Məktəbəhazırlıq
qrupları: təhsildə ilk addım üçün vacib zəmin
Məlum olduğu kimi, iyulun 8-dən etibarən
2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq
qruplarına qeydiyyat çərçivəsində Azərbaycan
bölməsi üzrə məktəb seçiminə start
verilib. Valideynlər 8 iyul saat 13:00-dan başlayaraq Bakı
şəhəri istisna olmaqla, ölkənin digər rayon və
şəhərlərində məktəb seçimini həyata
keçirə bilərlər. Bakı şəhərində
seçim prosesi 9 iyul saat 13:00-da, tədris digər dillərdə
aparılan bölmələr üzrə isə 10 iyul saat
13:00-da başlayacaq.
Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən
aparılır və 12 sentyabr 2025-ci ilədək davam edəcək.
Xatırladaq ki, məktəbəhazırlıq
qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni
bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
Uşağın şəxsiyyət kimi
formalaşmasında ciddi əhəmiyyətə malik olan məktəbəqədər
təhsil məktəbə qədəm qoyacaq balacaların əvvəlcədən
hazırlanması üçün vacibdir. Bütün
valideynlər uşaqlarını məktəbə
hazırlamağa çalışır ki, balacalar məktəbdə
müvəffəqiyyətlə oxusunlar. 2016-cı ildən
başlayaraq ölkədə dövlət ümumtəhsil məktəblərində
ödənişsiz əsaslarla məktəbəhazırlıq
qrupları fəaliyyətə başlayıb. Təcrübə
göstərir ki, məktəbə hazırlıq mərhələsindən
keçmiş uşaq şagird olduğu zaman məktəbə,
kollektivə daha tez alışır, ətraf mühiti dərk
etməkdə, diqqət və yaddaşın
formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini
dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində
böyük köməklik göstərir.
Dövlət ümumtəhsil məktəblərində
yaradılmış məktəbəhazırlıq
qruplarına 5 yaşı həmin il tamamlanmış
uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq
qruplarında təhsil dövlət hesabına həyata
keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Elm və
Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil
müəssisələrində məktəbəhazırlıq
qruplarında təhsil ödənişli həyata keçirilə
bilər.
Bu qruplarda gün ərzində 3, həftədə 4
gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin
müddəti 30 dəqiqə, məşğələlərarası
fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq
qruplarında "Ətraf aləmlə
tanışlıq", "Savad təliminə
hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün
inkişafı", "Məntiqi və riyazi təfəkkürün
inkişafı", "Təsviri fəaliyyət",
"Musiqi", "Fiziki mədəniyyət" məşğələləri
keçirilir.
Məktəbəhazırlıq mərhələsində
inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil
etməkdir. Məktəbə hazırlığın vəzifələri
uşaqlarda oxumaq həvəsinin, onların məktəbə
müsbət emosional münasibətinin inkişaf etdirilməsi
və möhkəmləndirilməsi, uşaqların məktəbə
müvəffəqiyyətlə adaptasiya olunması
üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin
formalaşdırılmasıdır. Uşaqların məktəb
təliminə hazırlığının effektivliyini
artırmaq məqsədi ilə təlim məşğələlərində
didaktik (öyrədici) oyunların tətbiq edilməsi
faydalıdır. Müəllim uşağın oyuna olan
marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə
yönəltməlidir. Məktəbəhazırlıq
qruplarında işin təşkili metodikasının əsasını
təşkil edən oyunlar təlimi uşaqlar
üçün əlverişli və cəlbedici formada həyata
keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi
həm də uşağın oyun vəzifəsi olur. Məktəb
təliminə hazırlıq uşağın fiziki,
intellektual, emosional-iradi, şəxsi və sosial
inkişafından asılıdır. Qeyd olunanlar məktəbə
hazırlığın müxtəlif növləri deyil, onun
fəaliyyət formalarının fərqli təzahürləridir.
