Türk
dünyasının yaşayan çinarı
Türk dünyası XX yüzildə
özünün görkəmli ideoloqlarını və
böyük əməl adamlarını yetişdirmişdir.
İsmayıl bəy Qaspralı, Ziya Gökalp, Əli bəy
Hüseynzadə, Əhməd Ağaoğlu, Zəki Vəlidi
Toğan, Yusuf Akçura, Fuad Köprülü, Abbas Zamanov, Bəxtiyar
Vavabzadə, Yavuz Akpınar və onlarla başqalarından hər
biri təkrarsız fikir və əməl sahibləridirlər.
Avrasiya Yazarlar Birliyi başqanı Yaqub Öməroğlu da
türk dünyasının fikir və əməl
babalarının estafetini XXI əsrdə uğurla davam etdirən
və yeni bir tarixi mərhələ yaratmış
böyük şəxsiyyətlərdən biri idi. O,
özünün çoxcəhətli fəaliyyətində
türk dünyasının yeni çağının ideoloqu
olmaq, konkret əməlləri ilə ədəbi-mədəni
turançılığa xidmət etmək və bədii
yaradıcılıqla məşğul olaraq, müasir
dövrün ən yeni türk ədəbiyyatını
formalaşdırmaq kimi ali məqsədlərə şərəflə
xidmət göstərmişdir. Soyadındakı Dəliöməroğlu
sözünün başında gələn "dəli"
sözü Yaqub Öməroğlunun türk dünyasına və
ədəbiyyata dəlicəsinə bir sevda ilə ürəkdən
bağlı olmasının və bu ali ideala yorulmadan, doymadan
xidmət etməsinin ifadəsidir. Yaqub Öməroğlu
türk dünyasının Koroğlu kimi dəlilərinin - məsləkdaşlarını
başına yığaraq özünü bu böyük
coğrafiyada ədəbiyyatın və ictimai fikrin
inkişafına həsr etmişdir. Yaqub Öməroğlunun
çox da böyük olmayan zaman içərisində
türk dünyası üçün gördüyü
işlər sözün əsl mənasında fədakarlıq
və qəhrəmanlıq nümunəsidir.
Türk dövlətlərindən hər birində
müxtəlif adlarla Yazıçılar Birlikləri olsa da,
türk dünyası yazıçı və şairlərini,
naşirlərini özündə birləşdirən ilk və
hələlik ən son yaradıcılıq təşkilatı
Yaqub Öməroğlu tərəfindən
yaradılmışdır. Yaqub Öməroğlunun təsis
etdiyi Avrasiya Yazarlar Birliyi, adından da göründüyü
kimi, Türk Dünyası Yazıçılar Təşkilatıdır.
Yaqub Öməroğlu türk dünyası
yazıçılarını vahid bir yaradıcılıq təşkilatında
birləşdirməyi bacarmışdır. Yaqub Öməroğlunun
Avrasiya coğrafiyasının hər yerindəki məsləkdaşları
və tərəfdaşları Avrasiya Yazarlar Birliyinin məslək
və ədəbiyyat idealları ətrafında birləşmişdi.
İsmayıl bəy Qaspıralının "Tərcüman"
qəzeti vasitəsilə həyata keçirdiyi "Dildə,
fikirdə, əməldə birlik" ideyasını Yaqub
Öməroğlu Avrasiya Yazarlar Birliyi səviyyəsində
daha geniş səviyyədə həyata keçirmişdir.
Bu baxımdan Yaqub Öməroğlunun "Qardaş qələmlər"
dərgisi Avrasiya Yazarlar Birliyinin mətbu orqanı kimi
yaradılsa da, dünya türk yazarlarının ədəbiyyat
jurnalı funksiyasını uğurla yerinə yetirmişdir.
Türk dünyasında abunəçilərinin və
oxucularının, müəlliflərinin və təəssübkeşlərinin
əhatə coğrafiyası cəhətdən "Qardaş
qələmlər" jurnalı ilə müqayisə edilə
biləcək ikinci bir mətbuat orqanı göstərmək
çətindir. Avrasiya Yazarlar Birliyinin dərgisi olmasına
baxmayaraq, "Qardaş qələmlər" dünya
türk yazıçılarının əsərlərini
çap edib yayan, dünyanın harasında bir türk qələm
sahibi varsa, onu üzə çıxarıb geniş oxucu
auditoriyasına təqdim edən, bu köklü ədəbiyyatı
müasir dövrün ideallarına doğru istiqamətləndirən
möhtəşəm ədəbiyyat jurnalıdır.
