Xanım
İsmayılqızı: "Qalmaqalı boş vaxtı
çox olan, bekar adamlar yaradırlar"
Qələm əhli olan müsahiblərdən biri
söhbət əsnasında belə bir fikir söyləmişdi:
"Mən söz adamıyam". Ta o zamandan bəri
yazarlardan həmsöhbət seçəndə bu fikri
xatırlayıram, çünki söz adamı ilə qabaq-qənşər
oturmaq heç də asan deyil. Bugünkü müsahibim kimi...
Onu çoxdan tanıyıram, özü də lap
çoxdan. Eyni məktəbin şagirdləri olmuşuq,
aramızda iki sinif fərqi vardı. Lakin sonralar bu fərq də
itdi, çünki onun böyük bacım Təhminə ilə
sinif yoldaşlığı 9-10 yaşından elə bir
dostluğa çevrildi ki, məktəb illərini adlayıb
universitetdə davam etdi və bu gün ömrünün
müdrik çağını yaşayır. Bəzən
onlara baxanda mənə elə gəlir ki, bu münasibət
dostluqdan çoxdan çıxıb, lakin adını tapa bilmirəm.
Özünün yaradıcı bir dünyası var.
Orada sözün çəkisi ilə musiqinin harmoniyası
ona aid dəst-xətt üzrə illərdir ki, yol gəlir. Qələmini
həm jurnalistikada sınayıb, həm də tərcümədə.
"Bir məndim, bir də özüm" deyərək,
"Ağ və Qara"ya hopan misraları "Dua
yağışı"na çevriləndə,
"İlahi, yerimi demə" pıçıltısı
ilə "Səni göyə bağışladım"
naləsini içində boğa bilib. Amma özünün
dediyi kimi: "Allahım, niyə mən?" deyərək,
çox da üsyan edib, lakin sonunda Tanrının bəxş
etdiyi güc çətin sınaqdan onu çıxara bilib. Gəlib
çatdıq bugünkü müsahibimizin təqdimatına.
Yay fəslinin ilk şənbə qonağı Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü, şair, bəstəkar Xanım
İsmayılqızıdır. Və düşünürəm
ki, aramızda olan illərin münasibəti səmimi
müraciətə icazə verə bilər.
- Şeirlərinin birində belə demisən:
"Eh... gidi dünya... Nələri itirmədik ki..."
Heç düşünmüsənmi nə istəyirik bu
dünyadan?..
- İnsanın giley-güzarlı vaxtında üz
tutacağı bir tək Allahı var. Əllərimizi göyə
açıb arzularımız üçün dualar edirik,
çətinliklərimiz olanda kömək istəyirik.
Bütün hirsimizi, hikkəmizi isə dünyanın
üstünə yıxırıq. Dünya da dayanıb
öz yerində. Gəlib gedənlər həmişə olub.
Bizdən əvvəl də, bizim vaxtımızda da. Elə
özümüz də gəlmişiksə, gedəcəyik,
amma dünya olduğu kimi qalacaq. Söyən də var, döyən
də var bu dünyanı. Nədənsə bu dünyanın
ancaq bizdən aldıqlarını görürük, axı
onun bizə verdikləri də var. Bütün qəzəbimizi,
ağrımızı-acımızı dünyanın
üstünə tökməyi yaxşı bacarırıq.
Fani adlandırdığımız bu dünyadan bəzən
qeyri-mümkün olanları istəyirik. Bunu özümdən
bilirəm. Elə vaxtlarım olub ki, istəmişəm o
dünya ilə bu dünya bir olsun. Dünyasını dəyişənlər
də bizi görsün, biz də onları. Sağalmaz xəstəm
olub, Allaha yalvarıb istəmişəm ki, dünyada
möcüzə baş versin, xəstəm şəfa
tapsın. Vallah, dünyadan çox şey istəyirik, sağ
olsun ki, bizi saxlayır.
- Bəs bu dünyada özün necəsən?..
- Dünyanın özü kimi... Gah narahat, gah rahat...
Gah nasaz, gah sağlam... İçində özü ilə
gah savaşan, gah susan və şükür olsun ki, hələ
nələrəsə qalib gəlməyi bacaran biri kimiyəm.
Dünyada nələr baş verirsə, yaradıcı
insanın daxilində onlar mütləq şəkildə
özünü büruzə verməlidir.
