Çağdaş etnomusiqişünaslıq
üçün zəngin mənbə
PROFESSOR FƏTTAH XALIQZADƏNİN
ƏSƏRLƏRİNDƏN
BƏHRƏLƏNMƏLƏRİMƏ DAİR QEYDLƏR
Azərbaycanın elmi mühitində və onun
hüdudlarından çox-çox uzaqlarda da yaxşı
tanınan Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, AMK-nın professoru Fəttah
Xalıqzadə ardıcıl və məqsədyönlü fəaliyyəti
ilə elmimizə qiymətli töhfələr bəxş
edib. O, İCTM-nin (Beynəlxalq Ənənəvi Musiqi
Şurası) və onun nəzdində yaradılmış
"Türkdilli xalqların musiqisini öyrənən tədqiqat
qrupu"nun icraçı üzvü olmaqla yanaşı, həmçinin
UNESCO-nun Qeyri-Maddi Mədəniyyət Abidələrinin qorunub
saxlanılması üzrə komissiyasının da
üzvüdür.
Fəttah Xalıqzadənin elmi potensialından, bir
çox araşdırmaçılar kimi, biz də yetərincə
bəhrələnirik. O, ixtisasca etnomusiqişünas olsa da, tədqiqat
sahəsi çox genişdir: ritm nəzəriyyəsi, Azərbaycan
xalq musiqisinin etnomusiqişünaslıq məsələləri,
qorqudşünaslıqda musiqi, aşıq sənəti, musiqi
türkologiyası, müqayisəli sənətşünaslıq,
terminologiya, üzeyirbəyşünaslıq və sair.
Bütün bu səpkili araşdırmaları kiçik bir qəzet
məqaləsində təhlil etmək, onlara geniş
münasibət bildirmək mümkünsüzdür. Məhz
buna görə Fəttah Xalıqzadənin yalnız əsərlərindən
bəhrələndiyim iqtibasların üzərində quraraq,
diqqəti bu məsələyə yönəldəcəyik.
"Kitabi-Dədə Qorqud" dastanında
çalğı alətləri (tədqiqat və lüğət)"
adlı monoqrafiya hazırlayarkən Fəttah Xalıqzadənin
iki məqaləsindən faydalanmışıq: "Kitabi-Dədə
Qorqud"un musiqi sözlüyü". ("Kitabi-Dədə
Qorqud" (məqalələr toplusu). Bakı. "Elm",
1999) və "Kitabi-Dədə Qorqud" və musiqi
poetikasının bəzi məsələləri"
("Musiqi dünyası" jurnalı №2, 2000).
Öncə bildirək ki, qorqudşünaslıqda
musiqi mövzusu Fəttah müəllimin
yaradıcılığında qırmızı xətlə
keçir və olduqca önəmli bir yer tutur. Bu zaman belə
bir sual yaranır: Fəttah müəllimin
yaradıcılığındakı ən mühüm
xüsusiyət hansılardır?
Əvvəla, o, hətta ən kiçik məqalə
belə yazdıqda ona böyük məsuliyyətlə
yanaşır. Onun məqalələrinin hər birini
kiçik elmi iş də adlandırmaq olar. Yəni Fəttah
müəllim məqalələrində toxunduğu problemi, məsələnin
qoyuluşunu, mövzunun məqsədini, elmi yeniliyini, tətbiqi
və əhəmiyyətini aydın şəkildə oxucusuna
çatdıra bilir. Belə ki, o, az sözlə lakonik şəkildə
böyük bir fikri ifadə etmək bacarığına
malikdir. Məsələn, "Kitabi-Dədə Qorqud"un
musiqi sözlüyü" məqaləsində yazır:
"Kitabi-Dədə Qorqud" boyları həmçinin o
zamankı musiqi sənətinin inkişaf səviyyəsi,
ictimai vəzifələri və təsir qüvvəsi
haqqında da müəyyən təsəvvürlər
oyadır, qədim çalğı alətlərini, musiqi ilə
bağlı maraqlı ifadə və deyimləri canlı
şəkildə əks etdirir".
F.Xalıqzadə adıçəkilən musiqi
sözlüyündə "Kitabi-Dədə Qorqud"
dastanını qonşu elm sahələrinin mütəxəssisləri
tərəfindən daha çox tədqiq etdiklərini
bildirir. O, haqlı olaraq musiqişünasların bu mövzunun
işlənilməsində digər elmlərlə
(dilçilik, ədəbiyyatşünaslıq, mifologiya,
etnoqrafiya, fəlsəfə və s.) müqayisədə elə
də nəzərə çarpacaq uğurlar əldə etmədiklərini
yazır.