"Qardaş qələmlər" türk
dünyasının böyük ədəbiyyat jurnalı
olmaq vəzifəsini şərəflə və məsuliyyətlə
həyata keçirməkdədir.
Bununla belə, "Qardaş qələmlər"
ilk növbədə Yaqub Öməroğlunun əsəridir.
"Qardaş qələmlər"in 18 il ərzində
çıxan 212 sayında Baş redaktor kimi Yaqub Öməroğlunun
mübarək imzası vardır. "Qardaş qələmlər"
Yaqub Öməroğlunun qardaş ədəbiyyatların
yazıçıları və şairlərini ədəbiyyat
vasitəsilə "dildə, fikirdə, əməldə"
birləşdirmək sevdasının tərcümanıdır.
Bu gün qürurla demək olar ki, Yaqub Öməroğlunun
düşünülmüş dəli sevdasının mətbu
əsəri olan "Qardaş qələmlər" türk
yazıçı və şairlərini əlaqələndirmək,
istiqamətləndirmək və birləşdirmək vəzifəsini
şərəflə yerinə yetirmişdir.
Türk dünyası üçün çox məsul
vəzifə olan ortaq ünsiyyət dili və ortaq əlifba
yaratmaq məsələsi XXI əsrdə Yaqub Öməroğlunun
rəhbərlik etdiyi "Dil Araşdırmaları" dərgisinin
baş mövzusudur. Türk dünyasının ən
ünlü dilçiləri "Dil
Araşdırmaları" jurnalı ətrafında birləşmişlər.
"Qardaş qələmlər" ədəbiyyatçıların,
"Dil Araşdırmaları" isə dilçilərin
türk dünyası miqyasında jurnalıdır.
Çağdaş dövrdə türkologiyanın ən
mühüm problemləri və
çağırışları "Dil Araşdırmaları"nda
səsləndirilməkdədir. "Dil
Araşdırmaları" ortaq latın əlifbasına
keçmək uğrunda mübarizədə öndə gedən
elm və fikir jurnalıdır. Türk dünyasını ədəbiyyat
vasitəsilə birləşdirmək ideyası ortaq ünsiyyət
dili və ortaq latın əlifbası uğrundakı
mübarizəsi ilə birlikdə Yaqub Öməroğlunun
Türk Dünyası sevdasının qoşa
qanadlarıdır.
Yaqub Öməroğlu əməlpərvər bir
ideoloq idi. Onun ideyalarını daha çox əməlləri
ifadə etmişdir. O, ümumi şəkildə sözdə
birlik və həmrəylik ideayaları ifadə etməkdən
daha çox əməlləri ilə həmin birliyin və həmrəyliyin
nümunələrini, örnəklərini göstərməyə
üstünlük vermişdir. Bu baxımdan Avrasiya Yazarlar
Birliyinin "Bengü" nəşriyyatı da çox
böyük əhəmiyyətə malikdir. Türk
dünyasında meydana çıxan ən yaxşı elmi və
bədii əsərləri "Bengü" nəşriyyatı
kitab halında nəşr edib, Turan coğrafiyasında
yaymışdır. Yaqub Öməroğlunun
sağlığında "Bengü" nəşriyyatının
çap etdiyi 500 kitab bu rəqəmə yaxın bir sayda
yazıçı və şairi, elm adamını türk
dünyasına və ümumən dünyaya tanıtmaq deməkdir.
"Bengü" Yayım Evinin 500 kitablıq nəşrlərindən,
"Qardaş qələmlər" jurnalının çap
olunmuş 212 sayından və "Dil
Araşdırmaları"nın 34 sayından mükəmməl
bir Yaqub Öməroğlu kitabxanası yaratmaq olar. Həmin
qiymətli kitablar və jurnallar Yaqub Öməroğlunun
ömrünün səhifələri, türk dünyası
sevdasının vəsiqələridir.