- Kifayət qədər tanınırsan,
tanıyıram, amma bilmədiyim bir məqam var - qələm
səni tapdı, yoxsa sən qələmi?
- Əslində kim-kimi tapıb, heç özüm də
bilmirəm. Reallıqda isə qələmlə
tanışlığımız lap kiçik
yaşlarından başlayır. Heç nə dərk etməzdən
əvvəl cızma-qaralar çəkmişik və
düşüncəmizdə onu nəyəsə bənzətmişik.
Daha sonra hərfləri tanımağa başladıq, sözlər
yazdıq, cümlələr qurduq. Bir az da böyüyəndə
fikrimizi bildirmək üçün
bizə inşalar yazdırdı müəllimlərimiz.
Bunun hamısını qələmlə birlikdə etdik. Lakin
həmin qələmə süzülən hisslərin sözə
çevrilən məqamı fərqlidir və nə
yaxşı ki, bu, məni tapdı. Nə yaxşı
Tanrı məni sevdi, seçdi və bir cığır
açaraq dedi ki, bu, sənin yolundur. Yəni içimdəki
hisslərimin partlayışını sözə çevirməsəydim, bəlkə də ürəyim tap
gətirməzdi. Belə deyim də, Tanrının mənə
rəhmi gəlib. Məni lap erkən yaşımdan
tanıyanlar da bilir ki, özümü dərk edəndən qələmlə
həmişə nələrsə etmişəm.
- Yəni söz dilə gəlmək istədi... Onda
elə sözdən danışaq...
- Söz Allahın bizə hədiyyəsidir,
çünki O, yalnız yaratdığı ən ali
varlıq olan insana özünü ifadə etmək
imkanını verib. Söz dildir, söz hisslərin
üzüdür, insanın kimliyidir. Söz
azadlığın qapısıdır, duyğuların rəngidir.
Bəlkə də Tanrı özünün
varlığını insanın bətnində bərqərar
edib də sözü insana verib. Ona görə də söz
Allah qədər müqəddəsdir və sözə
ehtiyatla yanaşmaq lazımdır.
- Deməli, söz əhli olmaq o qədər də
asan deyil...
- Baxır hansı sözün əhli olmaq,
çünki adi danışıq dili də sözdən ibarətdir.
Amma sualın səmtini anladığım üçün
deyə bilərəm ki, əslində çətin deyil, əgər
o ixtiyar sənə verilibsə... Yəni söz əhli
çəkisi ağır olan sözü deməyi, ifadə
etməyi bacaran, ona haqqı çatanlardır. Sözü səviyyəsində
saxlayan, sözünü dinlədə bilən, insan
şüurunda yollar açan, qaranlıqdan işığa
aparan, ziyasından hər kəsə pay verməyi
bacarandır söz əhli.
- İlk qələmə aldığın...
- Yadımdadır, orta məktəbdə oxuyurdum. Amma
ona şeir demək olar, ya olmaz, bu, artıq ayrı məsələdir,
çünki indiki nəzərimlə baxdıqda, bunu təbii
ki, bilirəm. Bu, mənim ürəyimdən gələn saf
hisslərimin ifadəsi idi. Yeddinci sinifdə 8 Mart qadınlar
bayramında anama hədiyyə kimi yazmışdım ilk
şeirimi, çünki başqa bir imkanım yox idi təbrik
üçün. Onu şeir adlandırmaq olmasa da, yaddaşımda ilk şeir kimi indi
də qalmaqdadır.
- Yaradıcı aləmə jurnalistika ilə gəlmisən.
Başlayaq elə mətbuatın bu gününə
münasibətindən...
- Mətbuatın bu günündən razı deyiləm.
Nə yaxşı ki, bu gün hələ ciddi mətbu
orqanları var, peşəkar jurnalistika səviyyəsini
saxlamağı bacarır. Lakin reallıq budur ki, əksər
jurnalist adını daşıyanların yazılarını
çap edən saytlar, qəzetlər, efirlərdə
işıqlandıranlar sanki qalmaqal yarışına
çıxıblar, başları reytinq toplamağa
qarışıb. Ən acınacaqlısı isə odur ki, əksəriyyət
bu istiqamətə daha meyillidir. Açıq deyəcəyəm,
birinin yaradıcılığı, ya kitabı, ya bəstələri
haqqında səliqəli, məntiqli, yerli-yerində işlənən
sözlərin məcmusundan ərsəyə gələn bir
yazı rastımıza çıxanda sevinib şükür
edirik ki, nə yaxşı onların çiyinlərində
peşəkar jurnalistika hələ ki, irəliləyə
bilir. Heç uzağa getmədən fikirlərimi qəzetinizə
aid edə bilərəm. Mən "525-ci qəzet"ə
yarandığı vaxtdan bələdəm, elə o zamandan bu
günə qədər qəzetin adını,
simasını, oxucu marağını qoruyub saxlamağı
bacaran baş redaktor Rəşad Məcidi tanıyıram.
