Birinci Türkoloji
Qurultayın yüzüncü ildönümü ərəfəsində
düşüncələr
Birinci məqalə
Gələn il fevralın sonu, martın əvvəllərində
Birinci Türkoloji Qurultayın yüzüncü
ildönümünü, heç şübhəsiz, yalnız
Azərbaycan yox, bütün Türk dünyası
miqyasında ilk növbədə ona görə böyük
ruh yüksəkliyi ilə keçirilməsi gözlənilir
ki, Qurultay həm türk xalqlarının yeni ictimai, siyasi və
mədəni inkişaf yoluna çıxdıqlarını
nümayiş etdirmiş, həm də türkologiyanın bir
elm olaraq həmin inkişafın önündə getməli
olduğunu təsdiq eləmişdir.
Görkəmli dövlət xadimi Səmədağa
Ağamalıoğlu "Sovet Sosialist Azərbaycanında ilk
Türkoloji qurultayın ilk iclası"nı bu sözlərlə
açmışdır:
"Yoldaşlar, birbaşa məsələyə
keçməzdən əvvəl sizə məlumat verməliyəm
ki, əvvəlcə xan istibdadı və məsuliyyətsiz
feodallar sistemi, daha sonra isə rus mütləqiyyəti tərəfindən
incidilən Azərbaycan ilk dəfədir ki, tarixi fəaliyyət
səhnəsinə taleyini öz arzularına uyğun şəkildə
qurub- yaradan azad xalq kimi qədəm qoyur. Və əgər azərbaycanlılar,
türkmənlər, özbəklər, keçmiş Romanov
imperiyasının bütün kiçik xalqları mövcud
olmağa, düşünməyə, asudə nəfəs
almağa başlamışlarsa, bu, Böyük Oktyabr
İnqilabının iradəsilə baş verib".
İnqilabın başçılarının,
xüsusilə Leninin xatirəsi yad edildikdən sonra
S.Ağamalıoğlu sözünə davam edərək
demişdir:
"Azərbaycanlılar onların bəxtinə
düşən və dünyada ilk türkoloji qurultayın
onların doğma torpağında açılmasından ibarət
olan səadəti qiymətləndirməyi bacaracaqlar. Lakin bu azdır... Türk-tatar xalqlarının nümayəndələri elə
buradaca onların həllini tələb edən mədəni məsələlərini
nəzərdən keçirərək və həll edərək
öz qardaş Qurultaylarında görüşmək
imkanı əldə ediblər. İndiyədək
türk-tatar xalqlarının tarixində həyatın irəli
sürdüyü dinc mədəni məsələlərin
müzakirəsi üçün həmin xalqların nümayəndələrinin
qurultayı kimi möhtəşəm bir hadisə baş verməmişdi".
Kifayət qədər yüksək elmi- intellektual səviyyəsi
ilə yanaşı, Qurultayın önəmi onda idi ki, öz
üzərinə məhz türk xalqları qarşısında dayanan (və
onların mədəni inkişafına mane olan) çox ciddi
praktik problemlərin həlli missiyasını
götürmüşdü. Və Türk
dünyasının bu möhtəşəm beynəlxalq
forumunda iştirak edən böyük elm adamlarının -
akademiklərin, professorların məruzə və
çıxışlarında hər nə qədər
ümumnəzəri mülahizələr irəli
sürülsə də, bütün Qurultay nümayəndələri
üçün tamamilə aydın idi ki, məqsəd elmi
bir müzakirə açmaq deyil. Və məsələnin nə
yerdə olduğunu açılış nitqində S.Ağamalıoğlu
da öncədən
vurğulamışdı:
"Mənə elə gəlir ki, indiyədək
heç bir elmi qurultay geniş zəhmətkeş kütlələrinin
diqqətini bu qədər cəlb etməyib desəm, səhv
etmərəm. Əlbəttə, bütün qurultaylar elm aləminin
və qismən də ziyalılar dünyasının diqqəti
ilə müşayiət olunurdu. Lakin tarixdə ilk dəfədir
ki, biz bu cür qurultaya xalq kütləsinin belə möhtəşəm
diqqəti ilə rastlaşırıq və bu da qurultayda
baxılan və həll edilən məsələlərin
türk-tatar xalqları üçün əməli
baxımdan nə qədər canlı olduğunu göstərir".
