NAĞILLARDAN QURTULMAQ
ZAMANI
Axtarmasan tapmazsan! Doğrudur, tam təsadüfən də
arzusunda olduğun nəsə heç gözləmədiyin
halda gəlib qarşına çıxa bilər. Amma bu,
baş verər mində, milyonda bir. Lakin hətta o halda da
qarşına çıxanın yanından biganə
ötüb keçməməyin üçün onun
haqqında daha əvvəl düşünmüş
olmalısan. Haçansa haqqında düşünmüş
olmasan, haradan bilərsən ki, indi təsadüfən
qarşına çıxan tapılması sevinc yaradan, ehtiyac
duyulandır?
Bu söhbətlərin uzunluğu artıq bir əsrdən
də çoxdur, son 60-70 ildə də həmin müzakirələr
daha qızğın və israrlı olub ki, Vazehlə
bağlı həqiqətlərə mütləq yetişməliyik
və nədirsə, o mübahisə edənlərin ən
inadkarları da müşkülün həllini qürbətlərdə,
Almaniyada arayıblar, ən az ümid verənə
böyük ümidlər bağlayaraq daha yaxında olan və
daha gerçək görünənə doğru getməyə
çox da bənd olmayıblar.
Vazeh irsinin sirlərini açmağın fikrini
çəkənlər nədənsə yeganə
düzgün yol kimi daim bunun üstündə dayanıblar ki,
gün gələr, Fridrix Bodenştedtin arxivi açılar,
onda həqiqətlər üzə çıxar ki, alman ədibinin
əvvəlcə Mirzə Şəfi Vazehinki kimi nəşr
edərək, sonra özününkü olduğunu söylədiyi
şeirlərin hansı nə dərəcədə tərcümədir,
hansı nə qədər seçilmiş mövzuda gəzişmədir,
hansı sırf Mirzə Şəfi Vazeh şeiridir,
hansının müəllifi həmin zavallı Bodenştedt
özüdür. Bu cür arxayın fikirləşənlər
guya hələ heç kəsin içərisində nə
olduğunu bilmədiyi arxivdən əvvəldən-axıradək
agahmışlar, bəri başdan orada həqiqətlərin
hamısını yerbəyer edəcək hansı sənəd-sübutların
olmasından xəbərdarmışlar. Nə bilirsiniz, bəlkə
o arxiv açılarkən Mirzə Şəfinin bizi sonsuz
sevincə qərq edən əlyazmaları ilə
yanaşı elə nüsxələr də ortaya
çıxdı ki, vaxtilə almancadan ruscaya
çevrilmiş, ruscadan da azərbaycancaya çevrilərək
dönə-dönə Vazeh əsəri kimi
tirajladığımız hansısa şeirlərin əslində
başqa fars, ya türkdilli şairlərə aid olduğunu
danılmaz şəkildə isbat etdi?
Yaxud açılan arxivdə Vazehə aid heç nə
olmadı və Bodenştedtin arxivinin ölümündən
böyük zaman ötəndən sonra
açılmasını vəsiyyət etməsi oradakı
sırf şəxsi məsələlərlə bağlı
yazılar, sənədlərmiş?
Demirəm mütləq belə ola bilər, ancaq bizləri
yüzə-yüz təmin edən xoşbəxt sona
özümü kökləyərkən birdən belə də
ola bilər kimi pərişan sonluğu da unutmayaq.
Ancaq niyə axı biz həqiqətə
çatmağımızın yolu yaxında və qısaykən
onillərcə ağla az batan və yetərincə
şübhəli və uğuru daha az vəd edən xətti
tutub getmişik? Ən kəsə və doğru yol Mirzə
Şəfinin şeirlərini Almaniyada deyil, özümüzdə
- Azərbaycanda, Gürcüstanda və əlyazmalarımızın
yayıldığı yaxın coğrafiyada aramaq
olmazdımı?
Bu səmtdə də milləti onun dəyərlilərindən
xəbərdar etmək birinciliyi yenə Salman
Mümtazındır (1884-1941). XX yüzildə ilk dəfə
Azərbaycan oxucusunu Mirzə Şəfi ilə yaxından
tanış etmək cəhdi də onunkudur. 1920-ci ildə
“Qurtuluş” jurnalı nəşrinə başlamaq ərəfəsində
Salman Mümtaza da müraciət edərək təzə bir
yazı istəyir və ustad da dərginin apreldə
işıq üzü görən başlanğıc sayı
üçün “Azərbaycan ədəbiyyatının
möhtəşəm tacidarlarından”
adlandırdığı Mirzə Şəfi haqda, belə
görünür ki, hələ üzərində işləməkdə
olduğu araşdırmasından bir parçanı təqdim
etmək qərarına gəlir. Bizim nabələd
olduğumuz Vazehi dünyaca şöhrətləndirmiş
Bodenştedti “durbin nemsə alimi” - “uzaqgörən alman
bilgini” kimi tanıdan və qalıcı yaxşı işlər
görməyin çətinliyindən gözəl agah
olduğundan sayğı ilə anan Mümtaz davam edirdi ki,
“öz böyük filosofumuzun bir sətir yazısını və
heç olmasa, tək bir beytini belə eşitmədiyimiz və
görmədiyimiz bir halda, təqribən, bir əsr
yarımdır ki, nemsə ədib və şairləri mərhumun
o sar-i layəmutunu oxuyaraq olduqca nəf-i bərdar olublar”.
