"Sükut”
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Şahanə
Mansırovadır. Onunla rəssam Ləman Məmmədovanın
"Sükut" əsərindən
danışmışıq.
Ləman Məmmədova 1991-ci ildə Azərbaycanda
dünyaya gəlib. Hələ kiçik yaşlarında -
1996-cı ildə ailəsi ilə birlikdə Sibir
torpaqlarına, Tümen şəhərinə
köçüb. Uşaqlıq illərindən rəssamlıq
istedadını müəllimləri hiss edirlər. Ləman
gördüyü yuxuları uzun illər yaddaşında
saxlayır, onların rənglərini, formalarını və
yaratdığı ovqatı rəsmlərində
canlandırmağa başlayır.
2007-ci ildə ailəsi ilə birgə Vətənə
- Azərbaycana dönən Ləman elə həmin dövrdən
etibarən ölkədə keçirilən müxtəlif sərgilərdə
iştirak etməyə başlayır. 2013-cü ildə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə qəbul olunması onun
yaradıcılığında dönüş nöqtəsi
olur. Burada aldığı peşəkar təhsil vasitəsilə
yuxulardan gələn təsvirləri incəsənətin dili
ilə ifadə etməyə başlayır.
Onun əsərlərində şəxsi təcrübələr,
emosional səhnələr və dərin daxili narahatlıqlar
ön plana çıxır. Rəssamın
yaradıcılığında xüsusilə psixoloji
sarsıntılar və sosial təcrid kimi mövzular intensiv və
təsirli şəkildə əks olunur.
- İstərdim öncə Ləman Məmmədovanın
bu günlərdə baş tutan sərgisi haqqında fikirlərinizi
bizimlə bölüşəsiniz.
- "Yuxuların kontrastı" - bu fərqli ad, sərginin
ruhunu tam ifadə edirdi. Parlaq arzularla dumanlı reallıq
arasında get-gəlin, ruhun sakitliyi ilə daxili
fırtınaların toqquşması. Bu sərgi istedadlı
gənc rəssam Ləman Məmmədovanın fərdi
yaradıcılığına həsr olunmuşdu. Onun
fırçasından doğan əsərlər sanki yuxu ilə
oyaqlıq arasındakı incə sərhəddə gəzirdi,
nə tam reallıq, nə tam xəyal. Hər bir tablo bir
duyğunu xatırladırdı, adını unutduğumuz və
bizə yad gələn bir duyğu idi. Bu sərgi Xalq rəssamı
Arif Əzizin təşəbbüsü ilə ərsəyə
gəlmişdi.
"Art House"da baş tutan "Yuxuların
kontrastı" yalnız fırça izlərindən ibarət
deyildi. Burada susqunluq danışırdı, rənglər
şeir oxuyurdu, hər əsər sanki bir yuxudan oyanma
anını yaşadırdı. Ləman Məmmədovanın
yaratdığı hər bir vizual məkan izləyicini öz
yuxularının içindən keçməyə dəvət
edirdi. Bu sərgi gəncliklə ustalığın
görüş nöqtəsi, fərdi
yaradıcılığın və sənət dostluğunun
bayramı, incəsənətin zamanla
danışdığı an idi. Elə bir an ki, orada olmaq
özü bir sənət təcrübəsidir.
Sərgidə diqqət çəkən əsərlərdən
biri də "Sükut" əsəri idi. Bu əsəri Ləman
Məmmədova yuxuda görmüşdü. Ləman
xanımla söhbətimizdə bir məqamı qeyd
etmişdi: "Düşünürəm ki, hər kəs bu
dünyaya hansısa missiyanı yerinə yetirmək
üçün gəlir. Gördüyüm yuxuları əsərlərə
çevirmək - bu da mənim missiyamdır".
- Əsərin kompozisiyası necədir?
- Yalnız qara rənglə işlənməsi -
ağ-qara kontrastı insan ruhunun işıq və qaranlıq
tərəflərini üzə çıxarır. Bu
qarşıdurma həm əbədi mübarizəni, həm də
insanın öz iç dünyasında balans
axtarışını göstərir. Həddindən
artıq sıx kölgələr isə ümid
işığını azaldır, tamaşaçını
introspektiv düşüncəyə sürükləyir.