Həqiqətən, "Kitabi-Dədə Qorqud"
dastanının ədəbi-bədii, linqvistik,
tarixi-coğrafi, fəlsəfi-psixoloji, etnoqrafik və
etnogenetik təhlilinə dair onlarca əsər yazılıb.
Təəssüf ki, bu dastan indiyədək
musiqişünaslıq baxımından (bir neçə məqalə
və hazırladığımız "Kitabi-Dədə
Qorqud" dastanında çalğı alətləri (tədqiqat
və lüğət)" istisna olunmaqla) geniş şəkildə
araşdırılmayıb.
Daha dəqiqi, belə bir boşluq bizi həmin
mövzuda - musiqişünaslığın müstəqil sahələrindən
biri olan alətşünaslıq kontekstində tədqiqat
aparmağa sövq etdi. Nəticədə, orqanoloji
baxımından "Kitabi-Dədə Qorqud" dastanında
çalğı alətləri (tədqiqat və lüğət)"
adlı monoqrafiya ərsəyə gəldi. Bu monoqrafiyada
öncə dastanda musiqi alətlərinin adını dəqiqləşdirməyi
qarşıya məqsəd qoyduq. Əsərin mətnində
bəzən bir sözün, hətta bir hərfin təhrif
edilməsi tədqiqat prosesində ciddi yanlışlıqlara
səbəb ola bilər. Belə təhriflərə bir
sıra əsərlərdə bənzər çalğı
alətlərinin adlarında da təsadüf edilir: çəng-cəng,
harmon-qarmon, qaval-kaval, balaban-baraban, rud-ud, setar-sitar,
şeştar-şeştay, tütək-tülək,
yektar-yektay və sair.
Qolça qopuzu bir sıra tədqiqatçılar
müxtəlif mövqelərdən
araşdırmışlar. Nümunə üçün
tarixçi, akademik Teymur Bünyadov (1928-2022), sənətşünas-alimlər
- Səadət Abdullayeva (1940-2017), Məcnun Kərim (1945-2013),
Fəttah Xalıqzadə, filologiya elmləri doktoru, professor Məhərrəm
Qasımlı, bu sətirlərin müəllifi və
başqa alimlərin adlarını qeyd edə bilərik.
F.Xalıqzadə "Kitabi-Dədə Qorqud"un
musiqi sözlüyü" adlı məqaləsində
qopuzun sözaçımı ilə bağlı olduqca
maraqlı məlumat verir: "Ozanların ən başlıca
musiqi alətinin adı - qopuz sözünün etimologiyası
hələ də qaranlıq məsələ olaraq qalır.
Belə ki, qopuz sözü ilə qopsamaq, qobzamaq və ya
qovzamaq feili arasında müəyyən bir bağlılıq
olsa da, onların hansı birinin ilkinliyini söyləmək
asan deyildir. Bir tərəfdən alətin adı həmin
feildən törəyə bilərdi. Digər tərəfdən
isə sözün tərkibindəki "buz",
"puz" hissəsinə təqlidi əhəmiyyət də
verilə bilər". Bu iqtibasdan "Etnoorqanologiya"
adlı dərslikdə istifadə etmişik. Xatırladaq ki, Fəttah
Xalıqzadə həmin "Etnoorqanologiya" dərsliyinin
elmi redaktorudur.
2022-ci ildə Qırğızıstanın
paytaxtı Bişkekdə türkcə nəşr olunmuş
"Azerbaycan milli üflemeli çalgı aletleri
(organolojik-tarihsel araştırma)" adlı
monoqrafiyamızda da Fəttah Xalıqzadənin elmi fikirlərinə
yer ayırmışıq. Kitabda deyilir: "Çalgı
aleti olan düdüğün adı "Kitabı-Dede
Korkut" destanında benzetme manasında
kullanılmaktadır. Burada düdüğün bir müzik
aleti olarak kendine özgü özelliği, spesifik hususiyeti ve
sabit sesi dikkate celbedilir. Yani aletin sesinin şorultulu
performansı (şoruldatarak icrası) bildirilir. F.Halikzade
düdüğün sesinin "kan akışına benzemesini",
enstrümanın uzun ve devamiyetli bir sese sahip olduğunu yazar".
Deyilənlər Azərbaycan türkcəsində belə
səslənir: "Çalğı aləti düdük
"Kitabi-Dədə Qorqud" dastanında bənzətmə
mənasında işlədilmişdir. Burada düdüyün
spesifik xüsusiyyəti - alətin səsinin davamlı
olması və şorultulu ifası diqqətə
çatdırılır. F.Xalıqzadə düdüyün
səsinin "qanın axmasına bənzədildiyini", yəni
alətin uzun və davamlı səsi olduğunu bildirir".