Vazehi bu yazısıyla xalqımıza ilk dəfə
öz qiymətli övladımız kimi yaxından
tanıdanın Mümtaz olduğunu yazarkən bu şair və
düşüncə adamı barədə əslində ilk dəfə
Firidun bəy Köçərlinin (1863-1920) bəhs etməsini
unutmuram, amma niyə birinciliyi Salman Mümtaza verməyimin
cavabı elə onun özündədir. “Qurtuluş”dakı həmin
məqaləsində Mümtaz təəssüflənirdi ki,
“o büzürgvarın hansı irqdən, hansı millətdən
olduğu barəsində verilən rəylər dəxi iki
qismə ayrılır. Zavallı filosofumuzu nemsə zənn edənlər
olduğu kimi, İrandan gəlmə bir fars olduğunu
düşünənlər də az deyildir”.
Vazehi alman zənnetmənin səbəbi məlum -
Bodenştedt əvvəlcə Vazehinki deyə təqdim etdiyi
şeirlərin özününkü olduğunu bəyan edəndən
sonra “Mirzə Şəfi”nin elə bu almanın təxəllüsü
olması qənaəti yaranmışdı. Amma Vazehin fars
olması düşüncəsinin yayılmasına bais Firidun
bəy Köçərli idi. Mümtaz Firidun bəyə dərin
ehtiramla dəqiqləşdirirdi: “Təəssüf olsun ki,
müəzzəz qardaşım Köçərli Firidun bəy
cənabları dəxi mərhum Mirzə Şəfi Vazehin
İrandan gəlmə olduğunu qəbul və bunu
özü “Mirzə Fətəli Axundov” adlı dəyərli
risaləsində etiraf və təsdiq edir”.
Və məhəlli vətənpərvər yox, əsl
alimanə təəssübkeşliklə elan edirdi: “Halbuki
kitabxane-yi acizanəmdə olan mötəbər vəsiqələrə
binaən yuxarıdakı məlumat başdan-başa
yanlışdır. Məhsətilər, Əbülülalar,
Nizamilər, Kəfailər ərse-yi vücudə gətirən
Gəncə gəncine-yi ədəb və hünərindən
yetişmiş bir dürr-i şəhvardır. Onun şərafəti
xüsusən biz azərbaycanlılara aiddir. Artıq şəkk
etməməliyik ki, nəcib bir filosofumuzun məsqətürrəsi
Gəncə şəhəri və özü də irqən
xalis türk oğlu türkdür”.
Həmin iki səhifəlik ilk soraq yazısında
Mümtaz, öz baxışınca, Vazehin “tərifi sözə
sığmayan” farsca yazdığı mənzum bir məktubu
oxuculara çatdıraraq bu mütəfəkkir şairin tərcüme-yi
halı haqda sanballı yazıları “digər mütəbəhhir
arxadaşlarımızın qələmlərindən
gözləyirik” deyir və özünün sadəcə əlində
olan “bir neçə türki, farsi qəzəliyyatı və
müxəmməsləri” tezliklə nəşr etdirəcəyini
bildirir.
Söz loğmanı Mümtaz bunca böyük və
faydalı işlər görə-görə özünü
sadəcə həvəskar sayır, daha ciddi addımları
daha adlı-sanlı alimlərdən umurdu. Ancaq onun
yaşamasına imkan verildiyi qısa müddət ərzində
apardığı biri digərindən üstün
araşdırmalara və əldə etdiyi tapıntılara
diqqət edərkən buna da şahid kəsilirik ki, aradan bu qədər
uzun vaxt keçsə də, bir çox istiqamətlərdə,
heyiflər ki, onun etdiklərindən daha irəli getməyə
gücümüz çatmayıb, həmin işləri
görəcək adamlarımız olmayıb. Bircə Gəncədən
çıxmış məşhurların adlarını
sadalamasındakı “Kəfai”yə baxın. Artıq o sətirlərin
yazıldığından bir əsrdən də çox
ötür. Əgər Kəfaini fərqləndirərək
Məhsəti, Əbülüla, Nizami kimi zirvələrlə
bir cərgədə xatırlayırdısa, demək, onun
böyüklüyünü isbat edəcək dəlilləri
də varmış, haqqında da gec-tez yazacaqmış. Ancaq
məşum 1937-ci ilin repressiya girdabı Mümtazı
yoxluğa sovurub, ötüb-keçən bu uzunluqdakı
vaxtda isə alimlərimizdən kimsə nə Kəfainin
haqqında nəsə yazıb, nə şeirləri dərc
edilib, nə də, ümumiyyətlə, hardasa adı çəkilib.
Bu qüssəli gerçəkləri
vurğulamağı ona görə vacib sayıram ki, bir daha
Salman Mümtazın şəxsində itkimizin nə qədər
ölçüyəgəlməz olmasının
miqyasları az-çox təsəvvür olunsun. 1926-cı ildə
Salman Mümtaz özünün “Kommunist” qəzeti
kitabxanası” - “Azərbaycan ədəbiyyatı” silsiləsindən
Mirzə Şəfi Vazeh haqqındakı kitabını
buraxır və burada geniş müqəddiməsindən
savayı şairin “təqribən 12 il bundan əqdəm Gəncə
şəhərində bir yazma cüng içərisində”
(Bu yazını 1926-cı ilin 31 yanvar tarixi ilə
imzalamasını əsas tutaraq Mirzə Mehdi Nacinin toplayıb
hazırladığı həmin toplunu 1913-cü ildə
aşkarladığını fərz edə bilirik - R.H.)
tapdığı bir neçə qoşqusunu ərəb əlifbasındakı
əlyazmasının klişesi ilə bərabər nəşr
etdirir.
