Gənclər
Kitabxanasında Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə
elektron məlumat bazası hazırlanıb
Bu gün Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, qüdrətli şair və
böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan
olmasının 190 illiyi tamam olur. Görkəmli şair və
maarifçi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından
irəli gələn tədbirləri həyata keçirmək
məqsədilə Gənclər Kitabxanasında “Böyük
söz ustadı Seyid Əzim Şirvani 190” adlı elektron məlumat
bazası hazırlanıb.
Elektron məlumat bazasında yazıçının
həyat və fəaliyyətinin əsas tarixləri, bir
sıra görkəmli şəxslərin onun haqqında
söylədikləri dəyərli fikirlər, şairin
müdrik kəlamları, rəsmi sənədlərlə
yanaşı, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar:
Seyid Əzim Şirvani”, filologiya üzrə fəlsəfə
doktoru ədəbiyyatşünas Mətanət Vahidin “Seyid
Əzim və Füzuli: ənənə və
davamçılıq məsələlərinə ədəbiyyatşünaslığımızın
münasibəti” və Əməkdar jurnalist İradə
Əliyevanın “Aşiqanə qəzəlxan, realist satirik,
maarifçi ziyalı” kimi məqalələrin tam mətni təqdim
edilir. Elektron bazada görkəmli şairin özbək, rus,
ingilis dillərinə tərcümə edilən
yaradıcılıq nümunələrinin, təmsillərinin,
yazıçı haqqında dövri mətbuatda dərc
edilmiş publisistik məqalələrin, qələmə
alınan kitabların siyahıları yer alır. Kitabxana əməkdaşları
tərəfindən hazırlanan bazada “Seyid Əzim Şirvani
və mətbuat”, “Not və əlyazmalar”, “Dissertasiya və
avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və
videoqalereya” bölmələri də təqdim edilir.
525-ci qəzet .- 2025.- 10 iyul(¹118).-S.10.