Qarabağ
Universitetinin irəliyə daha bir mühüm addımı
UNİVERSİTETDƏ TİBB VƏ SAĞLAMLIQ
ELMLƏRİ FAKÜLTƏSİNİN AÇILMASI BİR
ÇOX CƏHƏTDƏN BÖYÜK
ƏHƏMİYYƏT DAŞIYIR
Növbəti tədris ilindən Qarabağ
Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi
fəaliyyətə başlayacaq. Fakültədə yerli və
xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq
təcrübələrə əsaslanan kompetensiyaya əsaslı
6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı
(qardaşı) proqramlarının tədrisi həyata
keçiriləcək. Tibb və sağlamlıq elmləri
fakültəsində Tibb (müalicə işi) üzrə
70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə
30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.
Fakültədə tətbiq ediləcək müasir təhsil
modeli tələbələrin nəzəri biliklərini
praktik vərdişlərə çevirməyə imkan
yaradacaq. Eyni zamanda, inteqrə olunmuş və fənlərarası
təhsil modeli vasitəsilə multidissiplinar yanaşmanın
inkişafına yönələcək. Bundan əlavə, tələbələrə
tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf
etdirmək üçün də müxtəlif imkanlar təqdim
olunacaq.
Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri
fakültəsinin əsas üstünlükləri - pasiyentmərkəzli
yanaşma - yalnız müalicə etməyi deyil, insanı
anlamağı öyrədən proqramlar, multidissiplinar təhsil
- tibb, ictimai sağlamlıq, qidalanma və digər sahələrin
inteqrasiyası, ən müasir tibbi texnologiyalar və innovativ
tədris metodları, Qarabağ Universitetinin Klinikasında təcrübə
və müasir Simulyasiya Mərkəzinin olmasıdır.
Fakültənin fərqli xüsusiyyətlərindən biri isə
seçmə fənn olaraq incəsənət
proqramının tədris planına daxil edilməsidir. İncəsənət,
tələbələrin özünüifadə, qrup daxilində
əməkdaşlıq və ünsiyyət
bacarıqlarının inkişafı baxımından
mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma tələbələrə
əsas fənlərdə əldə edə bilməyəcəkləri
yaradıcı və sosial bacarıqları qazanmaq
üçün əlavə imkanlar təqdim edir.
Əməkdar müəllim Sona Əliyevanın
sözlərinə görə, Qarabağ Universitetinə
marağın artması da gözləniləndir: "Məlumdur
ki, 2024-2025-ci tədris ili Qarabağ Universitetinin fəaliyyətə
başladığı ilk ildir və artıq bu mərhələ
özü-özlüyündə tarixi əhəmiyyət
daşıyır. Abituriyentlər tərəfindən göstərilən
maraq isə onu göstərir ki, təkcə bir universitet
açılmır - yeni bir yanaşma, yeni bir mərhələ
başlayır. Çünki burada söhbət sadəcə
təhsildən getmir. Qarabağda həyatın bərpası,
gələcəyin qurulması və bu torpaqlarda yenidən
canlanmanın baş verməsi prosesindən gedir. Bu gün gənclərimiz
təkcə diplom almaq üçün yox, həm də
ölkənin gələcəyinə töhfə vermək
üçün seçim edirlər. Qarabağ Universitetinə
daxil olmaq bir çox abituriyent üçün həm vətənə
bağlılıq göstəricisidir, həm də yeni
imkanlar axtarışıdır. Bura getmək - təkcə
oxumağa yox, eyni zamanda bir missiyaya qoşulmaqdır. Bu
universitetin gələcəyi ilə bağlı nikbin
baxışlar üçün kifayət qədər əsaslar
var. Əgər burada müasir təhsil yanaşmaları tətbiq
olunsa, peşəkar kadrlar cəlb edilsə, beynəlxalq əməkdaşlıq
genişlənsə və tələbəyə yönəlik
real bir mühit qurulsa, Qarabağ Universiteti yaxın illərdə
təkcə bölgənin deyil, ölkənin ən
nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilə
bilər. Qarabağ Universitetinin uğuru yalnız təhsillə
ölçülməyəcək. Bu uğur həm də
qayıdışın, quruculuğun, dirçəlişin
göstəricisi olacaq. Bəlkə də illər sonra bu
universitetin məzunları ölkənin müxtəlif sahələrində
mühüm rol oynayan, "Mən Qarabağ Universitetində
oxumuşam" deməklə qürur duyan şəxslər
olacaq. Elə buna görə də bu prosesə sadəcə
bir layihə kimi yox, gələcəyin təməli kimi baxmaq
lazımdır".
