Vecsizlik girdabında
boğulan dünya və apatiyalaşan cəmiyyət
Dünya imtahan meydanı, təcrübə məkanıdır.
Odur ki, dünya var olduqca zalım da, məzlum da yer
üzündən əskik olmayacaq. Tarixə nəzər
salanda bunu daha aydın görürük. Zülm həmişə
var olub və olmağa da davam edəcək. Amma onu
böyüdən əsas amil ətrafını bürüyən
səssizlikdir. Pislik çox vaxt hayqırtı ilə deyil, dərin
bir səssizliklə böyüyür. Hələ də
insanlıq zalımlıqlarda çox, sükutu sipər edən
qələbəliklərin kölgəsində əzilir.
Uşaqların öldürülməsinə, şəhərlərin
bir gecədə məhv edilməsinə, mədəniyyətlərin
amansızcasına yer üzündən silinməsinə
telefon kamerası ilə baxan qələbəliklər, bir
qadının fəryadına qulaqlarını tıxayan
küçələr, bir xalqın soyqırıma
uğradıldığını bilə-bilə
qımıldamayan dövlətlər... Pisliyin əsl
silahı bax budur. Tamaşa etmək, alqışlamaq.
İnsanların dünyada baş verənləri bir
tamaşa kimi seyr etməsi mənə nədənsə məşhur
fransız aktyoru və yazıçısı Molyerin
ölümünü xatırladır. Molyer son
yazdığı "Xəstəlik xəstəsi" pyesində
oynayarkən səhnədə qan qusmağa başlayır və
yerə yıxılır. Tamaşaçılar bunu
tamaşanın bir səhnəsi kimi qəbul edir, gurultu ilə
alqışlayırlar və beləcə Molyer
alqışların müşayiəti ilə ölümə
gedir. O, elə həmin gecə saat 10:00-da vərəmdən
ölür.
Ağlım kəsəndən bəri tez-tez
eşitdiyim bir ifadə var: "Mənə toxunmayan ilan min il
yaşasın". Bu məsəl zamanla elə bir məna
qazandı ki, laqeydliyi heç nəyə
qarışmamağı həyat şüarına
çevirdi. Səhv etmirəmsə, Albert Eynişteynin
sözüdür: "Dünya pislik edənlərə
görə deyil, edilən pisliklərə tamaşa edənlərə
görə təhlükəli bir yerdir". Hər gün insanlar
ölür. Bombardman altında qalan şəhərləri,
aclıqdan, quraqlıqdan ölən, etnik təmizləmə
siyasətinin qurbanı olan insanların cəsədlərini
seyr etdikcə laqeydlik hər gün bir az daha da artır sanki.
Ən yaxşı halda sosial mediada gördüklərimizə
"ah" çəkib keçirik. Televizorda izlədiyimiz
insan faciəsinin ardından laqeydliklə kanalı dəyişirik
əyləncə proqramlarına. Birbaşa bizə dəxli
yoxdur deyə ədalətsizliyə kürəyimizi
çeviririksə, bir kərpic də bizlər qoymuş
olmuruqmu bu ədalətsizliyin, zülmün qalasına?
Hitler yəhudilərə qarşı amansız
qanunlar çıxartdığı zaman milyonlarla alman
heç nə olmayıbmış kimi həyatlarına davam
etdi. Əsir düşərgələri qurularkən,
qonşuları yoxa çıxarkən çox insan sadəcə
baxdı və susdu. Halbuki o soyqırımı həyata
keçirən təkcə Hitler deyildi, həm də
"qarışmayan" cəmiyyətlər idi.
1994-cü ildə Ruandada 100 gün içində 800
min insan öldürülərkən, 1990-cı ildə
Bakıda bir gecədə 131 insan qətl edilərkən,
1993-cü ildə Xocalıda 613 insan soqırıma məruz
qalarkən BMT sükutunu pozmadı. Qərb səssizliyə
büründü. Mədəniyyət susdu. "Daxili məsələ"dir
deyildi. Halbuki soyqırımlar bəşəri utancdır.