Qurultayın məhz Sovet Azərbaycanında
keçirilməsinin üç əsas səbəbindən
birincisi o idi ki, yeni əlifbanın qəbulu ilk dəfə
burada gerçəkləşdirilmiş, 20-ci illərin əvvəllərindən
başlayaraq həmin sahədə artıq müəyyən təcrübə
də qazanılmışdı. İkinci səbəb o ola bilərdi
ki, Azərbaycanın
paytaxtında digər türk respublikalarındakı ilə
müqayisə olunmayacaq qədər inkişaf etmiş
elmi-türkoloji mühit formalaşmışdı. Və
Krım tatarlarından Bəkir Çobanzadə, Kazan
tatarlarından Əziz Qubaydulin, özbəklərdən Xalid
Səid Xocayev, çuvaşlardan Nikolay İvanoviç
Aşmarin, estonlardan Artur Zifeld -
Simumyaqi məhz Bakıda çalışır, həmin
mühitə ümumtürkoloji miqyas gətirirdilər.
Üçüncü səbəb isə Azərbaycanın
"Şərqin qapısı" olması idi ki, burada
baş verən hər bir hadisə ən azı həm İranda,
həm də Türkiyədə görünür,
bütövlükdə isə Şərq xalqlarının
diqqətini çəkirdi.
Qurultayın materialları inamla deməyə əsas
verir ki, iclaslardakı çıxışlarda türk
xalqlarının nümayəndələri özlərini
kifayət qədər qürurlu, hətta müəyyən dərəcədə
təkəbbürlü aparmaqdan çəkinməmiş,
Oktyabr İnqilabının verdiyi azadlıqdan istifadə edərək
rus çarizminin müstəmləkəçilik siyasətini
kəskin tənqid etməklə, belə bir canlı təsəvvür
yaratmışlar ki, türk xalqları daha heç bir müstəmləkəçinin
təsiri altına düşməyəcəklər.
SSRİ və Azərbaycan SSR hökuməti adından
Qurultayı təbrik edən Qəzənfər Musabəyov
demişdir:
"Yoldaşlar, millətlərin öz müqəddəratlarını
müəyyənləşdirmək şüarını irəli
sürən Oktyabr İnqilabı geridə qalmış
türk-tatar xalqlarına dünya mədəniyyətinə, tərəqqiyə
qoşulmaq imkanı vermişdir. Həqiqətən də, biz bu xalqların mədəniyyət
sahəsində qüdrətli irəliləyişinin
şahidiyik. Türkoloji Qurultay həmin elmi irəliləyişin
möhkəm bünövrəsini qoymalıdır".
O, hakimiyyətin Qurultay qarşısına qoyduğu ən
mühüm vəzifələri aşağıdakı şəkildə
sıralamışdır:
"...Birinci - sovet ərazisindən kənarda olan
elmi-mədəni aləmlə səciyyəvi, sıx və
bilavasitə əlaqələr; ikincisi - yerli
diyarşünaslıq cəmiyyətinə onun elmi fəaliyyət
axarına yönəldilməsi sahəsində yardım
göstərilməsi; üçüncüsü -
türk-tatar xalqlarının sosial-siyasi həyatının və
onların inqilabi hərəkat tarixinin son dərəcə
diqqətlə araşdırılması".
Göründüyü kimi, birinci vəzifə
sosialist inqilabının xaricə, yəqin ki, ilk növbədə
Yaxın Şərqə "yumşaq" şəkildə
ixracını, ikincisi, elmin
sovetsayağı kütləviləşdirilməsini,
üçüncüsü isə türk xalqları
tarixşünaslığının "inqilabiləşdirilməsi"ni
nəzərdə tutur.