Tədqiqatçı kimi də Yaqub Öməroğlu
Türk Dünyasına öz elmi töhfələrini
vermişdir. Onun Türküstan və Tatarıstan
haqqındakı araşdırmaları Türk Dünyası
coğrafiyasının bu önəmli nöqtələri
haqqında Türkiyədən baxışı ifadə edən
fərqli dəyərləndirmələrdir. Türk
Dünyası gözü ilə baxdıqda da bu tədqiqatlar
geniş ümumiləşdirmə imkanları ilə
seçilən elmi-ictimai məzmunlu əsərlər kimi diqqəti
cəlb edir. Ayrı-ayrı vaxtlarda yazılmalarına
baxmayaraq, Yaqub Öməroğlunun Türküstan və
Tatarıstan araşdırmaları zamanı qabaqlayan əsərlər
kimi bir qədər sonra gündəmdə daha da aktuallaşan
Türk Birliyinə xidmət edən araşdırmalar kimi də
mühüm əhəmiyyətə malikdir.
Əlbəttə, Yaqub Öməroğlu həm də
istedadlı bir yazıçı idi. Avrasiya Yazarlar Birliyinin sədri
Yaqub Öməroğlunun əsərləri müasir dövrdə
türk dünyasında və qardaş Türkiyədə ədəbi
həyatda baş verməkdə davam edən yeni modernləşmə
dalğasının səciyyəvi xüsusiyyətlərini
özündə əks etdirir. Təxminən XIX əsrin
sonlarından etibarən Tənzimat hərəkatı ilə
başlanmış dəbdəbəli Osmanlı ədəbiyyat
üslubundan realizmə doğru inkişaf prosesləri XX əsr
ərzində sadə insanların həyatının ən
müxtəlif məqamlarının böyük ədəbiyyatın
aparıcı mövzularına çevrilməsinə
güclü təkan vermişdir. Bununla belə, XX əsr türk
romanlarında adi insanların həyatının əsasən
ailə-məişət mövzuları çevrəsində
qələmə alınması ənənəsi geniş yer
tutmuşdur. Bu tipli ədəbiyyat sosial mühitin tənqidi dərkini
ön mövqeyə gətirmiş Əziz Nesin və Ömər
Seyfəddin kimi böyük söz ustalarını, mənəvi
aləmin daxili dünyasını açmağa
üstünlük verən Yaşar Kamal və Rəşad
Nuri Güntəkin kimi görkəmli
yazıçıları meydana
çıxarmışdır. Bununla belə, müasir
türk insanının sosial mühitlə və dünya ilə
üzvü əlaqədəki yeni simasının,
özünəməxsus mənəvi aləminin canlandırılması qardaş
ölkədə modern ədəbiyyatdan metamodernizmə
doğru inkişafı ön sıralara çəkmişdir.
Fikrimizcə, Yaqub Öməroğlunun 2019-cu ildə
Bakıda "Qanun" nəşriyyatında çapdan
buraxılmış "İki çinar" kitabı
müasir türk ədəbiyyatındakı modern ədəbiyyatla
metamodernizm arasındakı keçid proseslərinin
ovqatını təqdim edən keyfiyyətcə yeni tipli ədəbiyyat
hadisəsidir. Modern ədəbiyyatdakı həyatilik,
müasirlik mövqeyi ilə metamodernizmdəki şərtilikdən,
bir qədər mücərəddikdən doğan notların
üzvü surətdə əlaqələndirilməsi Yaqub
Öməroğlunun yaşayan və düşünən adi
qəhrəmanlarını formalaşdırır. Yaqub Öməroğlunun
hekayələrində yazıçı həssaslığı
ilə müəllifin sosial-ictimai mövqeyi bir-birini
üzvü sürətdə tamamlayır. Azərbaycanın
Xalq yazıçısı Anarın "çox həssas müşahidəçi"
yazıçı kimi dəyərləndirdiyi Yaqub Öməroğlu
bu həssaslığı həm insanların mənəvi
dünyasının incə məqamlarını bütün
təbiiliyi ilə təsvir edərkən, həm də ictimai
mühitin ən müxtəlif problemlərinə müdaxilə
etdikdə eyni səviyyədə bacarıqla nümayiş etdirir.
