Dörd yarpaq
SÜKUTUN DEDİKLƏRİ
İnternet şəbəkəsində təsadüfən
bir şeir mətni gözümə dəydi. Şeirin elə
ilk sətrindəcə qəribə sehr vardı - sanki
anlaşılmaz bir qüvvə səni özünə
çəkir, 2-ci, 3-cü ... və sonrakı misraları da
oxumağı zərurətə çevirirdi...
Beləcə həmin zərurətə təslim olub
şeiri sonadək oxudum (bəlkə də "şeir
özünü mənə oxutdurdu" - desəm, daha
düzgün olar) və orijinal mataforaların, mətnin
gözlənilməz arxetoktonikasının, ifadə vasitələrinin
qeyri-adiliyinin izinə düşüb bu saf poetik
bulağın, necə deyərlər, mənbəyinə qədər
gedib müəllifi, onun digər şeirlərini də
"tapdım".
Svetlana Petrina ukraynalıdır, 1980-ci ildə Lvov
şəhərində anadan olub. "Ümumdünya poeziya
günü" marafonunun, bir neçə beynəlxalq poeziya
müsabiqəsinin qalibi və diplomçusudur. Şeirləri
bir çox dillərə tərcümə olunub və bu
şeirləri adi danışıq dilində, ənənəvi
metodlarla təhlil etmək çətindir, bəlkə də
heç mümkün deyil. Çünki bu şeirlər
xalis, teyxa poeziyadır, bu dünyaya "lal"
doğulanların - Günəşin, ağacın, rənglərin,
daşın, qar dənəcəklərinin... və nəhayət,
insan duyğularının bir rəssam səriştəsi, bir
kinoçu gözü, bir bəstəkar həssaslığı
ilə üzə çıxan, qulaqla eşidilməyən,
yalnız ürəklə duyulan səsidir. Bu şeirlərdə
balıqlar da, divardan asılmış təqvim də, qar dənələri,
gül ləçəkləri, göydə uçan durnalar
da... dil açıb dilmancsız-filansız səninlə
danışır, dünyanı sənə yenidən
tanıdır...
Və beləcə bir də baxıb gördüm ki,
şairənin 2 şeirini dilimizə çevirmişəm. Hələlik
onlardan birini sizə təqdim edir, müəllifə
uğurlar azulayıram...
Ağ bir xoşbəxtlik rəsmi çəkirəm
ağ təbaşirlə ağ qar üstündə.
Ağappaq qar üstündə
bir ağ durna qar dənələrini öpür,
Ağ ritm və qafiyələrlə
ağ bir çələng toxuyur,
Ağ xoşbəxtlik haqqında
ağappaq bir nəğmə oxuyur.
Yazdığım şeirdə sətirlər
ağappaqdır qar kimi...
Axı bu ağ gündə nə yazıram mən?
Yazmıram nə sənin öpüşlərindən,
nə öz öpüşlərimdən,
Ağ rəngli bir həsrətdən,
nisgildən yazıram.
Yazıram ki, gecələr
ağ rəngdə ağlayıram,
Xoşbəxtlik səmasında uçmaq
üçün
ağ qanadlar taxıram.
Mənə bu xoşbəxtliyi bəxş edən
qar kimi ağappaq kimdir kim?
Bəlkə ağappaq durnalardır ki,
göydə ağ iz salır...
Ağappaq xoşbəxtlikdəndirmi
saçlar ağarır?
GÖYƏRÇİN MƏDƏNİYYƏTİ
VƏ TOYUQ PAXILLIĞI
Toyuqların qabına dən səpən kimi
çilçil bir göyərçinin
yaxınlıqdakı damın üstünə qonub həyətə
enməyə fürsət axtardığını bir
neçə gün əvvəl müşahidə
etmişdim. Amma ağlıma gəlməzdi ki, bu, maraqlı və
ibrətamiz bir tamaşanın proloqu imiş. Dünən
marağıma təslim olub bu tamaşanı sonadək izlədim.
