"Musiqinin incə ruhu"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şahanə Mansırovadır. Onunla rəssam Ləman Məmmədovanın "Musiqinin incə ruhu" əsərindən danışmışıq.

Ləman Məmmədova 1991-ci ildə Azərbaycanda dünyaya gəlib. Hələ kiçik yaşlarında - 1996-cı ildə ailəsi ilə birlikdə Sibir torpaqlarına, Tümen şəhərinə köçüb. Uşaqlıq illərindən rəssamlıq istedadını müəllimləri hiss edirlər. Ləman gördüyü yuxuları uzun illər yaddaşında saxlayır, onların rənglərini, formalarını və yaratdığı ovqatı rəsmlərində canlandırmağa başlayır.

2007-ci ildə ailəsi ilə birgə Vətənə - Azərbaycana dönən Ləman elə həmin dövrdən etibarən ölkədə keçirilən müxtəlif sərgilərdə iştirak etməyə başlayır. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunması onun yaradıcılığında dönüş nöqtəsi olur. Burada aldığı peşəkar təhsil vasitəsilə yuxulardan gələn təsvirləri incəsənətin dili ilə ifadə etməyə başlayır.

- Bu tablo Ləman xanımın yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Əsərin adı - "Musiqinin incə ruhu" artıq semantik çərçivəni müəyyən edir. Burada "incə ruh" ifadəsi musiqiyə sadəcə eşidilən bir sənət deyil, ruhi-mənəvi təzahür kimi yanaşma nümayiş etdirir. Musiqi burada bir duyğu forması, bəşəriyyətin dərin emosional dili kimi təqdim olunur. "Ruh" sözü - həm daxili aləmi, həm ilahi toxunuşu, həm də yaradıcılığın mənəvi təməlini simvolizə edir. Ləman xanımın əsərləri yuxuları nəticəsində ərsəyə gəlir. "Musiqinin incə ruhu" əsəri 2020-ci ilin sonunda, yəni pandemiyanın insanlar üzərində dərin mənəvi təəssürat buraxdığı bir dövrdə yaranıb. Məhz bu dövr bəşəriyyətin ruhani təbəqəsini ön plana çıxarmış, musiqi və incəsənət insanların daxili dünyasına güzgü tutmuşdu. Rəssam bu mənəvi boşluğu dərin simvollar və obrazlarla təsvir edərək, musiqinin təkcə səs və notlardan ibarət olmadığını, onun bir ruha sahib olduğunu vurğulayır.

- Əsər tuş - qara qələm texnikasında işlənib. Çox güman rəssam bu metodu təsadüfən seçməyib.

- Rəngsizliyin özü burada rəngin yerini tutur. Tuşla işlənmiş monoxrom texnika sanki musiqinin rəngsiz harmoniyasını, notların ağ-qara sükutunu canlandırır. Burada xəttin özü rəngin yerinə keçir - bəzən yumşaq, bəzən sərt, bəzən lirik, bəzən isə dramatik. İşıq və kölgə arasında oynayan bu qara-ağ dünya bizə göstərir ki, bəzən ən parlaq rənglər sükutun içərisindədir. Rəssamın seçdiyi monoxrom palitra (qaranın müxtəlif dərəcələri) izləyicini forma və teksturaya fokuslanmağa məcbur edir. Bu üsulla emosiyalar daha dərin və qabarıq ötürülür. İşıq və kölgə kontrastları, sıx xətt fakturaları əsərə ritm və musiqivari axıcılıq bəxş edir.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Burada simvollarla dolu çoxplanlı və mürəkkəb kompozisiya yaradılıb. Əsas diqqət musiqi ilə ruhun qovuşduğu mərkəzi obrazlara yönəlib. Qadın siması, qapalı gözlər, Sfenks cinsli pişiklər, musiqi alətini xatırladan detallar və naxışlı teksturalar bir-birini tamamlayır. Bu kompozisiyada xəyal ilə reallıq sərhəddində gəzən bir ruh halı hiss olunur. Kompozisiyanın sağ hissəsindəki qadın obrazı musiqinin ruhunu təmsil edir. Qapanmış üz ifadələri isə müşahidə, iç dünyaya dalma və dinləmə prosesini simvolizə edir. Pişiklər isə həm mistiklik, həm də sakitliyi təcəssüm etdirir.

Əsər aşağıdan yuxarıya doğru axıcı ritmlə qurulub - bu isə ruhun yüksəlişini, düşüncədən intuitivliyə keçidi göstərir. Aşağıdakı qapanmış gözlər yuxuya və yuxu halına işarədir, yuxarıda isə ayıq gözlər və qadının şüurlu baxışı var - bu isə xəyaldan reallığa, yaxud reallıqdan transa keçidi göstərir.

Mərkəzi kompozisiya çoxfiqurludur və simvollar bir-biri ilə vizual dialoqa girir. Qadınla pişiklər, gözlə qələm, tekstura ilə musiqi ruhu arasında mənəvi əlaqə var.

Əsərin kompozisiyası çoxplanlı, dolğun və qat-qat düşünülmüşdür. Sol yuxarı küncdəki diqqətli gözlər bizə baxır, amma sanki bizdən çox içimizə baxır. Bu gözlər düşüncənin, müşahidənin və dinləmə, əlindəki qələm, eyni zamanda musiqi aləti təsiri bağışlayır - bu, yaradıcılığın və ruhi axının simvoludur.

