Mifin yaddaşı -
tarixin sınağı
(Kamal Abdullanın yeni çapdan
çıxmış "Gizli "Dədə Qorqud" yeni
mənalar axtarışında" toplusunun
tanıtımı)
İnsan cəmiyyətinin formalaşması, yaşam
tərzi, əslində, onun yaddaş tarixidir. Hər şey
yaddaşdan süzülüb gəlir. Yaddaş, həm də
tarixi sınağa çəkir. Bütövlükdə
folklor, nağıllar, dastanlar, bayatı-qoşmalar, ümumiyyətlə,
bütün dil faktı milli kimliyin, insan mənəviyyatının
tarixi və təzahürüdür. Bunun ilkin özəyində
mifologiya dayanır. İnsanlığın "uşaqlıq
dövrünə" məxsus mifologiya, eyni zamanda onun
müdrikliyinin ən dəruni qatlarını yaşadan mənbədir.
Mifologiya təkcə tarix deyil, həm də dildir, nitqdir, hərəkətdir,
ibtidai əcdadımızın jest və mimikalarını,
jonqlyor hərəkətlərini, davranış və məişət
mədəniyyətini yaşadan məxəzdir. İnsan mədəniyyəti,
eləcə insanın dünyaya yönəlik ilk heyrətindən
yaranıb. İlk qışqırıq arxaik insanın heyrətdən
doğan ilk dil faktı olmuşdur. Sonralar formalaşıb
bitkin hala gələn bu ilkin yaradıcılıq məhsulları
primitiv olduğu qədər də o qədər mükəmməldir
ki, öz elmi, ədəbi-bədii dərinliyi, mənası,
rəngarəng məzmunu ilə bu gün ən inkişaf eləmiş
intellektual insan kəsimini heyrətdə qoymaqdadır. Bu
ibtidai təfəkkür o qədər mükəmməl məzmuna,
obrazlı çalarlara mənsubdur ki, lay-lay, qat-qat
açıldıqca yenə onun məna dərinliyinin
qatlarına gedib çıxmaq olmur.
Akademik Kamal Abdulla öz elmi fəaliyyətini mif
araşdırıcılığına, Azərbaycan
xalqının kökü dərinlərə gedib
çıxan mədəni keçmişinin tədqiqinə həsr
etmiş nadir elm xadimlərindəndir. Bu fəaliyyətin əsasında
dədə kitabımız "Kitabi-Dədə Qorqud"
durur. Kamal müəllim uzun müddətli elmi təcrübəsində
bütün şüurlu həyatını "Kitabi-Dədə
Qorqud"un tədqiqinə həsr etmişdir. Kamal müəllimə
qədər, onunla bərabər və ondan sonra da bu qədim
abidənin araşdırmaçıları olub. Lakin Kamal
müəllim kimi bu kitabın hərtərəfli tədqiqi
ilə dərindən, sistemli və çoxşaxəli məşğul
olan ikinci bir alim olmayıb desək, səhv etmərik. Bir
sözlə, Kamal müəllim "Kitabi-Dədə
Qorqud" yolunda həyatını qoyub, ömrünü
şam kimi əridib, böyük bir elmi müəssisənin
görə biləcəyi işi təkbaşına həyata
keçirib. Onun tədqiqlərində bu əsər
bütün rakurslardan görünür, həm tarix, həm mədəniyyət,
həm söz sənəti, ədəbiyyat, dil faktı kimi
öz şərhini tapır. Kamal müəllim dastana son dərəcə
yaradıcı yanaşır, bəzi məqamlarda akademik
soyuqqanlılığını, alim məntiqini çılğın,
ehtiraslı şair yanaşması, yazıçı
şövqü əvəz edir. Bütün bunların
başında isə məhəbbət dayanır, alimin, ədəbiyyatşünasın,
şairin, yazıçının xalqın keçmişinə,
onun qədim mədəniyyətinə, mükəmməl ədəbiyyatına,
dilinə, söz abidəsinə sevgi. Bu sevgi onu yeni
çalarlı rəngarəng araşdırmalara sövq edir,
"Kitabi-Dədə Qorqud"da indiyədək heç bir
alimin sezmədiyi, hiss eləmədiyi, araşdırma obyektinə
çevirmədiyi nüanslar tapıb üzə
çıxarır, dastanın yeni-yeni elmi-bədii
laylarını, qatlarını, sosial-mədəni köklərini
aşkarlayır.
