Akademikin polifonik
yaradıcılığında azərbaycanşünaslıq
və türkşünaslıq
Azərbaycan filoloji elmi arenasında özünü hərtərəfli
və mükəmməl alim kimi çoxdan təsdiqləmiş
akademik Nizami Cəfərov yeni bir kitabını oxuculara təqdim
etmişdir. "Azərbaycanşünaslıqdan
türkşünaslığa" adlı bu kitab akademikin elmi
ictimaiyyətə bir yaradıcılıq hesabatı kimi də
qəbul oluna bilər. Çünki bu kitabda bütöv bir
Nizami Cəfərov var. Təkcə ona görə yox ki,
"Azərbaycanşünaslıqdan
türkşünaslığa" adlanan bu kitab 990 səhifədən
ibarətdir. Yəni poliqrafçıların dili ilə desək,
62 çap vərəqindən də artıqdır, həm də
ona görə ki, bu kitab müəllifin - mükəmməl
bir akademikin elmi dünya görüşüdür. Hər iki
istiqamətdən böyük görünən və
böyük qəbul edilən bu kitabı azərbaycanşünaslıq
və türkşünaslıq anlayışlarının
bütün istiqamətlərini - tarixi araşdırmalardan
tutmuş ən müasir dövrümüzə qədər
ehtiva edən elmi epopeya və ensiklopediya kimi qiymətləndirmək
olar. Epopeya və ensiklopediya janr formatlarını bu kitaba
status kimi vermək istəyimin mübahisə
doğuracağını da güman edirəm. Ancaq bu anda
oxucudan bir istəyim olacaq: oxucu bu kitabla tanış olmağa
başladığı anda fəlsəfə elmləri doktoru,
professor Rahid Uluselin nəşrə yazdığı
"ön söz və ya türkşünaslıqla azərbaycanşünaslığın
dialektikası" başlıqlı fundamental
yazısını diqqətlə oxusun. Filosofun kitaba yol xəritəsi
kimi qəbul etdiyim 15 səhifəlik yazısı Nizami Cəfərovu
təkcə bu kitabın müəllifi kimi yox,
bütövlükdə məhsuldar elmi
yaradıcılığını elmi-publisistik bir essedə
bizə təqdim etmişdir.
Azərbaycan elmi-ictimai fikir təbəqəsi Nizami Cəfərovu
həm bir şəxsiyyət kimi, həm də bir elm xadimi -
bir akademik kimi yaxşı tanıyır. Nizami Cəfərov
filoloji təhsilin dilçilik ixtisası ilə birbaşa
bağlıdır. Amma onun bütün
yaradıcılığı, əsasən, elmin 3 istiqamətinə
yönəlib: dilçilik, ədəbiyyatşünaslıq
və bir də... fəlsəfə. "Bir də fəlsəfə"
ona görə ki, N.Cəfərovun bütün əsərləri
- monoqrafik formatdan tutmuş elmi - publisistik məqalələrinə
qədər - bütün əsərləri fəlsəfə
ilə yoğrulmuşdur. Və elə buna görədir ki,
onun elmi-fəlsəfi düşüncələrini
özündə birləşdirən "Azərbaycanşünaslıqdan
türkşünaslığa" kimi epopeya
ensiklopediyasına xatırlatdığım ön sözü
məhz filosof alim qələmə almışdır. Filosofun
ön sözdəki bütün fikirləri Nizami Cəfərov
yaradıcılığının həm də fəlsəfi
aspektlərini açır: "Azərbaycanın, eləcə
də bütün türk dünyasının bilgini Nizami Cəfərov
yüksək səviyyəli elmi araşdırmalar
aparılmasının bacarıqlı təşkilatçısı
olmaqla yanaşı, humanitar elmlərin ortaq metodoloji kompleksini
yarada bilən və daha çox bu müstəvidə tədqiqatlar
aparan ensiklopedik qabiliyyətə malik bir alim kimi həm Azərbaycan,
həm Türkiyə, həm də digər türkdilli ölkələrdə
nüfuza, mötəbər sayqıya malikdir". Bu dəqiq
fikirləri əlimdəki "Azərbaycanşünaslıqdan
türkşünaslığa" kitabı bütün
istiqamətləri ilə təsdiq edir. Bəs bu istiqamətlər
hansılardır? Bu suala cavab vermək üçün
kitabın ayrı-ayrı bölmələrinə diqqət
etmək kifayətdir: 1. Etnos, 2. Dil, 3. Epos, 4. Din, 5. Ədəbiyyat.