Hökumət başçısı onu da
vurğulamışdı ki, Türkoloji Qurultay daha bir sıra
məsələləri həll etməlidir: "bunlar - dil,
terminologiya məsələləri, savadsızlığı
ləğv etmək kimi möhtəşəm təşəbbüs,
dövlət aparatının zəhmətkeş kütlələrə
bilavasitə yaxınlaşması, orta və ali məktəblərdə
ana dilində dərs deyilməsi, dərsliklərin ana dilinə
tərcümə olunması və s. və i.a."
SSRİ MİK nəzdində yaradılmış
Ümumittifaq Şərqşünaslıq
Assosiasiyasının rəhbəri, yəhudi Nikolay
Pavloviç Pavloviç (o, alimdən çox ideoloq idi və
Qurultayın "mətbəx"inə xüsusi bələdliyi
ilə seçilirdi) Birinci Türkoloji Qurultayın məhz Azərbaycanda
keçirilməsini, eləcə də ona (Qurultaya) hakimiyyətin
verdiyi önəmi qiymətləndirərək demişdi:
"Bu Qurultayın böyük Sovet
İttifaqının tərkibinə daxil olan Azərbaycan
Respublikasında
çağırılması da Sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin milli siyasətinin
prinsiplərinin böyüklüyünə sübutdur, yoxsa
belə bir Qurultay hər hansı başqa ölkədə ola
bilərdimi? Məgər siz Sovet İttifaqından kənarda
Bartold, Elmlər Akademiyasının nümayəndələri
Oldenburq, Krımski və b. elm nəhənglərinin
savadsızlığı aradan götürməyə kömək
edə biləcək bütün
yolları müzakirə etmək üçün zəhmətkeş
kütlələrinin nümayəndələri ilə birlikdə
toplaşdığı başqa bir qurultay
görmüsünüzmü?"
Milli siyasətin bu və ya digər dövlətin
taleyində ölüm-qalım məsələsi olduğunu
xatırladan natiq çarizmin çökməsindən nəinki
məzlum xalqların, elə rusların özlərinin də
xilas olduğunu nəzərə
çarpdırmışdı:
"Çarizm dövründə rus xalqının nəhəng
qüvvəsi geridə qalmış adlandırılan
xalqların fəthinə və istismarına sərf olunurdu. Həmin
xalqların möhtəşəm enerji ehtiyatları isə, əksinə,
bu istismar və sıxışdırma əleyhinə
mübarizəyə yönəldilirdi.
Beləliklə, nəhəng qüvvə ehtiyatları
bir-birini iflic edirdi... İndi isə həmin nəhəng mənbələrdən
yalnız iqtisadi-mədəni quruculuğa yönəldilən
qüvvə axıb gəlir".
Hər nə qədər iddialı görünsə
də, Sovetlər Birliyinə daxil olan (və ya edilən)
xalqların mədəni bərabərliyi uğrunda
aparılan mübarizədə Birinci Türkoloji Qurultayın
rolunun son dərəcə əhəmiyyətli olduğu ondan
da görünür ki, geniş türk xalq kütlələrinə
mükəmməl əlifba, orfoqrafiya, terminologiya və ədəbi
dilə yiyələnməyin yollarını axtarmaq kimi
imkanlar tanınmışdır. Qurultayın (və onun
iştirakçısı olan türk ziyalılarının)
şəxsində öz üzərlərinə sözdə
(və ya işdə) hər hansı ideoloji öhdəliyi
götürüb-götürməmələrindən
asılı olmayaraq, sözügedən imkanın
tanınmasının özü çox böyük tarixi
hadisə idi. Və bunun üçün Oktyabr
İnqilabına hətta müəyyən mənada minnətdarlıq
etmək də olardı.
