Ruh və
düşüncə doğmalığı
"Cəmiyyət də insan kimidir. Axtalanmış
adamdan kişi çıxmadığı kimi,
axtalanmış cəmiyyətdən də kamil cəmiyyət
ola bilməz" (İsmayıl Şıxlı)
"Hər zaman və hər kəs üçün
dəyişməz olan bir həqiqət var: Heç kim öncədən
taleyini, başına nələr gələcəklərini
bilmir. Sadəcə həyat onu göstərir..."
(Çingiz Aytmatov)
Bəri başdan deyim ki, yazıma epiqraf seçdiyim
bu iki fikri hər iki görkəmli ədib bədii sənət
nümunələrinin yekunu və ya son akkordu olan əsərlərində
- "Ölən dünyam" və "Əbədi gəlin"
romanlarında ifadə ediblər.
İstər İsmayıl Şıxlının
"Ölən dünya(m)"sında, istərsə də
Çingiz Aytmatovun "Dağlar yıxılanda" adı
ilə təqdim olunan "Ədəbi gəlin"ində haqq-ədalət,
sülh tərəfdarı olan qəhrəmanların
obrazlarında unudulmaz qələm ustalarının
özünəxas milli SİMASI boy verir. Böyük Çin
filosofu Konfutsinin təbirincə desək, hər bir insanın
həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən
edir.
Sirr deyil ki, bu iki böyük söz ustadının -
Azərbaycanın Xalq yazıçısı İsmayıl
Şıxlının və Qırğızıstanın
Xalq yazıçısı Çingiz Aytmatovun
yaradıcılığında həmişə mənsub
olduqları xalqın məişəti, mədəniyyəti,
etnoqrafiyası və folkloru ilə bağlı məsələlər
ictimai-siyasi hadisələrin fonunda bədii əksini tapıb.
Onların iksinin də milli təəssübkeşlik hissinin,
qan yaddaşının oyadılmasında danılmaz xidmətləri
olub. Hələ sağlıqlarında canlı klassikə
çevrilmiş bu iki ədəbiyyat korifeyi həm də
nüfuzlu ziyalı, ictimai-siyasi xadim olaraq öz müasirlərinin
qəlbində silinməz izlər buraxıblar.
"Ölən dünyam" tarixi romanını
İsmayıl Şıxlı 1995-ci ildə Bakıda ana dilində,
"Dağlar yıxılanda (Əbədi gəlin)"
romanını Çingiz Aytmatov 2005-ci ildə Bürüsseldə
rus dilində araya-ərsəyə gətirmişdi. Əlbəttə,
ruh və fikir yaxınlığı olan yerdə dil fərqi,
məsafə və məkan anlayışı məna
daşımır. Məhz ona görə də
ömrünün son çağları şəkər xəstəliyindən
gözləri tutulan İ.Şıxlının əsərini
həyat yoldaşı Ümidə xanıma diktə edərək
yazdırandan sonra "Artıq rahat ölə bilərəm"
deməsi, eləcə də ölümün
yaxınlaşdığını hiss edən Ç.Aytmatovun
əsərin epiloqunda qəhrəmanın dili ilə
"Oxucular isə hər zaman var, yazıçı həyatda
ikən də, o öldükdən sonra da..." qənaətinə
gəlməsi məndə qəti təəccüb hissi
doğurmur.
Üstəlik, hər iki əsərdə soy-kökə
bağlılıq, keçmişə ehtiram hissinin, nəsildən-nəsilə
ötürülən mənəvi dəyərlərin, təbiət-cəmiyyət
münasibətlərinin və siyasi sistemin köklü şəkildə
dəyişməsi zamanı insanların üzləşdiyi
faciələrin real boyalarla təsviri müəlliflərin ruh
və əqidə yaxınlığını bir daha təsdiq
edir.
"Ümidi boşa çıxan və aldadılan
xalqın faciəsindən böyük faciə yoxdur"
(Aslan bəy), "Divan-dərəyə lotu-potular
yığılıb, bala, ehtiyatlı olun. Bir-birinizdən
göz-qulaq olun" (Ömər koxa) fikrini söyləyən
İsmayıl Şıxlının qəhrəmanları
Cümhuriyyətin dağılmasından sonra sosializm cəmiyyəti
"quran" sovet hökumətinin repressiya siyasətinin,
"Taleyin sirr olması özü bir taledir", "Zənginlərin
var-dövləti okeanlara sığmaz, kasıbların
yoxsulluğu okeanda yer tapmaz!" deyən Çingiz Aytmatovun qəhrəmanları
isə sosializmin iflasından sonra vəhşi kapitalist
mühitinin, bazar münasibətlərinin sərt qaydaları
ilə üzləşirlər. Sanki bu iki ədib əvvəlcədən
belə mövzuda əsər yazacaqları barədə öz
aralarında uzun müddət
fikir mübadiləsi aparıblar.