1995-ci ildə Srebrenitsa qətliamı zamanı
Avropanın göbəyində, BMT-nin mühafizəsi
altında olan bir bölgədə 8 mindən çox
boşnak oğlanları və uşaqlar
öldürüldü. BMT isə olanları soyuqqanlı
şəkildə sadəcə izlədi. İnsanlıq bir
daha sinifdə qaldı. Bu faktlar tarixin utancverici səhifələrinin
sadəcə cüzi bir hissəsidir və bu örnəklər
həm də onu göstərir ki, pisliyin, qəddarlığın
yalnız bir günahkarı yoxdur. Hər zalımın
arxasında nəhəng bir tamaşaçı ordusu, susan cəmiyyət,
hesab tələb etməyən bir dünya var təəssüf
ki.
Bir neçə gün əvvəl Rusiyada
soydaşlarımıza, eləcə də dünyanın
müxtəlif ölkələrində müsəlmanlara,
türk miqrantlara edilən amansız təzyiqlərə yenə
dünya susur. Bu gün dünyada vəziyyət ötən əsrlərlə
müqayisədə daha ağır mənzərələrə
ev sahibliyi edir və indi hər zamankından daha çox səsə,
daha çox sorğulamağa, daha az susmağa
ehtiyacımız var.
Bəzi coğrafiyalarda insanların müxtəlif
fasilələrlə məruz qaldıqları zülmün o
xalqların qədəri olduğu düşüncəsi
formalaşdırıb. Ən ağrılısı isə bu
düşüncə zülmə boyun əymək səbəbinə
çevrilib. Məsələn, əsrlərdir Orta Şərqdə
vəziyyət dəyişmir. Neftin içində yoxsulluqla
mübarizə aparan, müqəddəs mətnlərin
beşiyində zülmlə inləyən, mədəniyyətin
yarandığı coğrafiyada günü-gündən məhv
olan insanların faciə yuvasıdır Orta Şərq. Hər
yerdə eyni mənzərə var; Qan, göz yaşı,
geriqalmışlıq, istismar. Avtoritar rejimlərin
ağuşunda çırpınır insanlar. Sayları
çox olsa da, bu coğrafiyada xalqlar heç cür birləşə
bilmir. Bütün bu qarğaşanın ortasında bir sual
yaranır. Bu coğrafiya hər zaman belə olmaq məcburiyyətindədirmi?
Orta Şərq qədərinimi yaşayır, yoxsa seçimlərinin
sancısını çəkir? Amma "qədərimiz
budur" demək sadəcə məsuliyyətdən sıyrılmaqdır.
Orta Şərqə bu taleyi biçən təkcə
imperialist qüvvələr deyil. Həm də
özünü sorğulamayan din adamları, yaltaq
ziyalılar, hər zərbədə səssiz qalan kütlədir.
Orta Şərqi əsir edən, işğal edən, bədbəxtliyə
məhkum edən bombalar, tanklar deyil, zehnin təslimiyyətidir,
öyrənilmiş çarəsizlikdir. İbn Xəldun
"Coğrafiya qədərdir" demişdi. Amma bu əsrdə
seçimlər dəyişərsə, qədərin də dəyişə
biləcəyinə inanıram mən. Bu coğrafiyada insanlar
tamaşaçı kürsüsündən qalxmağın
bir yolunu tapmalıdır. Bəşəriyyətin
bu xaosdan xilas olmasının yeganə yolu o kürsüdən
qalmaq və materialist anlayışı məhv edib əvəzində
haqqın və ədaləti tələb etməkdədir.
İnsanlığın bundan başqa xilas yolu yoxdur. İllərdən
bəri ölkəmizin məruz qaldığı hücumlar,
soyrıqımlar, terror və bu gün yaşadıqlarımızın
belə təməlində materialist anlayış yatır.
Hədislərin birində: "Bir yerdə pislik, ya da
səhv gördüyünüz zaman əlinizlə düzəldin.
Əlinizlə düzəldə bilmirsinizsə, dilinizlə
düzəldin, dilinizlə düzəldə bilməyib
çarəsiz qalmısınızsa, o zaman bütün qəlbinizlə
nifrət edin" deyilir. Bu isə o deməkdir ki,
gördüyümüz zülmün qarşısında
heç olmasa vicdanımızda mövqeyimizi ortaya qoyaq.