Ən əhəmiyyətli cəhətlərdən biri də
bundan ibarətdir ki, Yaqub Öməroğlu hekayələrində
sadə adamları və ya gündəlik adi mühiti sadəcə
təsvir etməklə qalmır, böyük ustalıqla
sosial-mənəvi aləmin daxili qatlarını açıb
göstərir. Bütün hallarda isə o, öz qəhrəmanına
müasir dövrdə Anadolu coğrafiyası insanının
taleyini və psixologiyasını yaşayan səciyyəvi
obraz olmaqdan başqa, həm də yaxın və uzaq çevrənin
qayğıları ilə əhatə olunmuş sosial
mühitin daşıyıcısı kimi baxır. Bunun
üçün yazıçının seçdiyi həyat
materialının və qurduğu süjetin həcmi yığcam olsa da, əhatə
dairəsi geniş olur. Məsələn, "İki
çinar" hekayəsində Türkiyənin Bursa vilayətində
"diametri üç metrə çatan çinarın
gövdəsinin ildırım vurması" hadisəsi vasitəsi
ilə "yaralı ağacların təmiri"
üçün əməli iş görmək əvəzinə
lüzumsuz təkliflər irəli sürməkdə davam edən
bələdiyyə işçisi ilə Kanadadan turist kimi gəlmiş
Mari adlı qadının yıxılmış qoca
ağacın yerinə ölkəsinin simvolu olan çinar
fidanı əkməsi müqayisəli şəkildə təqdim
olunur. Fikrimizcə, hekayədəki "yaralı
ağacların təmiri" ideyası ildırım
vurmuş çinardan çox yaralanmış mənəviyyatın
bərpası ideyasının zəruriliyi fikrini diqqət mərkəzinə
çəkir. Yaqub Öməroğlunun qoca çinarı bərpa
etmək əvəzinə yeni fidan əkməyi təklif edən
külliyyənin gözətçisi Həmdi ilə bələdiyyə
və vəqf mütəxəssisləri arasındakı fərqi
göstərmək üçün seçdiyi
"kanadalı turist" detalı sadə insanın
baxışlarının müdafiə olunmasına xidmət
edir. Yaxud "On dollar" hekayəsində xarici ölkəyə
getmək üçün yola çıxmış Qədirin
qonşu ölkənin gömrükxanasında
qarşılaşdığı əhvalatların təsvirindən
onun xarakterini açmaq üçün ustalıqla istifadə
edilmişdir. Burada da eyni zamanda, sadə adamlar və mürəkkəb
sosial mühit məsələsi diqqət mərkəzinə
çəkilmişdir. Yazıçı ənənəyə
uyğun olaraq, öz qəhrəmanını sosial mühitə
uyğunlaşdırmaq yolu ilə getməyərək, sadə
adamların pak mənəviyyatı vasitəsilə cəmiyyəti
sağlamlaşdırmaq qayəsini izləmişdir. Bu, Yaqub
Öməroğlunun hekayələrindəki sadə adam fəlsəfəsinin
aparıcı istiqamətini təşkil edir. Doğrudur, Yaqub
Öməroğlunun təsvir etdiyi sadə adamlar sadəlövh
olmayıb, necə deyərlər, müəyyən əxlaqi-mənəvi
dəyərləri özlərində cəmləşdirən,
özünü dərk etmiş adi obrazlar kimi diqqəti cəlb
edirlər.
Beləliklə, Yaqub Öməroğlunun hekayələrində
sosial mühitin "çirklənməmiş" təbəqəsi
olan sadə, adi adamlar ön mövqeyə çəkilərək,
cəmiyyətə örnək kimi təqdim olunurlar. Lakin
yazıçı özü əvvəlcədən hər
hansı bir obraz haqqında hazır resept vermir. O, qəhrəmanını
çətinliklərdən keçirərək dar,
kiçik dairədən böyük mühitə doğru
addım-addım təkamül prosesi vasitəsilə
inkişaf etdirməklə, oxucunu keçilmiş yolun dərslərinə
inandırır. Bu mənada "Çətin anlar" hekayəsi
bir hekayənin adı olmaqdan başqa, həm də Yaqub Öməroğlunun
hekayələrinin ümumiləşdirilmiş qayəsi kimi səslənir.