Bu bölmələrin hər birinin formalaşma və keşməkeşli
tarixi, dünəni və bu günü ətrafında ciddi,
çoxplanlı, çoxistiqamətli araşdırmanın
şahidi oluram. Bu araşdırmaların hamısında ifadəsini
tapan problemlər humanitar-fəlsəfi aspektdə təqdim
olunur. Təkcə "Etnos" bölməsində bu
anlayışın mahiyyəti 29 kontent-analizdə
açılır. Bu yerdə müəllifin problemlə
bağlı tarixi bilgiləri və bu bilgilərin Lev Qumilyov
kimi mənbələri oxucuya yaddaşlarda qalacaq məlumatlar
verir. Etnos anlayışının ensiklopedik izahı, bu elmi
sahənin müasir problemləri, türk dünyasının
tarixi inkişafı, Azərbaycan xalqının tarixi və s.
kimi göstəricilərin müasirliklə
bağlılığında Azərbaycan Prezidentinin türk
ailəsi ətrafında fikirləri və nəhayət
bugünkü inkişaf səviyyəsinə gəlib
çatmış Azərbaycanın rəsmi Mədəniyyət
Mərkəzi elan olunmuş Şuşanın "Milli intibah
şəhəri" kimi bir faktın elmi-nəzəri əsaslarının
publisistik ifadəsi kimi məsələlər etnosun qədimdən
bu günə uzanan qürurla dolu tarixinin aparıcı istiqamətləridir.
Kitabın 24 mövzudan ibarət "Dil" adlanan
ikinci bölməsində milli dilimizin etnogenezisi ətrafında
milli-elmi dəyərlər sistemi tarixinə yazılacaq
maraqlı mövzular öz əksini tapıb. Bu yerdə N.Cəfərovun
2023-cü ildə "Heydər Əliyev İli"nə həsr
etdiyi "Heydər Əliyev: Dil. Ədəbiyyat. İncəsənət"
adlı fundamental monoqrafiyasını xatırlatmalı
olacağam. Akademik bu kitabında hələ 1976-cı ildə
yaradılan "Azərbaycan Sovet Sosialist Respublikasının
Konstitusiyası"na milli dillərə qısqanclıqla
yanaşan sovet ideologiyasının etirazına baxmayaraq, Azərbaycan
dilini dövlət dili kimi salınmasına nail olmuş Heydər
Əliyevin aşağıdakı tezisini əsas
götürmüşdü: "İnkişaf etmiş zəngin
dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,
böyük gələcəyə malikdir. Ona görə də,
xalqımızın ulu babalardan miras qalan bu ən qiymətli
milli sərvəti hər bir Azərbaycan övladı göz
bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə
etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq
borcudur". Ulu öndərin qiymətləndirdiyi "bu
müqəddəs vətəndaşlıq borcu"nu akademik
Nizami Cəfərov "Azərbaycanşünaslıqdan
türkşünaslığa" kitabında da ləyaqətlə
yerinə yetirmişdir. Kitabın "Dil" bölməsində
qoyulan və elmi həllini tapmış problem -
mövzuların bəzilərinə diqqət edək: Bu
problem - mövzular milli dilimizin tarixən inkişaf prosesi, bu
prosesin Mahmud Kaşğari, Yunus Əmrə kimi
türkçülərin
yaradıcılığındakı inkişafı, Azərbaycan
dilinə dövlət səviyyəsində diqqəti
araşdıran yazılar, Prezident İlham Əliyevin
İkinci Qarabağ müharibəsinin
başlanğıcında və gedişində xalqa müraciətlərinin
ana dilimizin bu müharibədə mənəvi iştirakı,
müasir dilçilərimizin yaradıcılığı ilə
bağlı elmi-publisistik esselər və s. Bütün bu
mövzular həm elmi üslubda, həm də müəllifin
vətəndaşlıq, milli qürur hisslərini ifadə edən
esselərdə öz əksini tapmaqdadır.
Kitabın üçüncü bölməsində
yer alan "Epos" ətrafında məqalə və esselər
problemə elmi-nəzəri baxışın birbaşa
emosional bədii publisistikaya yaxınlığı da maraq
doğurur. Burada təqdim olunan "Qədim türk
eposu"nun elə ilk sətri əsəri xüsusi diqqətlə
oxumağa çağırır: "Qədim türk eposu
bir neçə min illik mifoloji - epik düşüncə axtarışlarının nəticəsi
olaraq eramızdan əvvəl I minilliyin ortalarında
formalaşmışdır". Bu qədimlikdən doğan
milli qürur hissin mətnin bütün məqamlarında
özünü göstərməkdədir. Bəlkə də
uzun görünəcək bir sitatdan imtina etməyim çətin
oldu:
"Qədim türk eposu ilə təxminən eyni
dövrdə təşəkkül tapan,
türkçülük təfəkkürünün ideya-məzmun
əsasını təşkil edən
tanrıçılıq elə bir mükəmməl
ideoloji-mənəvi sistemdir ki, qədim türk mədəniyyətini
(o cümlədən ədəbiyyatını) həmin sistemdən
kənarda izah etmək mümkün deyil. Çünki qədim
türk idrakının ən böyük əsəri həmin
idrakın gəlib çıxdığı
"Tanrı" ideya obrazıdır ki, türk
varlığı onu bütün potensial imkanı ilə
yaratmış, ən azı min illik (e.ə. I minilliyin
ortalarından eramızın I minilliyinin ortalarına qədər)
ictimai-mənəvi həyat təcrübəsinin etnik
(universal) idrak metodologiyasına çevrilmişdir".
