Şəhanə
Rzayeva: "Mən səhnədə özümü, əsl
kimliyimi tapıram..."
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid
sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni
səslər doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
"525-ci qəzet"in "Səsin izi ilə"
rubrikasında oxuculara təqdim edirik. Hər şənbə
bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki
istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın
ünvanıdır.
"Səsin izi ilə..." rubrikasında bu dəfəki
həmsöhbətim Şəhanə Rzayevadır. Onun səsi
ilə tanış olanlar üçün təqdimata ehtiyac
yoxdur - uşaq rollarından tutmuş efir
çıxışlarına, musiqi performanslarından
aparıcılıq bacarığına qədər hər
işində səsi ön plandadır. Uşaqlıqdan bəri
kamera qarşısında böyüyüb. Səhnə onun
üçün qorxulu yox, doğma bir məkandır. İllər
öncə çəkildiyi filmlərdəki səmimi
baxışları bu gün də öz təbiiliyini
saxlamaqdadır.
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində aktyorluq üzrə
SABAH qruplarında təhsil alan Şəhanə indi səhnədə
öz səsini eşitdirməyə, öz izini yaratmağa
çalışır. Müğənnilik edir,
aparıcılıqla məşğuldur, aktrisa kimi də
müxtəlif layihələrdə iştirak edir.
Bütün bunların fonunda onun ən parlaq cəhəti səsidir.
Hisslərlə yüklü, içdən gələn və
yadda qalan bir səs...
Bu müsahibədə onunla səsin izi ilə
keçdiyi yoldan danışdıq,
uşaqlığından, sənətə olan sevgisindən,
yaşadığı tərəddüdlərdən və gələcəyə
dair planlarından söz açdıq...
Şəhanə xanımın musiqiyə və səhnəyə
olan sevgisi də elə uşaqlığından gəlir.
Özü o illəri belə xatırlayır:
"Musiqiyə sevgimi ailəm hələ çox erkən
vaxtlardan, lap körpəliyimdən müşahidə edib. Anam
danışır ki, hələ heç üç
yaşım belə tamam olmayan zamanlarda İradə
İbrahimovanın "Bahar çiçəyi"
mahnısını sevirmişəm. Deyirlər ki, radioda həmin
mahnı səslənən zaman yuxuda belə olsam, oyanar və
mütləq rəqs edərmişəm. Görünür, bu
həvəsim necə böyük olubsa, qonşuların,
qohumların da diqqətindən yayınmayıb.
Qonşuluqdakı hər kəs mənim istedadımdan, həvəsimdən
danışırmış, deyirmişlər ki, bu qız
çox istedadlıdır. Ona görə də anam məni elə
həmin illərdə Uşaq Filarmoniyasına -
tanınmış uşaq bəstəkarı, mərhum sənətkar
Oqtay Zülfüqarovun qrupuna yazdırdı. Beləcə, mən
üç yaşımdan artıq televiziyalara
çıxmağa başladım, müxtəlif çəkilişlərə,
konsertlərə qatıldım. "Can, nənə",
"Cırcırama, cırılda" mahnıları o
dövrdə uşaqlar tərəfindən də çox
sevilirdi. Sonra 6 yaşım olarkən Uşaq Filarmoniyasında
Məryəm Əlibəyli ilə Natiq Qəzənfəroğlunun
"Noğullar" pop qrupuna qatıldım. Bununla da
böyük səhnələrdə
çıxışlarım başladı, eləcə də
uşaq aktrisa kimi filmlərdə çəkildim. Yəni
musiqi mənim həyatıma elə həyatın özü
ilə birgə daxil olub.
Musiqi və səhnə mənim hisslərimi ifadə
edə bilmə şəklimdir. Mən səhnədə
özümü, əsl kimliyimi tapıram. Yalnız orada
özüm olduğumu hiss edirəm. Səhnədə ifa edərkən
məni dinləyənlər və izləyənlər mənə
çox güclü enerji ötürür, ilham verir..."
