Azərbaycan-Özbəkistan: əməldə müttəfiqlik

 

 

Azərbaycanla Özbəkistan arasında münasibətlər hazırda ən yüksək səviyyəli dövrünü yaşayır. İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı günü-gündən daha da inkişaf edərək, yeni istiqamətləri əhatə etməklə genişlənir. Dövlət başçıları arasındakı xüsusi münasibətlər, mütəmadi yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi Azərbaycan-Özbəkistan dostluğunu daha da gücləndirir. Bu mənada Özbəkistan lideri Şavkat Mirziyoyevin Azərbaycana budəfəki dövlət səfəri mühüm əhəmiyyət kəsb etməklə, onu göstərdi ki, iki ölkə yalnız sənəd üzərində deyil, əməldə də əsl müttəfiqdirlər və maraqları bütün istiqamətlər üzrə üst-üstə düşür.

Bakı və Daşkənd həm regional səviyyədə, həm beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Özbəkistan tərəfindən bu dəstək özünü keçmiş Qarabağ münaqişəsinin mövcud olduğu zamanda da göstərib. Bir mühüm məqamı xatırlatmaq yerinə düşər ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan lideri Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın azad edilməsi və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib.

Prezident İlham Əliyev həmkarı Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatlarla çıxış zamanı bu məqama toxunaraq deyib: "Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar".

Dövlət başçısı söyləyib ki, erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq.

Budəfəki səfər zamanı Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılışı da olub. Bununla bağlı maraqlı fakt açıqlanıb. Prezident İlham Əliyev deyib ki, bu yerin tarixi artıq kifayət qədər qədimdir: "Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu "ovçular" olub. Mənə dəfələrlə dedilər ki, görürsünüz, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib. Qərar veriləndə, əminəm ki, bu bina tikiləcək və Şavkat Miromonoviç bundan xəbər tutan kimi, biz aktiv şəkildə qarşılıqlı fəaliyyətə başlayanda, qərar qəbul etdi və indi gözəl bina tikilib".

Bakıda, eyni zamanda, 5 hektara yaxın ərazidə "Özbəkistan" parkının təməli qoyulub. Bütün bunlar bir daha iki ölkənin dostluq, qardaşlıq münasibətlərini əks etdirir.

Prezident Şavkat Mirziyoyev budəfəki səfərin də tarixi xarakter daşıyacağını vurğulayaraq deyib ki, danışıqlarda bütün məsələləri - beynəlxalq, regional, ikitərəfli, həssas məsələləri müzakirə etdik: "Çünki bugünkü qeyri-sabit dünyada məsləhətləşmək, fikir mübadiləsi aparmaq lazımdır. Məmnuniyyətlə demək istəyirəm ki, ciddi məsələlər üzrə fikirlərimiz üst-üstə düşür. Biz bu fikirləri bütün platformalarda irəli aparacağıq, çünki bu gün birləşməli, Azərbaycan və Özbəkistan xalqları üçün vacib olan məsələləri həll etməliyik. Biz bütün istiqamətlər üzrə ətraflı danışdıq. Buraya energetika, nəqliyyat kommunikasiyaları, dağ-mədən sənayesi daxildir. Mədəniyyət və təhsil mübadilələri barədə də danışdıq".

Görüşdə qeyd olunub ki, artıq real nəticələr də var, bütün razılaşmalar icra olunur, qarşıya yeni iddialı hədəflər qoyulub. Məlumdur ki, iki ölkə birgə İnvestisiya Fondu yaradıb. Hazırda 10-dan çox layihə investisiya qərarlarının qəbulu mərhələsindədir. İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Amma nəzərdə tutulan layihələr daha çox olduğu üçün qarşılıqlı investisiyaların da əhəmiyyətli dərəcədə artması gözlənilir.

Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun məlumatına görə, son 8 ildə iki ölkənin ticarət dövriyyəsinin həcmi 8 dəfə artaraq 32 milyon dollardan 253 milyon dollara çatıb. Lakin bu rəqəmi 1 milyard dollara çatdırmaq məqsədinə nail olmaq üçün sistemli işlər aparılır. Son illərdə birgə müəssisələrin sayı 5 dəfə artıb. Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 240-dan çox şirkət fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan bazarında fəaliyyət göstərən Özbəkistan şirkətlərinin sayı 70-ə çatıb.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva mövzu ilə bağlı deyib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana dövlət səfəri xüsusi vurğulanmalıdır.

Deputat bildirib ki, səfər zamanı aparılan müzakirələr, sənədlərin mübadilə edilməsi əlaqələrimizin daha da güclənməsindən xəbər verir: "Xatırlatmaq yerinə düşər ki, ötən ilin avqustunda Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri zamanı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması ilə ölkələrimiz müttəfiq oldular. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk".

Millət vəkilinin sözlərinə görə, qarşılıqlı inamın nəticəsidir ki, iki ölkənin münasibətlərində böyük uğurlar əldə olunub: "Onu da qeyd etmək lazımdır ki, Özbəkistan 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu illər ərzində Özbəkistan Ermənistanda səfirlik açmayıb, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verilməyib. Dost ölkə keçmiş Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edib. Postmüharibə dövründə isə Özbəkistan işğaldan azad olunmuş ərazilərin bərpasına dost töhfəsi vermək əzmi nümayiş etdirir. Xatırladaq ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Özbəkistan tərəfindən tikilib və 2023-cü ilin avqustunda dövlət başçılarının iştirakı ilə açılışı baş tutub. Eyni zamanda, Xankəndi şəhərində Özbəkistanla birgə sənaye müəssisəsinin yaradılması da qardaşlığın və müttəfiqliyin növbəti nümunəsidir".

Onun sözlərinə görə, iyulun 2-də "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasında qəbul olunan qərarlar da əməkdaşlığımızı daha da gücləndirəcək: "Xüsusilə, hər iki ölkə yeni layihələr üzərində işləyir. Bu baxımdan, Orta Dəhlizin inkişafı da diqqət mərkəzindədir. Bütövlükdə, hesab edirəm ki, Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri, səfər zamanı aparılan müzakirələr və mübadilə edilən sənədlər qarşılıqlı əlaqələrinin daha da güclənməsinə böyük təkan verəcək".

 

Pərvanə

525-ci qəzet .- 2025.- 5 iyul(№ 115).- S.5.