Qərbi Azərbaycana
qayıdış Xankəndi Kommunikesində
Ötən həftə, 3-4 iyul tarixlərində Azərbaycanın
Xankəndi şəhərində keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatının (İƏT)
17-ci Zirvə görüşündə əməkdaşlığın
inkişafı və dərinləşdirilməsini əhatə
edən mühüm məsələlər müzakirə
olundu, yekunda isə Xankəndi Kommunikesi qəbul edildi.
Kommunikedə bir sıra əhəmiyyətli məqamlar yer
alıb, o cümlədən Azərbaycanın işğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq
işləri yüksək qiymətləndirilib. Bununla
yanaşı, sənəddə Ermənistandan qovulmuş azərbaycanlıların
öz doğma yurdlarına ləyaqətli qayıdış
hüququ bir daha təsdiqlənib.
Qərbi Azərbaycan İcmasının bununla
bağlı yaydığı bəyanatda vurğulanıb ki,
ECO-nun Zirvə görüşündə Azərbaycan
Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların
qayıdışı məsələsini qaldırıb və
bu məsələ sammitin yekunlarına dair Xankəndi
Kommunikesində əks etdirilib. Vurğulanır ki,
sözügedən mötəbər formatda Qərbi Azərbaycan
məsələsinin qaldırılması Qərbi azərbaycanlıların
sülh yolu ilə, təhlükəsiz və ləyaqətli
şəkildə qayıdışına beynəlxalq dəstəyin
möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət
kəsb edir: “Qərbi Azərbaycan İcması
qayıdış məsələsini prinsipial və
ardıcıl şəkildə beynəlxalq gündəliyə
gətirməsinə və bu məsələyə beynəlxalq
aləmin birmənalı dəstəyini təmin etməsinə
görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təşəkkür edir”.
Qərbi azərbaycanlıların qayıdış
hüququnun tanınması artıq beynəlxalq müstəvidə
dəstək qazanır. Bundan əvvəl İstanbulda
keçirilən İslam Əməkdaşlıq Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının 51-ci
sessiyasının yekununda “İstanbul Bəyannaməsi”, habelə
ölkəmizin təşəbbüsü ilə irəli
sürülmüş 5 qətnamə qəbul edilib. İslam
Əməkdaşlıq Təşkilatı çərçivəsində
ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən
zorla və sistematik şəkildə didərgin
salınmış azərbaycanlıların qayıdış
hüququ” adlı qətnamədə təşkilata üzv
ölkələrin Qərbi Azərbaycan İcmasının
öz yurdlarına ləyaqətli qayıdış
hüququna dəstəyi ifadə olunur. Həmçinin Ermənistan
tərəfindən İcmanın hüquqlarının inkar
olunması qınanılır.
Xankəndi Kommunikesində o da qeyd edilib ki, Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
“Davamlı və İqlimə dayanıqlı Gələcək
naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr
edilmiş Zirvə görüşündən əvvəl 1
iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2
iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda
Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.
Zirvə görüşünün mövzusuna uyğun olaraq,
İƏT-in gələcək gündəliyində iqtisadi
dayanıqlılıq və iqlimə davamlılıq əsas
prioritetlər kimi müəyyən edilib.
İƏT regionunun qadın liderlərinin, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın
və Türkiyə Respublikasının birinci xanımı
Əminə Ərdoğanın ekoloji təşəbbüsləri,
xüsusilə "SıfırTullantı" təşəbbüsü
yüksək qiymətləndirilib. Kommunikedə İƏT Təmiz
Enerji Mərkəzinin fəaliyyətə başlaması və
İƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi
vacib hesab edilib.
Sənəddə “İƏT Sərmayə”, Ticarət
və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı,
İƏT Ticarət və İnkişaf Bankının
mandatının gücləndirilməsi dəstəklənib.
Dayanıqlı şəhərsalma və Bakıda növbəti
il keçiriləcək Ümumdünya Şəhərsalma
Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.