Hər iki romanda müəlliflər orijinal dəsti-xətlə
cəmiyyət və təbiət faciələrini qələmə
alaraq personajların dərin hisslərini, daxili konfliktlərini
əks etdirir və oxucuların
ixtiyarına həm emosional, həm də intellektual cəhətdən
dolğun, ictimai-siyasi məzmunu ilə seçilən
sanballı bədii nəsr nümunəsi təqdim edir.
İsmayıl Şıxlının "Ölən
dünyam" kitabına ön sözündən məlum olur
ki, "xalqın da həyatında taleyüklü
dönüş nöqtələri olur. Bu dönüş
nöqtələri xalqın yeni, xoşbəxt, yaxud bədbəxt
həyat mərhələlərinə keçməsinə səbəb
olur. XX əsrdə bizim xalqın həyatında belə
döngələr çox olmuşdur..."
Atası sovet repressiyasının qurbanı olan
Ç.Aytmatov isə son müsahibələrinin birində
"Dağlar yıxılanda (Əbədi gəlin)" əsəri
haqqında belə deyib: "...romanda yenidənqurmadan
sonrakı qloballaşmanın konkret insanların həyatına
necə təsir etdiyini, bizi necə dəyişdiyini göstərməyə
cəhd etmişəm..."
İsmayıl bəyin və Çingiz ağanın əsərlərində
belə paralellər aparmaq bəlkə də yanlış
fikirdir, fəqət "Ölən dünyam" və
"Əbədi gəlin" onların mənsub olduqları
xalqa son ismarışı, vida nəğməsidir. Bəlkə
də bu son nəsr əsərləri "buynuzlu-buynuzsuz
cahangirlərin" meydan suladığı dünyada Azərbaycanın
və Qırğızıstanın yaxın və uzaq taleyini
görən iki müdrik ağsaqqalın Vəsiyyətnamələridir
Film üçün maraqlı epizodlarla zəngin olan
hər iki əsər təkcə bizim bu günümüzlə
səsləşmir, həm də sabahımızın
yaxşı olması naminə bütün Türk
dünyası üçün ibrətamiz nümunədir.
"Ölən dünyam''da Müsavat hökumətinin
qurucularından general Cavad bəy Şıxlınskinin yavəri
Çapıq Əmrah əlində qanlı
"troyka"nın möhürlənmiş ağ qərarları
olan qəddar sovet çekisti Fətullayevin
qarşısında kişilik qüruru nümayiş etdirərək:
"... siz camaatı qorxaqlığa, xəyanətə
öyrətdiniz. Hamını qırdınız,
tökdünüz, elədiniz gözü qıpıq...
İndi buraya niyə gəlmisiniz? Rus əsgərlərini niyə
gətirmisiniz?" soruşur.
Fətullayevin: "Qaçaq, quldurların
kökünü kəsməyə" cavabından sonra
Çapıq Əmrah deyir: "Yox, Siz kişilərin
kişiliyini əlindən almağa gəlmisiniz. Onları
qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq
yanında kişiləri hörmətdən salmaq, onların
qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz
qürur nə deməkdir? Bilməzsiniz. Sizə kişi yox,
madyan lazımdır... Cəmiyyət də insan kimidir
Axtalanmış adamdan kişi çıxmadığı kimi,
axtalanmış cəmiyyətdən cəmiyyət olmaz".
Bəs sosializmdən kapitalizmə "keçid"
Sovet cəmiyyətində yaşayan xalqlara nə verdi?
Çingiz Aytmatovun "Əbədi gəlin"də
yazdığı kimi, hər şeyin
alınıb-satıldığı bazar münasibətlərini,
biznes dünyasının acımasızlığını,
qəddarlığını... Hər yerdə - o cümlədən,
qırğızlarda "könüllü şəkildə
öz ruhunu satan", işsizlikdən əziyyət çəkən
adamların pul qazanmaq, kasıbçılıqdan yaxa qurtarmaq
naminə cinayət törətməyə meyl etmələrini...
Korrupsiya girdabı... Mənəvi və ekoloji terrorlar və nəhayət
4 təhlükəli R: - Regionçuluq, Rüşvətxorluq,
Reyderçilik, Reketçilik... Riyakarlığa, rəzilləyə
zəmin yaradan səbəblər...
İnsanların ümidlərinin, həyat
ideallarının "dağlar kimi
çöküşü" zamanı böyük faciələr
baş verir... SSRİ-nin qurulması da, süqutu da
insanların kütləvi qətliamı ilə nəticələndi.
Totalitarizmdə köləlik əleyhinə mübarizə
aparan mətbuatın sonralar bazar iqtisadiyyatının köləsinə
çevrilməsini emosionallıqla qələmə alan
Çingiz ağa yenidənqurmanın "azmış
durnası" kimi təqdim etdiyi müstəqil jurnalistin
Tyan-şan dağlarına bəbir ovuna gələn harın ərəb
şahzadələrinə: "Qar bəbirlərindən əl
çəkin!.. Mən sizə bizim heyvanları məhv etməyə
imkan vermərəm..." deməsi onun ölümcül
yaralanmasına səbəb olur... Beləliklə, o, ərəb
şahzadələrinin ovlamaq istədiyi Cabbars adlı bəbirlə
eyni mağarada can verir. Bəbirlə onun Molotaş
mağarasında can verməsini müəllif belə təsvir
edir: "Bu vəhşi heyvan həyatının son günlərində
taleyini bir insanla paylaşacağını təxmin belə edə
bilməzdi... Halbuki bu qarşılaşma onun alın
yazısı idi. Yenə taleyin oyunu... Can verən iki canlı:
insan və vəhşi heyvan. Hər ikisi də bu dünyada
yolunu eyni şəkildə başa vururdu..."
