Rənglərin dilində
danışan adam
İyulun 21-də Laçındakı "Yurd"
qalereyasında Azərbaycan Rəssamlar İttifaqının gənc
üzvü, rəssam Fuad Musayevin fərdi sərgisi
keçiriləcək.
Əslən Laçından olan 24 yaşlı
Fuadı ölkənin mədəni ictimaiyyəti də,
Laçıın camaatı da yaxşı tanıyır. Fuad
dünyaya gələndən hamı kimi deyil - eşitmə və
nitq məhdudiyyəti var. Və Fuad bugün də hamı kimi
deyil - hamı kimi adi deyil, fərqlidir, istedadlıdır. Onun
səsi rənglər, özünü ifadə tərzi - rəssamlıq,
sözü, cümləsi, fikri - rəsmlərdir.
- Fuad, Qarabağda ilk fərdi sərginiz olacaq. Yəqin
həyəcanlısınız. Hazırlıq necə gedir?
- Laçın şəhərində ilk qalereya
açılanda ürəyimdən keçdi ki, Qarabağa həsr etdiyim rəsmləri
- "Qarabağ xatunu", "Həkərim",
"Naxışlarım", "Şuşam" və digər
əsərləri burada sərgiləyim. Şuşanı təsvir
edən ilk əsərimi 7 yaşımda çəkmişdim.
Sonra, uzun illər sonra həmin rəsmi Şuşa
döyüşlərində yaralanmış Qarabağ qazisinə
hədiyyə etmişdim.
- Əsərlərinizi yalnız hədiyyə
edirsiniz?
- Yox, satış sərgilərində də oluram. Və
rəsmlərdən əldə olunan gəlirlə məhdudiyyəti
olan uşaqların ehtiyaclarını ödəməyə
çalışıram. Eyni zamanda onlara sənətin sirlərini
də öyrədirəm. Bu peşəyə yiyələnməkdə
mənə ailəm dəstək oldu. Əvvəl Əzim
Əzimzadə adına Rəssamlıq Kollecində, sonra Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında təhsil
aldım.
- Müəllimlərinizin dediyinə görə, hər
iki təhsil ocağını yüksək qiymətlərlə
başa vurmusunuz.
- Elədir. Düşündüm fiziki məhdudiyyətli
elə uşaqlar var ki, təhsil almaq onların imkanları
xaricindədir. Yenə də ailəmin köməyilə belə
uşaqlar üçün öz məktəbimi, studiyamı
qurduq. Bu gün həm də Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost
İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin
İsmayıllı "Dost Evi" filialının təlimçisiyəm.
Uşaqlar mənim yanıma sevə-sevə gəlirlər. Rənglərin
dünyası tamam başqa bir aləmdir.
- Bəs sizin bu dünyanızda həyat nə rəngdədir?
- Mənim aləmimdə həyat bir rəngdən ibarət
deyil, orada sevincin qırmızısı da var, ümidin
yaşılı da, kədərin mavisi də var,
motivasiyanın narıncısı da. Həyat rəngarəng
bir palitradır, biz hər gün yeni rənglər əlavə
edirik - gah parlaq, gah solğun, hamısı da bizim həyat
hekayəmizin bir hissəsinə çevrilir.
- Bu ay həyat hekayənizə bir önəmli tarix də
yazılacaq - 21 iyul.
- "Yurd çağırır məni" - sərgi
belə adlanacaq. Düşünürəm, artıq işlərimi
yurdumun adamlarına göstərməyin zamanı yetişib.
Çox istəyirəm ki, sərgiyə hər bir
laçınlı gəlsin. Və çox isstəyirəm
ki, fiziki məhdudiyyəti olan gənclər də gəlsinlər
sərgiyə. Gəlib görsünlər ki, heç bir əngəl,
heç bir məhdudluq mənəvi zənginliyə və həyat
eşqinə mane ola bilməz. İnsan özünü sənətdə
də tapa bilər, elmdə də, yaradıcılıqda da.
Əsas odur ki, istəsin. İstəsə, mütləq
bacaracaq. Bayaq soruşdunuz ki, həyəcanlıyammı? Bəli,
həyəcanlıyam. Amma bu, çox sevincli və
qürurverici bir həyəcandır.
"525"
525-ci qəzet .- 2025.- 8 iyul(№116).-S.11.