Şəki “İpək Yolu” XIV Beynəlxalq
Musiqi Festivalı başa çatdı
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı və Şəki Şəhər İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə iyulun 4-də başlanan Şəki “İpək Yolu”
XIV Beynəlxalq Musiqi Festivalı uğurla başa
çatıb.
Üç gün davam edən festival çərçivəsində
musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər
Türkiyə və Çin Xalq Respublikasının, eləcə
də Azərbaycanın tanınmış musiqi kollektivlərinin,
istedadlı musiqiçilərin
çıxışlarını izləyiblər.
Hafta.az xəbər verir ki, iyulun 6-da axşam “Marxal”
kompleksinin Yay Teatrında festivalın təntənəli
bağlanış mərasimi olub. Tədbirdə festivalın
təşkilatçı qurumlarının, Azərbaycanın
TÜRKSOY təşkilatındakı nümayəndəliyinin
rəsmiləri, şəhid ailələrinin üzvləri,
şəhərin qonaqları, musiqisevərlər iştirak
ediblər.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin
Nümunəvi Hərbi Orkestri tamaşaçılar
qarşısında geniş konsert proqramı ilə
çıxış edib. Konsert Vətən müharibəsindəki
şanlı Zəfərimizin 5 illiyinə həsr edilib.
Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin
Nümunəvi Hərbi Orkestri ilk dəfə 2004-cü il
iyunun 21-də Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə
səfəri zamanı çıxış edib. Həmin
vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində,
eləcə də respublikamızda keçirilən müxtəlif
mədəni-kütləvi tədbirlərdə fəal
iştirakı ilə seçilir. Kollektiv Sərhəd Xidmətinin
hərbi qulluqçularının döyüş ruhunun
yüksəldilməsi, asudə vaxtlarının səmərəli
təşkili məqsədilə tez-tez hərbi hissələrdə
sərhədçilər qarşısında konsertlər
verir.
Orkestrin repertuarını müxtəlif janrlı əsərlər
– klassik, caz, estrada və populyar musiqi təşkil edir.
Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə
xalq və bəstəkar mahnılarına, o cümlədən
Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq
Quliyev və digər bəstəkarların əsərlərinə
üstünlük verilir. Nümunəvi Hərbi Orkestr dəfələrlə
ölkəmizin hüdudlarından kənarda keçirilən
festivallarda iştirak edib, yüksək mükafatlara layiq
görülüb.
Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar
artist, polkovnik-leytenant Səməd Vəkilovdur.
Konsert görkəmli bəstəkar Firəngiz
Əlizadənin “Zəfər Marşı” əsəri ilə
başlayıb. Solistlər Əməkdar artist Tural
Ağasiyev, Fatimə Cəfərzadə və Fəxri
Kazım-Nicatın ifasında Azərbaycan və xarici ölkə
bəstəkarlarının mahnıları
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra
festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, AMEA-nın müxbir
üzvü, Xalq artisti, Dünya Sülh artisti, professor Firəngiz
Əlizadə və Şəki Şəhər İcra
Hakimiyyətinin başçısı Elxan Usubov
çıxış edərək Şəki “İpək
Yolu” XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsində
əməyi olan bütün qurumlara minnətdarlığını
bildiriblər.
Orkestrin bədii rəhbəri və dirijoru Səməd
Vəkilova, həmçinin festivalın keçirilməsinə
göstərdikləri dəstəyə görə əlaqədar
qurumların rəhbərlərinə festivalın simvolu təqdim
edilib.
“İpək Yolu” XIV Beynəlxalq Musiqi
Festivalının bağlanış mərasimi atəşfəşanlıqla
başa çatıb.
525-ci qəzet .- 2025.- 8 iyul(¹116).-S.9.