Xatırladaq ki, F.Xalıqzadənin bu fikirlərindən
"Musiqi" adlı bitikdə, "Nəsirəddin Tusinin
icad etdiyi mehtər düdüyü (kələnay)
çalğı aləti" adlı məqalədə
istifadə etmişik. Həmin bitiyin III fəslində
"Koroğlu səhəri" rəqsindən bəhs edərkən
Fəttah Xalıqzadənin "Üzeyir Hacıbəyli və
folklor" əsərində bu rəqsin melodiyasının
not nümunəsinə (instrumental halda və təksəsli
şəklində) rast gəldiyimizi də bildirmişik.
"Koroğlunun çöllü bəndi"nin
melodiyasının not nümunəsini (instrumental halda) Fəttah
Xalıqzadə "Üzeyir Hacıbəyli və folklor"
əsərində təqdim edib. Bununla bağlı da
"Musiqi" adlı bitikdə bilgi vermişik.
Fəttah müəllim "Kitabi-Dədə
Qorqud" və musiqi poetikasının bəzi məsələləri"
məqaləsində dastanda tez-tez rastlaşdığı
"Dədəm Qorqud gəlüb şadlıq
çaldı" ifadəsinə münasibət bildirir:
"Hər halda dastanları yüksək təntənəli
şəkildə tamamlamaq və bu məqamda "mütləq
bir musiqi nömrəsindən" ("Baş Müxəmməs")
istifadə etmək müasir aşıq sənətində də
müşahidə olunur. Bu ənənənin ilk öncə
ozanlarda formalaşaraq, sonralar aşıq sənətində
inkişaf etdirilməsi böyük ehtimal içindədir".
Qeyd etməliyik ki, istər qədimdə, istərsə
də yaxın keçmişdə çadır toyları
sona yetdikdə marşvarı bir musiqi ifa edilirdi. Bununla da hər
kəsə toyun bitdiyi bəlli olurdu. Görünür,
"Şadlıq" da eyni mənanı daşıyan və
məclisin sonunda ifa edilən hansısa havanın adı
imiş. "Kitabi-Dədə Qorqud" dastanında bir
çox boyların sonunda "Şadlığ"ın
çalınmasına rast gəlirik.
Nəticə olaraq bildiririk ki, öz
yaradıcılığımızda Fəttah Xalıqzadənin
bir neçə əsərindən bəhrələnmişik:
"Kitabi-Dədə Qorqud"un musiqi sözlüyü",
"Kitabi-Dədə Qorqud" və musiqi poetikasının
bəzi məsələləri", "Üzeyir Hacıbəyli
və folklor". Burada həmin əsərlərdən müəyyən
istinadlar təqdim olunur. Bəzi araşdırmalarımızda
(məsələn, "Xalq musiqisi sazəndə
ifaçılığında", "Sənətşünaslıq
(6213.01 - Musiqi sənəti) üzrə elmi-tədqiqat işlərinin
yazılışına dair tövsiyələr") Fəttah
Xalıqzadənin əsərlərindən iqtibaslar verməsək
də, ümumi şəkildə tanınmış alimin əsərlərindən
bəhrələndiyimizi bildiririk.
Beləliklə, təqdim olunmuş bu məqalədə
tanınmış sənətşünas-alim Fəttah
Xalıqzadənin fərqli illərdə nəşr etdirdiyi məqalə
və kitablarında, müxtəlif əsərlərindən
bəhrələndiyimiz iqtibaslara diqqət yetirmişik. Məqalədə
həmçinin Fəttah müəllimin özünəməxsus
yaradıcılıq üslubu diqqətə
çatdırılır. Onun məqalələrinin hər
birinin kiçik elmi iş səviyyəsində
yazıldığı diqqətə
çatdırılır. F.Xalıqzadənin az sözlə
lakonik şəkildə böyük bir fikri ifadə etmək
bacarığı xüsusi ilə dəyərləndirilir.
Bütün şüurlu həyatını Azərbaycan
musiqi elminin inkişafına həsr etmiş fədakar alim Fəttah
Xalıqzadəyə möhkəm cansağlığı,
yeni yaradıcılıq uğurları arzulayırıq.
İnanırıq ki, bundan sonra da o, öz dəyərli elmi
araşdırmaları ilə musiqi mədəniyyətimizə
sanballı töhfələr verəcək.
Abbasqulu NƏCƏFZADƏ
Sənətşünaslıq elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 11 iyul (№119).- S.11.