Əks halda qarşılaşdığımız
zalımlığa bu tərzdə müdaxilə edə bilməsək,
zülmün sonu gəlməyəcək. İnsanlıq
susduğu üçün zalımlıq normallaşıb
zövq məsələsinə çevrilməkdədir.
lll
Dünyada müharibələrin, iqtisadi-mənəvi
böhranın, təbiətin və insan əlinin meydana gətirdiyi
fəlakətlər insanların ətrafında baş verən
hadisələrə qarşı laqeydlik və vecsizliyə səbəb
olub. Elmi adı "apatiya" olan bu vəziyyət
bütün dünyanı bürüdüyü kimi, bizim cəmiyyətimizdən
də yan keçmir. Son 20 ildə insanların fərd olaraq
vecsizləşməsi bütövlükdə cəmiyyətin
apatiyalaşmasını da sürətləndirib. Sadəcə
çoxumuz bunun fərqində deyilik. Fərqində olsaq belə,
əksəriyyətimiz bu həqiqətlə üzləşmək
istəmirik. Qulağımızın dibində baş verən
partlayışlar, yanğınlar, qapı qonşumuzun
öldürülməsi, sosial şəbəkələrdə,
mediada izlədiyimiz zorakılıq hadisələrinə
artıq soyuqqanlı reaksiyalar veririk. İsti-isti hadisələr
bizə təsir etsə də, çox qısa zamanda yadda
çıxarırıq. Artıq baş verən ən
qandondurucu cinayətə belə təəccüb etmirik.
Çünki öyrəşmişik.
Bəzilərimiz də insan olaraq əlimizi
daşın altına qoymaq yerinə daha asan yolu seçir və
seçdiyimiz bu yolun ən doğru yol olduğuna
inandırırıq özümüzü. İnsanların əksəriyyəti
zülmün, haqsızlığın qarşısında
heç nə etməmiş olmaqdansa, faydasız şeylər
edib özünü məmnun etməyə
çalışır. Məsələn, bir cinayət
işlənir, faciə baş verir, çox insanın edə
biləcəyi ilk iş telefonlara kilidlənmək olur. tviter,
feysbuk, Tik-Tok, instaqram və bir çox bunun kimi sosial
platformalarda paylaşımlar edərək insanlıq cinayətini
müxtəlif formalarda qınayırlar. Çünki əllərindən
gələni etdiklərini düşünür, artıq
insanlıq vəzifələrini qüsursuz yerinə yetirdikləri
üçün də qürurla gəzirlər. Amma bu, əslində
apatiyanı, ictimai vecsizliyi yaradır. Məsələ
heç insanların bu cür
paylaşımlar etməsi də deyil. Əsl ikrah
doğuran məsələ insanların bunu gərəyindən
artıq edərək bu cür faciələri baxış
sayı artırmaq materialı olaraq istifadə etməsidir. Yəqin
ki, bir çoxunuzun real həyatda
tanıdığınız, iynə ucu boyda
adamlığı olmayan, hətta özünün cəmiyyət
üçün zərərli biri olduğunu bildiyiniz
insanların bu tərz paylaşımları hamıdan
çox etdiyinin şahidi olmusunuz. O insanların əsl məqsədi
publikaya həssas insan rolu oynamaqdır. Təbii ki, söylədiklərim
hər paylaşım edən insanlar üçün keçərli
deyil, amma təəssüf ki, bu cür tiplər daha
çoxdur cəmiyyətdə.
Cəmiyyət olaraq sürükləndiyimiz
uçurumlardan biri də eqoistlikdir. Təbii ki, bu vəziyyətin
geniş yayılmasında "psixoloq" və
"kouç"ların da "əməyi"
danılmazdır. Yalnız özünü sevmək,
yalnız özünü düşünmək bir dəb
olmağa başlayıb artıq. Ölkə yanır,
dünya dağılır beş-üç nəfər həssas
insandan başqa heç kimin vecinə deyil. Türklərdə
"Kənd yanır, dəli daranır" deyə məşhur
bir məsəl var. Hazırda bizim cəmiyyətimizdə də
vəziyyət təxminən elə bu cürdür.
İnsanların əksəriyyəti eqoistliyinə mədhiyyələr
yağdırır, yalnızlığını müqəddəsləşdirir,
hər kəs öz dərdini bütləşdirir. Bu
vecsizliyin, eqoistliyin fonunda isə nə uşaqların gələcəyi,
nə torpağın bərəkəti, nə də bu ölkənin
sabahı qalır.
Günel MUSA
525-ci qəzet .- 2025.- 5 iyul(№ 115).- S.11.