Bu kitaba müqəddiməsində qəti dəlillərlə
Mirzə Şəfi şəxsiyyəti ilə bağlı
mübahisəli suallara aydın cavab verərək onun milliyyətcə
Azərbaycan türkü olması məsələsini bir
deyil, bir neçə dəfə xüsusi vurğulayır,
şairimizin fars olduğunu yazmış Firidun bəyin səhv
etdiyini yalnız vaxtilə “Qurtuluş”dakı məqaləsində
göstərmədiyini, Köçərliyə şəxsən
də bildirdiyini yazır: “Mirzə Şəfini iranlı ədd
edən Firidun bəy Köçərlinskiyə də Azaqbəyli
Abdulla bəyin (1873-1928 - R.H.) şəhadəti ilə
yanıldığını açıqcasına söyləmişdim”.
Mümtazın Vazeh haqdakı kitabçası
mühüm ədəbi-elmi-ictimai hadisə - Birinci
Türkoloji Qurultay ərəfəsində nəşr
edilmişdi. Vazehin şəxsiyyəti və ədəbi missiyasına
xüsusi əhəmiyyət verən Mümtaz “namdar ədib və
şairlərdən” olan bu söz ustasını “daha ətraflı
tanıtmaq iltifatında bulunmağı” qurultaydan umurdu.
O şanlı qurultaydan da bir əsr ötdü. Vazehin
şeirləri Bodenştedt nəşrlərindən tərcümə
edildikdən sonra bizdə də dönə-dönə
buraxıldı, amma yenə növbəti dəfə heyifsilənmək
məcburiyyətindəyik ki, qarşısına məqsəd
qoyub Mirzə Şəfi əlyazmalarının izi ilə məxsusi
tədqiqat aparan, Mümtaz kimi hansısa əlyazmalardan indiyədək
bilinməyən Mirzə Şəfi şeirlərini taparaq
Vazehinki kimi qəbul etdiyimiz şeirlər sırasına yenilərini
artıranlar gözə dəymədi.
Olsun ki, “taparaq şeirlər sırasına yenilərini
artıranlar olmadı” qiymətləndirməsi tam dəqiq və
ədalətli deyil. Məqsədli şəkildə
aparılmış Vazeh axtarışları nəticəsində
olmasa da, hər halda Mümtaz nəşrindən 60 il sonra
yoxluqdan qayıtmış “yeni” Vazeh şeirlərini
oxuyub-eşitmək nəsibimiz oldu.
Unudulmaz alimimiz Həmid Məmmədzadə (1924-2000)
ilə Azərbaycan Elmlər Akademiyasının Yaxın və
Orta Şərq Xalqları İnstitutunda neçə illər
eyni şöbədə çalışırdıq və
özünün mənə söyləməsincə,
Gürcüstanda K.Kekelidze adına Əlyazmaları
İnstitutunda tamam başqa mövzu ilə bağlı
axtarışlar apararkən sırf təsadüfən
“Şeir məcmuəsi” adlı 5500 misradan ibarət bir
cünglə rastlaşıb. Bu rastlaşmanın sevindirici tərəfi
o idi ki, həmin şeir toplusunu Mirzə Şəfi öz
zövqünə uyğun tərtib edibmiş və orada bəyəndiyi
şairlərin xoşladığı şeirlərini cəmləyibmiş.
Əlyazmanın xəttatı da elə Vazehin özü olub.
Bunu cüngün son səhifəsində yazaraq altından da
şəxsi möhürünü basıb: “Bəzi
dostların xahişi ilə 1236-cı il rəcəb
ayının 27-də (1821-ci il mayın 1-də - R.H.) mərhum
usta memar Sadığın oğlu Şəfi tərəfindən
yazıldı”.
Bu əlyazmanın məhz Vazehin öz əlindən
çıxdığını o möhürsüz də
şairin əldə olan başqa əlyazmaları ilə xətt
eyniliyi aşkarca göstərməkdədir.
Vazeh tərtibçisi və katibi olduğu həmin əlyazmada
seçdiyi şeirlərin hər birinin üstündə səliqə
ilə müəllifin adını, ya təxəllüsünü
göstərib. Ancaq Həmid Məmmədzadə o əlyazmada
müəllifi göstərilməyən bir neçə mənzumə
də görmüşdü ki, bunların elə Mirzə
Şəfinin özününkü olması gümanına
düşmüşdü.
Bu ehtimalı qüvvətləndirən başlıca
səbəb o idi ki, həmin topluda Mizə Şəfinin
birbaşa “Vazeh” təxəllüsü ilə işarələdiyi
və oçağacan bəlli olmayan şeirləri də
vardı. Həm də tərəddüdsüz Vazehinki deyə
qəbul edilə bilənlərlə, ona məxsusluğu yetərincə
inandırıcı olan misraların ümumi sayı 214 idi ki,
bu da Mirzə Şəfinin 1980-ci illərədək bəlli
olan orijinalı məlum irsindən iki dəfə çox idi.
1987-ci ildə Həmid Məmmədzadə həmin “Şeirlər
məcmuəsi”nin əslinin faksimilesini, müasir oxucuların
orijinalla tanışlığını rahatlaşdırmaq
üçün xəttat Hürmüz Abdullazadə Fərivərin
qəşəng nəstəliqlə
köçürdüyü surətini, bu cüngdə yer
alan və Mirzə Şəfiyə məxsusluğu
düşünülən farsca şeirlərin özünün
etdiyi sətri tərcümələrini və əlavə
olaraq da bütün yeni tapılan Vazeh şeirlərinin
Balaş Azəroğlunun (1921-2011) məharətli icrasında
bədii çevirmələrini “Elm” nəşriyyatı yolu
ilə ayrıca kitabda nəşr etdirdi.