Türk epos dünyasını müxtəlif
türkşünasların elmi mənbələrinə istinadən
təqdim edən müəllif bu şifahi formatların kitaba
transformasiyasını ayrıca bir məqalədə
araşdırmış, "Koroğlu" eposunun
poetikası üzərində mükəmməl dayanaraq bu
dastanın formalaşma və inkişaf tarixini qələmə
almışdır. Dastanın müxtəlif türk
xalqları arasında yayılmasını, bəzən özəlləşdirilməsini
xüsusi vurğulayan müəllif bununla belə dastanın
tarixən Azərbaycan xalqına məxsus olduğunun elmi əsaslarını
ortaya qoymuşdur.
Kitabın dördüncü bölməsini əks
etdirən "Din" başlıqlı məqalələr
silsiləsində də akademik Azərbaycanda ilk inanclardan
tutmuş Tanrıçılıqdan islama keçidin əsaslarını
araşdırmışdır.
Əlbəttə, "Azərbaycanşünaslıqdan
türkşünaslığa" kitabının əsas
mahiyyətini özündə əks etdirən və
"Ədəbiyyat" adlanan beşinci bölməsi ətrafında
ayrıca dayanmaq lazım gələcək. Yəqin ki, buna əsas
səbəb bu bölmənin fundamentallığı ilə
bağlıdır.
"Ədəbiyyat" bölməsi özündə
30 elmi-publisistik məqalə və esseni birləşdirir. Həm
də bu sırada məntiqi bir kompozisiya var. Müəllif
bölməni "Ümumtürk ədəbiyyatı tarixi:
problemlər, mülahizələr" sərlövhəli məqalə
ilə başlayır. Məqalənin elə ilk abzasından
müəllif ciddi bir problem ətrafında geniş elmi
yanaşma vəd edir:
"Müasir türk ədəbiyyatı
ümumtürk ədəbiyyatı tarixinin bilavasitə
varisidir - həmin varisliyin dialektikası geniş tədqiqat tələb
edir, halbuki qədim və eləcə də, orta əsrlər
ümumtürk mənbələrinin, demək olar ki,
araşdırılması, yaxud çox az araşdırılması
tədqiqatı qeyd olunan genişlikdə aparmağa imkan
vermir. Eyni zamanda müasir türk ədəbiyyatının
genetik-funksional vəhdətinin metodoloji olaraq inkar edilməsi hər
bir müstəqil türk ədəbiyyatı
üçün "müstəqil genezis" uydurmağa gətirib
çıxarmışdır. Və ona görə də
ümumtürk ədəbiyyatı tarixinin bütöv bir
hadisə kimi təsəvvürdə canlandırılması
bir sıra problemlər doğurur".
Bu problemlər həm qeyd olunan bu məqalədə, həm
də ondan sonrakı "Qədim türk poeziyası",
"Türk xalqları ədəbiyyatı tarixinin ortaq dövrü",
"Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji
sistemi: təsəvvürlər, mülahizələr",
"Türk Müsəlman İntibahı", "Azərbaycan
xalqının ədəbi mədəniyyəti: genezisdən
tipologiyaya" və s. kimi yazılarda öz həllini
tapmışdır.
"Ədəbiyyat" bölməsində əsas hədəflərdən
biri klassikaya diqqətdir. Bu yazılarda milli və
bütövlükdə türk tarixinə dair ədəbi
qüvvələr, onların bədii
yaradıcılığının təhlili mühüm yer
tutur. Bu sırada bədii sözün Fərabi fəlsəfəsindən
tutmuş Nizami Gəncəvi, Füzuli, Aşıq Ələsgər,
Alma Yıldırım, Səməd Vurğun kimi klassiklər
və onların yaradıcılığı təhlil edilir.