Kamal müəllim "Kitabi-Dədə Qorqud"
dastanlarına zaman-zaman müraciət etmiş, dədə
kitabımızın dərin laylarını, gizli guşələrini,
sirli mətləblərini intensiv şəkildə üzə
çıxarmışdır. İndiyədək bu tədqiqatlar
"Gizli Dədə Qorqud", "Sirr içində dastan və
yaxud Gizli Dədə Qorqud-2", "Mifdən yazıya və
yaxud gizli Dədə Qorqud" adları ilə
ayrı-ayrı kitablarda şərh olunmuşdur. Yenicə
çapdan çıxmış "Gizli "Dədə
Qorqud" yeni mənalar axtarışında" kitab-toplunu
bu tədqiqatların bütöv variantı da adlandırmaq
olar. Dərin mündəricəli, 582 səhifəlik bu
sanballı kitabda müəllifin, demək olar ki, mif və
dastan yaradıcılığına aid tədqiqatları
toplum şəklində təqdim olunur.Giriş, beş fəsil
və müxtəlif əlavələrdən ibarət olan bu
ciddi elmi-tədqiqat əsəri dünənimizlə bu
günümüzü birləşdirən elmi qənaətlərin,
bədii dəyərlərin geniş panoramda təqdimidir.
Girişdə müəllif yığcam şəkildə
dastanın elmi-tarixi əhəmiyyəti, tədqiqatın
istiqamətləri, qənaət və elmi yeniliklər barədə
məlumat verir, gələcək araşdırmalar
üçün çağırışlar edir. Oxuyuruq:
"Kitabi-Dədə Qorqud" dastanlarından bu gün
yalnız ədəbi-bədii dəyər kimi danışmaq,
əlbəttə ki, çox azdır. Bu sirli Dastanın mahiyyətinə
vardıqca, onun çoxqatlı dərinliyinə nüfuz
etdikcə, görürsən ki, o, nəinki mənəvi
dünyamızın müəyyənləşib
formalaşmasına, həm də, ümumiyyətlə, cəmiyyətin
- bizim artıq haqsız olaraq unutmağa
başladığımız Oğuz cəmiyyətinin bir cəmiyyət
kimi inkişafına təkan vermişdir. Təkan demək
azdır - cəmiyyətin daxili dünyasını, sinirlərini,
aparıcı məqamlarını müəyyənləşdirmiş,
hüquqi qanunlarını, etik-əxlaqi prinsiplərini, yasaq
sistemini əmələ gətirib nizamlamış, qədim
insanın cəmiyyət daxilində inkişafı
üçün müəyyən, yəni konkret yollar
cızmışdır. Dastan Oğuz cəmiyyətinin
varlığını göstərən, onun yaşam
normalarını bədiiləşdirib öz içində,
daxilində qoruyub saxlayan və bu gün bizə təqdim edən
əsl həyat pasportudur".
Ön sözdə "Kitabi-Dədə Qorqud"
dastanları haqqında elmi şərhlərin aydın, bədii-poetik
və publisitik yanaşmaların silqəti tamamilə məntiqli,
səliqəli təqdim olunur. Dastanın pafosu, Oğuz cəmiyyətinin
gələcəyə çağırışları həssaslıqla
araşdırılır. Doğrudan da dədə
dastanımız təkcə tarixi silqətilə deyil,
müasir çağırışları ilə də dəyərlidir.
Dastanda irəli sürülən əxlaq, yaşam tərzi,
davranış şərtləri, törə qanunları,
hüquqi qaydalar bugünümüz üçün də
aktualdır. Buradakı əxlaq normaları, ailə-məişət
sistemi bugünümüzün də əxlaq kodeksi kimi qəbul
edilə bilər. Hüquqi sistem müasir demokratik qaydalarla səsləşir.
Gör nə qədər mükəmməl, inkişaf etəmiş
keçmişimiz, zəngin məzmunlu tariximiz vardır.
Bütün bu cəhətlər Kamal Abdullanın tədqiqatlarında
dastanın sirli qatlarının şifrələri kimi üzə
çıxır. İlk baxışda sadə hadisələrdən
ibarət olan dastanın alt qatında, necə də mürəkkəb
nəsnələr yatır. Bütün bunları üzə çıxarmaq,
sirr pərdəsini qaldırmaq üçün Kamal Abdulla fəhmi,
elmi yanaşması, poetik kəşfləri lazım gəlir.