Milli Məclisin deputatı Arzuxan Əlizadə “525”ə
şərhində əvvəlcə sammitin əhəmiyyətinə
toxunub: “ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvəsi
iqtisadi, xüsusilə də siyasi baxımdan olduqca
mühüm əhəmiyyət kəsb edən tədbir idi. Məlumdur
ki, Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. Bu
dövr ərzində artıq üçüncü dəfə
idi ki, Azərbaycanda ECO-nun Zirvə toplantısı
keçirilirdi. Bundan əvvəlki iki toplantı Bakıda
baş tutub, Xankəndidəki sayca üçüncü Zirvənin
xüsusi anlamı var. Yəni bu, növbəti dəfə təsdiqləyir
ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə
yanaşı, eyni zamanda, geniş bərpa-quruculuq işlərini
həyata keçirir, yeni infrastruktur layihələrini icra
edir, faktiki olaraq həmin ərazilərə
insanlarımızın geri qayıdışı ilə həm
də bir canlanma özünü göstərir. Azərbaycan
onsuz da artıq uzun illərdir ki, beynəlxalq tədbirlərin
keçirilməsi üçün bir məkana çevrilib.
İşğala son qoyulduqdan sonra həmin ərazilərimiz də
beynəlxalq tədbirlərə ev sahibliyi edir. İlk dəfə
idi ki, ECO-nun Zirvə toplantısı ilə yanaşı, bir beynəlxalq
həftəlik tədbirlər də keçirildi.
Laçında, Şuşada, Ağdamda reallaşan Gənclər
Forumu, eləcə də iqtisadi forum və İƏT
qadınlarının tədbirləri Zirvəyə əlavə
çalarlar qatmış oldu. Tədbirdə üzv dövlətlərin
liderlərinin və digər rəsmilərinin iştirakı
Azərbaycanın burada əsas aparıcı dövlət
olduğunu və ölkəmizə bəslənən
münasibəti, hörməti göstərdi. Bu, birmənalı
olaraq Azərbaycan Prezidentinin nüfuzunun göstəricisi idi.
Bir daha vurğulamaq istəyirəm ki, Xankəndi Zirvəsi həm
də Xankəndini dünyaya nümayiş etdirdi. Otuz il ərzində
ermənilər həmin əraziləri ancaq xaraba qoymaqla məşğul
olmuşdularsa, biz bərpa-quruculuq işləri həyata
keçiririk. Bu, dünyaya, dostlarımızla yanaşı,
düşmənlərimizə də bir mesajdır ki, Azərbaycan
hansı qüdrətə, gücə sahibdir. Azərbaycan
coğrafi mövqeyinə görə regionda olduqca əhəmiyyətli
bir ölkədir. Təbii ki, siyasi, iqtisadi, dövlətlərarası
münasibətlərin bu kontekstdə yüksəlməsi həm
də onunla bağlıdır ki, Azərbaycan Şimal-Cənub,
eləcə də Şərq-Qərb üzərində əsas
məntəqədir. Bu baxımdan da ölkəmizin önəmi
diqqət cəlb edir”.
A.Əlizadə söyləyib ki, Zirvə
toplantısında bir çox önəmli məsələlər
müzakirə olundu: "Qürurverici haldır ki, ECO-nun Zirvəsində
həm də Qərbi Azərbaycandan zamanında qovulmuş,
deportasiyaya məruz qalmış, didərgin
salınmış bacı-qardaşlarımızın,
soydaşlarımızın öz dədə-baba yurdlarına
qayıdış hüququnun bir daha təsdiqlənməsi, təsbit
olunması və dünyaya bəyan edilməsi prosesi baş
verdi ki, bundan əvvəl də İslam Əməkdaşlıq
Təşkilatında analoji qətnamə qəbul edilib. Qərbi
Azərbaycan ifadəsi artıq Ermənistan rəhbərliyinin,
eləcə də bütün erməni cəmiyyətinin
qorxulu yuxusuna çevrilib. Onlar çox gözəl başa
düşürlər ki, Azərbaycanın bu məsələdə
atdığı qətiyyətli addımlar öz nəticəsini,
bəhrəsini verəcək. Bizim həmin ərazilərdən
qovulmuş bacı-qardaşlarımızın geri qayıtmaq
hüququ var. Bu, beynəlxalq hüquqla da təsbit olunmuş məsələdir,
Azərbaycan qeyd edilən istiqamətdə olduqca ciddi
addımlar atır, artıq beynəlxalq platformalarda, bir
sıra beynəlxalq təşkilatlarda, son qərar da daxil
olmaqla, bu məsələ gündəmə gətirilir. Azərbaycanın
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının
yerinə yetirilməsi istiqamətində ardıcıl
addımlar atması təbii ki, öz bəhrəsini verəcək.