Əsər boyu sfenks pişiklərinin yer alması təsadüfi deyil. Bu pişiklər qədimdən bəri mistik varlıqlar kimi tanınıb, burada isə onlar musiqinin sirrini qoruyan keşikçilər kimi çıxış edirlər. Onların duruşları, baxışları və mövqeləri əsərə həm harmoniya, həm də mistik aura qatır. Qapanmış gözlər - xəyala dalmağın, yuxu ilə gerçəkliyin sərhədində gəzməyin rəmzidir.

 

- Tablo hazırda harada saxlanılır?

- Ləman Məmmədovanın bu əsəri özünün şəxsi kolleksiyasında saxlanılır.

- Bu əsər rəssamın digər işləri ilə hansı ortaq və fərqli xüsusiyyətlərə sahibdir?

 

- Rəssamın tanınan digər əsərləri - "Quzu" və "Sultan toyuğu" ilə bu iş arasında həm ortaq, həm də fərqli cəhətlər mövcuddur. Əsərlərə diqqətlə baxsaq görərik ki, qələm texnikası və dəqiq xətlərlə işlənmiş teksturalar mövcuddur. Heyvan obrazlarının insani və ya ruhi mənalar daşıması bu əsərləri birləşdirir. Eyni zamanda fərqli cəhətlər də görə bilərik. "Musiqinin incə ruhu" daha müstəviyə yayılmış çoxfiqurlu kompozisiya ilə seçilir, halbuki "Quzu" və "Sultan toyuğu" daha çox tək fiqurlu və mərkəzləşmiş kompozisiyalara malikdir. Bu əsər daha filosofik və introspektiv xarakter daşıyır, digər ikisi isə sosial-mədəni ironiyaya və ya simvolik yüklənmiş sadəliyə yaxın durur.

"Musiqinin incə ruhu" insanın daxili sükutu, musiqi ilə olan mistik əlaqəsi və ruhani yüksəlişi haqqında danışır. Qadın obrazı musiqinin metaforasıdır, pişiklər isə onun sirli və sakit müşayiətçiləri kimi çıxış edir. Bu əsər bizə səssizlikdəki musiqini, ruhumuzdakı səsləri dinləməyi, daxili harmoniya axtarışını xatırladır. Bu bir çağırışdır, musiqiyə yalnız qulaqla yox, ruhla da toxunmaq üçündür.

Əsərin sağ hissəsində yer alan qadın profili - ruhun fiziki daşıyıcısı kimi təqdim olunur. Onun sakit və müdrik çöhrəsi musiqiyə içdən bağlılığı, daxili harmoniya və yaradıcılıqla birliyi ifadə edir. Bu qadın obrazı həm musiqinin özünü, həm də onu yaradanı təcəssüm etdirə bilər.

Buradakı çoxsaylı göz elementləri - daxili baxış, müşahidə, ayıqlıq və intuisiya ilə bağlıdır. Bu gözlər izləyiciyə baxmır - onlar öz sahiblərinin iç dünyasına açılan pəncərədir. Əsərdə gözlərin açıq və qapalı şəkildə təsviri isə xarici reallıqla daxili aləmin qarşıdurması və harmoniyası kimi anlaşılır.

Əsərdəki pişiklər - xüsusilə sfenks cinsindən olanlar - sirli, sakit, dərin müşahidəçi kimi təqdim olunur. Pişiklər burada musiqi ruhunun mistik keşikçiləri, həm də tənhalığın simvolu ola bilər. Onların üz ifadələrindəki dərinlik və passiv aqressiya, ruhi vəziyyətlərin təbiətini əks etdirir: həm sakitlik, həm gərginlik.

Qadının əlindəki qələm ya da musiqi çubuğu - yaradıcılıq aktını, daxildən gələn enerjinin fiziki dünyaya ötürülməsini simvollaşdırır. Əl həm yazır, həm çalır, həm də yönəldir. Bu, yaradıcı qadının güc simvoludur - o, musiqinin ruhunu sözə, səsə, xəttə çevirir.

Əsər boyunca yayılan naxışlar - zaman, düşüncə axını, emosional dalğalanmalar və musiqi ritmi ilə əlaqələndirilir. Bu vizual fonlar musiqinin dalğalarını, insanın dəyişən ruh halını və düşüncələrin iç-içə keçməsini ifadə edir.

Əsərin paradoksal gözəlliyi ondadır ki, burada səssizlik içində musiqi eşidilir. Rəng yoxdur, amma ritm var. Söz yoxdur, amma emosiya danışır. Bu, vizual səssizliklə emosional səsin birləşməsidir. Musiqi burada artıq notlar deyil - hissdir, baxışdır, toxunuşdur. Sanki əsərin semantik dərinliyində bir çağırış dayanır: "Səssiz danış, dinləmədən eşit, baxmadan gr..."

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bu əsər bizə emosional azadlığı, öz iç dünyamıza səyahəti, yaradıcılığın mistik təbiətini xatırladır. Rəssam burada musiqini təkcə səs deyil, duyğuların, enerjinin, ruhun forması kimi təqdim edir. "Musiqinin incə ruhu" - təkcə bir rəsm deyil, daxilə aparan metafizik xəritədir. Hər baxışda fərqli məna doğurur, hər detalda yeni bir təbəqə açılır. Semantik baxımdan bu əsər qadınlıq, yaradıcılıq, müşahidə və ruhani əlaqə kimi mövzular ətrafında dövr edir.

 

Aytac SAHƏD

525-ci qəzet .- 2025.- 9 iyul(№117).-S.13.