Məktəbə getməyə hazırlaşan
uşağın anatomik-fizioloji inkişafına diqqət
yetirilməlidir. Fiziki inkişafın ləngiməsi
uşağın əqli fəaliyyətinə mənfi təsir
göstərir. Fiziki cəhətdən zəif olan uşaq təlim
prosesində tez yorulur, onun təlimə həvəsi
azalır. Adətən, belə uşaqların əhali-ruhiyyəsi
aşağı olur, onlar hərəkətli oyunlara laqeydlik
göstərirlər. Beşyaşlılarda skeletin
sümükləşməsi, böyüməsi, daxili
üzvlərin və sistemlərin, bütövlükdə
orqanizmin inkişafı hələ davam edir. Odur ki, məktəbəhazırlıq
qruplarında fiziki hərəkətlərə, fəal
oyunlara xüsusi diqqət yetirilməlidir.
Məktəbəhazırlıq yaşı
dövründə uşaqlarda barmaqlarda buğumlar hələ
sümükləşməmiş olduğundan onlar
üçün xırda və dəqiqlik tələb edən
fəaliyyətlərin icrası çətin olur. Həmçinin
yazı yazmaq onlar üçün olduqca çətin, hətta
qələmi əldə tutaraq nəsə yazmaq
ağrıverici ola bilər. Halbuki diqqət və dəqiqlik
tələb etməyən, hətta müəyyən güc tələb
edən işləri uşaqlar daha asan yerinə yetirirlər.
Bu səbəbdən məktəbəhazırlıq
dövründə, eyni zamanda I sinifdə şagirdlər hətta
partanın sinifdə yerini dəyişə bilərlər,
lakin hərf və rəqəm yazılışı onlar
üçün olduqca çətindir. Uşaqlar bu çətin
prosesə hazırlıqsız məcbur edilərsə, onlarda
yazı ilə bağlı stress və narahatlıq
assosiasiyası yaranar, yazmağa və ümumilikdə təlim
prosesinə mənfi münasibət formalaşar. Qeyd olunan
problemin qarşısını almaq üçün məktəbəhazırlıq
dövründə uşaqların xırda motorikasının
inkişafı məqsədilə müəyyən məşqlər
edilməli və hazırlıq prosesi keçməmiş
uşaqlara hərf, rəqəm və sair yazdırmağa yol
verilməməlidir. Məktəbəqədər yaşlı
uşaqların hafizəsinin inkişafının ən
mühüm yollarından biri yardımçı, xüsusilə
simvolik vasitələrin köməyi ilə yadda saxlamadır.
Bu zaman uşaq öz hafizəsini idarə edərək, bir əşyadan,
məsələn, şəkildən, digər əşyanın
əvəzedicisi kimi istifadə etməyi bacarır. Bu
xüsusiyyət hafizəni təfəkkür ilə əlaqələndirir
və təfəkkürün simvolik funksiyasını
inkişaf etdirir. Məktəbəqədər dövr ərzində
təfəkkür iki istiqamətdə inkişaf edir: əyani-əməli
və əyani-obrazlı. Əyani-əməli təfəkkür
məktəbəhazırlıq dönəmində
üstünlük təşkil edir. Uşaqlar əyani formada
fikirlərini ifadə edirlər, kiçik məktəbli yaş
dövründə əyani-əməli növdən əyani-obrazlı
təfəkkürə keçid baş verir. Yəni uşaq
artıq fikirlərini sözlərlə ifadə etməyi
öyrənir. Məktəbəhazırlıq dövründə
bu prosesə keçidin daha rahat olması üçün
müəyyən işlər görülməlidir.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə
görə, məktəbəhazırlıq qrupların
yaradılmasında məqsəd uşaqların məktəbə
uyğunlaşmasında problemlərin aradan
qaldırılmasıdır: "Hər bir övlad valideyn
üçün əzizdir. Valideynlərin əksəriyyəti
övladlarını bağçaya getməyə
qoymadıqları, ev şəraitində, dayə və nənə-baba
himayəsində saxladıqları üçün belə
uşaqların məktəbdə kollektivə
uyğunlaşmasında müəyyən problemlərə səbəb
olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər
daha çox özünü büruzə verir. Belə
uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi
üçün məktəbdə daha çox ağlayır
və sıxıntılar yaşayır. Məhz belə
uşaqların məktəbə uyğunlaşması
üçün belə bir təlimat verildi ki, ölkədə
məktəbəhazırlıq qrupları yaradılsın və
həmin uşaqlar şagird adını almamışdan
öncə məktəb mühitinə öyrəşsinlər".