Bir zamanlar gənc aktrisa kimi filmlərdə, serialda
gördüyümüz, təhsilini də məhz bu istiqamətdə
- aktyorluq ixtisası üzrə alan Şəhanə Rzayeva bu
gün fəaliyyətini daha çox müğənni kimi
davam etdirməyi üstün tutur. Onu filmdən, illərlə
təhsilini aldığı sənətdən ayrı salan məqamlarla
maraqlandıq. Şəhanə xanım bu sualımıza
özünəməxsus səmimiyyətlə cavab verdi:
"Əslində, mən hər iki sahədə - həm
aktrisa, həm də müğənni kimi fəaliyyət
göstərirəm. Bu gün bir qədər musiqi sahəsində
daha görünənəm, amma bu o demək deyil ki,
aktrisalıqdan uzaqlaşmışam. Sadəcə, son zamanlar
mənə təqdim olunan film və serial ssenariləri, təklif
olunan rollar, açığını deyim ki, çox da
ürəkaçan olmayıb. Mənim üçün bir
layihədə iştirak etmək təkcə efirə
çıxmaq deyil. Ssenaridə nəsə axtarıram - dərinlik,
emosional qat, xarakterin transformasiyası, sənətə xidmət
edən məqamlar... Təklif edilən rollarda isə
bunları çox zaman görmürəm və buna görə
də iştirak etmək istəmirəm.
Amma içimdə aktrisa olan o Şəhanə hələ
də axtarışdadır və gözləyir. Çox istərdim
ki, dolğun bir ssenari ilə, maraqlı və psixoloji
baxımdan zəngin bir obrazla kinoya qayıdım. Bu, mənim
üçün həm sənətçi kimi
özümü ifadə imkanı, həm də
tamaşaçı ilə fərqli bir dildə ünsiyyət
fürsəti olardı. Baş rolda oynayacağım bir film, əgər
doğrudan da sənət yükü daşıyırsa, mənim
üçün böyük bir motivasiyadır".
Müsahibim iki il öncə ölkəmizdə musiqi
sahəsində xüsusilə tanınan və seçilən
layihələrdən biri olan "Səs Azərbaycan"
layihəsinə qatılmış, müsabiqədə
uğurla yarışmışdı. İndi çoxları
onu həm də bu layihənin fərqli və istedadlı iştirakçısı
kimi də tanıyır. Söhbətimizdə bu müsabiqə
və onun gənc sənətçiyə
qazandırdıqlarına da toxunduq:
"Səs Azərbaycan" layihəsi mənim
üçün olduqca maraqlı və yaddaqalan bir mərhələ
oldu. Neçə illərdir səhnədə olmağıma,
tamaşaçı qarşısına
çıxmağıma baxmayaraq, bu layihə mənim
üçün tamamilə fərqli bir təcrübə idi.
Çünki bu dəfə təkcə ifa yox, həm də rəqabət,
emosional gərginlik, bir az da özünü yenidən kəşf
etmək vardı. Kamera arxasındakı gözləntilər,
canlı tamaşaçı reaksiyası və sənin səsinə
olan münasibət - bütün bunlar fərqli duyğular
idi.
Bu cür böyük miqyaslı bir layihənin Azərbaycanda
keçirilməsi, məncə, istedadlı insanlar
üçün həm motivasiyadır, həm də bir
şans. O səhnədə dayanmaq üçün gərək
təkcə səsin yox, həm də daxili gücün,
dayanıqlığın və özünə inamın
olsun. Yarış boyu məhz bunlarla üz-üzə
qalırdım və bu prosesdə çox şey öyrəndim.
Eyni zamanda, bu layihə mənə çox dəyərli
insanlar qazandırdı. Orada istedadlı, enerjili və eyni
zamanda çox gözəl qəlbli insanlarla tanış
oldum. Bu tanışlıqlar birgə musiqi qədər ruhuma təsir
etdi. Rəqabətin içində dostluğun mümkün
olduğunu, sənətlə birləşən qəlblərin
nə qədər güclü bağlar qura bildiyini
gördüm.
Bu baxımdan "Səs Azərbaycan" mənim
yaddaşımda təkcə bir yarış deyil, həm də
sənət yolumun xüsusi bir dönüm nöqtəsi kimi
qaldı".