Qara-qələm texnikası ilə icra edilmiş bu əsər
vizual olaraq məni dərhal özünə cəlb etdi. Kompozisiyada
mərkəzi fiqur - özünə qapanmış, dizlərini
qucaqlamış bir insan - depressiya, yalnızlıq və daxili
sarsıntı kimi emosional halların simvoluna çevrilib. Onun
ətrafında spiralvari xətlər, qarmaqarışıq
formalar və simvolik elementlər yer alır. Bu xaotik qrafika əsərin
əsas ideyasını - insan psixikasında baş verən
mürəkkəb və təlatümlü daxili
dünyanı əks etdirir.
Rəssam burada səsdən yox, səssizliyin
formasından istifadə edir. Boğuq tonlar, qaranlığa
çalan rənglər, bir küncdə dayanan tək fiqur -
bu susqunluğun nə qədər ucadan danışa bildiyini
göstərir.
Ləmanın digər əsərləri bu sükutun əksi
kimi görünə bilər. Məsələn, bəzi əsərlərində
parlaq rənglər, hərəkətli formalar, dinamik
kompozisiyalar müşahidə olunur. Onlar həyatın
müxtəlif ritmlərindən danışır -
qadının gündəlik qayğıları, arzular,
içindəki savaş və barış. O əsərlərdə
rənglər deyir: "Mən buradayam, mən varam". Amma
"Sükut"da rənglər sanki geri çəkilir:
"Dinlə, mən danışmıram, amma varam".
- Ləman Məmmədovanın
yaradıcılığında qadın mövzusu xüsusi
yer tutur.
- "Qadın" mövzusu rəssamın
bütün yaradıcılığının ana xəttidir.
Amma "Sükut"dakı qadın obrazı - əgər bir
fiqur varsa - digərləri kimi baxmır bizə. O, gözlərini
gizlədir, ya da elə baxır ki, biz onu görə bilmirik.
O, danışmaq istəmir. Digər əsərlərdə
qadınlar bəzən qürurlu, bəzən üsyankar, bəzən
zərif görünsə də, buradakı qadın artıq
mübarizə aparmır. O, sükutun içində
özünə məskən salıb.
Bu əsər həm Ləmanın üslubuna sadiqdir,
həm də onu bir addım irəli aparır. O, sanki artıq
danışmaqdan imtina edir və rəssamın öz
içindəki sükutla üz-üzə dayanır. Və
bu da onu digər əsərlərindən fərqləndirir -
daha az forma, daha çox hiss, daha az hərəkət, daha
çox dərinlik.
Əsərdəki əsas fiqurun forması nisbətən
realistik olsa da, bütünlükdə istifadə edilən xətt
texnikası ekspressionist yanaşmanı xatırladır. Təsvirin
ətrafındakı qarışıq və sıx xətlər
əsas fiqurun daxilində yaşadığı daxili təzyiq
və qarışıqlığı ifadə edir. Spiralvari
forma insanın təkrar-təkrar eyni düşüncə
labirintində dolaşmasını, yəni ruminasiyanı
göstərir. Bu, həm də zaman və məkan hissinin
pozulmasını, keçmiş, bu gün və gələcəyin
insan şüurunda bir-birinə
qarışdığını simvolizə edir.
Fonda yer alan qeyri-müəyyən fiqurlar, uçan
quşlar və ya musiqi notlarına bənzər işarələr
azadlıq, arzu və xaosun içində bir
çıxış axtarışını simvolizə edə
bilər. Bu elementlər sanki əsas obrazın ağlında
dolaşan fikirlər, xatirələr və arzu-istəklərdir.
Əsərdə həm də iki fiqur görünür - biri əsasdır,
digəri isə başsız, ya da üzsüz kiçik
siluet formasındadır. Bu ikinci varlıq bəlkə də,
insanın "kölgə" tərəfini,
qorxularını və ya keçmiş travmalarını ifadə
edir.
Bu əsər təklikdəki insanın daxili dialoqunu
vizual formaya çevirərək, çağdaş dövrdə
tez-tez rast gəlinən psixoloji vəziyyətləri -
depressiya, sosial təcrid, şəxsiyyət böhranı kimi
mövzuları irəli sürür. Əsər birbaşa
cavab vermir, əksinə, tamaşaçını
düşündürür, onun "Mən özüm bu
qarışıqlıqda haradayam" sualını verməyə
vadar edir.
