"Tələbələrin
köçürülməsi faydalı və inkişafa
yönələn olmalıdır"
2025-2026-cı tədris ili üzrə ali və orta
ixtisas təhsili müəssisələrində təhsil alan
tələbələrin köçürülməsi
prosesinin elektron sənəd qəbulu mərhələsi elan
olunub.
Elektron müraciətlərin qəbulu iyulun 15-i saat
11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da yekunlaşacaq.
Köçürülmə prosesində iştirak etmək
istəyən tələbələr portal.edu.az internet səhifəsində
qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı,
daha sonra sistemə daxil olub elektron müraciət formasını
doldurmalı və təsdiq etməlidirlər.
Son illər həyata keçirilən ən
mühüm islahatlardan biri də tələbələrin
ölkə daxilində və xaricdə yerləşən ali
təhsil müəssisələrindən
köçürülməsi, yaxud bir ixtisasdan digərinə
dəyişdirilməsi, eləcə də ölkəmizdə
yerləşən orta ixtisas təhsili müəssisələri
tələbələrinin, magistratura səviyyəsində təhsil
alanların köçürülməsinin elektron qaydada təşkilidir.
Portala müraciət edən şəxslər
köçürülmək istədiyi təhsil müəssisəsini
seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar
tələb olunan məlumatları daxil etməklə
köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini
müəyyən edə bilərlər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən
yaradılan transfer.edu.az portalı tələbələrin
köçürülməsi prosesinin sadələşdirilməsinə
və şəffaflığın təmin olunması məqsədinə
xidmət edir. Portal fəaliyyətə
başladığı gündən bugünədək 9 mindən
çox tələbənin köçürülməsi həyata
keçirilib. Portal vasitəsilə tələbə
köçürülməsi xidməti ödənişsizdir.
Tələbələrin köçürülməsi
2016-cı ildən transfer.edu.az portalı vasitəsi ilə həyata
keçirilir. Elm Təhsil Nazirliyi və Dövlət
İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində
yaradılan transfer.edu.az portalı tələbələrin
köçürülməsi prosesinin sadələşdirilməsinə
və şəffaflığın təmin olunması məqsədinə
xidmət edir.
Nazirlikdən verilən məlumata görə,
transfer.edu.az portalına müraciət edən şəxslər
köçürülmək istədiyi təhsil müəssisəsini
seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar
tələb olunan məlumatları daxil etməklə,
köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini
müəyyən edə bilərlər.
Mövcud qaydalara görə, tələbələrin
bir ali məktəbdən digərinə
köçürülməsinə yalnız əsaslı səbəblər
olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı
problem olduqda, yaşayış yerini dəyişdikdə və
s.) icazə verilir. Dövlət adından təsisçi
funksiyalarını həyata keçirən digər nazirlik,
dövlət komitəsi və ya idarələrin tabeliyində
olan dövlət ali təhsil müəssisələrinə
köçürülməsi, bərpası tabe olduqları
qurumun və Elm və Təhsil Nazirliyinin
razılığı ilə həyata keçirilir.
Qaydalara əsasən, Dövlət İmtahan Mərkəzi
tərəfindən keçirilən qəbul imtahanlarında
tələbənin topladığı bal qəbul olunduğu
ildə köçürülmək istədiyi ali təhsil
müəssisəsində müvafiq ixtisas üzrə minimal
keçid balından az olmamalıdır. Həmçinin, tələbənin
qəbul olunduğu və köçürülmək istədiyi
ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən
müəyyən edilmiş eyni ixtisas qrupu daxilində
olmalıdır: "Xarici ölkələrin ali təhsil
müəssisələrindən Azərbaycanın ali təhsil
müəssisələrinə köçürülərkən
əsas nəzərə alınan göstəricilər tələbənin
təhsil aldığı ali təhsil müəssisəsinin
dünyanın ən yaxşı ali təhsil müəssisələri
reytinqlərində yer alması, tələbənin xarici
ölkə ali təhsil müəssisələrində əyani
təhsil almasıdır. DİM tərəfindən
keçirilən imtahanlarda iştirak etmədikləri halda
beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr,
TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS
imtahanından ən azı 6.0 bal), qənaətbəxş akademik
göstəriciləri, köçürülmə səbəbləri,
təhsil aldığı ali təhsil müəssisənin
dünyanın ən yaxşı ali təhsil müəssisələri
reytinqlərində yer alması da nəzərə
alınır. Həmçinin, DİM tərəfindən
keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda
tələbənin topladığı balın həmin ildə
köçürülmək istədiyi ali təhsil müəssisəsində
müvafiq ixtisas üzrə minimal keçid balından az
olmaması və tələbənin akademik göstəriciləridir".
Xarici ölkələrin akkreditə olunmayan ali təhsil
müəssisələri tələbələrinin və digər
ölkələrdə qiyabi təhsil alanların
köçürülməsinə icazə verilmir. Bununla
yanaşı, tələbənin təhsil aldığı
ali təhsil müəssisəsinin dünyanın ən
yaxşı ali təhsil müəssisələrinin reytinq
siyahısında olması da nəzərə alınan
göstəricilər sırasındadır.
Ölkə daxilində bakalavriat səviyyəsində,
tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin
bir ali təhsil müəssisəsindən digərinə
köçürülməsi, təhsilalma formasını və
ya ixtisasını dəyişməsi o şərtlə
aparıla bilər ki, topladığı bal qəbul
olunduğu ildə köçürülmək istədiyi ali
təhsil müəssisəsində müvafiq ixtisas üzrə
minimal keçid balından az olmasın.