Ermənilər və onlara havadarlıq edənlər bundan
çox ciddi əndişələnirlər. Konkret olaraq
başa düşürlər ki, bu,
qarşısıalınmaz prosesdir və bizim
soydaşlarımızın həmin ərazilərə
qayıtmaq hüququ birmənalı olaraq təmin ediləcək”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə
hesab edir ki, ECO Zirvəsindən sonra yayımlanan bəyannamədə
Qarabağ və Qərbi Azərbaycanla bağlı fikirlərin
yer alması xüsusi diqqətəlayiqdir: “EKO-nun Zirvə
toplantısı regional baxımdan strateji əhəmiyyət kəsb
edən bir mərhələ oldu. Bu görüş bir
neçə baxımdan xüsusi önəm
daşıyırdı. Birincisi, görüşün Azərbaycanın
milli dövlətçilik prinsipləri kontekstində əhəmiyyəti
vurğulanmalıdır. Bu, EKO-ya üzv ölkələrin
dövlət və hökumət
başçılarının Xankəndidə şəhərində
bir araya gəlməsi idi. Keçmişdə terrorçuluq,
separatizm və faşizm ideologiyasının yuvası kimi
tanınan Xankəndi bu gün Türk şəhəri kimliyi
ilə təqdim olunması və Azərbaycanın ən abad
şəhərlərindən biri kimi beynəlxalq ictimaiyyətə
göstərilməsi simvolik və siyasi baxımdan
mühüm hadisədir.
İkincisi, Zirvə görüşündə
müzakirə edilən məsələlər – o cümlədən,
regional iqtisadiyyatın bərpası, nəqliyyat və
kommunikasiya əlaqələrinin qurulması, eləcə də
dövlətlərarası inteqrasiyanın gücləndirilməsi
– müasir dövrün aktual problemləri sırasında yer
alır. Bu məsələlər yalnız iqtisadi deyil, həm
də geosiyasi sabitliyin təmin olunması baxımından
ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda,
görüşdən sonra yayımlanan bəyannamədə
Qarabağ və Qərbi Azərbaycanla bağlı fikirlərin
yer alması xüsusi diqqətəlayiqdir. Bu, yalnız EKO
liderlərinin siyasi mövqeyinin ifadəsi deyil, həm də Azərbaycanın
milli maraqlarına regional səviyyədə dəstək
anlamına gəlir.
Zirvə görüşü çərçivəsində,
həmçinin EKO-nun Qadınlar və Gənclər Birliyi tərəfindən
keçirilən tədbirlər də ümumi gündəmə
inteqrasiya olunmuş, sosial baxımdan da prosesə əlavə
dəyər qatdı. Yekun olaraq demək olar ki, bu tədbir Azərbaycanın
təşəbbüsü ilə həyata keçirilən və
hazırkı mürəkkəb regional münasibətlər
sistemində təhlükəsizlik, iqtisadi əməkdaşlıq
və kommunikasiya əlaqələrinin bərpasına xidmət
edən yeni bir platformanın əsasını qoydu. Müzakirə
edilən məsələlər və qəbul edilən qərarlar
bu platformanın strateji və funksional dəyərini bir daha təsdiqləmiş
oldu".
Pərvanə
525-ci qəzet .- 2025.- 8 iyul(¹116).-S.5.