Millət vəkili Müşfiq Məmmədli bildirib
ki, Qarabağ Universitetində tibb fakültəsinin
yaradılması çox mühüm addımdır: "Gələcəkdə
Qarabağ və Şərqi Zəngəzurun yüksək
perspektivlərini nəzərə alsaq və böyük
infrastukturun qurulması, "Böyük
Qayıdış" proqramının uğurla yerinə
yetirilməsi üçün bu, çox önəmlidir. Təkcə
Qarabağ və Şərqi Zəngəzur deyil, ətraf
bölgələrdə də əhalinin artım tempini nəzərə
aldıqda bu, kifayət qədər uğurlu bir
addımdır. Təhsilin yeni çağırışlara
cavab verməsi baxımından bu, çox önəmlidir.
Xüsusən ailə həkimliyi modelinin önəm kəsb
etməsi baxımından bu ixtisaslara daha çox diqqət
yetirilməsi, səhiyyə menecmenti sahəsində irəli
addımların atılması, hazırda dar ixtisaslar üzrə
mütəxəssislərin yetişdirilməsi
baxımından universitetin bu istiqamətdə fəaliyyət
göstərməsi çox önəmlidir. Almaniyanın,
Avropanın və Türkiyənin aparıcı tibb müəssisələri
ilə qarşılıqlı faəliyyətin göstərən,
yaxud ikili diplom verən müəssisə olması gələcək
strateji addımlardan biri ola bilər".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun
dediyinə görə, Qarabağ Universitetində tibbi kadr
hazırlığına başlanılması, yalnız bir
ali təhsil layihəsi deyil, həm də regionun sosial və səhiyyə
infrastrukturunun dirçəlişi baxımından strateji əhəmiyyət
daşıyır. Yerində hazırlanan tibbi kadrlar, həm
bölgənin tələbatına uyğunlaşacaq, həm də
uzunmüddətli perspektivdə müstəqil və
dayanıqlı səhiyyə sistemi formalaşdıracaq:
"Azərbaycanın səhiyyə sistemində regional bərabərsizliyin
azaldılması üçün Qarabağda tibb təhsilinin
təşkili çox vacibdir. Regionda doğulan və təhsil
alan kadrların burada işləməsi ehtimalı daha yüksəkdir.
Bu, həkim çatışmazlığının
qarşısını almaqla yanaşı, xidmətin keyfiyyətini
də artıracaq. Məktəblərin və xəstəxanaların
paralel şəkildə yenidən qurulduğu Qarabağda ali təhsil
müəssisələrinin, xüsusilə də tibbi sahənin
yaradılması, əhalinin geri qayıdışına və
burada qalıcı olmasına güclü stimul verir. Gənclərin
doğma torpaqlarında keyfiyyətli təhsil alması, sosial
stabilliyin təminatçısıdır. Tibb təhsili
yalnız texniki biliklərdən ibarət deyil - bu, eyni zamanda
empatiya və sosial bağlılıq tələb edən bir
sahədir. Qarabağ Universitetində yetişən gələcək
həkimlər, doğma torpaqlarında çalışaraq həm
peşəkar, həm də mənəvi baxımdan bölgənin
canlanmasına töhfə verəcəklər".
Təhsil eksperti Elmin Nuri qeyd edib ki, Qarabağda
artıq tibb ixtisası üçün xüsusi klinika
inşa edilib və müasir avadanlıqlarla təmin olunub:
"Qarabağ Universiteti tibb sahəsində də nəzəri
və praktiki baza ilə təmin olunub. Bu ixtisasın
açılması abituriyentlər üçün yeni
seçim imkanları yaradacaq. Əvvəllər yalnız Azərbaycan
Tibb Universiteti və Naxçıvan Dövlət Universitetində
bu sahədə yüklənmə var idi".