90-cı illərin əvvəllərində Azərbaycan Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində
çalışırdım və "525-ci qəzet" də
həmin binada fəaliyyət göstərirdi. Əvvəllər
mətbuatda kiçik yazılarım, esselərim dərc
olunurdu. Rəşad Məcid qəzetin mədəniyyət səhifəsini
mənə həvalə edərək, tanınmışlarla müsahibələr
hazırlamağımı istədi. Beləcə, qəzetlə
əməkdaşlığım başladı və bir
neçə il davam etdi. İllər keçib, zaman dəyişib,
lakin "525-ci qəzet"in jurnalistləri hər zaman, hər
yerdə öz imzasını təsdiq edir. Onların
özündə, davranışında, qələmində həmişə
fərqlilik olub. Dəyərli olduğu kimi, dəyərliləri
də seçə bilirlər. Gələn gənclərdən
də hiss olunur ki, kimin əlindən su içib. Bu keyfiyyətləri
Rəşad Məcid ciddi şəkildə qorumağa davam
edir.
- Bəs əslində jurnalist kimdir...
- Başlayaq ondan ki, hər sahənin öz jurnalisti
olmalıdır və onun obyekti olan həmin istiqamətin ən
azından əlifbasını mütləq bilməlidir.
Əgər sən jurnalist bir tarixçi ilə müsahibəyə
gəlmisənsə, qarşındakı insanı
tanımaqdan savayı, tarixi məlumatların yetərincə
olmalıdır. Bəyəm iş bir qucaq sual yazmaqla bitir?
İstər bəstəkarı, yazıçısı, həkimi,
müəllimi olsun fərq etməz, əsas jurnalist savadlı
və məlumatlı olmalıdır. Yəni üz tutduğu
hədəfə tərəf hazırlıqlı getməlidir
ki, söhbətin gedişatına yeri gələndə
müdaxilə də etsin, aldığı cavabdan lazım
olduqda yeni sual çıxara da bilsin.
- Jurnalist həmvar da yazmalıdır axı...
- Yazmalıdır... Nələrinsə müqabilində
şişirdilmiş, məxsusi, tapşırıqlı və
ya sifarişli yazıları ictimailəşdirmək də
var jurnalistikamızda. Gəl, burada dayanaq...
- Dayanaq və keçək tərcüməçiyə,
çünki uzun illər Azərbaycan Dövlət Tərcümə
Mərkəzində məsul vəzifədə
çalışmısan...
- Tərcüməçi əsərin ikinci müəllifidir.
Əsərin oxucuya hansı səviyyədə
çatdırılması tərcüməçidən
asılıdır. O, orijinal əsəri bərbad da edə
bilər, öz dəst-xətti, üslubu ilə müəllifin
özündən də keyfiyyətli bir məhsul qoya bilər
ortaya. Dil bilmək tərcümə etmək anlamına gələ
bilməz. Tərcüməçi mütləqdir ki, əlində
qələm tutan söz əhli olsun. Tərcüməçinin
söz bazası, dil ehtiyatı olmalıdır, ədəbi
dili, əsərin orijinal dilinin incəliklərini bilməlidir.
- Alman şairi Hötenin belə bir fikri var: "Tərcümə
qadına bənzəyir. Sadiqdirsə, gözəl deyil,
gözəldirsə, sadiq deyil"...
- Birini də mən Belinskidən deyim: "Tərcümə
şüşə altından gözəl bir çiçəyə
baxmaq kimidir. Onun gözəlliyini görə bilirsən, lakin ətrini
duya bilmirsən". Tənqidçi bununla demək istəyib
ki, nə qədər mükəmməl tərcüməçi
olsan da, orijinalın əvəzini heç zaman verə bilməzsən.
