"Tamaşaçı teatra
"necə baş verir"ə görə gəlmir, "nə
baş verir"ə görə gəlir"
AKTYOR ŞÖVQİ HÜSEYNOV İLƏ
SÖHBƏT
Budəfəki həmsöhbətimiz Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının və
Akademik Musiqili Teatrın aktyoru Şövqi Hüseynovdur.
"Mən Feyerbaxam", "Şeyx Sənan",
"Aydın", "Romeo və Cülyetta",
"Kontrabas", "Daş qonaq" kimi 30-dan çox
tamaşada rol alan aktyor "Günaydın, Mələyim",
"Yaddaş", "Qeybdən gələn səs",
"Almaz Yıldırım", "Aktrisa",
"Qayınanamız", "Vicdan haqqı", "Vətəndaş
A" kimi serial və filmlərdə də çəkilib.
Aktyor Şövqi Hüseynov ilə söhbəti təqdim
edirik.
- "Bəzən teatr həddindən artıq
süni və ucuz hisslərin nümayişinə
çevrilir". Bunu Nitsşe XIX əsrdə deyib. Bəs Azərbaycan
teatrının şouya xidmət etdiyi olubmu?
- Təbii ki, olub. Həmişə olub və hələ
də var. Tək bizim teatrlarımızda yox, bütün
dünyada var bu. Yetər ki, balansı qoruyub saxlaya bilək. O
da vacibdir, lazımdır, onun da tamaşaçısı var,
inkar edə bilmərik. Amma siz dediyiniz şou tamaşalar
heç vaxt sənət nümunəsi olmayıb. Heç
vaxt da mən onun tərəfdarı olmamışam. Həmişə
çalışmışıq ki, klassik teatrla məşğul
olaq. Müasir tamaşalar oynasaq belə, klassik yanaşmalara
üstünlük vermişik. Əvvəla,
tamaşaçının teatra gəlmə səbəbini
bilməliyik, "Tamaşaçı nə üçün
gəlib mənə baxmalıdır" sualına cavab
tapmalıyıq. Onun cavabı da 40 illik təcrübəmə
əsasən deyirəm ki, insandır. Başqa heç bir amil
yoxdur, əgər insan varsa - istər səhnədə, istər
ekranda - tamaşaçı səninlə gələcək.
Tamaşaçı teatra "necə baş verir"ə
görə gəlmir, "nə baş verir"ə görə
gəlir. Söhbət əsl tamaşaçıdan gedir. Biz
"necə baş verir" sualına cavab tapmaq
üçün teatra bir dəfə gedərik. Onu da sosial
media üzərindən də görmək olar. Teatrın
ekrandan üstün cəhəti odur ki, teatrda plastik insan var və
yetər ki, o canlı insan hər zaman olsun. Düzdür, yeni
texnologiyalardan istifadə edilir, amma ora fokuslanıb insanı
unutmaq olmaz. İnsanı unutsaq, yavaş-yavaş
teatrımızın kökündən uzaqlaşmış
olarıq. Hər biri lazımdır - şou da lazımdır,
texnologiyalar da lazımdır, amma yetər ki, onlar səhnədə
olan insana xidmət eləsin.
- Teatr da bir ailədir. Bu ailənin daxilində tarix
boyu söz-söhbətlər olub, amma biz
tamaşaçılar bu söhbətlərdən xəbərdar
olmamışıq. İndi isə teatr daxilində baş verənlər
qısa zamanda hamıya bəlli olur. Buna görə kimi
qınamalıyıq - rəhbərliyi, ya kollektivi?
- Bilirsiniz, biz dəqiq bilə bilmərik ki, kimi
qınayaq. Mən hər zaman neytral mövqedəyəm.
Balanslı davranmağa çalışıram. Bu o demək
deyil ki, mən kimisə müdafiə edib, kimisə etməyəcəm.
Konfliktsiz teatr yoxdur, bu, mümkün deyil. Bu, təbii prosesdir.
Bütün aktyorlar baş rol oynamaq istəyir, bütün
aktyorlar səhnədə gözəl görünmək istəyir.
Bu, faktdır. Amma ailədaxili söhbətlərin kənara
çıxmasının tərəfdarı deyiləm. Sənətdən
kənara çıxıb şəxsiyyətə toxunan
söhbətləri teatrdan anlayışı olmayan insanlar
edirlər. Həmin söhbətlər teatrın-ailənin
daxilində qalsa, daha yaxşı olar. Belə hadisələr
hər yerdə olur. Hansı teatr desə ki, bizim teatrda
sakitlikdir, heç bir konflikt yoxdur, həmin teatr diri teatr deyil.