Bir daha xatırlatmağa ehtiyac var ki, həm Vazehin
doğum tarixi ilə bağlı mübahisələrə son
qoymaq, həm Mirzə Şəfinin guya heç şair
olmaması haqda Fridrix Bodenştedt və Adolf Berjenin (1828-1886)
cəfəng iddialarını biryolluq qırağa atmaq, həm
onun şairliyindən əlavə üstəlik qabil hüsnxət
ustası olmasını da bilavasitə öz qələmindən
çıxmış əlyazma ilə sübut etmək
baxımından müstəsna əhəmiyyətli bu cüng
gəncəli müdriklə bağlı irəlicədən
nəzərdə tutularaq aparılan tədqiqat nəticəsində
deyil, bir təsadüflə elmi dövriyyəyə gəldi.
Ən azı bunun özü anladır ki, məqsədyönlü
mətnşünaslıq araşdırmaları
aparılsaydı, bu irsin xeli nümunələri müəyyənləşdirilə
bilərdi. Təsəvvür edilsin ki, bu cüngü Mirzə
Şəfi hələ xeyli cavankən - 29 yaşında tərtib
edib. Bundan sonra hələ 31 il də yaşayıb.
Həmin cüngdə Mirzə Şəfinin yalnız
tamamlanmış bütöv şeirləri deyil, şeiryazma
məşqləri - “Peyda” rədifli bir qəzəlin ilk beytlərini
müxtəlif səslənişlərdə yazaraq
misraları cilalamaq cəhdləri də əks olunub.
Yaşadığı sonrakı 31 ildə nə qədər
belə mənzumələr, beytlər, misralar üzərində
işləməsi şəkk doğurmaz ki! İşinin
adı yazı-pozu olan, şairlər məclisinə rəhbərlik
edən şəxs əlini-qolunu yanına sallayıb bekar
oturası deyildi ki! Ona görə də keçmişlərdəki
bu sadəlövh iddia heç cürə yaxına buraxıla
bilməz ki, guya Mirzə Şəfinin Bodenştedtə veridyi
“Divan” onun yeganə əlyazma nüsxəsiymiş. Katiblik sənətinə
peşəkarcasına vaqif olan Mirzə Şəfinin həm
özü köçürən, həm də
başqalarının surətini çıxardığı
başqa əlyazmalarının izi ilə aparılacaq
axtarışların bəhrəli olacağı ehtimalı
yüksəkdir.
Dəyərli əlyazmaşünasımız mərhum
Nəsrəddin Qarayevin (1926-1982) əhəmiyyətli
araşdırmalarından biri cünglərə həsr
edilmişdi və cüngləri oxumaqda onun misli yox idi.
Cünglərin, bəyazların, bu qəbil
irili-xırdalı şeir məcmuələrinin oxunmasını
qəlizləşdirən əsas səbəblərdən
biri onların irihəcmli, daha səylə işlənən əlyazmalardan
fərqli olaraq, bir çox hallarda tələsik, xətt
gözəlliyinə xüsusi diqqət etmədən
yazılması, bəzənsə bir topluda bir neçə dəyişik
xəttin yer alması idi. Nəsrəddin Qarayev
ömrünün son illərinə doğru bir dəfə mənə
söylədi ki, bir neçə cüngdə Mirzə Şəfi
Vazehinki olmasından şübhələndiyim xəttə
rast gəlmişəm, bunları araşdırıb
axırına çıxacağam. Ancaq erkən ölüm
bu niyyəti gerçəkləşdirməsinə macal vermədi.
Cünglər, sevimli şeirlər məcmuələrini
tərtib edənlər bəzən başqalarından -
hansısa tanınmış şairlərdən, öz qələm
dostlarından rica edirdilər ki, onların dəftərində
birmi-ikimi şeirini yazsın. Ola da bilər ki, Nəsrəddin
Qarayevin gördüyü və Mirzə Şəfinin xəttinə
oxşatdığı yazılar da elə bu cür
iltimaslardan sonra yaranıbmış.
Nəsrəddin Qarayev gedibsə də, cünglər
ki qalır. Zənnimcə, Mirzə Şəfi
mirasının axtarışları Azərbaycan və
Gürcüstanla yanaşı Matenadarandakı və
Sankt-Peterburqdakı əlyazma xəzinələrində də
davam etdirilərsə, biz daha ciddi tapıntılara sevinə
bilərik.
Bu sıraya Sankt-Peterburqda, Şərqşünaslıq
İnstitutunun əlyazmaları arasında Vazeh
yadigarlarını aramaq fikrini yürüdürkən
heç də ümumən oralarda Azərbaycan klassik
poeziyası ilə bağlı məlum əlyazmaların
mövcudluğuna görə təxmini “bu da ola bilər”
ehtimalına söykənmirik. Orada Vazeh və onun ədəbi
çevrəsi ilə əlaqədar əlyazmaların
varlığına şəxsi müşahidələrdən
şahidik.
1970-ci illərdə hələ tələbə ikən
mən SSRİ Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun Leninqrad (Sankt-Peterburq) filialının əlyazmaları
xəzinəsində axtarışlar aparırkən elə
ixtiyari qarşıma çıxan cüngdə bir müddət
“erməni aşığı Sayat Nova” kimi təqdim
olunmuş, əslində Səyyad Nəva olan və şeirlərinin
də əksər hissəsini Azərbaycan türkcəsində
yazmış sənətkarın şair oğlu Vahanın ərəb
əlifbasında türkcə mənzumələrini
tapdım. Onlardan biri Mirzə Şəfi Vazehin “Süsəni”
rədifli məşhur müxəmməsinə
yazılmış cavab idi.
Digəri isə Mirzə Şəfinin bizə məlum
olmayan ayrı bir şeirinə nəzirə olaraq qələmə
alınmışdı. Bu şeirin məhz Mirzə Şəfi
qoşqusuna cavab olduğunu müəllif:
Biz də qaldıq bu dünyada
Qəmxanədən-qəmxanəyə, -
misraları ilə başlayan gəraylının sərlövhəsindəcə
qeyd etmişdi.
