Peşə təhsilinin
inkişafı - əsas hədəflərdən biri kimi
2024-2025-ci tədris ili üzrə tələbə qəbulu
84 peşə təhsili müəssisəsində 136 ixtisas
üzrə aparılıb. İlk dəfə olaraq bu il
Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu
elektron şəkildə həyata keçirilib və 453 nəfər
qəbul olub. Bu il peşə təhsili müəssisələrinə
ümumilikdə 24821 nəfər qəbul olunub. Onlardan 15890 nəfəri
kişi, 8931 nəfəri (36%) qadındır. 21179 nəfər
(85%) dövlət sifarişli, 3642 nəfər isə ödənişli
əsaslarla peşə təhsili müəssisələrinə
qəbul olunub. Müraciət edənlərin orta yaşı
22, ən aşağı yaş 14, ən yüksək yaş
isə 69 olub. Həmçinin 74 nəfər alitəhsilli, 244
nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər
xarici vətəndaş peşə təhsili müəssisələrinə
qəbul olunub. Ötən illə müqayisədə qəbul
olunan şəxslərin sayı 21 faiz artıb.
Qəbul planında son 4 ildə dövlət
sifarişli yerlərin sayı 64 faiz artıb. Bu, 2021-2022-ci tədris
ilində 14160, 2022-2023-cü tədris ilində 16040,
2023-2024-cü tədris ilində 18290, 2024-2025-cü tədris
ilində isə 23185 nəfər olub.
2024-2025-ci tədris ilində 70 qrup üzrə 1273 nəfər
dual peşə təhsil proqramına qəbul olub. Tələbə
qəbulunda keçən illə müqayisədə 46 faiz
artım olub. Proqram 25 peşə təhsili müəssisəsində
110-dan artıq işəgötürənlə Bakı şəhəri
də daxil olmaqla 16 regionda (Bakı, Zaqatala, Balakən, Biləsuvar,
Cəlilabad, Gəncə, İmişli, İsmayıllı,
Kürdəmir, Qax, Qəbələ, Lənkəran,
Neftçala, Saatlı, Sumqayıt, Şəki) həyata
keçirilir. Proqramda toplam 30 ixtisas tədris olunur.
2024-2025-ci tədris ilində yüksək texniki
peşə təhsili səviyyəsində 19 ixtisas üzrə
tələbə qəbulu həyata keçirilib və 2453 nəfər
tələbə adını qazanıb.
2024-cü ildə bu peşə təhsili səviyyəsindən
məzun olan 281 nəfərdən 148-i (52.7%) ali təhsil
müəssisəsinə imtahansız qəbul olub.
Azərbaycanda peşə təhsilinin inkişafı
ümumi təhsilin inkişafı ilə bağlı
mühüm hədəflərdən biridir. Bu çərçivədə
peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin
artırılması qarşıya məqsəd kimi qoyulub. Son
illərdə də peşə təhsilinin əhatəliliyinə
dair bir çox hədəfə artıq nail olunub. Bu da son on
ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək
təxminən 28 min tələbənin peşə təhsil
müəssisələrinə cəlb edilməsi
planlaşdırılır.
Peşə Təhsili üzrə Dövlət
Agentliyinin sədri Ceyhun Kərəmov deyir ki, informasiyanın
son dərəcə çox olduğu bir dövrdə peşə
seçimi getdikcə çətinləşir. Peşəni
doğru seçmək üçün həm ailə, həm
də məktəblərin daha məlumatlı olması
üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə
peşəyönümlü işləri məktəblərdə
daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara
və şagirdlərə peşələr haqqında məlumat
daha əlçatan olmalıdır. Valideynlər
övladlarına seçim etməyə şərait
yaratmalıdır. İndiki dövrdə şagirdlər
texnologiyaya yönəldikləri üçün valideyn və
müəllimlər bu prosesdə iştirak etməsələr
də, internetdən ixtisaslar haqqında məlumat əldə
edə bilirlər. Peşə təhsili müəssisələrindən
istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni
zamanda, görsünlər: "Məsələn,
qaynaqçı işinin əhəmiyyətini bəzən
başa düşmürük. Ancaq ətrafımıza baxanda
hər sahədə qaynaq işinin yerini görmək olur.