"Çətin anlar" Yaqub Öməroğlunun hekayə
modelinin ümumiləşdirilmiş formuludur. "Afyon
qaymaq" hekayəsinin aparıcı obrazları olan Bünyəmin
kimi və onun oğlu Səlimin "əlində bir
alüminium sini və əsgər çamadanı kimi bir-iki əşya
ilə" Afyondan Ankaraya gəlmiş kasıb ailənin
böyük çətinlikləri dəf edərək dairəni
genişləndirməklə, ağıl və zəhmət
hesabına yaşamaq imkanlarını da genişləndirməyə,
yaxşılaşdırmağa nail olmaları təbii bir təkamül
prosesinin işığında təsvir edilmişdir.
"Qayğanaq və bəhməz" hekayəsində də
Məryəm ananın səbri, iradəsi və zəhməti
həyatın ağır sınaqları qarşısında
mənəvi bütövlüyün qorunub
saxlanılmasının mümkünlüyünə inam hissləri
yaradır.
Yaqub Öməroğlunun hekayələri həyatın
adilikləri üzərində qurulmuş
düşündürücü hekayələrdir. O, bir
yazıçı kimi bədii əsərdə süni şəkildə
sensasiya yaratmağın, qurama uydurmağın əleyhinə
olaraq, həyatın ağrılarını və
uğurlarını təbii şəkildə göstərməklə
oxucunun diqqətini cəlb etmək, onu düşündürməyi
bacarmaq mövqeyinə sadiqdir. Yaqub Öməroğlu bədii
əsərdə "hadisənin vahiməsini" təsvir
etməyi yox, "şişirtmə bir əhvalatı" qələmə
almağı deyil, dayanıqlı bir təmkinlə həyatın
təbii axarını göstərməyi sənət kredosu
kimi qəbul etmişdi. "Qazax - gördüyün əzab"
hekayəsində bəyan edilən hekayəçilik
meyarları geniş mənada Yaqub Öməroğlunun
özünün ədəbi baxışlarının ifadəsi
idi. Bu, əslində, bir müəllifin deyil,
bütövlükdə əsl ədəbiyyatın,
böyük sənətin gerçək yolu deməkdir.
"Qazax - gördüyün əzab" hekayəsindəki
aşağıdakı dialoq Yaqub Öməroğlunun sənət
dünyasının açarını tapmaq üçün
bələdçilik edir:
"- Bu hekayəni yazmalıyam... Olmaz, - dedi, - bundan
hekayə olmaz.
- Niyə olmaz? İnsanlar bu yaşanan
ağrı-acıları öyrənməsinlərmi? Bu
ağrıların unudulması zamana dəstək deyilmi?
- Yazılmalıdır, əlbəttə, amma elm
adamları yazsınlar. Hekayədə, romanda deyilərsə,
oxucu hadisənin vahiməsini başa düşməz... Deyilənlərin
nə qədərinin gerçək, nə qədərinin
qurama olduğunu təxmin etməyəcəklər.
Ağıllarında sual işarəsi dolaşacaq. Bu
mövzuların elm adamları tərəfindən
yazılması, oxucuya elmi mətn kimi təqdim edilməsi daha
doğru olar.
Yazılan ağrılar o qədər böyük,
hadisələr o qədər ağlasığmaz idi ki, hekayə
kimi yazılanda oxucular bunu onları dərindən təsirləşdirmək
üçün uydurulmuş, şişirtmə bir əhvalat,
hətta naşılıq belə sayacaqdılar".
Hekayələri sübut edir ki, Yaqub Öməroğlu
oxucuları dərindən təsirləndirmək istedadına
malik olan ciddi yazıçıdır.