Bu qəbil nümunələrin varlığı səmtlənmiş
araşdırma nəticəsində Sankt-Peterburqda qorunan əlyazmalar
arasında Vazeh və əhatəsinin qələmindən
çıxan başqa örnəklərin də müəyyənləşdirilə
bilməsinə ümidləri artırır.
Mirzə Şəfi Vazeh macəralı şöhrəti
bu gün əldə olan irsindən daha geniş
yaradıcıdır. Hələ sağlığında
doğurduqlarının digər yaradıcılıqlara
münbit təsir göstərdiyini, ona cavablar
yazıldığını da nəzərə alsaq, daha
bütöv şəkildə aşkarlanarsa, bu ədəbi
miras yalnız Mirzə Şəfinin özünün şair
çöhrəsini daha aydın görməyə deyil, onun
dövrün ədəbi həyatına təsirinin hüdudlarını
da daha dolğun şəkildə müəyyənləşdirməyə
yardımçı olar.
Fridrix Bodenştedt özü “1001 nəğmə”də
başqa bir təfərrüatı da xəbər verirdi.
Yazırdı ki, Mirzə Şəfi Vazeh yola
düşdüyüm əsnada mənə şeirlərinin
toplandığı “Miftah ül-hikmət” (“Hikmətlərin
açarı”) adlı əlyazmasını da
bağışladı.
Orta əsrlərin şeir aləmindəki ənənəviləşmiş
“Divan” bağlamaq adətlərindən biri də bu idi ki, bir
çox şairlər lirik şeirlərini sadəcə bir
“Divan”da birləşdirmişlərsə də,
ayrı-ayrı şairlərin bir neçə “Divan”ı
olmuşdur və həmin “Divan”lar da müxtəlif cür
adlandırılmışdır.
Nizami Gəncəvi (1141-1209) “Xəmsə”sinə
cavablar ənənəsinin təməlini qoymuş türk mənşəli
və farsdilli hind şairi Əmir Xosrov Dəhləvinin
(1253-1325) beş məsnəvisindən savayı 5 də
mükəmməl “Divan”ı olmuşdur: “Töhf?t
üs-siq?r” (“Uşaqlıq hədiyyəsi”), “V?s?t ül-h?yat”
(“Ömrün ortası”), “Qürr?t ül-k?mal” (“Kamilliyin
başı”), “B?qiyy?t ül-naqiyy?” (“T?miz qalıq”), “Nihay?t
ül-k?mal” (“Kamalın intəhası”).
Ya Əlişir Nəvainin (1441-1501) daha çox -
cağatayca 5, farsca da elə o qədər, hərəsinin
öz məxsusi başlığı olan cəmi 10
“Divan”ı olmuşdur.
Ola da bilər ki, Mirzə Şəfinin də bir deyil,
bir neçə “Divan”ı - şeir topluları olmuşdur və
Bodenştedtin xatırladığı “Miftah ül-hikmət”
onlardan biri imiş.
Bu gün Mirzə Şəfi Vazehin sayaraq sahibi
olduğumuz şeirlərin miqdarı üç yüzdən
bir qədər çoxdur. Ancaq həyatı boyu şeirlə
nəfəs almış, uzun illər boyu ədəbi məclisə
rəhbərlik etmiş Mirzə Şəfi Vazehin irsinin daha zəngin
olması ən üzdə olan ehtimaldır.
Haqqında indiyədək bir qalaq kitablar və
müxtəlif dillərdə bolluca məqalələr
yazılsa da, saysız elmi müzakirələr keçirilsə
də, Mirzə Şəfi ilə bağlı çox mətləblərin,
ilk növbədə irsi ilə əlaqədar sualların həllsiz
qalması lap başdan tək yarıtmazlığa dirənir
- Vazeh irsinə indiyədək mətnşünaslıq
baxımından akademik yanaşma olmayıb, onun şeir
yadigarları dəfələrlə nəşr edilsə də,
bugünəcən bir dəfə də olsun əldə olan -
onunkuluğu şəkk doğurmayan və onunkuluğu
şübhə daşıyan - şeirlərin hamısı
müvafiq şərh və izahlarla bir kitabda birləşdirilməyib.
Yalnız 2019-cu ildə “Xalqbank” xətti ilə “Mirzə
Şəfi Vazeh. Bütün şeirləri” adlı kitab
buraxılıb və burada Vazehə aid edilən irsdən olan
və müxtəlif nəsillərin təmsilçilərinin
etdiyi bütün tərcümələr, eləcə də
ana dilində olan nümunələr toplanıb.
Özlüyündə təqdirəlayiq bir işdir, onlardan
bundan artığını tələb etmək də düz
olmaz. Lakin umulan akademik nəşr sırf elmi səciyyəli
olmalı və orada tərcümələrlə
yanaşı orijinallar da yerini tapmalıdır: yəni Fridrix
Bodenştedt nəşrindəki şeirlər və
onların dilimizə tərcümələri (çünki həmin
şeirlərin fars və türkcə əsilləri bizə
məlum olmadığından onlar indiki halda müəyyən
şərtiliklə orijinal hesab edilir), farsca orijinallar və azərbaycancaya
çevirmələri, bir də ana dilində olan örnəklər.