Toyuqlar qabın yanından çəkilib həyətin
əks tərəfinə gedəndən sonra da göyərçinin
həyətə enib öz payını dənləməyə
tələsməməsi, düzü, əvvəlcə məni
təəccübləndirdi. Ətrafa diqqətlə nəzər
saldım və divarın yanındakı daşın arxasında
gizlənib marığa dayanmış sapı pişiyi
görəndə hər şey mənə agah oldu - hardansa gəlib
həyətə dadanan bu sırtıq pişik pusquda
dayanmışdı ki, göyərçin həyətə
enən kimi irəli atılıb onu qamarlasın.
Qalxıb siyafır pişiyi çox çətinliklə
qovub həyətdən çıxartdım. Göyərçin
dərhal həyətə endi, dəni səpəndə
sıçrayıb qabın ətrafına - qumun üstünə
düşmüş buğda dənələrini dənləməyə
başladı və öz qismətini dənləyə-dənləyə toyuqların qabının yanına
qədər gəldi. Fikirləşirdim ki, elə indicə
içi dənlə dolu qaba da dimdik uzadacaq. Amma belə
olmadı. O, qabı görmürmüş kimi çevrildi və
yenə də yerdəki dənləri dimdikləyə-dimdikləyə
geri qayıtdı.
Onun bu jestinin 2 səbəbi ola bilərdi: ya qabın
içindəkilərin yiyələrindən qorxur, ya da
öz qisməti ilə kifayətlənib
onların, necə deyərlər, halal payına şərik
olmaq istəmirdi. Elə bu vaxt duyuq düşən toyuqlar
özlərini yetirdilər və tamaşa çox xoşagəlməz
finalla başa çatdı - toyuqlardan biri nəinki qabın
içindəki, hətta yerə dağılmış dənələri
də göyərçinə çox bildi, sürətlə
irəli şığıyıb onu qovdu.
Amma mən bu tamaşanın belə finalla bitməsini
istəmirdim.
İndi ona yeni final, yaxud epiloq yazmaq barədə fikirləşirəm...
O finalda sülh, barışıq, əmin-amanlıq rəmzi
olan göyərçin qalib gələcək, sırtıq
pişik, acgöz, paxıl toyuq yox!
KÖHNƏ PALTAR ŞKAFI, ANAMIN KƏLAĞAYILARI
VƏ 1500 AVRO
74 il əvvəl alınıb ata evimizə gətirilən
və öz funksiyalarını bu gün də ləyaqətlə
yerinə yetirən
güzgülü paltar şkafı ilk növbədə
mənə ona görə əzizdir ki, rəhmətlik anam
saya rəngli kəlağayılarını, qonşuluqda olan
qız toylarına (biz tərəflərdə bu toylara
"bazarlıq" deyirdilər) geyinmək üçün
çitdən və qalın pamazı parçalardan tikdirdiyi
donlarını bu şkafda saxlayırdı və indi də bu
şkafa yaxınlaşanda, görünür,
şüuraltı şəkildə o kəlağayıların,
donların və deməli, həm də anamın ətrini
duyuram.
Bir də gizlənpaç oynayanda bu şkafın
içində gizlənməyimizi xatırlayıram.
Və nəhayət, son vaxtlar bu şkafı
xatırlayanda vaxtilə başıma gələn bir qəribə
əhvalat yadıma düşür.
2006-cı ildə mənzilimdə vanna
otağını təmir etdirirdim. Bütün işlər
başa çatdırılmışdı, qalırdı
vanna otağı üçün zəruri avadanlıqları
alıb son nöqtəni qoymaq.