Ekspertin dediyinə görə, məktəbə
hazırlıq qruplarının müsbət tərəfləri
uşaqların məktəbə tam hazırlıq vəziyyətə
gətirilməsi, kollektiv mühitdə davranışa,
ünsiyyətə malik olmasıdır: "Belə ki, həm
bağça təhsili görən, həm də evdə dayə,
nənə-baba və ya valideyn himayəsində olan uşaqlar
məktəbəqədər hazırlıq qruplarına cəlb
olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə
davranışına, həm də ünsiyyətin
formalaşmasına gətirib çıxarır".
K.Əsədov vurğulayıb ki, məktəbəhazırlıq
qruplarının sayının artırılmasına ehtiyac
var: "Bir çox hallarda valideynlər uşaqlarını
evlərinə yaxın ərazidə yerləşən orta məktəbdə
yaradılan məktəbəhazırlıq qrupuna yönəldir
ki, övladı birinci sinfə gedəndə təhsilini də
həmin məktəbdə və müəllimədə davam
etdirsin. Lakin birinci sinfə qəbul üçün həyata
keçirilən elektron qeydiyyat zamanı valideynlərin bu istəyi
bəzi hallarda yerinə yetirilmir. Yaxın ərazidə yerləşən
məktəblərdə I sinfə qəbul tələbatdan
artıq olduğundan bir çox hallarda valideynlər
çıxılmaz vəziyyətdə qalırlar. Belə
olan halda, valideynlər evlərindən daha uzaq məsafədə
yerləşən məktəblərə üz tutmalı
olurlar".
Ekspert əlavə edib ki, əlavə qruplar
açıldığı zaman bir qrupda təhsil alacaq
uşaqların sayına diqqət etmək önəmlidir:
"Bəzən bizdə bir qrupda 30-dan çox şagird təhsil
alır. Bu, gərəkli deyil. Uşaqların sayı 30-35-dən
çox olan qrupları iki yerə bölmək
mümkündür. Burada saya deyil, keyfiyyətə diqqət
etmək lazımdır. Bu gün məktəblərimizdə
bunun üçün hər bir şərait var. Bu məsələnin
həlli həm məktəblərdə yerin olmamasından narazı
qalan valideynlərə, həm də təhsilin keyfiyyətinin
daha da artırılmasına kömək edə bilər".
Məktəbəqədər təhsil xüsusi təşkil
olunmuş təhsil müəssisələrində, eləcə
də ailə daxilində həyata keçirilən və məktəbəqədər
uşaqların tərbiyəsi, təlimi, inkişafının
məqsədyönlü, çoxşaxəli, funksional vahid
prosesini təmin edən sistemdir.
Aparılan araşdırmalara əsasən, məktəbəqədər
təhsilə qoyulan investisiya üzrə geri dönüş
digər təhsil pillələrində daha çoxdur (7-10
qat). Digər tərəfdən, məlumdur ki, bir ildən
çox məktəbəqədər təhsilə cəlb
olunanlar orta hesabla 10 faiz daha yaxşı nəticə göstərirlər.
Bu mənada məktəbəqədər təhsil
ölkəmiz, bütövlükdə təhsil sistemimiz
üçün prioritet sahədir. Ölkədə 5
yaşlı uşaqların çox hissəsi məktəbəhazırlıq
qruplarına cəlb olunub. Elm və Təhsil Nazirliyi
qarşısında duran əsas strateji hədəf isə
2026-cı ilə bu rəqəmin artmasına nail olmaqdır.
Bu mənada dünya reallıqları və müasir
çağırışlar nəzərə alınmaqla, məktəbəqədər
təhsilin əhatə dairəsinin genişləndirilməsi,
müxtəlif səbəblərdən məktəbəqədər
təhsillə əhatə oluna bilməyən uşaqların
cəlb edilməsi məqsədilə nazirlik tərəfindən
alternativ modellərin tətbiqi nəzərdə tutulur.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 10 iyul(№118).-S.11.