Əsərlərinin təsirli həyat hekayələri
kimi meydana çıxması hekayələrindən bir çoxunun
avtobioqrafik əsərlər kimi formalaşmasında
mühüm rol oynamışdır. Müşahidə edilir
ki, Yaqub Öməroğlu hekayələrini öz tərcümeyi-halından
keçirərək yaradıcı mühitin geniş
meydanına çıxarırdı. Yaqub Öməroğlunun
özünün xarakterində müşahidə olunduğu
kimi, hekayələri də təmkinli bir təhkiyə əsasında
yazılmış dayanıqlı əsərlərdir. Hətta
bəzi hekayələrində yazıçının
avtoportretini də görmək mümkündür.
"Qayğanaq və bəhməz" hekayəsində
müəllifin avtoportreti öz adı ilə, Yaqub adı ilə
iştirak edir. Bütün bunlar Yaqub Öməroğlunun
hekayələrinin möhkəm həyatı əsaslara malik
olduğunu göstərir. Lakin o, əsərlərində həyatın
naturalist təsvirlərini çəkmir, insanı cəlb edə
bilən, düşündürən və sabaha işıq
salan hekayələri ilə öz oxucusunu bələdçilik
edirdi. Yaqub Öməroğlunun hekayələrində
süjetin bitdiyini bildirən epiloqsayağı xüsusi bir
yekunlaşdırıcı hissə, yaxud mətn olmasa da, onun
hekayələrinin ümumi gedişatından ümumiləşdirilmiş
dərslər çıxarmaq mümkündür. Bu onu
göstərir ki, Yaqub Öməroğlu həyat
materialını və ya obrazların həyat hekayələrini
elə cəlbedici şəkildə təqdim edirdi ki, orada nəyisə
yekun söz kimi diktə etməyə ehtiyac qalmır.
"Palatada" hekayəsində yazıçı bir xəstəxanada
olan, müxtəlif baxışlara malik adi adamların dialoqu
vasitəsilə cəmiyyətdəki etnomüxtəlifliyi təşviq
edir. "İki eyni fikirli" hekayəsində də Yaqub
Öməroğlu nəticə etibarilə eyniliyin bezdirici
olması və inkişafa deyil, ağlamağa, geriyə
apardığı qənaətinə gəlmişdi. Lakin belə
düşündürücü, ibrətamiz qənaətlər
yazıçının diktəsi kimi yox, hekayələrdən
çıxarılan nəticələr şəklində təqdim
olunduğu üçün təbii görünür.
Yaqub Öməroğlunun Azərbaycan cəmiyyətinə
təqdim etdiyi "İki çinar" kitabında bir-birinin
eyni olan, təkrarlanan iki hekayə yoxdur.
Yazıçının hekayələrinin mövzu dairəsi,
obrazlar aləmi, süjetin quruluşu hər dəfə fərqli
surətdə təzahür edir. Hekayələrində eyniləşmənin
əleyhinə çıxan Yaqub Öməroğlu ilə Azərbaycanda
və Türkiyədə, digər ölkələrdəki hər
görüşlər də həmişə fərqli tədbirlərlə
müşayiət olunurdu. Avrasiya Yazarlar Birliyinə uğurlu
rəhbərlik, Mahmud Kaşğari Hekayə Müsabiqəsi,
Türkdilli Ölkələrin Ədəbiyyat Dərgiləri
Konqresi, Haldun Taner adına pyes yarışması kimi
genişmiqyaslı və məsuliyyətli tədbirlərin
yüksək səviyyədə təşkili Yaqub Öməroğlunun
həyatda və ədəbiyyatda olduğu kimi, təşkilatçılıq
və idarəçilik işlərindəki bənzərsizlik
nümunəsini nümayiş etdirirdi. Atdığı hər
bir addımla o, Türkiyədə və türk
dünyasında fərqli və daha qüvvətli bir ədəbi
axının meydana çıxmasına zəmin
hazırlayır, təkan verir və bütün bunları ən
cəlbedici vasitələrlə dünyaya göstərməyi
bacarırdı. Fikrimcə, hekayələrində olduğu
kimi, ictimai-mədəni və elmi-ədəbi mühitin təşkili
sahəsində də yorulmaz fəaliyyətini səs-küy
salmadan, görüntü yaratmadan məsuliyyətlə və
yüksək səviyyədə həyata keçirməsi Yaqub
Öməroğlu üçün böyük ideallara xidmət
işinin hər şeydən çox mühüm bir borc hissi
olduğunu diktə edirdi. Yaqub Öməroğlunun Türkiyədə
və türk dünyasında Avrasiya Yazarlar Birliyinin özəklərini
və şəbəkələrini yaratması XXI əsrin
yeni tipli Yazarlar Birliyi modelini qurmaq demək idi.