Çingiz Aytmatovun Caabars adlı qar bəbirindən fərqli
olaraq İsmayıl Şıxlının "Ölən
dünya(m)"sındakı Alan adlı it çörəyini
yediyi ailəyə xəyanət edən, namuslu adamlara divan tutan Keçəl
Xonduludan "qisas" alır və qaçağa çevrilərək
canavarlarla gün keçirir. Və bir gün Həsən
ağa uzun illərin ayrılığından sonra elinə,
obasına qayıdarkən onu Kürün sahilində ilk
qarşılayan hamının canavar zənn etdiyi Alan olur.
"Canavarı görən saqqallı qərib kişi
dirçəldi və canavara diqqətlə baxıb birdən
"Alan" deyə pıçıldadı. Elə bil
canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə
gəldi... Həsən ağa canavarın başını
sığallayırdı. O isə insan kimi kövrəlirdi.
Gözləri tez-tez yaşarırdı".
Hər iki əsərdə diqqəti çəkən
daha bir oxşar cəhət var: "Kür Azərbaycanın
mavi fəqərə sütunudur" deyən İsmayıl
Şıxlı "Dəli Kür"də olduğu kimi,
"Ölən dünyam" romanında da Kür
çayının obrazını yaradır. Su saflıq, təmizlik
rəmzi hesab edilir. Kür sözü türk dillərində
əzəmətli, böyük, güclü, gur sulu, inadkar,
nadinc və s. mənalarında işlənir.
Dağ obrazı isə "Biz nəhəng türk
ağacının qolları, budaqlarıyıq" deyən
Çingiz Aytmatovun son romanında həm də taleyin rəmzi
kimi təsvir olunur. Tyanşan - qədim türk dilində
tanrı dağları deməkdir. Dağların zirvəsi əbədiliyin,
ucalığın, əbədi gəlin haqqında əfsanə
isə saflığın, sədaqətin,
dürüstlüyün simvoludur.
...Əfsuslar olsun ki, son onilliklərdə istər
Kür sahilinin ətrafındakı, istər Tyan-Şanın ətəyindəki
meşələr doğranıb pula, var-dövlətə
çevrilir. Cinayət yolu pul qazanan keçəl
Xonduluların, bolşevik Fətullayevlərin nəvə-nəticələri,
sərvət hərisliyinə düçar olmuş Taştanəfqan,
pulun gücü qarşısında mənəvi dəyərlərini
itirmiş Ertaş Kurçal və Aydana Samarova kimilər bu
gün dildə xalq, millət deyib ədalətdən dəm
vurur, mərhəmət və humanistlikdən ağızdolusu
danışırlar. Amma əllərinə fürsət
düşən kimi xalqın malına tamah salır, ölkənin
yeraltı-yerüstü sərvətlərini talayırlar.
Onlar üçün ÇİRKLİ PULLAR hər şeyə
sahib olmaq, hökmdarlıq etməkdir. "Böyük pullar
böyük cinayətlər deməkdir" (Balzak) ...Belə
insanların baş(çı)ları feodalizm, ayaqları
sosializm, əlləri kapitalizm cəmiyyətində
yaşaya-yaşaya "elita" qrupu kimi fəaliyyət
göstərir və hər şeyin üzərinə əcaib-qəraib
kölgə salırlar. Kölgələr sürünə-sürünə
hörümçək toru kimi bütün sahələri
bürüyürlər.
Mənim sözümün mabədi ondan ibarətdir
ki, İsmayıl Şıxlı və Çingiz Aytmatov kimi
korifeylərin mənəvi dünyası ölməzdir,
onların hər ikisi "dağlar çökəndə"
də, siyasi sistemlər dəyişəndə də
ƏBƏDİ YAŞAMAQ haqqı qazanıblar. Fəlsəfədə Ölüm
və Ölməzlik insanın mənəvi aləminə
çox güclü təsir edən məsələ kimi təqdim
olunur. Son əsərlərinin epiloqunda İ.Şıxlı
da, Ç.Aytmatov da keçmişlə gələcək
arasında körpü salıb, oxucularının qəlbində
ədəbi heykələ dönərək
ölümsüzləşiblər. Beləliklə, onlara
sağlığında olduğu kimi, ölümündən
sonra da əsl yazıçı xoşbəxtliyi nəsib
olub...
Nurəddin ƏDİLOĞLU
525-ci qəzet .- 2025.- 10 iyul(№118).-S.14.