Şagirdlərə peşələrin əhəmiyyətini
göstərə bilmədiyimiz üçün cəmiyyət
olaraq bunu daha geniş şəkildə təqdim etməliyik.
Uğur hekayələrini cəmiyyətə çatdırmaq
da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə
maraq varsa və sevərək işləyirsənsə, həyatda
uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb,
həm də cəmiyyət tərəfindən dəstəklənməlidir.
Təhsil müəssisələrində doğru sistemli
maarifləndirmə və peşəyönümlü işlər,
ailələrdə isə övladlara peşələr
haqqında məlumat vermək düzgün seçim etməyə
kömək edir. Gənclər daha çox ürəklərinin
səsini dinləyərək düşüncələrinə
əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait
yaradılmalıdır".
O vurğulayıb ki, peşə təhsilində həyata
keçirilən islahatların əsas qaynağı ölkəmizin
sosial və iqtisadi inkişafı ilə bağlı olan hədəflərdir.
"2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi
inkişaf Strategiyasında" konkret olaraq peşə təhsili
ilə bağlı hədəflər müəyyən edilib.
Ən başlıca hədəf peşə təhsilinin əhatəliliyini
və keyfiyyətini artırmaqdır. Bu istiqamətdə
2026-cı ilin sonuna qədər peşə təhsili sisteminə
28 min tələbənin cəlb olunması hədəfi
qoyulub. Son 5 ildə hər il tələbə qəbulunda 10-15
faiz artım müşahidə edilib. Məsələn,
2024-cü ildə peşə təhsili müəssisələrinə
25 minə yaxın tələbə qəbul olunub ki, bu da son
illərin ən yüksək göstəricisidir. Bundan əlavə,
peşə təhsilinin infrastrukturunun genişləndirilməsi
də strateji hədəflərdən biridir. Yeni, müasir
peşə təhsili verə bilən müəssisələrin
sayı artdıqca, ora müraciət edənlərin sayı
da artır. Son on ildə Qəbələ, Bərdə, Gəncə,
Bakı, Cəlilabad və digər regionlarda yeni müəssisələr
açılıb. Hər bir yeni müəssisə tələbə
sayında artıma səbəb olur. Məsələn, Bərdədə
açılışdan sonra tələbə müraciətləri
10 dəfə artıb, Cəlilabadda da eyni tendensiya
müşahidə edilir. Bu cür infrastruktur inkişafı, əhatəliliyin
artırılmasına və keyfiyyətin yüksəlməsinə
xidmət edir. Bu müəssisələrdə tələbəyönümlü
mühit yaradılır, emalatxanalar və laboratoriyalar vasitəsilə
praktiki biliklərin əldə olunmasına şərait
yaradılır. Məsələn, Bərdədə və Cəlilabadda
STEAM mərkəzləri yaradılıb. Bu mərkəzlər
tələbələrə iş yerinə yaxın mühitdə
təhsil almaq imkanı verir. Keyfiyyət də islahatların əsas
istiqamətlərindəndir. Son 5-6 ildə təhsil proqramlarının
yenilənməsi və yeni proqramların hazırlanması ilə
bağlı əhəmiyyətli addımlar atılıb. Bu
müddət ərzində 100-ə yaxın yeni proqram
hazırlanıb. Bunda məqsəd təhsil
proqramlarının əmək bazarının tələblərinə
cavab verməsidir. Əlavə olaraq, son 7 ildə 550 mindən
çox dərslik tələbələrə təqdim edilib.
Peşə təhsilində müxtəlif ixtisaslar olduğu
üçün dərsliklərin sayı da çoxdur, bu səbəbdən
həm ümumtəhsil, həm də ixtisas dərslikləri
mütəmadi nəşr olunaraq müəssisələrə
göndərilir".