Mənzərəni bütövlüyü ilə görüb
qiymətləndirə bilməkçün birbaşa almancadan
edilən tərcümələrlə yanaşı uzun illər
Azərbaycan insanının Vazeh şeirləri kimi oxuduğu
və usta mütərcimlər əlindən
çıxdığından bəzi nümunələri ilə
kifayət qədər xoşagələn olan, amma əslindən
almancaya, almancadan ruscaya, ordan da bizim dilimizə çevrilərkən
“suyunun suyunun suyu” həddinə çatmış mətnlər
də verilməlidir: tutuşdurmalar, qənaətlərə gəlməkçün
əyani əsaslar olsun deyə. Amma istənilən halda Mirzə
Şəfi irsinin tam külliyyatının əslinin
axtarışları ən təxirəsalınmaz vəzifə
kimi ədəbiyyatşünaslığımızın
qarşısında durmaqdadır.
Qarşılaşacağımız həqiqət
ortadakı şirin mifdən daha cazibəsiz olsa belə. Ancaq
həm Azərbaycan türkcəsində, həm də farsca
irsindən bəlli olan örnəklər göstərməkdədir
ki, tək-tək görsənişlərində belə
heyranedici olan Vazehin şeir aysberqi üzə
çıxınca təkcə onu yeni cizgiləriylə
görməyimizə vəsilə olmayıb, ondoqquzuncu
yüzil şeirimizin simasını da
dolğunlaşdırıb tamamlayar.
Həmid Məmmədzadənin nəşr etdirdiyi Mirzə
Şəfi şeir toplusundakı yeni üzə
çıxan, əslində isə tarixcə köhnə olan
Vazeh şeirlərinin heç birinin Bodenştedt nəşrlərində
görünməməsi bir başqa ehtimal da yaradır:
heç olardımı ki, həm məzmunu, həm ifadəsi
baxımından diqqətəlayiq olan bu qoşqularını
Vazeh “Divan”ına daxil etməsin? Eləsə bəs niyə
Bodenştedt onların birindən də istifadə etməyib?
Bəlkə elə, doğrudan, onun Mirzə Şəfi nəğmələri
kimi təqdim etdikləri Vazeh və digər Şərq
klassiklərinin yazdıqları üstündə yetərincə
sərbəst “zümzümələrdir” ki, sonra öz şəriksiz
müəllifliyini qabartmaqda israrlı olub?
Yəni Bodenştedtin apardığı əlyazma -
toplu ilə bağlı azı 3 fərziyyə
mümkündür. Birincisi, bu, Vazehin bizə məlum
şeirlərindən xaric başqa “Divan”ıdır.
İkincisi, bu, Vazehin məxsusi olaraq Bodenştedtə
bağışlamaqçün tərtib etdiyi seçmə
şeirlərdən ibarət “Divan”dır.
Üçüncüsü, bu, yalnız Vazeh deyil, bir
çox başqa şairlərin də irsindən seçmələrin
toplandığı bir cüngmüş.
Hələ ki bu sualların heç birinə elmi yəqinliklə
cavab tapmaq mümkün deyil və nə qədər ki biz
orijinalları tam halda əldə etməmişik, Bodenştedt
nəşrlərindən alınaraq çevrilmiş
bütün şeirlər Vazehə yalnız şərti
olaraq aid edilə bilər. Vazeh, onun
dünyagörüşü, düşüncə və
duyğular aləmi haqda inamlı mülahizələrimizi
özümüzü aldatmadan yalnız əlimizdəki
orijinal şeirlərə istinadən yürüdə bilərik.
Vazehin farsca şeirləri də gözəldir və
farsdilli poeziyada Azərbaycan üslubunun ən gözəgəlim
örnəklərindən sayılmalıdır. Ancaq ana dilindəki
o çağın heç bir şairinin qoşqularına
oxşamayan şeirləri ifadə tərzinin incəliyi, ənənəvi
bənzətmələrin yeni görüm bucağından
istifadəsi ilə valeh edir.
Bəzən köhnə ədəbiyyatın təmsilçilərinin
bütöv “Divan”ını vərəqləyərkən
oxşar mənzumələrin yeknəsəqliyi ilə üzləşirsən.
Vazehin ana dilindəki iki daha məşhur və çoxdan millətin
əzbərində olan qoşqusu isə ən qalın
“Divan”ların yaratdığı qədər duyğular seli
coşdura bilir.
Nə qədər kim, fələyin sabit ü səyyarəsi
var,
O qədər sinədə qəmzən oxunun yarəsi
var.
Deyil əflakdə kövkəb görünən
çərxi bülənd
Oluban didə, sərapa sənə nəzzarəsi var.
Nə qədər incə deyib! Vazehcə, Kainat,
ulduzlu səma əslində bütöv bir Gözdür. Və
o gözün də bircə mədsədi var -
başdan-ayağa səni seyr etmək!
Molla Vəli Vidadinin (1708-1809) də tənzir etdiyi - bənzətmə
yazdığı və məqtəsində Mirzə Şəfini
də andığı qəzəl belə bitirdi:
Qan töküb xəstə Vidadi ki, demişdir Vazeh,
Könlümün dide-yi giryan kimi fəvvarəsi var.
Vazehin həmin şeirin təkançısı
olmuş qəzəlinin sonluğu isə daha təsirlidir:
Ruzigari qara, daim gecəsi tar keçir,
Hər kimin eşqdə bir yar-i sitəmkarəsi var.
Necə qan cuşə gəlib, eyləməsin ah
ü fəğan?
Könlümün dide-yi giryan kimi fəvvarəsi var!
O qəzəldir ki, Vazeh dedi, bir dərd əhli,
Zahirən lalə otağında qonaq-qarəsi var.
Burda da Mirzə Şəfi heç bir başqa
şairdə rast gəlmədiyimiz təşbehə əl
ataraq füsunkar bənzətmə yaradıb. Lalə al rəngdədir,
bağrı da qara. Lalənin köksündəki o qara ləkəni
aşiqin bağrına çəkilmiş dağ kimi mənalandıranlar
az olmayıb. Vazehsə misrasına başqa “qara”nı gətirir.