Zaqafqaziya hökumətinin üzvü Mirzə Davud
Hüseynovun çıxışı türk
xalqlarının Sovetlər Birliyindəki coğrafi,
sosial-siyasi və mədəni yeri, çəkisi, əhəmiyyəti
barədə Qurultaya verilmiş elə bir mesaj idi ki, Oktyabr
İnqilabının xilaskarlıq missiyası (və Sovet
hakimiyyətinin tətbiq etdiyi yeni idarəçilik üsulu)
ilə yanaşı, bu xalqların varlığının
önəmini də diqqət mərkəzinə çəkirdi.
"Yoldaşlar, bizim böyük Sovetlər
İttifaqının digər xalqları sırasında
türk xalqları sayına görə ilk yerlərdən
birini tutur. Əgər diqqətlə baxsaq, aydın olar ki,
onlar Altay dağlarından, böyük Volqadan,
Türküstanın tənha qumluqlarından, Qafqazın
qarlı zirvələrindən başlayan və gözəl
Krımda qurtaran nəhəng bir ərazini tuturlar... Çar
hökuməti nə az, nə çox - bütün özgə millətlərdən
olanları məhv etmək, onları ruslara çevirmək
istəyirdi. Yoldaşlar, çar hökumətinin Özbəkistan,
Azərbaycan və Qazaxıstanın torpaqlarını tədricən
işğal etməsini, "türk" sözünün hətta
dilə gətirilməsini belə qadağan eləməsini
başqa heç bir şeylə izah etmək mümkün
deyil".
Əgər Qurultay rus-sovet şovinizminin təsiri
altında keçirilsəydi, M.D.Hüseynov bu cür
açıq danışa bilməzdi.
Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini
azaltmaq, hətta bütünlüklə yoxa çıxartmaq
cəhdləri olmuşdur ki, burada əsas motiv həmin
möhtəşəm elmi-praktiki forumun məhz Sovetlər
Birliyinin ideoloji rəhbərliyi altında keçirilməsidir.
Doğrudur, Qurultay birbağa Sovetlər Birliyinin paytaxtı
Moskvada layihələndirilmiş, Sovet dövlət və
hökumət orqanlarının nəzarəti (və
iştirakı) ilə gerçəkləşdirilmişdir. Və
başqa cür də mümkün deyildi... Ancaq bir məsələni
unutmaq olmaz ki, Türkoloji
Qurultayın keçirilməsi dövrün inqilabi
eyforiyasının təbiətindən gələn ictimai
sifariş idi, türk xalqları ziyalılarının XIX əsrin
sonlarından başlayan, XX əsrin əvvəllərində
isə artıq qarşısıalınmaz həddə
çatan milli özgürlük mücadilələri
cavabsız buraxıla bilməzdi. Və heç şübhəsiz,
xalqların öz müqəddaratlarını təyin etmək
hüquqlarına təminat vermiş Sovetlər Birliyi bu
öhdəliyə az və ya çox dərəcədə əməl
etməli idi. Ona görə də Birinci Türkoloji
Qurultayın keçirilməsi, ilk növbədə, türk
xalqları ziyalılarının şəxsində həmin
xalqların öz istəklərindən irəli gəlirdi.
İkincisi isə, tarix səhnəsinə çıxmış yeni dövlət
bu qanuni istəklərin nəinki qarşısını
almalı, əksinə, ən azı öz mənafeləri
naminə onu müdafiə etməli idi. Əlbəttə, o da
tamamilə təbii idi ki, türk xalqları ilə, ümumiləşdirilmiş
şəkildə desək, Moskva (Sovet hakimiyyəti)
arasında əlaqə, bir növ, "diplomatik" səciyyə
daşıyır, hər iki tərtəf müəyyən
maraqlardan çıxış edirdi: Moskvanın əsas məqsədi
türk xalqlarını sovet sosialist (kommunist) rejimi prinsiplərilə
idarə etmək, türk xalqlarının məramı isə
mədəni inkişafa nail olmaq idi. Əgər bəzi təfərrüatlara
getsək, bu maraqlar xüsusilə ilk illərdə bir-birini,
demək olar ki, istisna eləmirdi. Ancaq ümumbəşəri
bir layihə kimi düşünülmüş kommunizm hərəkatı
tənəzzül etdikcə Moskva ilə türk xalqları
arasında ciddi inamsızlıq ortaya çıxmağa
başladı: türk xalqları Moskvanı onların müstəqilliyini
məhdudlaşdırmaqda, Moskva isə öz idarəsi
altındakı xalqları millətçilikdə
günahlandırırdılar. Və məsələnin ən
dözülməz cəhəti isə onda idi ki, bu cür
ittihamların kökü yeni quruluşun (sosializmin)
hüdudlarını aşaraq çarizm dövrünə qədər
gedib çıxır, "xalqlar həbsxanası" barədəki
təsəvvürləri yenidən canlandırırdı.