Çoxqatlı xətlərin intuitiv, amma nəzarət
olunan istifadəsi sənətkarın daxili ritmini və hisslərini
səthi xətlərlə çatdırmaq
bacarığını nümayiş etdirir. Bu texnika
yalnız təsviri deyil, həm də emosiyanı qurmağa
xidmət edir. Rəssam burada yalnız görüntü
yaratmır, həm də hiss etdirir ki, bu da yüksək bədii
keyfiyyətin göstəricisidir.
Bu əsər təkcə bir vizual təcrübə
deyil, həm də ruhani bir səfərdir. O,
tamaşaçını öz daxilinə baxmağa,
unudulmuş qorxuları və arzuları üzə
çıxarmağa sövq edir. Hər xətt, hər
qarışıq forma insan beynində dolaşan
düşüncələrin, həyəcanların və
xatirələrin bir kodudur. Belə işlər müasir
ekspressionizmin və psixoloji simvolizmin əla nümunəsi
hesab edilə bilər.
- Əsərin semantik təhlilində nələri
vurğulamaq olar?
- Bu əsər sadəcə bir tablo deyil, həm də
susmuş qışqırığın, təlatümlə
dolu daxili aləmin vizual xatirəsidir. Sanki qara-qələm
burada qaranlığın özüylə danışır.
Və o danışdıqca, biz səssizliyin necə
ağır ola biləcəyini hiss edirik.
Əsərin mərkəzində özünə
qapanmış bir fiqur var - dizlərini qucaqlayıb oturub. Bu
pozada ümid yox, yalnızlıq var. Bu insan qorunmaq istəyən,
bəlkə də artıq dünyadan gizlənmiş birisidir.
Onun duruşu bizə heç bir sözü demədən
yüzlərlə sual verir: Nədən qorxur? Nədən
yorulub? Harada itib özü?
Ətrafında dolaşan qarmaqarışıq xətlər
elə bil onun beynindəki düşüncələrin xəritəsidir.
Nə başlanğıc var, nə də son. Bu xətlər
içimizdə dolaşan və heç zaman tam
formalaşmayan düşüncələr kimidir -
qırıq, tikanlı və az qala boğucu. Onlar yalnız
forma deyil, ruhun qaça bilmədiyi labirintləridir.
Spiralvari formalar isə zamanın içində donub
qalan bir anı xatırladır. Keçmiş və gələcək
eyni nöqtədə toqquşur. Bu spiral - insanın eyni
ağrını təkrar-təkrar yaşamasıdır,
yaddaşın, travmanın, dərin düşüncələrin
dönə-dönə qaytarılmasıdır.
Havada dolaşan simvolik elementlər - quşlara bənzər,
bəzən nota oxşar formalar isə azadlıq
xülyası ilə şüuraltı xaosun
toqquşmasıdır. Sanki insanın daxilindən
çıxmağa çalışan xatirələr, arzular,
qorxular, ya da duyğular havada uçuşur, amma yerə enə
bilmir. Onlar formaya düşmədən qeyb olur - ruhun tərcüməsiz
səsləri kimi.
Və sonra ikinci fiqur peyda olur - balaca, başsız və
ya tam formalaşmamış. Bu, bizim "gizli mən"imizdir,
qaranlıqda gizlənən "kölgəmiz"dir. Bəzən
özümüz də onun varlığından xəbərsizik.
Amma o, bizi izləyir, addımlarımızı təkrar edir,
bəzən bizdən daha çox bizdir.
Əsərin rəngsizliyi isə susqun bir fəryad
kimidir. Qara və ağ - İşıq və
qaranlığın ən son qarşılaşması. Burada
rəngin yoxluğu - hisslərin yandırıcı dərinliyidir.
Qara burada sadəcə rəng deyil, itirilmiş ümidin, bitməyən
gecənin və heç açılmayan sabahın simvoludur.
- Tablo hazırda harada qorunur?
- Əsər Ləman xanımın öz
kolleksiyasında saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu əsər baxmaq üçün deyil, hiss etmək
üçündür. Onunla danışmaq olmur, onu duymaq
mümkündür. O, sənə özünü göstərmir,
səni öz içinə çəkir. Və sən də
baxdıqca öz qaranlığınla üz-üzə
qalırsan. Bu rəsmdə insan yoxdur, insanın içi var. Və
o iç çoxumuzun tanıdığı bir dərinlikdir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 5 iyul(№ 115).- S.18.