Sanki “qonaq-qara” sözündəki “qara”nın heç qara rəngə
dəxli yoxdur. Ancaq Vazeh elə edir ki, lap birbaşa dəxli
olur. Sevgilisini bu al çiçəyə bənzədir, lalənin
sinəsindəki qara nöqtəni isə özünə. Yəni
sənə mən qonağam - qarabəxt aşiqin. Bunu
açıq demir, ancaq örtülü təşbihi ilə
anlatdığı elə budur. Bəlli deyimin - “qonaq-qara” ifadəsinin
xüsusi məna yükü olmayan ikinci hissəsinə anlam əlavə
edir: lalənin otağında mehman olan mən sadəcə
qonaq deyiləm, qara qonağam, taleyi qara gətirmiş, əli
sənə çatmayan aşiq.
Mirzə Şəfi həmişə musiqinin əhatəsində
olub. Azərbaycanın o dövrdəki digər şeir
yğnaqları kimi, “Divani-hikmət” də yalnız şeir məclisi
deyildi, orda daim musiqi də vardı və Mirzə Şəfinin
misralarının cövhərindəki musiqililik həm də
həmin xoş ahəngli təmaslardan gəlir. Əsilləri
əldə olan farsca və türkcə hansı şeirini
oxuyursan oxu, həmin musiqililik duyulur.
Vazehin şeirlərindəki musiqililik həm də
yalnız ritm, təqt, vurğu, ahəng məsələsi
deyil, ovqatdır, ruhdur. Bu məziyyət Vazeh şeirində elə
dərinə işləyib ki, hətta o şeirlər
başqa dillərə çevriləndə də mahiyyətdə
qorunub qalır.
Səbəbsiz deyil ki, Mirzə Şəfi Vazeh
şeirləri bu keyfiyyəti ilə bəstəkarların
diqqətini lap çoxdan cəlb edib. Həm də vətəni
Azərbaycandan daha əvvəl vətənindən uzaqlarda, Qərbdə
- Almaniyada, ardınca da Rusiyada.
1854-cü ildə sonraların çox məşhur
pianoçusu və bəstəkarı Anton Rubinşteynin
(1829-1894) vur-tut 25 yaşı vardı. O çağlardı
ki, Fridrix Bodenştedtin “Şərqdə 1001 gün”, “Mirzə
Şəfinin nəğmələri”, “Mirzə Şəfinin
irsi” kitabları dükanlara gəlincə satılıb
tükənir, dönə-dönə nəşr olunurdu. Təbii
ki, oxumağa, öyrənməyə mail Anton Rubinşteyn də
bestsellerə çevrilən o kitabları almışdı,
mütaliə emişdi, həvəsə gələrək
müəyyən şeirləri də seçmiş, onlara nəğmə
bəstələmişdi. Özü də ikisinə-üçünə
deyil, birdən-birə 12-nə.
1854-cü ildə Rubinşteyn anasına məktub yazır,
bəstələdiyi Mirzə Şəfi sözlü nəğmələrdən
söz açır, məsləhətləşirdi. Xəbər
verirdi ki, Ferens List (1811-1886) mənə tezliklə bu nəğmələrin
klavirini çap etməyimi məsləhət görür.
Çox keçmədən Rubinşteyn həmkarının
təklifinə əməl edir, bir il sonra - 1855-ci ildə
Veymarda onun Mirzə Şəfi Vazehin sözlərinə
yazdığı 12 nəğmənin klaviri ayrıca kitab
kimi nəşr edilir.
Mirzə Şəfi adı Avropada dillərdə
dolaşmaqda, nəşr edilmiş klavir əlçatan,
şeirlər gözəl, musiqi də çəkici
olduğundan ifasına doğru məsafə də çox
uzanmır. Ayrı-ayrı konsertlərdə, müxtəlif
ifalarda nəğmələr səslənməyə
başlayır. Ancaq 1870-ci ildə həmin bəstələrin
“taleyində” daha bir əlamətdar hadisə baş verir.
Onlara parlamaqda olan başqa bir sevilən bəstəkar əl
uzadır. Pyotr İliç Çaykovski (1840-1893) Anton
Rubinşteynin bəstələdiyi musiqini çox bəyənir,
istəyir ki, bu nəğmələr rusca da səslənsin.
Ancaq şeirlər almanca idi, onları çevirmək
lazım idi. Almancanı da yaxşı bildiyindən ekvoritmik tərcüməni
etmək Çaykovskiyə asan başa gəlir.
Dahi Volfqanq Getenin (1749-1832) şagirdi, XIX yüzilin
tanınmış veymarlı müğənnisi və bəstəkarı
Eduard Genasın (1797-1866) musiqi istedadı qızı Emiliya
Genasa da (1833-1905) nəsib olmuşdu, o, müğənni idi və
Azərbaycan gərək bu adı da tanıya. Çünki
1855-ci ildə Anton Rubinşteynin bəstələrindən
ibarət “Mirzə Şəfinin nəğmələri”
adlı kitabçası nəşr ediləndən sonra səhnəyə
çıxaraq bu mahnıları ilk ifa edən məhz həmin
gözəl qadın müğənni olmuşdu.
XIX yüzilin ikinci yarısında Mirzə Şəfi
Vazehin sözlərinə Rubinşteynin bəstələdiyi nəğmələr
elə səs çıxarmışdı ki, onlara məftun
qiyməti yalnız heyran tamaşaçılar yox, yüksək
peşəkarlar, ünlü bəstəçilər də
vermişdilər. Yalnız List yox, İohan Brams (1833-1897) da,
Edvard Qriq də (1843-1907) o nəğmələri çox
yüksək dəyərləndirmişdi.