Çünki hər dilin özünə məxsus ifadələri,
sətiraltı mənaları var ki, bu, yalnız onlara aiddir və
özləri də başa düşür. Müqayisə
üçün özümüzdən bir misal çəkim.
Bizdə belə bir ifadə var: "Gözüm səndən
su içmir". Eşidən kimi dərhal mənasını
başa düşürük. İstər ingilis olsun, istər
alman, ispan, ya fransız, fərq etməz, onların da dilində
bu tip ifadələr var. Onlar belə ifadəni öz dilində
yazanda, öz oxucusu daha dəqiq anlayır, nəinki tərcümə
olunanda. Nə qədər sözün, ifadənin alternativini
tapsan da, yadda saxlamaq lazımdır ki, tərcümə hər
zaman orijinala uduzur.
- Sonunda Xanım İsmayılqızı söz
adamına çevrildi. Qələm elə hey yazdı və
yazılanlar kitablarda özünə yer etməyə
başladı. Adı qısa, məna çəkisi
ağır kitab...
- Kitabda əksini tapanlar həyatın başqa bir
üzüdür. Orada da hadisələr cərəyan edir,
obrazlar var. Müsbət tərəfindən özünə nələrisə
götürə bilirsən,
dünyagörüşünü artırırsan. Bədii əsərlərin
mövzusu əksər hallarda həyatdan
götürülür və sənin oradan öyrəndiklərin
yeri gələndə köməyinə çatır. Kitab
savadsızlığın qatı düşmənidir.
Mütaliə insanın özünü ifadə etmək
imkanlarını daha genişləndirir. Gizli deyil ki, biz sovet
dövrünün yetirmələriyik və o zamanın
müsbətlərindən biri insanların kütləvi
mütaliə etməsi idi. Hamı mütaliə edirdi və hər
yaşa uyğun kitab tapmaq problem deyildi. Biz klassiklərimizi
orta məktəbdən tanıyıb mütaliə etməyi
öyrənmişik. Düzdür, hər dəyişən
zaman öz sözünü deyir, amma elə dəyərlər
var ki, onlar toxunulmazdır, kitab kimi. Mütaliə edən
heç zaman sıradan biri ola bilməz, onun hissləri,
şüuru, dili iti, zövqü yüksək olar.
- Kitablarının birinin adı "Ağ və
qara"dır. Hamı bu rəngləri eyni gözlə
görmür...
- Ağ və qara rənglər həyatımızın
ilkidir, dünyamızın iki üzüdür. Həyatımızı
rəngarəng etmək üçün bu iki rəngin
yanına hansısa rəngləri
qatmaqla, ömrümüzün alabəzək
çalarlarına sevinirik. Müsahibələrimin birində
demişdim ki, qara görəndir, çünki dünyanı
gözümüzün qara giləsilə görürük.
Ağ göstərəndir, çünki ləkəni
çox tez götürür. Bir şeirimdə deyirəm ki,
mənim ağ vərəqim və qara qələmim olmasa,
içimdəki hisslərin şəklini söz qiyafətində
dünyaya gətirə bilmərəm. Bəstələdiyim
musiqilər pianonun ağ-qara dillərindən süzülərək
notlara çevrilir. Suala cavabımı bir şeirimin
misraları ilə yekun vurmaq istəyirəm:
Ağla qara arasında bir harmoniya yaranır,
Bu aralıqda deyəsən, həzin bir duyğu
oyanır.
Bu duyğunun rəngi düşür gündən
qaçan illərimə
Bu duyğunun səsi düşür pianonun dillərinə.
- Sırada bəstəkar Xanım
İsmayılqızıdır. Zaman gəldi və anladın
ki, sözlə musiqi qoşalaşmaq istəyir...
- Məktəbli idim, haradasa səkkizinci sinifdə
oxuyardım. Belə bir həvəs yaranmışdı məndə.
Xoşuma gələn mahnını eşidəndə, həmin
musiqiyə öz sözlərimi qoşub oxuyardım. Sözlər
də öz-özünə gəlirdi. Sinifdə yaxın rəfiqələrim
də bunu bilirdi. O zaman mən bu yazdıqlarımı şeir
kimi qəbul etmirdim, amma görürdüm ki, sözləri musiqinin
üzərinə oturda bilirəm. 1986-cı ildə
yoldaşım evə piano aldı, qızımı musiqi məktəbinə
qoymaq fikrimiz vardı. Keçdim pianonun arxasına ki, onun vəziyyətini
yoxlayım. Özümdən
asılı olmayaraq bir melodiya çaldım sonra ona sözlər
də yazdım və beləcə, "Sevgimizi qoruyub
yaşayırıq" mahnısı yarandı. Altı ildən
sonra bu mahnı rəhmətlik Səməd Səmədovla Ruhəngiz
Allahverdiyevanın ifasında səsləndi. Yalnız o zaman
anladım ki, musiqi və sözlər qoşalaşmaq istəyir.