O vaxt iş yerimin yaxınlığında belə
avadanlıqların (güzgü, vanna, divar şkafı, əlüzyuyan
və s.) satıldığı təzə mağaza
açmışdılar. İşdən çıxanda
şəstlə ora girdim. Salonda vanna otağı
üçün axtardığın istənilən
avadanlığı, aksessuarlar tapa bilərdin. Mən
güzgülər qoyulmuş bölməyə
yaxınlaşdım və həm ölçüləri, həm
də sadə görünüşü xoşuma gələn
bir güzgünün qarşısında ayaq
saxlamağımla 22-23 yaşlarında sütül bir
oğlanın başımın üstünü kəsdirməsi
bir oldu:
- Dayıcan, nə kömək edə bilərəm?
Güzgüyə baxa-baxa soruşdum:
- Bu güzgü neçəyədir?
Dedi:
- Min beş yüz avroya
Elə bil başıma ağır bir kürzlə zərbə
endirdilər və o zərbənin təsirindən mən, deyəsən,
reallıq hissini, zaman və məkan
ölçülərini itirdim - sanki sarsaq bir yuxu
görürdüm...
Öz-özümə dedim ki, bəlkə cavabı səhv
eşitmişəm, yaxud oğlan sadəcə
çaşıb. Ona görə təkrar soruşdum:
- Neçəyə?
Birinci zərbə məni reallıqdan
ayırmışdısa, ikinci zərbə təkrar
reallığa qaytardı və düşdüyüm bu
naqolay vəziyyətdə oynamalı olduğum rolu oynamaq qərarına
gəldim:
- Bu güzgünün o biriləridən fərqi nədir
ki, bu qiymətə satılır?
Düzü, gözləyirdim oğlan deyəcək:
"Polad kimi o qədər möhkəmdir ki, ağır
çəkiclə zərbə endirsən belə
çatlamaz, sınmaz". Amma o,
böyük bir sirr açılmış kimi qəribə
bir ahənglə cavab verdi.
- Fərq ondadır ki, bu güzgü vanna
otağında çiməndə isti suyun buxarında tərləmir...
Fikirləşdim ki, üçüncüzərbənin
məni nakaut vəziyyətinə salmaması
üçün buranı nə qədər tez tərk etsəm,
bir o qədər yaxşıdır. Özümü
sındırmamaq üçün "Yox, mən zərbəyə
davamlı, möhkəm güzgü axtarıram" - deyib
salonu tərk etdim.
Bu yaxınlarda həmin o "Avro" əhvalatını
xatırladım və maraq üçün ağzımı
evimizdəki köhnə şkafın 74 ildə üstünə
kiçik bir ləkə belə düşməyən
güzgüsünə yaxınlaşdırıb nəfəsimlə
isitdim ki, görüm tərləyəcək, yoxsa yox.
Güzgü nəfəsimi çox biganə
qarşıladı. Əminlik üçün dərindən
nəfəs alıb bu jesti bir neçə dəfə təkrar
etdim.
Güzgünün tərləmək "fikri" yox
idi...
Belə...
BOŞ GÜLÜŞ, YERSİZ SÖYÜŞ
VƏ MİLLİ BOMBA
Bir müddət əvvəl necə oldusa nəzərlərim
televiziyada nümayiş olunan guya komik səpkili şou
proqramının bir epizodunda ilişib qaldı. Həmin
epizodda ər və arvad qonaqların yanında öz intim yataq
macəralarının bəzi məqamlarının, necə
deyərlər, "razborka"sını aparır və
auditoriyanı güldürmək üçün avtomobillərdə
"sönmüş akkumlyator", "primıçka"
sindromu ilə həmin o intim məqamlar arasında paralellər
aparır, hətta bəzən vulqar ifadələr,
düşük replikalar belə işlətməkdən
çəkinmirdilər. Təbii ki, müəyyən
replikalardan sonra tamaşaçıların əyləşdiyi
studiya gülüş dalğalarına qərq olurdu və həmin
o anlarda məni gənc aktyorların ədəbsizliyindən
çox həmin gülüş dalğaları, o
gülüşün subyektləri olan gənc qızların,
gəlinlərin üzlərindəki məmnunluq ifadələri
qıcıqlandırırdı - hər dəfə
başlarını geri ataraq, gözlərini yumub cani-dildən
elə gülürdülər ki!