Ekspertin sözlərinə əsəsan, gələcəkdə
Qarabağ Universitetində Tibb fakültəsi
üçün müasir laboratoriyalar, diaqnostika mərkəzləri,
simulyasiya otaqları, eləcə də tələbələr
üçün rezidentura və təcrübə
proqramları planlaşdırıla bilər: "Bu gün təməli
qoyulan baza gələcəkdə region üçün tibbi
kadr hazırlığında mühüm rol oynayacaq. Tibb tələbələri
üçün tədrislə yanaşı, praktiki
bacarıqların formalaşmasına xidmət edən mərkəzlər,
klinik tədris blokları, anatomiya və biologiya
laboratoriyaları, həmçinin sahəvi praktikaların
yerli xəstəxanalarda təşkili Qarabağ Universitetini bu
sahədə də lider edə bilər".
Millət vəkili Arzu Nağıyev qeyd edib ki,
Qarabağda elmə-təhsilə xüsusi qayğı
göstərilib və daimi bu məsələ diqqətdə
saxlanılıb: "Qarabağ Universitetində tibbi kadr
hazırlığına başlanılması regionda yüksək
ixtisaslı kadrların hazırlanması baxımından
olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Qarabağ
Universiteti gələcəkdə tibbi kadr
hazırlığında perspektivli ali təhsil müəssisələri
sırasında olacaq".
Millət vəkili Məlahət
İbrahimqızının söylədiyinə görə,
yüksək bal toplayan tələbələrin məhz təhsil
almaq üçün Qarabağ Universitetini seçməsi
onların vətənə, millətə olan məhəbbətinin
göstəricisdir: "Bu gün qürurla deməliyik ki, ən
yüksək bal toplayan tələbələr məhz
Qarabağ Universitetində təhsil almağı seçiblər.
Bu, eyni zamanda, Azərbaycan gənclərinin öz vətəninə,
millətinə və milli-maraqlarına olan məhəbbətinin
göstəricisidir. Gənclərimizin bir qismi şəhid,
bir qismi isə qazi oldu. Digər qismi isə yüksək balla
Qarabağda təhsil almağı seçdi. Həmin gənclər
gələcəkdə Qarabağın incisi olacaqlar".
Millət vəkili əlavə edib ki, yeni yaradılan
klinikada ən peşəkar mütəxəssislər işləyəcəklər:
"Aydın məsələdir ki, Tibb fakültəsi Azərbaycan
Tibb Universiteti və Naxçıvan Dövlət Universitetində
tədris edilir. Bu baxımdan, Qarabağda da Tibb fakültəsinin
yaradılması çox doğru bir addım oldu. Necə ki,
Qarabağda görülən hər bir iş dünyanın ən
yüksək standartlarına cavab verir, eyni zamanda, Tibb
fakültəsi və qurulacaq Tibb Klinikasının da bu formada
özünü göstərəcəyinə inanıram.
Düşünürəm ki, gənclərimizin gələcək
təhsili və əhalinin sağlamlığı istiqamətində
bu məsələ böyük bir töhfədir və irəliləyiş
üçün mühüm bir addımdır. Buna görə
də, fürsətdən istifadə edib Prezidentə dərin
minnətdarlığımı bildirirəm. Heç
şübhəsiz ki, ümumilikdə qəbul edilən qərarlar,
imzalanmış fərmanlar və sərəncamlar
Qarabağın daha yaxşı inkişaf etdirilməsi məqsədi
daşıyır. Yaradılan klinikada ən peşəkar
mütəxəssislərin işləyəcəyinə əminəm.
Həmçinin burada yeni müəssisələr
açılır, səhiyyə sistemləri qurulur.
Yaşayan və yaşayacaq əhaliyə yüksək səviyyədə
səhiyyə xidmətinin göstərilməsi
üçün mühüm addımlar atılır. Bu,
öz-özlüyündə böyük bir nailiyyətdir.
Əminəm ki, bu fakültələr qurulduqca, xüsusilə
Türk dövlətlərindən buraya gənclər axın
edəcəkdir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.23.