Həmin vaxtdan etibarən əksər mahnılarımın
şeirlərinin müəllifi elə özüməm. Amma
xeyli bəstəkarlarla da işbirliyim olub, davam da edir.
- Nə zaman rahatsan - şeir yazanda, yoxsa mahnı bəstələyəndə?
- Əslində hər ikisində rahatam.
Hansının narahatlığı içimə qonursa və
daxilən hansına köklənirəmsə, ondan azad olanda özüm
rahatlanıram.
- Şair-bəstəkar kimi sözlə musiqinin vəhdəti
sənin üçün nədir?
- Bu vəhdət mənim hisslərimin ifadəsidir,
duyğularımın simasıdır, içimin
harayıdır. Bu vəhdət bir ömür nəğməsi
də ola bilər.
- İlham pərisi və sən...
- Mən ona ilham pərisi yox, təb deyirdim. Təbimin
gələn vaxtı da olub, gəlməyən vaxtı da.
Əgər təbin gəlibsə, səni dinc qoymursa,
içində təlatüm yaradıbsa, o, mütləq
püskürməlidir. Bu hal, məncə, yaradıcı
insanların hamısında olur. Şeir də, musiqi də mənə
qəfil gəlir. Elə ki gəlir, yazmayana qədər məndən
əl çəkmir. Başlanğıcda olurdu
görürdüm ki, təb məni
bivaxt da yaxalaya bilir. Özümlə kiçik bir
diktofon gəzdirirdim, musiqi gələn zaman tez onu
zümzümə edib saxlaya bilirdim. Eləcə də
şeiri söyləyib sonradan üzərində işləmişəm.
Demirəm, yaradıcılığımda sifarişli işlər
də olur və bilirsən ki, bunu yazmalısan. Elə olan
halda da mən həmin təbi gözləyirəm.
- Sənət cameəsində qalmaqal bitmir ki, bitmir...
- İşi-gücü ilə məşğul olan
birinin qalmaqal yaratmağa vaxtı olarmı? Qalmaqalı əsasən
bekar, boş vaxtı çox olan adamlar yaradırlar.
Götürək efirləmizi, bu gün onların
tamaşaçıya təqdim etdiyinin adı nədir? Efirə
elə adamları dəvət edirlər ki, onların sənətə
heç dəxli yoxdur. Bəs onda bu adamla nədən
danışmalıdırlar? Beləcə, başlayır
şəxsi söhbətlər, birinin digərilə olan gərgin
münasibəti mövzu olaraq ortaya atılır, telefon
bağlantıları, təhqirlər, məhkəmə
çəkişmələri, arada "şok, şok,
şok" anonsları, hay-küy, bununla da veriliş bitir. Təəssüf
ki, belə verilişlərin bekar tamaşaçıları
da var və beyinlərinin nə qədər zəhərləndiyindən
özləri də bixəbərdirlər. Efirlər bu gün
sanki qeybətxanaya çevrilib, acınacaqlısı da odur
ki, bura hamı qoşulub. Özlərini unudaraq
başqasının həyatını müzakirə obyektinə
çevirib buna enerji sərf etmək, dalaşmaq, vuruşmaq
insana niyə bu qədər maraqlı ola bilər? Efirlər
isə reklam naminə bu gün reytinqə xidmət edir, ona
tamaşaçı məhz buna görə lazımdır.
Günümüzün reallığı budur, ona görə
ki, dərin verilişlərə bu gün baxanları barmaqla
saymaq olar. Nə yazıq ki, bunlar beş-altı nəfərin
tənqidi ilə düzələn deyil.
- "Bir məndim, bir də özüm"... Oxucunu
həm maraqlandırmısan, həm də
düşündürmüsən...
- Çünki bu misra yarananda özüm də, ruh
halım da belə idik... Hər kəsə və hər
şeyə rəğmən... Vəssalam...