Birinci Türkoloji Qurultayın stenoqramı ilə
ötəri tanışlıq belə aydın göstərir
ki, türk xalqları ziyalıları rus çarizminin
müstəmləkəçilik siyasətini çəkinmədən,
son dərəcə kəskin şəkildə tənqid edərkən
Oktyabr İnqilabının açdığı yolla gedərək
həm sosial-iqtisadi, həm də mədəni sahələrdə
böyük uğurlar qazanacaqlarına əmindirlər. Və
başlıcası, bu işdə heç bir başqa
xalqın köməyinə yox,
yalnız özlərinə güvənirlər.
Beləliklə, Qurultayı, mahiyyət etibarilə,
heç bir halda Sovet hakimiyyətinin (və
ideologiyasının) "əsər"i adlandırıb
onun türk xalqları üçün tarixi əhəmiyyətinə
bu baxımdan kölgə salmaq cəhdi tamamilə əbəsdir.
Əgər belə bir şey olsaydı, hakimiyyət
"bağladığı" işi davam etdirər, ikinci,
üçüncü və s. qurultayları da ardıcıl
olaraq keçirərdi. Lakin nəinki
sonrakı qurultaylar keçirildi (halbuki Birinci Qurultayda
İkinci Qurultayın yeri və vaxtı da - iki il sonra Səmərqənddə
olmalı idi - elan edilmişdi), hətta Birincinin nəşr
olunmuş sənədləri arxivlər küncünə
atıldı, onun ideyaları, əgər belə demək
mümkünsə, anonim şəkildə tətbiq edilməyə
başlandı. Görünür, Sovet ideologiyasının (və
milli siyasətinin) "inkişaf"ının sonrakı mərhələsində
türk xalqlarının mədəni problemlərini bir yerdə
yox, ayrı-ayrılıqda həll etmək qərara
alınmışdı.
Birinci Türkoloji Qurultayın Türk
dünyasının (və türkçülüyün!)
tarixindəki əhəmiyyətini anlamayanların
ağlına hərdən belə bir fikir də gəlir ki,
Qurultayı xüsusi olaraq SSRİ-nin Dövlət Təhlükəsizlik
orqanları keçirmişdilər. Və guya məqsəd
ondan ibarət idi ki, pantürkistləri aşkara
çıxarıb sonra tədricən aradan
götürsünlər. Əlbəttə, bu, dövrün
xüsusiyyətlərini dərindən bilməməkdən,
yalnız KQB-nin Sovet hakimiyyəti sistemindəki "cəlladlıq"
missiyasının zəhmindən irəli gələn təəssüratdır.
Qurultaya nəzarət ümumiyyətlə
Sovet hakimiyyətinin əlində idi ki, təhlükəsizlik
orqanlarına bunun sadəcə "qara" işlərini
görmək (məsələn, kimin hansı hərəkətlər
etdiyini izləmək) tapşırıla bilərdi. Hakimiyyət
qarşısında dayanan əsas vəzifə isə
Qurultayı yüksək elmi, ideoloji səviyyədə
keçirərək bütün dünyaya nümayiş
etdirmək idi ki, Sovetlər Birliyində, sosializm quran Sovet cəmiyyətində
milli məsələ nə qədər demokratik, humanist və
fundamental şəkildə
gerçəkləşdirilir. Ona görə də
ölkənin ən görkəmli türkoloqları,
dilçiləri, tarixçiləri, etnoqrafları
Qurultayın işinə cəlb olunmuş, xaricdən də
mütəxəssislər dəvət edilmişdi.