Diri, canlı teatrda belə hadisələr çox olur. Amma
yetər ki, sağlam olsun, şəxsiyyətə toxunmasın.
Yaradıcı məsələlərdə biz mütləq
sağlam konflikti yaşamalıyıq. Qeyd edim ki, söhbəti
kənara çıxaranlar heç teatr işçiləri
olmur, bunu yad adamlar edirlər. Hesab eləmirəm ki, bizim
işimizə kimsə qarışmalıdır.
- Həm aktyorsunuz, həm də müəllim. Bu iki ağır
sənəti daşımaq necə hissdir?
- Çox çətin və məsuliyyətlidir. Tələbələrlə
birgə mən də yenidən nələrisə öyrənirəm.
Sənətkarlardan birinin belə bir sözü var, gənclərlə
işləmək qocalığın ən yaxşı dərmanıdır.
Biz təkcə aktyor yetişdirməklə məşğul
deyilik, istedad nisbi anlayışdır. Biz ilk növbədə
vətəndaş və ziyalı yetişdirməklə məşğuluq.
Bəzən qəbul imtahanlarında iştirak edəndə tələbəblərə
ilk sualım teatrımız, mədəniyyət və incəsənətimizlə
bağlı olur. Suallarıma cavab verə bilməyəndə
çox narahat oluram. Həmin tələbə gələcəkdə
aktyor, rejissor olmaya bilər, amma milli dəyərlərimizi
bilməlidir. Mirzə Cəlili tanımamaq olmaz, Hüseyn
Cavidi, Üzeyir bəyi tanımamaq olmaz. Deyir, bu, mənim sənətimə
aid deyil. Elə şey yoxdur. Sən traktorçu da olsan, Mirzə
Cəlili, Mikayıl Müşfiqi tanımalısan. Bunlar bizim
milli sərvətlərimizdir. Teatrdan fərqli olaraq universitetdə
biz bu istiqamətlə - gənclərin zövqlərinin
formalaşması ilə də məşğuluq.
- Rüstəm Zal şagirdinə 39 fəndi öyrədir,
amma 40-cı fəndi döyüş gününə saxlayır.
Sizin 40-cı fəndiniz olurmu?
- Təbii ki, var. Hər zaman tələbəyə
seçim, azadlıq şansı verirəm. Amma 40-cı
variantı özümdə gizləyirəm. O vaxta qədər
səbr edirəm, doğrunu tapana kimi ona heç nə demirəm.
Gözləyirəm ki, onun fantaziyası 40-cı məqama gedib
çıxa bilsin. Mənim bildiyim son düz variant da aksioma
deyil, onun da üstü var. Amma indiki zamanda bildiyim doğru
variant odur. Təhsilim də yüksək səviyyədə
olub, ən azından zövq baxımından çox
yaxşı bilirəm ki, doğru olan hansıdır. Tələbənin
bilməmək hüququ var, buna görə narahat
olmamalıdır. O, səhv də edə bilər, tərəfdarı
deyiləm ki, tələbə hər gün əla iş
göstərsin. Elə olmamalıdır. Mütləq səhv
etməlidir. Müəllim də, rejissor da o səhvlər
düzə çatana qədər tələbəyə
şərait yaratmalıdır. Biz nə üçün tamaşanı
10 günə hazırlayıb bitirə bilmirik. Hansı ki, həmin
vaxt ərzində bütün sözləri də bilirik, dekor
da hazır olur, geyimlər də. Amma üç-dörd ay məşq
edirik. Çünki səhvlər edib düz məqama
çatmağa çalışırıq. Yaxşı
rejissorun, yaxşı pedaqoqun düz variantı həmişə
olur, amma onu sonda deyir.
- Tez-tez festivallarda olursunuz. Digər ölkələrdə
tamaşalardan öyrəndikləriniz, tamaşalarımıza
gətirmək istədiyiniz yeniliklər olurmu?
- Mənə sual verirlər ki, festivallara gedərkən
tamaşaçılarda fərq görürsünüzmü?
Mənim üçün tamaşaçı fərqi yoxdur,
yetər ki, səhnədə insan olsun. İnsan bəzən
yad dildə də tamaşa göstərə bilər. Elə
olub ki, mən öz dilimizdə tamaşa göstərib birinci
yerə layiq görülmüşəm. Siz dediyinizə gəldikdə
isə, festivallarda iştirak eləmək həm də öyrənməkdir.