Onun dediyinə görə, peşə təhsili
sistemində ən çox tələbat olan ixtisaslar sənaye,
turizm, xidmət sektoru və IT sahələridir. Bir çox
hallarda Azərbaycanda bu ixtisaslarla bağlı müəllim
hazırlığı yetərli deyil. Bu istiqamətdə əhatəliliyi
artırmağa çalışırıq. Yeni müəssisələr
istifadəyə verildikcə, onların kadr potensialını
gücləndirmək məqsədilə təlimlər və
təkmilləşdirmə prosesləri davam edir. Məsələn,
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsili Mərkəzində koreyalı mütəxəssislərin
iştirakı ilə kurikulum təsdiq olunub və həmin
müəssisələrdə çalışan müəllimlər
uzun müddət Koreyada təlimlər alıblar. Eyni zamanda,
turizm və xidmət sahələrində müəllimlərimiz
Türkiyədə təlimlərə qatılıblar.
2023-cü və 2024-cü illərdə Koreyadan mütəxəssislərlə
təlimlər keçirdik, bu təlimlər əsasən IT və
sənaye ixtisasları üzrə oldu. Lakin tələbə qəbulu
elan edildikcə, həmin sahələrdə müəllimlərimizin
inkişafına da diqqət yetiririk: "Bu gün ən vacib
olanı gələcəkdə əmək bazarında
hansı ixtisaslara ehtiyac olacağını əvvəlcədən
müəyyənləşdirərək kadr
hazırlığını ona uyğun qurulmasıdır. Bu
məqsədlə peşə təhsili proqramlarını
hazırlayarkən mövcud əmək bazarındakı
boşluqları və gələcək iqtisadi hədəfləri
nəzərə alırıq".
Ceyhun Kərəmov bildirib ki, azad edilmiş ərazilərdə
peşə təhsilinin bərpası və inkişafı
istiqamətində konkret tədbirlər həyata
keçirilir. Hazırda Füzuli şəhərində
peşə təhsili müəssisələri inşa olunur:
"Bu il Şuşada da peşə təhsil müəssisələrinin
yenidən qurulması və əsaslı təmir işlərinə
başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə
peşə təhsili müəssisələrinin layihələndirmə
işləri 2025-ci ilin ortalarında yekunlaşacaq".
Mütəxəssis qeyd edib ki, bu gün Azərbaycanda
təxminən 50 faizə yaxın peşə təhsili müəssisələrində
məcburi köçkün ailələri yaşayırlar.
Hazırda Quba, Qax, Tovuz və digər rayonlarda yeni peşə
təhsili müəssisələrinin layihələndirilməsi
və tikinti işləri davam edir: "Birinci Qarabağ
müharibəsi dövründə məcburi
köçkün vətəndaşlarımız bir sıra
təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı.
2020-ci ildə şanlı qələbəmizdən sonra həmin
vətəndaşlarımız öz doğma yurdlarına
qayıtdıqca yeni təhsil müəssisələri
üçün müasir infrastrukturun yaradılması və
daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi
davam edir. Son illərdə Bakı, Gəncə, Bərdə,
Qəbələ, İsmayıllı, Cəlilabad və Lənkəranda
da yeni peşə təhsil müəssisələri
tikilib".
Onun söylədiyinə görə, Salyan, Qax, Quba,
Tovuz rayonlarında da peşə təhsili müəssisələri
tikilib istifadəyə veriləcək: "Bilirik ki, peşə
təhsilinin keyfiyyətli tədrisi üçün infrastruktur,
maddi-texniki baza mühüm şərtlərdir. Cəlilabad
rayonunda peşə təhsili müəssisəsi 2022-ci ildə
tikilib istifadəyə verilib. Həmin vaxt orada 400-ə
yaxın tələbə var idi, amma cari tədris ilində tələbələrin
sayı 980 nəfərə yaxınlaşıb".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 8 iyul(№116).-S.12.