Bir ali təhsil müəssisəsindən digərinə
köçürülən, ixtisasını dəyişən
və tələbələr sırasına bərpa olunan
şəxslər (dövlət sifarişi əsasında təhsil
alanların eyni ixtisas üzrə köçürülməsi
istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla
davam etdirirlər.
Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində
tələbələrin öz ixtisası
(ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi və ya təhsilalma
formasını dəyişməsi o şərtlə
aparıla bilər ki, DİM tərəfindən keçirilən
qəbul imtahanlarında tələbənin
topladığı bal qəbul olunduğu ildə
köçürülmək istədiyi ali təhsil müəssisəsində
müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid
balından az olmasın.
Köçürülmə istəyən tələbə
tələbənin təhsil müddətində fənlər
üzrə topladığı kreditləri və qiymətləri
özündə əks etdirən sənəd - akademik
transkript, təhsil aldığı müddətdə
gediş-gəlişi təsdiq edən rəsmi sənəd,
ali təhsil müəssisəsinə qəbul olunarkən
topladığı bal və ya DİM tərəfindən
keçirilən imtahanlarda iştirak etməməsi
haqqında sənəd, köçürülmə səbəblərini
təsdiq edən sənədi portala müvafiq bölməyə
yükləməlidir.
Eyni zamanda, beynəlxalq səviyyəli imtahanlarda (SAT,
TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq
edən rəsmi sənədlər, təhsil haqqı borcunun
olmamasına dair arayış da tələb olunan sənədlər
sırasındadır.
Tələbə transfer olunduqdan sonra
köçürülmədən imtina edə bilməz. Vətəndaşlığı
olmayan şəxslərin köçürülmədə
iştirak hüququ yoxdur. Tələbə bir semestr ərzində transfer.edu.az saytında yalnız bir
dəfə qeydiyyatdan keçə bilər. Birinci kursda və sonuncu semestrdə
heç bir köçürülməyə icazə verilmir.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, burada əsas
məqam Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən
keçirilən qəbul imtahanlarında tələbənin
topladığı balın onun qəbul olunduğu ildə
köçürülmək istədiyi ali təhsil müəssisəsində
müvafiq ixtisas üzrə minimal keçid balından az
olmamasıdır. Həmçinin, tələbənin qəbul
olunduğu və köçürülmək istədiyi ixtisaslar
DİM tərəfindən müəyyən olunan eyni ixtisas
qrupu daxilində olmalıdır: "Yəni siz qəbul
olduğunuz ildə yaxşı bal toplamısınız, amma
doğru ixtisas seçimi etməmisiniz, ya da oxuduğunuz
ixtisas ürəyinizcə deyilsə, Təhsil Nazirliyi imkan
verir ki, balınız uyğun gəlirsə, rahatlıqla,
heç kimi görmədən, xərcə düşmədən
köçürülmənizi edin. Ali təhsil müəssisələrinin
bakalavriat səviyyələrində təhsilalanların
köçürülməsi Elm və Təhsil Nazirliyi tərəfindən
elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş
qaydada həyata keçirilir. Tələbələrin eyni tədris
müəssisəsi daxilində ixtisasını və ya təhsil
formasını dəyişməsi, eləcə də bir tədris
müəssisəsindən digərinə
köçürülməsi və tələbələr
sırasından xaric edilmiş şəxslərin tələbələr
sırasına bərpası qış və yay tətilləri
dövründə aparılır. Mülkiyyət
növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycanın
bütün ali təhsil müəssisələrində təhsil
alan tələbələrə şamil edilir. Bütün
hallarda tələbələrin köçürülməsi
yalnız əsaslandırılmış səbəblər
olduqda həyata keçirilə bilər. Proses transfer.edu.az
portalı vasitəsi tamamilə şəffaf şəkildə
həyata keçirilir".
Təhsil eksperti Elçin Süleymanov bildirib ki, əvvəllər
tələbələrin köçürülməsi pərakəndə
şəkildə idi: "O zaman kifayət qədər söz
söhbətə səbəb olurdu. Xüsusilə də
Ukrayna və digər xarici ölkələrdə universitetlərə
aşağı bal ilə qeydiyyatdan keçib, daha sonra
ölkəmizə köçürülən tələbələr
var idi. Elm və Təhsil Nazirliyi bir neçə ildir ki, bu
prosesi mərkəzləşdirib. Bu cür söz-söhbətlərə,
neqativ fikirlərə son qoyulub. Köçürülmədən
ailə vəziyyəti, daha yaxşı təhsil alma məqsədi,
həmin universitetdə balına uyğun boş yer olduğuna
görə və müxtəlif səbəblərdən
dolayı istifadə edilir. Köçürülmədə məqsəd
tələbələrə dəstəkdən ibarətdir. Bu
proses əvvəllər ildə iki dəfə olurdu və
müəyyən çətinliklərlə baş verirdi.
Çünki universitetlərin semestr imtahanları
qışda, yəni fevral ayının 5-nə
yekunlaşır və fevralın 15-də yeni semestr
başlayırdı. Artıq Elm və Təhsil Nazirinin qərarı
ilə bu proses ildə bir dəfə, yay ayında olur. Kifayət
qədər vaxt olduğuna görə isə tələbə
sənədini universitetdən alaraq oxuyacağı universitetə
təqdim edə bilər. Ümumiyyətlə
köçürülmə faydalı olaraq istifadə edilməli
və inkişafa yönəlmiş olmalıdır. Bu,
özünü daha da inkişaf etdirmək istəyən tələbələr
üçün də bir imkandır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 11 iyul (№119).- S.14.