Kamal müəllimin tədqiqatları təkcə
dastanın məzmunu, onun məntiqində gizlənmiş sirr
qatını araşdırmaqla məhdudlaşmır. O, eyni
zamanda "Kitabi-Dədə Qorqud" dastanlarının məzmununu,
ideya-estetik qayəsini dünya ədəbiyyatı, bəşəri
mifologiya ilə müqayisəli şəkildə
araşdırır. Tədqiqatların nəticəsində
xalqımızın mifik təfəkkürü yunan
mifologiyası ilə yaşıd düşüncə tərzi
kimi çıxış edir. Bəzi detallar, nüans və
ştrixlər, hadisə və olaylar yunan miflərinin
yaşını da ötüb keçir, öz məntiqi və
estetikası ilə daha qədimlərə gedib
çıxır. Bunlar Kamal müəllimin tədqiqatlarında
real, məntiqli əksini tapır. "Kitabi-Dədə
Qorqud" dastanlarında baş verən hadisələr, yaşam
tərzi, insan münasibətləri yunan miifologiyasının
məzmunu, qəhrəmanların tərz-hərəkəti,
xarakteri ilə sistemli və sinxron şəkildə müqayisə
edilir. Və maraqlı elmi qənaətlər əldə
edilir. Kamal müəllimə görə insan cəmiyyəti
eyni sistem içində formalaşır. Miflərdəki hadisələrə
görə Yunanıstanda baş verən olaylar uzaq Oğuz
elində bəzən fərqli, bəzən də sinxron şəkildə
üst-üstə düşür. Bununla da bəşər cəmiyyətinin
formalaşmasının eyni ictimai-sosial mənbədən
qidalandığı qənaətinə gəlmək olar.
Kamal müəllim öz tədqiqatlarında Oğuz elində
baş verən hadisələrlə, bu yurdun insanları ilə
yunan mifologiyasının məşhur olayları və qəhrəmanları
arasında maraqlı müqayisələr, paralellər
aparır. Üst-üstə düşən, bir-birini təkrar
edən, yaxud tamamlayan hadisələrin eyni məntiqdən,
insan təfəkkürünün universallığından
süzüldüyü qənaətinə gəlir.
Dünyanın bu başında yaşayan insanla o
başında yaşayan insanların həyat tərzinin,
düşüncə sisteminin üst-üstə düşməsi,
vahid cəmiyyət ideyasının mövcudluğundan
doğur. Müqayisələrə nəzər salaq:
"Odisey, Basat, Beyrək", "Polifem və Təpəgöz",
"Edip və Buğac", "Admet, Herakl və Dəli
Domrul", "Sarı donlu Selcan Xatun və gözəl
Yelena", "Salur Qazan və Aqamemnon", "Beyrək və
Antiqona", "Banuçiçək və Peneloqa" və
s. başlıqlı araşdırmalarda "Kitabi-Dədə
Qorqud" dastanları qəhrəmanları ilə yunan
mifoloji obrazların oxşar və təkrar cizgiləri tədqiqata
cəlb olunur. Bu araşdırmalar öz elmi dərinliyi, məntiqi
və inandırıcılığıyla adamı heyrətə
gətirir. Bu tədqiqatlarda Kamal müəllimin sistemli informasiyası,
məlumat bazası ilə onun geniş erudisiyası, dərin
analizləri, intellektual qiymətləndirmə
bacarığı, müqayisə məntiqi birləşir.
Müqayisələr o qədər dəqiq, zərif, gözlənilməz
aparılır ki, hər bir ştrix yeni-yeni ideya
çağırışları kimi səslənir.
Kamal Abdullanın yanaşmasında, qeyd etdiyimiz kimi,
"Kitabi-Dədə Qorqud" dastanları həm estetik, bədii,
həm də tarixi araşdırmalara cəlb edilir. Kamal müəllim
dastanlardakı hər bir kiçik nüansı da mükəmməl
təhlil edir, onun dərin qatlarında gizlənmiş sirləri
üzə çıxarır və çoxlarının
ağlına gəlməyən mənalarla süsləyir. Məsələn,
"Oğuz - bizim Atlantımız", "Demokratiya" və
"antidemokratiya", "İnformasiya mübadiləsi, yaxud
xəbərləşmə vasitələri",
"Utanc" hissi və onun semantik derivatları", "Təpəgözün
intihar arzusu", "Qaraca çoban və dünya
ağacı", "Tənha Dədə-Qorqud" sərlövhəsi
ilə verilmiş saçmalarda dastanda baş verən hadisələr,
qəhrəmanların əzvayi boya-boy, iç-içə, zəngin
çalarları, qeyri-adi təhlilləri ilə diqqəti
çəkir. Kamal müəllim bizim nağıl kimi oxuyub
ötdüyümüz hadisələrin iç qatını
yaxşı görür, onun məntiqinə dərindən
varır, məna çalarlarını, estetikasını,
poetik yükünü üzə çıxarır və
gözlənilməz nəticələri ilə oxucunu təəccübləndirir.