"Bengü" nəşriyyatını təsis edib,
ümumən dünya, xüsusən də türk
dünyası üçün kitablar nəşr edib,
Orxon-Yenisey vadilərindən - Balkanlara qədərki geniş
məkanda yaymaq Bilgə Kağan ideallarına şərəflə
xidmət etməyin əməli ifadəsidir. Nəhayət,
Yaqub Öməroğlunun təsis etdiyi "Qardaş qələmlər"
dərgisini hər ay nəşr etdirmək və yaymaqla da
eyni kökdən olub, ortaq mədəniyyətlərin
daşıyıcılarının ədəbiyyatlarının
inkişaf etdirilməsinə və inteqrasiya olunmasına dəstəyini
meydana qoyurdu. Əslində, bütün bunlarla Yaqub Öməroğlu
türk dünyasında ədəbi-mədəni inteqrasiya və
elmi-ədəbi fikrin inkişafı etdirilməsi kimi məsuliyyətli
və şərəfli vəzifələri uğurla həyata
keçirməkdə davam edirdi.
Dünyanın hər yerində Yaqub Öməroğlunun
etibarlı dostları vardır. Azərbaycandakı dostları
Yaqub Öməroğlunun məsləkdaşlarıdır.
Türk dünyası sevdalısı Yaqub Öməroğlu
idealları uğrundakı davasında ən böyük əqidə
və məslək dostlarını daha çox Azərbaycanda
tapmışdır. Yaqub Öməroğlu türk
dünyası uğrunda Türkiyə və Azərbaycandakı
əməl və fikir dostları ilə birlikdə mübarizə
aparırdı. "Qardaş qələmlər" dərgisində
Azərbaycan ədəbiyyatı nümunələri Avrasiya
türk dünyası ədəbiyyatına örnək kimi təqdim
olunurdu. "Qardaş qələmlər" sanki Azərbaycanın
və Türkiyənin ortaq ümumtürk ədəbiyyat dərgisi
idi. Türkiyədə nəşr edilən "Qardaş qələmlər"in
Azərbaycan ədəbiyyatı və ictimai fikri arasında
yaratdığı möhkəm və etibarlı körpü
türk dünyasının Birlik və Həmrəylik
modelidir.
Yaqub Öməroğlunun Azərbaycan səfərləri
məslək dostları ilə bölüşmək, yeni
baxışlar formalaşdırmaq, təzə ideyalarla yenidən
mübarizə meydanına dönmək amalı
daşıyırdı. Azərbaycanın Qarabağ Zəfərini
sevinc dolu göz yaşları ilə, səssiz aydın, dolu,
duru təbəssümü ilə qarşılamaq Yaqub Öməroğlu
üçün əsl bir qəhrəmanlıq hadisəsinin
dərin həyəcanlarını yaşamaq və idealına
qovuşmaq hadisəsi kimi qiymətli idi. Ömrünün son
aylarında Azərbaycandakı dostlarının dəvəti
ilə Şuşa şəhərindəki ədəbiyyat və
mədəniyyət tədbirlərindəki iştirakı
yüksək ideallarına çatmış böyük bir fikir
qəhrəmanının dərin sevdasının və mənəvi
rahatlığının ifadəsi idi. Azərbaycanın ən
nadir təbiət gözəli olan məşhur Göygöldə
də o, sanki türk dünyasının
aydınlığına qovuşmuşdu. Əhməd
Cavadın və Əli Akbaşın "Göy göl"
şeirləri Yaqub Öməroğlunun göz yaşları
və pıçıltıları ilə bu göllər
gözəlinin mavi dünyasına qovuşmuşdur. İlk
hekayələr kitabının "İki çinar"
adı ilə Türkiyədən qabaq ilk dəfə Azərbaycanda
nəşr edilməsi Yaqub Öməroğluya ölkəmizdə
bəslənilən yüksək ehtiramın ifadəsidir.