1887-ci ildə Mirzə Şəfi Vazehin, deyilişi
mümkünsə, musiqi həyatında və o nəğmələrin
taleyində başqa bir sevindirici hadisə baş verir. Həmin
ilin - 1887-ci ilin 5 noyabrında Berlin küçələrini
afişalar bəzəmişdi. O afişalar musiqisevərləri
Fridrix Vilhelm teatrında yeni operettanın ilk tamaşasına səsləyirdi.
“Mirzə Şəfinin şərqiləri” adlanan o
operettanın libretto müəllifi Emil Pol (1866-1946) idi. Əsər
məhz Anton Rubinşteynin bəstələdiyi romansların əsasında
qurulmuşdu.
Çox keçmir Pyotr İliç Çaykovskinin
gördüyü nəcib işin də nəticəsi ortaya
çıxır. Rusiyada da Mirzə Şəfi Vazehin nəğmələri
səhnələrdən eşidilir. Yalnız səhnələrdən
də yox. O dövrdə buraxılmış bir val da
qalmaqdadır. Xışıltılara bürünmüş
həmin valdan böyük rus müğənnisi Fyodr
Şalyapinin (1873-1938) səsi gəlir, o, Mirzə Şəfi
Vazehin sözlərinə bəstələnmiş “Klubitsə
volnoö” nəğməsini oxuyur.
Anton Rubinşteynin Vazeh sözlərinə silsilə nəğmələrini
bəstələdiyi və həmin oxumaların ürəkləri
fəth etdiyi zamanlardan 170 il ötür.
Bizdə bu istiqamətdə nə iş
görülüb? Əlbəttə, demək olmaz ki, heç
nə edilməyib. Müəyyən tərpənişlər
olub, xüsusi əks-səda doğurmayan tək-tək
mahnılar da yazılıb. Yazılmamış mahnılar,
romanslar bir yana, nədən Mirzə Şəfi Avropada
tanınınca artıq XIX yüzilliyin 70-ci illərində
onun şeirləri operettalaşır, bizim bəstəkarlarsa
səhnə tələbləri baxımından çox
maraqlı olan ömrü və sənətinin hekayətləri
opera və operetta üçün “gəl məni yaz”
çağıran Vazehə indiyədək soyuqluq göstərməkdədirlər?!
Mirzə Şəfinin həyatı ssenarisi göylərdə
cızılmış, həm bədii, həm sərgüzəşt
tərəfi olan hazır filmdir. Ən mahir yazıçı
da, ən qabil rejissor da heç vaxt Allahın qurduğundan
daha gözəl bir ssenarini yarada bilməz. Gərək bu macəralı
və ibrətli həyat da çoxdan
ekranlaşdırılaraq Azərbaycan insanının gözünün
qabağında olaydı və yenə də gec deyil.
...Mirzə Şəfinin “Süsəni” rədifli məşhur
beşləməsi də bir gözələ həsr olunub.
Ancaq o şeiri vaxtın indiki hündürlüyündə
oxuyarkən həmin misralar yalnız Mirzə Şəfinin həmin
ilham pərisinə deyil, elə özünə də aid kimi
səslənir:
Ey nəzakət çəməni içrə
xuraman, Süsəni,
Xubluq kişvərinin təxtinə sultan, Süsəni.
Vazeh sevgilisini gözəlliklər ölkəsinin
taxtında oturan hökmdara bənzədir. Mirzə Şəfinin
məcazi mənada sevdiyinə şamil etdiyi elə
özünə də yaraşır - o da gözəllik
taxtında oturmuş bir sultan idi və həmin
sultanlığını söz mülkünün uca bir mərtəbəsində
davam etdirməkdədir.
Sədəgin yayı qaşın sədqəsi qurban,
Süsəni,
Bir baxışla yaraşur kim, ala yüz can Süsəni.
Gözəllərin əfsunlu baxışlarıyla
can ovlaya bilməsi nicatsız şikarolmadır. Ancaq vaxt hər
gözəlliyi soldurandır və belə ovçuluğun bəlli
bir dövrü olur. Mirzə Şəfi Vazeh isə elə irs
yaradıb, elə söz gözəllikləri xəlq edib ki,
könüllər ovlamağının heç bir zaman və
məkan məhdudiyyəti yoxdur, olmayacaq da.
Və o məşhur beşləmənin ilk bəndi
bu misra ilə bitirdi:
Belə getsə, tez olur dillərə dastan Süsəni.
O şeirin, bu misranın qələmə
alındığı vaxtdan iki əsrə yaxın zaman
keçir. Lap çoxdan Mirzə Şəfi Vazehin adı dillərdə
dastana çevrilib. Ancaq hər dastana bir nağılvarilik həmişə
xasdır. Dastanlardakı nağılvarilik insanı cəzb edən,
alıb ardınca aparandır. Ancaq Mirzə Şəfi Vazeh
kimi daimi iftixar qaynağı olan vətən
övladlarından söz açanda onların həyatının
dastana bənzədilməyinin yeri varsa da, gərək o
ömürlərdə nağıla bənzəyən və
nağıl təəssüratı yaradan heç nə
qalmaya.
Macəralı görünən, nağıl
dumanına bürünərək açıq qalan
sualların hamısının cavabı aranmalıdır.
Cavablar tapıldıqca, irsinin yeni nümunələri üzə
çıxdıqca, bizim Mirzə Şəfiyə
açılan pəncərəmiz genişləndikcə, o
böyük vətən övladı da bu günə və
sabaha, hər bir azərbaycanlıya daha yaxın olacaq.
2 iyul 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025. - 9 iyul(¹117).-S.10-11.