucaltdı".
Dikilidaşın mərmər səthi üzərində
o dönəmin ölkələrarası diplomatik dili olan
latıncada yazılmış kitabədə isə bu cümlələr
yazılıb: "Əvvəllər dirənmişdim, fəqət
uca əfəndimə boyun əymək və onun tiranlar üzərində
qazandığı zəfərin çələngini
daşımaq mənə əmr edildi. Hər şey Teodasius
ilə onun uzun zaman sürəcək sülaləsinə itaət
edir. Mənə də beləcə qalib gəlindi və
Proklusun idarəçiliyi altında üç dəfə on
gündə yüksəlməyə məcbur edildim".
Abidənin qərb yönündə Bizansın rəsmi
dili yunanca ilə yazılmış kitabədə isə bu sətirlər
işlənib: "Uzun müddət torpaq üstündə
bütün ağırlığı ilə yatan dörd
üzlü dirəyi dikmək cürəti sadəcə
İmperator Teodasiusa nəsib oldu. Bu işi bacarmaq
üçün Proklusu yardıma çağırdı və
beləcə daş otuz iki gündə yerinə oturduldu".
Bu kitabədəki yazılardan da başa
düşüldüyü kimi, Dikilidaşın indiki yerinə
oturdulması bir ay sürüb. Yenə daşın gövdə
hissəsindən dörd tərəfdə imperatorluq lojasındakı
Teodasius və ailəsi, ərafındakılar dövlətin
birinci dərəcəli şəxsləri, lojanın
qarşısında rəqs edən qızlar, orkestr, antik
hipodromda təşkil edilən at yarışları və
dikilidaş kimi hipodromun ortasındakı platformanı bəzəyən
abidələr detallı şəkildə təsvir edilib.
Qoruyucu, yoxsa tilsimli daş?
Mərmər örtüyün dörd tərəfində
yerləşdirilən, 50 santimetr hündürlükdə olan
bürünc dirəklərin içindəki şişvari
pik dəmirlər abidənin yüz illərdir zəlzələyə
və digər fəlakətlərə qarşı möhkəm
dayanmasına kömək edir. Pik dəmir ilk dəfə antik
misirlilər, yunanlar və çinlilər tərəfindən
b.e.ə. 1100-cü illərin əvvəllərində istehsal
edilməyə başlayıb. Tarixi qaynaqlarda da
yazıldığı kimi, ilk dönəmlərdə bu abidənin
başında bürünc varmış. Kürə şəklində
olması dünyanın simvolik görüntüsü
sayılırmış. Ancaq həmin kürə 869-cu ildə
meydana gələn böyük zəlzələdə
düşür və bir daha yerinə qoyulmur. Böyük səyyah
Katib Çələbi məşhur "Səyahətnamə"sində
Sultanəhməddə ucalan Misir Dikilidaşının tilsimli
olduğunu və İstanbulu zəlzələlərdən, təbii
fəlakətlərdən qoruduğunu yazır. İstanbulla
bütünləşmiş bu "tilsimli" abidə Nil
çayının sərhədlərinin xaricində qalan,
dünyadakı dörd böyük Misir daşından biri
olaraq məşhurdur. Tarix boyu öz torpaqlarından çox
uzaqlara daşınaraq aparılan bu məşhur daşlardan
biri Romada, biri Parisdə, biri Nyu-Yorkda, biri də İstanbulda
bütün məğrurluğu ilə ucalaraq əsrlərə
meydan oxuyur.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 5 iyul (№115).- S.20;21.