Musiqi elə geniş dərya, ucsuz-bucaqsız
ümmandır ki, hətta onunla bir ömür məşğul
olmaq belə o dərinliyin yarısına da olsa
çatmağa kifayət etmir. Amma hər insanı ifadə edən
bir musiqi janrı vardır, əlbət ki, o janrda insan
özünü, əsl kimliyini tapır. Musiqini özünə
məskən seçənlərdə isə bu, daha
böyük önəm daşıyır. Şəhanə
xanımın da ruhunu ifadə edən janr var, təbii ki:
"Düzü, daha çox pop janrına üz
tuturam. Bu janr mənim üçün həm özümü
ifadə etməyə, həm də dinləyicimə yaxın
olmağa imkan verir. Amma bu o demək deyil ki, yalnız pop ifa
edirəm və ya yalnız bu musiqi mənim ruhuma uyğundur.
Əksinə, bir çox janrlar var ki, mən onlarda da
özümü tapıram.
Pop janrını seçməyim bir az da onun
çevikliyi və zamanla ayaqlaşa bilmə qabiliyyəti ilə
bağlıdır. Bu janrda sən həm emosiyanı, həm də
enerjini çatdıra bilirsən. Amma musiqi mənim
üçün hər zaman sərhədsiz bir dünya olub.
Bu sənətdə sevdiyim, sənətinə, səsinə
hörmət etdiyim sənətçilərimiz çoxdur. Yəqin
ki, adlarını çəksəm, siyahı çox uzun
alınar. Qısa şəkildə deyim ki, Xalq artistlərimiz
Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün
Kazımova, Röya, Əməkdar artist Lalə Məmmədova
və başqaları sevdiyim, dinlədiyim sənətçilərimizdəndirlər.
Amma etiraf edim ki, ümumiyyətlə, kumirim yoxdur".
Şəhanə Rzayeva ixtisasca aktyorluq təhsili alsa
da, iki sahənin - aktyorluq və müğənniliyin bir-birinə
yaxınlığı heç kimə sir deyil. O, tədris prosesində
musiqi sahəsində də təhsil görüb, müəyyən
biliklərə yiyələnib. Amma bu gün səhnəmizdə
heç də hər sənətçi musiqi təhsilinə
malik deyil. Bəs musiqi təhsili bir ifaçı
üçün həqiqətənmi vacibdir?
"Musiqi təhsili, məncə, bir müğənni
üçün çox vacibdir. Sən səsi sevə bilərsən,
eşitdiklərini təqlid edə bilərsən, hətta
gözəl ifa da edə bilərsən. Amma təhsil o zaman
işə yarayır ki, sən nə etdiyini anlayaraq edirsən.
Musiqi təhsili sənətkarın özünə güvənini
artırır, səhnədə daha az tərəddüd edir,
daha çox nə etdiyini bilirsən. Amma məncə, təkcə
təhsillə də hər şey tamamlanmır. Musiqidə
hiss var, ruh var. Bəzən elə olur ki, texniki cəhətdən
hər şey qaydasındadır, amma ifaçı ilə dinləyici
arasında bir rabitə qurulmur. O rabitə üçün isə
sənin səhnədəki duruşun, baxışların,
özünü necə ifadə etməyin, ən əsası
isə insanlara ötürdüyün enerji çox önəmlidir.
Yəni sən təkcə oxumursan, həm də
danışırsan, hiss etdirirsən, bağ qura bilirsən.
Ən gözəl nəticə isə bu ikisinin - təhsilin və
içdən gələn enerjinin - bir yerdə vəhdət təşkil
etdiyi an yaranır. Mən də bu balansı qurmağa
çalışıram".
Arzular tükənməz, planlar sona yetməz. Xüsusən,
gənc sənətçi Şəhanə Rzayeva
yaşının və sənətinin arzuların bulaq kimi
qaynadığı çağındadır. O arzuların nə
olduğunu isə müsahibəmizin sonunda belə ifadə
etdi:
"Gələcək planlarım, arzularım
çoxdur, heç tükənmir. Aktrisa kimi - ruhumu
oxşayacaq, dərin və xarakterli bir obrazda oynamaq istəyirəm.
Müğənni kimi isə dinləyicilərin qəlbinə
səmimi və hissli mahnılarla yol tapmaq ən böyük
arzumdur. Hələ yolum uzundur... Və bu yolun üzərində
incəsənətin başqa sahələrində də
özümü sınamaq istəyim var".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 5 iyul(№ 115).- S.15.