Azərbaycanda çap olunmuş hekayələr
kitabının adında ifadə olunan "İki
çinar" anlayışı Yaqub Öməroğlunun
şəxsiyyətini və ədəbi-ictimai fəaliyyətini
bir yerdə çox aydın surətdə özündə əks
etdirir. Çoxcəhətli elmi-ədəbi və təşkilati
fəaliyyəti ilə Yaqub Öməroğlu türk
dünyasında çoxşaxəli bir çinar ömrü
yaşamışdır. Bütün hallarda Yaqub Öməroğlunun
və məsləkdaşlarının çoxcəhətli fəaliyyəti
qolu-budaqlı, möhtəşəm bir çinara bənzəyən
türk dünyasının ədəbi-mədəni
obrazının qurulmasına xidmət edir. Bu ulu çinar
türk dünyasının hüdudlarını aşaraq
dünyanın harasından baxsaq, bütün əzəməti
ilə görünür və geniş mənada hər yerdə
inkişafa, ünsiyyətə, əməkdaşlığa və
insanlığa çağırır.
Nəhayət, Yaqub Öməroğlu ilə əlaqədar
bir müşahidəmi də nəzərə
çatdırmaq istəyirəm. Unudulmaz dostumuz ədəbi-ictimai
fəaliyyətə Yaqub Öməroğlu kimi
başlayıb, Yaqub Öməroğlu olaraq ömrünü
tamamlamışdır. Dəliöməroğlu mərhələsi
Yaqub bəyin həyat eşqinin, mübarizəsinin,
arzularının bəyan edilməsinin, təsis etmək istədiyi
Avrasiya Yazarlar Birliyini, "Qardaş qələmlər" dərgisini
qurub, yola çıxmasına nail olması dövrünün
soyadda ifadə edilən mənasıdır. Öməroğlu
soyadı isə onun artıq arzu etdiklərinə nail olduqdan,
proqramını sabit bir inkişaf yoluna çıxardıqdan
sonrakı mərhələnin ifadəsidir. Dəliöməroğlu
mərhələsi eşqin, arzunun, niyyətin, Öməroğlu
dövrü isə işin, əməlin əks-sədasıdır.
Dəliöməroğlu soyadından Yaqub Öməroğlu
imzasına keçid onun emosional romantik bir mərhələdən
düşünülmüş realist bir fəaliyyət yoluna
çıxmasının nəticəsidir. Yaqub Öməroğlunun
gerçəkçi bir türk yaradıcı şəxsiyyəti
kimi fəaliyyəti Türkiyə və türk dünyası
üçün tarixə çevrilmiş böyük əməllərin
həyata keçirilməsinə böyük örnəkdir.
Yaqub bəy üçün Dəliöməroğlu
soyadı yolu seçməyin, Öməroğlu soyadı isə
yol getməyin göstəricisidir. Yaqub Dəliöməroğlunun
idealları Yaqub Öməroğlunun qoyub getdiyi örnəklərlə
özündən sonra da yaşayır, davam edir.
Yaqub Öməroğlu - İsmayıl
Qaspıralının, Ziya Gökalpın, Əli bəy
Hüseynzadənin XXI əsrdəki layiqli təmsilçisi
idi.
Yaqub Öməroğlu - türk dünyasının
yaşayan əfasnəsidir.
Azərbaycan üçün Yaqub Öməroğlu əbədiyyət
qazanmış məslək və sənət rəmzidir.
Məslək və sənət Yaqub Öməroğlunun
qoşa qanadlarıdır.
Azərbaycanda çap olunmuş "İki
çinar" kitabının adındakı çinarlardan biri
məslək, o birisi isə sənətdir, ədəbiyyatdır.
İki çinarlardan birini Türkiyə, ikincisini Azərbaycan,
hər ikisini bir yerdə isə türk dünyası kimi mənalandırmaq
mümkündür.
Yaqub Öməroğlu Türk dünyasının Ulu
Çinarıdır. Əbədiyyət
qazanmışdır. Unudulmazdır!
7 iyul 2025-ci il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik,
525-ci qəzet .- 2025.- 10 iyul(№118).-S.8-9.