Təkcə öz suyunda bişməklə heç nə əldə
bilmərsən. Festivallarda iştirak eləmək
yaradıcı insan üçün formatdır. Elə
tamaşalar görürəm, deyirəm, Allah məndəmi
aktyoram? Amma elə tamaşalar da görürəm ki, deyirəm,
yox, aktyor elə mənəm. Kimlərinsə oyun tərzlərindən
istifadə etdiyim olmayıb. Hansı tərəfə baxsaq,
şərqliyik. Buna görə də Qərbə hər zaman
maraqlıyıq. Onlar kimi davransaq, maraqlı olmayacağıq.
Amma texniki cəhətdən onlardan çox şey öyrənirəm.
Mən Musiqili Teatrın aktyorları ilə işləyirəm,
onlar da tamaşada oxumalıdırlar. Libretto olmaya da bilər,
amma mütləq oxumalıdırlar. Əvvəllər mən
tələbələrimlə tamaşa hazırlayanda
hansısa bir milli mahnını oxuyurduq. Bir dəfə xaricdə
bir tamaşada oldum, Dostoyevskinin əsərini replə
oynayırdılar. Narahat oldum, hər nə qədər
müasir düşüncədə olsam da, xoşuma gəlmədi.
Amma həmin gənclər o qədər dəqiq oynadılar
ki. Mən onları tamaşanın əvvəlində
görmüşdüm, geyimlərinə baxıb qəribə
olmuşdum ki, axı bunlar aktyora bənzəmirlər. Amma səhnədə
görəndə heyrətləndim. Oynadıqları
personajın monoloqunu rep kimi deyirdilər. Əlavə musiqi və
şeir yox idi. Dialoqları musiqi ilə deyirdilər. Bu, mənə
maraqlı gəldi və tələbələrimlə bu
üsulu sınamağa başladım, monoloqla musiqini birləşdirdim.
Qısası, onlar bizdən, biz də onlardan nələrsə
öyrənirik. Aktyor sənəti elədir ki, onun bir
paraqrafı yoxdur, gedib oxuyasan. Yanlız kimdənsə nəsə
öyrənirsən, "oğurlayırsan",
özününküləşdirirsən. Bu proses bitmir. Belə
davam etməlidir, bitsə, gərək pərdəni
bağlayaq, səhnəyə çıxmayaq.
- Bəs öz səhnə yoldaşlarınızdan nələrsə
öyrəndiyiniz olurmu? Bəzən olur ki, aktyorlar necə
oynamaqlarından asılı olmayaraq təkcə özlərini
bəyənir, digər həmkarından nəsə öyrənməyi
özünə ar bilir.
- Onsuz da səhnəyə çıxanda
görünür ki, kim yaxşıdır, kim pisdir. Tamaşaçını
aldatmaq mümkün deyil. O, bizim gizlətmək istədiklərimizi
belə, görür. Bu, çox vacibdir. Tamaşaçı
bunu peşəkar şəkildə müzakirə eləmir.
Ya tamaşanı bəyənəcək, ya da bəyənməyəcək.
Niyəsin soruşsan, cavab verə bilməyəcək.
Tamaşaçı hiss edir ki, onu teatrda gözləyirlər,
yoxsa yox? Siz harasa qonaq gedəndə mühitdən artıq
hiss edirsiniz ki, orada sizi gözləyirlər, gözəl
süfrə açılıb, hamı sizi görüb
sevinir. Biri də var, gedirsən, nə səni
qarşılayan olur, nə başqa bir şey. Elə-belə
deyiblər ki, bizə qonaq gələrsən. Artıq ora getmək
istəmirsən. Tamaşaçı da elədir. Pərdə
açılan kimi aktyorların aurasından hər şeyi
hiss edir. Bu, mistika ola bilər, buna görə nə
tamaşaçı, nə də aktyor hesabat verir. Həmin
auranın nəticəsi tamaşaçının teatrdan necə
çıxmasıdır. Ya teatra gəldiyi kimi gedir, ya da fərqli
bir insan kimi. Niyə gəldiyinin cavabını da bilmir. Bəzən
olur ki, biz tamaşaçını itiririk. O an mən
dünyanın ən bədbəxt insanı oluram. Tamaşadan
sonra hara gedəcəyimi də bilmirəm. Bəzən isə
itirirəm, amma sonra tapa bilirəm. Bu, döyüşdür.
Sonda ya tamaşaçı, ya da aktyor qalib gələcək.
Canlı sənətdir. Teatr həmişə gözəl
olmur.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 5 iyul(№ 115).- S.19.