Yaradıldığı ilk illərdən öz mütəşəkkilliyi
(və qəddarlığı) ilə nə qədər
böyük "nüfuza" yiyələnsə də, KQB
bu səviyyəli bir forumu nə orqanizə, nə də onun
gedişinə nəzarət edə bilərdi.
Təxminən on il sonra Birinci Türkoloji Qurultayın
həyatda olan bütün türk mənşəli nümayəndələrinin
repressiyaya məruz qalmasına gəldikdə isə, bu da
KQB-nin "müəllifliy"i barədəki təsəvvürə
haqq qazandırmır. Əvvəla, SSRİ-də milli məsələyə
20-ci illərdəki münasibətlə 30-cu illərin
ortalarından sonrakı münasibətin kəskin şəkildə
fərqləndiyini görməmək mümkün deyil. Tədricən
nəinki türklüyə, hətta "türk"
sözünə belə siyasi-ideoloji antipatiya yaranır ki,
bunun bir səbəbi də, yəqin ki, yeganə müstəqil
türk dövləti - Türkiyə ilə SSRİ
arasındakı dostluq əlaqələrinin 30-cu illərin əvvəllərindən
başlayaraq, demək olar ki, pozulması idi
Biz demirik ki, Birinci Türkoloji Qurultayın
keçirilməsi, burada qəbul olunan qərarların
hamısı Sovet hakimiyyətinin daxili tələbatı, bir
növ, "ürəyindən gələn"lər idi.
Əlbəttə, burada müəyyən siyasi-ideoloji
konyuktur, nə ilə nəticələnəcəyi bilinməyən
eksperimental təşəbbüslər, "yeni cəmiyyət"
quruculuğu hərəkatının inersiyası (və
eyforiyası) da vardı. Ancaq düşünmək ki, KQB,
yaxud ümumən Sovet hakimiyyəti 1926-cı ildə
hansısa "uzaqgörənliklə" 1937-ci ilin
repressiyalarını planlaşdırırdı, bu, heç
cür özünü doğrultmur.
Birinci Türkoloji Qurultay Sovetlər Birliyinin təşkil
olunduğu ilk illərdə keçirilən kifayət qədər
səmimi, demokratik, müxtəlif mövqelərin
üz-üzə gəlməsinə meydan açan bir Məclis
idi ki, onun stenoqramının öyrənilməsi, əsasən,
Sovetlər Birliyi dağıldıqdan sonra
başlanılmışdır. Bu işdə professor Adil
Babayevin xidmətləri, həqiqətən, mühüm,
miqyaslı və hər cür təqdirəlayiqdir. Bununla
yanaşı, zaman keçdikcə (və türk məkanında
inteqrasiya daha da gücləndikcə!) ortaya çıxan
keyfiyyətcə yeni çağırışlar
Qurultayın materiallarını daha dərindən öyrənməyi
tələb edir. Və hadisələrin
göründüyü kimi olmadığına inanan,
müzakirələrdən keçməyən heç bir məsələni
ciddiyə almayan bizim dövrümüzdə, əlbəttə,
Birinci Türkoloji Qurultay kimi möhtəşəm (və
mötəbər) bir forum da hansı tərəfdənsə
mübahisə predmeti ola bilər, ancaq onu sovet konyukturu, KQB
"oyun"u elan edib gözdən salmaq çox
böyük qəbahət, məsuliyyətsizlik
və günahdır.
Nizami CƏFƏROV
525-ci qəzet .- 2025.- 8 iyul(¹116).-S.10;11.