Ümumiyyətlə N.Cəfərov bir elm adamı
kimi nədən bəhs edir etsin, bu obyekt mütləq tarix və
müasirlik kontekstində araşdırılır. Müəllif
klassik ədəbi məktəblərimizin
davamçılarını - yeri gələndə
"canlı klassiklər" kimi bir epitetlə qiymətləndirdiyimiz
bədii söz ustalarımızın
yaradıcılığını da təhlil etməklə
klassika və müasirliyi aydın faktlarla üzə
çıxarır. Bu mənada İsmayıl
Şıxlı, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Nəriman
Həsənzadə kimi müasir klassiklərin tarixə
sevgisini dilə gətirir və beləliklə, ədəbi məktəb
faktının
davamçılarını oxucuya təqdim edir. Müəllif
ədəbi məktəblər silsiləsinin ən müasir
davamçıları Anar və onun türk dünyasına
qayğılı münasibətini, milli ədəbiyyatımızın
və milli mətbuatımızın yorulmaz tədqiqatçısı
akademik İsa Həbibbəylinin, ədəbi-tənqidi
yaradıcılığı ilə klassikamızı bu
günümüz üçün aktuallaşdıran
Yaşar Qarayev, akademik Nərgiz Paşayeva, tarixi romanın
müasir ustadı Yunus Oğuz və b. nümayəndələrini
çox yüksək dəyərləndirir və dəyərləri
konkret faktlarla sübut edir.
Tənqid və ədəbiyyatşünaslığın
bədii sənət tariximizə və bu günün
gerçək faktlarına elmi yanaşma prosesi ilə
bağlı müəllifin "Füzuli sənətkarlığının
Mir Cəlal postulatları" irihəcmli məqaləsi bədii
sözə, ədəbi-bədii fakta Füzuli timsalında
bütöv bir monoqrafiya həsr etmiş Mir Cəlalın elmi
postulatları dünən onun tələblərinə, bu
gün müasirlərimizə əvəzolunmaz bir dərsdir.
Bu dərsin Mir Cəlal müəllimin öz müasirlərinə
necə təsir göstərdiyini müəllifin bir neçə
cümləsi ilə dilə gətirmək istərdim:
"Əlbəttə, Mir Cəlalın əsəri
Firudin bəy Köçərli, İsmayıl Hikmət,
Salman Mümtaz, Bəkir Çobanzadə xətti ilə
formalaşan, məlum dövrlərdə ideoloji təzyiqlərlə
üzləşən Azərbaycan
füzulişünaslığının böyük
uğuru idi ki, bundan sonra Həmid Araslının
"Böyük Azərbaycan şairi Füzuli" (1958), Məmməd
Cəfərin "Füzuli düşünür" (1959),
Mirzağa Quluzadənin "Füzulinin lirikası" (1965),
Fuad Qasımzadənin "Qəm karvanı, yaxud zülmətdə
nur" (1968) və s. monoqrafiyaları meydana
çıxdı. Heç də təsadüfi deyil ki,
akademik Vasim Məmmədəliyevlə professor Tərlan Quliyev
"Füzuli sənətkarlığı" kitabına
yazdıqları ön sözü
"Füzulişünaslıq məktəbini yaradan əsər"
adlandırmışlar. Mir Cəlalın uğuru Füzulinin
yalnız təhlilə o qədər də asan gəlməyən
poetikasını məharətlə şərh etməyində
deyildi, eyni zamanda böyük şairə sovet
ideologiyasının sosializm realizmi ədəbiyyatşünaslığının
qoyduğu rəsmi və ya qeyri-rəsmi qadağalara rəğmən,
son dərəcə cəsarətli mülahizələr
söyləməkdən çəkinməməyində
idi".
Bizə elə gəlir ki, təkcə elə bu sitatda
informasiya bolluğuna diqqət etmək kifayətdir ki, N.Cəfərovun
elmi üslubunun keyfiyyəti aydın olsun.
Biz "Azərbaycanşünaslıqdan
türkşünaslığa" adlı bir kitaba dair qeydlərimizi
Rahid Uluselin yuxarıda xatırlatdığımız kitaba
yazdığı ön sözünün son cümlələri
ilə bitirmək istərdik: "Bu gün öz milli mədəniyyət
və dövlətçilik tarixinə dərindən bələd
olmaq istəyən hər bir azərbaycanlı Nizami Cəfərovun
elmi-nəzəri, tarixi kulturoloji epopeyasından yetərincə
zəngin bilik əldə edə bilər! O vətənpərvər
azərbaycanlı üçün həqiqətən, bu tədqiqatların
misli-bərabəri yoxdur. Bunlar onu qanadlandıracaq, tarixi
biliyini möhkəmləndirib, yanıltmalardan təmizləyib,
onu daha təməlli, daha güvəncli edəcək".
Cahangir Məmmədli
525-ci qəzet .- 2025.- 9 iyul(№117).-S.12;13.