Hörmətli akademik "Kitabi-Dədə Qorqud"
dastanlarını ideya-estetik, ədəbi-bədii,
tarixi-mifoloji aspektlərdən araşdırmaqla yanaşı,
onun dilinə də dərindən nüfuz etmiş,
dastanın təhkiyə mədəniyyətini, obrazlı
düşüncə tərzini, üslubi məqamlarını,
nitqin semantik zənginliyini də diqqət mərkəzinə
çəkmişdir. Kamal müəllim ixtisasca
dilçi-alimdir. Onun dil tədqiqatları orijinal yanaşma
üsulu, nitq və üslubun zəngin çalarlarını
açıb göstərmək baxımından da diqqətçəkəndir.
Kamal müəllim ideya adamıdır. Onun ədəbi və
elmi sahədə irəli sürdüyü yeni-yeni ideyalar
tükənməzdir. Bu ideya qaynaqları dilçilik sahəsində
də özünü göstərir. Böyük alim
"Kitabi-Dədə Qorqud"un dilini təhlil edə-edə
Azərbaycan dilçiliyində (bəlkə də dünya)
yeni kəşfə imza atmışdır. Onun yeni elmi kəşfi
- mifolinqvistika, artıq Azərbaycan dilçilik elmində
prioritet sahə kimi oturuşmaqdadır. Bu yenilik, həm də,
dilçilik elmində bir durğunluğun hiss olunduğu
indiki vaxtda elm sahəsinə enerji, hərəkət və
canlanma gətirmişdir. Doğrudan da mif dilinin ayrıca bir
sahə kimi elm sisteminə qoşulması, bu istiqamətdə
tədqiqat üfüqlərinin genişlənməsi, elmi cameəyə
bir coşğunluğun, dinamikanın gəlməsi deməkdir.
Böyük dilçi alim Humboldt deyir: "Dil xalqın ruhunun
təzahürüdür; dil onun ruhu, ruh isə onun
dilidir". Odur ki, mifoloji dilin tədqiqi, həm də bizi
xalqı daha yaxından tanımağa, onun mənəvi-əxlaqi
və mədəni-sosial dünyasına daha dərindən bələd
olmağa aparır. Dil, həm də xalqın tarixidir. Tarix məxəzlərdən,
təzkirələrdən, araşdırma mənbələrindən
daha çox, dildə yaşayır, dildə qorunub
saxlanılır. Odur ki, mif dilinin tədqiqi, xalqın
kökünün, ilkinliyinin, qədimliyinin
araşdırılmasında ən optimal vasitələrdən
biridir. İnanırıq ki, Kamal müəllimin
açdığı bu cığır davamçılar tərəfindən
müstəqil elm sahəsi kimi
formalaşdırılacaqdır.
Kamal müəllimin elmi kəşflərindən biri
də dilçiliyin qeyri-səlis məntiq nəzəriyyəsinə
sublimasiyasıdır. Bu sahə də yeni elmi nailiyyət,
dilçilikdə orijinal düşüncə və tədqiqat
sahəsi kimi öz mövqeyini möhkəmləndirməkdədir.
Onun professor Rafiq Əliyevlə bu istiqamətdə
araşdırmaları dilçilik elminin yaradıcı
potensiyasını genişləndirməklə yanaşı,
ona yeni ruh, inkişaf dinamikası verir. Bu tədqiqatlar
sübut edir ki, insan həyatı daha çox qeyri-səlis məntiqə
bağlıdır, yaşayışımız,
danışığımız, nitqimiz, jest və hərəkətlərimiz
qeyri-səlis məntiq üzərində qurulub. Humanitar sahədə
qeyri-səlis məntiq simptompları axtarıb tapmaq və ona
akademik ahəng vermək müasir elmə böyük bir
töhfədir.
Kitabda Kamal Abdullanın mif tarixi, mifolinqvistika, qeyri-səlis
məntiq və humanitar sahə barədə tədqiqatları
haqqında görkəmli elm xadimlərinin fikirləri də
yer alır. Bu sırada Kerimə Üstünova, Ali Duymaz.
Sunus, Rəhman Bədəlov, Nizami Cəfərov, Ahmet
B.Ercilasun, Qorxmaz Quliyev və başqalarının fikirləri
alimin araşdırmaları barədə müxtəlif rəylər
kimi maraqlıdır.
Kamal Abdullanın "Gizli "Dədə Qorqud"
yeni mənalar axtarışında" kitabı cəmiyyətə,
elm aləminə, humanitar mühitə ciddi bir mesajdır.
İdeya axtarışları üçün yeni perspektivlər
açan bu araşdırmalar, dilçiliyin, eyni zamanda
türk tarixinin qalın layları, sirli örtükləri,
milli arxetipin təyini istiqamətində bələdçi
rupordur.
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet .- 2025.- 10 iyul(№118).-S.12;13.