- "Qəm qalası"na hərdən baş
çəkirsən yəqin ki...
- Təbii ki, baş çəkirəm, o qala mənimdir.
Mahnının da, ifasının da otuz ildən artıq
yaşı var. Kimsə düşünə bilər ki,
görəsən, Xanım ömrünün o
çağında nə yaşayıb ki, qəmindən qala
yaranıb? İnanmıram ki, həyatda qəmsiz kimsə var,
bir göz gülürsə, o biri mütləq
ağlamalıdır. Mən də bu halımı
poeziyanın dilinə saldım. O qala bu gün də var, ora
düşənlər də, oradan çıxanlar da var. Mən
isə həmin qalanı heç tərk etmədim.
Yazdıqlarım da qəm qalasının divarları
arxasından çıxır.
- Bu gün bəşəriyyətin "Dua
yağışı"na çox ehtiyacı var, amma Allah səsimizi
eşitmir, sanki "Tanrının yad balası"
olmuşuq...
- Tanrının yad balası yoxdur, hamımız onun
doğmalarıyıq. Mənim bu poetik ifadəm həmin anda qəlbimin
harayı idi, ovqatımın məhsulu idi. İnsanın həyatında
hər şey hamar olmur. Mən də kələ-kötür,
dərə-təpə, eniş-yoxuşlu yollarla həyatımı
yaşayanda, Allaha üz tutub
dayanmadan soruşurdum: "Niyə
mən bunları yaşamalıyam? Niyə mənə bu əziyyəti
verirsən?
Övladımı itirəndə çox üsyan
etdim, amma Rəhman Allah bir ananın yanğısına məni
bağışlayar. Lakin elə bir məqam çatdı ki,
bu üsyankar Xanım yaxşı mənada Allahdan soruşdu:
"Niyə məni seçmisən?
Niyə mənə vermisən bunu? Nəyin
mükafatıdır bu?" Bax, görürsən, suallar
bir-birinə çox bənzəyir, lakin həm zaman fərqlidir,
həm məna, həm istək, həm hisslər fərqlidir.
Nə edək ki, əlimiz hər yerdən üzüləndə
ümid, pənah yerimiz yalnız Allahdır.
- Bir söhbətin içində Allahın
adını çox tutduq və Vaqif Səmədoğlunun
misraları düşdü yadıma: "Dünya
susmalıdır artıq, Allaha kömək
vaxtıdır"... Sanki bu günümüzlə səsləşir...
- Rəhmətlik Vaqif Səmədoğlu bu şeiri
yanılmıramsa, 20 Yanvar faciəsindən sonra
yazmışdı, amma düz vurğuladın, sanki bu
günümüzlə səsləşir. Gör dünya
olaraq, Allahı nə qədər yükləmişik ki,
artıq Ona kömək etmək vaxtıdır. Müharibəyə
susayanlar yəqin ki, Tanrını unudub, amma çox nahaq,
Allah yaratdığını bir anın içində yox etməyə
qadirdir, lakin hələ ki dözür...
- Bir göz qırpımı qədər vaxtın
var...
- O anda təkcə oğlumu görmək istəyərdim...
- Hansı çoxdur - qazandıqların, ya itirdiklərin...
- Hər ikisi..
- Heyifsiləndiklərin...
- O qədərdir ki... İndi dediyim "kaş
ki"lər kaş ki olmayaydı...
- Fəsillər dəyişkəndir... Sənin də
ömrünün bir Xanım fəsli var...
- Hə, o həm dəyişkəndir, həm də
deyil... İstər şair, istər bəstəkar kimi
yaradıcılığa qovuşduğum nöqtədə
bir fəsil var. O fəslə düşəndə,
yaradıram. Amma ömrün Xanım fəslinin içində
təbiətin bütün fəsilləri var və bəzən
onlar üst-üstə düşməyə bilir. Qoy olsun...
Elə ömrün Xanım fəslinin özəlliyi və
xanımlığı da budur...
SÖZARDI:
Dünya susub dayanıb eşqin cazibəsində,
Fəsilləri fırlanır sevginin nəfəsində,
Azadlığın içində oynamaq həvəsində,
Mən səndən asılıyam, sən də məndən
asılı...
Ömrün Xanım fəsli ilə bir-birindən
asılı olmağa dəyər...
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 5 iyul(¹ 115).- S.12-13.