Həmin o anlarda əslində neçə-neçə
nəslin tərbiyəsində,
düyagörüşünün formalaşmasında
mühüm rol oynamış, yüksək insanı dəyərləri
təbliğ edən əsl sənət boş
hırıltı, küçə mədəniyyəti,
qeyri-etik davranış üzərində qurulmuş psevdosənətin
murdar caynaqları ilə boğulub ayaq altına
atılırdı, salondakı auditoriya isə öz məmnun
çöhrələri, alqışları ilə bu
ölümə xeyir-dua verirdilər.
Çox təəssüflər olsun ki, bu,
günümüzün reallığıdır.
Bu nədir? Yüksək insani hisslər, estetik
zövq verən duyğular, insanı mənəvi cəhətdən
saflaşdıran dəyərlər heyvani instinktlərə, Qərb
qlobalistlərinin liberal dəyərlər adı ilə
boş beyinlərə doldurduğu cinsəl azadlıq, mədəniyyətdən,
əxlaqdan kənar ədəbsiz söyüş,
küçə jarqonu kimi iyrənc paradiqmalara təslim olur
yoxsa?
Əgər belədirsə, Vaqif Mustafayevin məşhur
filmindəki kimi öz milli bombamızı yaradıb təcili
elə öz başımızda da partlatmalıyıq.
Söyüş dedim, yadıma bir şey
düşdü. Bu yaxınlarda peşə fəaliyyətimlə
bağlı 2024-cü ildə gənc rejissorların çəkdikləri
bir sıra filmlərə baxmalı oldum. Bəzi filmlərdə
nələr gördüm, nələr eşitdim? Burada təkrar
eləməyə sadəcə xəcalət çəkdiyim
jarqon ifadələr, biədəb sözlər,
söyüşlər görəsən, nə vaxtdan təbiiliyin
etalonu olub ki, bəzi gənc rejissorlar onları bir ovuc darı
kimi öz filmlərinə səpələyiblər?
Ata-analarımızın, bacı-qardaşlarımızın,
övladlarımızın yanında, ictimaiyyət arasında
dilə gətirməyi heç ağlımıza gətirmədiyimiz
ifadələri bir funksiyası da millətin ruhu, siması
haqqında təəssürat yaratmaq olan filmlərə gətirməklə
öyünürüksə, yeni Azərbaycan kinosunu bu qəlibə
salırıqsa, vay bizim halımıza.
Mənə "Siz keçmişdə
qalmısınız, şablon meyarla düşünür,
steorotip normalardan, qəliblərdən çıxa bilmirsiniz.
Biz isə buna cəsarət edir, həyatı olduğu kimi - bəzək-düzəksiz,
amansız reallıqları ilə filmlərimizə gətirib
yeni dövrün sənətini kinosunu yaradırıq" -
deyəcək rejissorlara cavabım belədir: "Siz həyatı
yox, həyat adlı orqanizmin çıxarı,
çirkabı, xıltı ilə manipulyasiya edirsiniz. Əsl
kino o deyil ki, sən həyatı hər şeyi - o cümlədən
çirkabı, söyüşü, qeyri-adekvat məqamları
ilə ekrana gətirib bunu cəsarət kimi qələmə
verirsən. Bu, cəsarət və istedadın yox,
gücsüzlüyün, istedad kasadlığının əlamətidir.
Əsl sənət indi hamının telefonunda olan fotoredaktor
proqramı kimi bir şeydir. O, dünyanı
yaxşılaşdırmağa, son nəticədə gözəlləşdirməyə
xidmət etməlidir".
Bunu bacarırsınızsa, buyurun,
bacarmırsınızsa, söyüş sevdalı dilinizi dinc
saxlayın!
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 11 iyul (№119).- S.12;13.