"Məndən
saxladığı yeganə sirr könüllü cəbhəyə
yazılmağı oldu"
VƏTƏN MÜHARİBƏSİ
ŞƏHİDİ ÜLVİ HACIYEVİN ANASI
HƏMİDƏ QURBANOVA: "Elə bilirsiniz təkcə
oğlumu itirmişəm? o, mənim qardaşım, dostum,
sirdaşım, həmdəmim, bütün varlığım
idi"
Bəzən insan söz tapmır... Çünki bəzi
dərdlərin adı olmur, bəzi kədərlər səssizlikdə
yaşayır. Elə bu torpağın da adını tarixə
yazan səssiz ağrıları var. Hər evin divarında bir
şəkil, hər ananın gözündə yaş, hər
bayraqda bir nəfəs qalıb. Onların adına şəhid
deyirlər...
Bu Vətən səssizcə onlara sarı boylanır
hər gün... Hər əsən küləkdə, bir azan səsində,
əngin səmada qanad çalan quş qanadında da
onların adı çəkilir, qəlbimizin dərinliyində
hər an onların səsini eşidirik...
Hər şəhid bir ömür, bir arzu, bir
sevdanın adıdır... Hər ana isə bir
dünyadır... İçində qırılıb susan,
acısı sönməyən bir dünya... Onlarla
üz-üzə oturub söhbət etmək söz tapmaq
çətindir. Çünki övlad itkisinin dili olmur. O,
yalnız qəlbin içində yavaş-yavaş göynəyir,
hər nəfəsdə yanır. Və hər şəhidin
ruhu hər ananın duasında yaşayır.
Onlar 44 günə bizə azad Qarabağı
qaytardılar və özlərinə qürurla bircə ad
qazandılar - Şəhid. Bu gün onlardan biri Azərbaycan
gömrüyünün yeganə şəhidi, "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə",
Cəbrayılın azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" medalları
ilə təltif olunan şəhid leytenant Ülvi Hacıyevin
anası həkim-oftalmoloq Həmidə xanım Qurbanova ilə
igid övladından qalan xatirələri vərəqləyirik.
- Çox çətindir, amma onlar haqqında
danışmamaq mümkün deyil...
- Elə bilirsiniz təkcə oğlumu itirmişəm?
Ülvi mənim qardaşım, dostum, sirdaşım, həmdəmim,
bütün varlığım idi. Böyük
qardaşına nisbətən Ülvi ilə olan
bağlarımız fərqli olub. Onunla hətta məsləhətləşirdim
də. Ana-bala münasibətimiz elə idi ki, məndən
heç nəyi gizli saxlamazdı. Məndən
saxladığı yeganə sirr könüllü cəbhəyə
yazılmağı oldu. İndi düşünürəm ki,
bilsəydim belə, Ülvini müharibədən heç
cür saxlaya bilməyəcəkdim.
- Deməli ki, vətənpərvər olduğunu
bilirdiniz...
- Mübariz İbrahimovun şəhidliyindən sonra
deyirdi ki, mən böyüyüb əsgər gedəndə
onun intiqamını alacağam. Onda on birinci sinifdə oxuyurdu.
Hətta ona şeir də həsr etmişdi, misraların əvvəlini
yuxarıdan aşağıya doğru oxuyanda
"Mübariz" alınırdı. Həmin şeiri məktəbin
divar qəzetinə yerləşdirmişdilər. Məktəb
söküldü deyə, şeiri tapa bilmədim. Evdə də,
qohumlar arasında dəfələrlə: "Mən şəhid
olacağam" demişdi. Binamızın həyətində
bir yer vardı, oranı göstərib deyərdi ki, orada mənim
adıma bulaq olacaq, sənə də şəhid anası deyəcəklər.
Ağlayıb haray qoparardım ki, ay Ülvi bu nə sözlərdir
deyirsən. Heç demə, Ülvi olacaqları hiss
edirmiş.
- Dediniz ki, orduya könüllü yazılıb və
bunu sizdən gizli saxlayıb...
- Ülvi İqtisad Universitetinin (UNEC) məzunu olub.
Magistraturanı ingilis dilində bitirib. Hərbi xidmətdən
sonra Dövlət Gömrük İdarəsinin
"Qırmızı Körpü" gömrük postunda
işləməyə başlayıb. 2020-ci ilin iyul hadisələrindən
sonra ölkə başçısı səfərbərlik
elanını edəndən Ülvi və iş
yoldaşları könüllü olaraq orduya yazılıblar.
General Polad Həşimovun şəhidliyi onu çox
sarsıtmışdı. Ülviyə Qazaxda ev tutmuşduq və
tez-tez yanına gəlib baş çəkərdik. Avqust
ayında atasının yubileyini belə, gedib onunla birlikdə
qeyd etdik. Bizi Ağstafaya apardı, lakin heç nə demədi.
Sentyabr ayında iş yerini Bakıya dəyişdilər və
biz ayın 25-26-sı gəlib əşyalarını
toplayıb evimizə qayıtdıq. Ülviyə bir ay məzuniyyət
verilmişdi, hətta atası dedi ki, gedib haradasa istirahət
eləsin yeni iş yerinə çıxana qədər.
Ülvi istəmədi, sentyabeın 27-də müharibə
başladı və iki gündən sonra hərbi
komissarlıqdan evə bildiriş gəldi. Onda Ülvinin
könüllü orduya yazılmağından xəbərimiz
oldu. Bildiriş gələndə o nə qədər sevinirdi,
bunu görmək lazım idi. Çox həyəcan
keçirdim, lakin dedi ki, bu mənim məktəb vaxtından
olan arzum idi ki, qəhrəman şəhidlərimizin, işgəncələr
görən qız-gəlinlərin qisasını alım. Bu
istəyimə qarşı heç kəs çıxa bilməz.
Sentyabrın 30-u hərbi hissəyə yollandı və oradan
da Füzuliyə. Yenə də bunu məndən də,
atasından da gizlətdi və yalnız yola düşəndən
sonra böyük oğlum Nicat dedi ki, Ülvi artıq
yoldadır.
- Artıq bilirdiniz ki, onu bu yoldan saxlaya bilməyəcəksiniz...
- Əlbəttə bilməyəcəkdim... Yola
düşdüklərini eşidən kimi dərhal ona zəng
vurdum. O qədər yüksək əhvalda idi ki, səsi indi
də qulağımdadır, sanki heç müharibəyə
getmirdi. Füzulinin azad olmağına bir neçə gün
qalmış telefonla danışa bildik. Sevincək səslə
dei ki, torpaqlarımızı ala-ala gedirik, burada hər şey
yaxşıdır, narahatçılığa heç bir əsas
yoxdur. Bilmirəm nə düşünüb məni belə
sakitləşdirirdi.
- Bizim tanımadığımız Ülvidən
danışın...
- Ülvi uşaqlıqdan cəsarətli idi, sanki
adrenalin yaşayırdı. Paraşütdən belə
tullanıb. Mən sonralar onun internet səhifələrində
gördüm ki, atəş açmağı da öyrənirmiş.
İstər məktəbdə, istər universitetdə
hamının sevimlisi idi. UNEC-də sinif nümayəndəsi
olub. Magistr pilləsində ingilis dilində təhsil
aldığı üçün dili mükəmməl
bilirdi. Yardım etməyi çox sevərdi. Onların bir
şəbəkə qrupu vardı, təmənnasz olaraq
uşaqlara ingilis dilindən dərs deyirdi.
"Qırmızı körpü" gömrük postunda
işləyəndə, ona Qazaxda ev tutmuşduq. Bütün
qonşular ondan o qədər razılıq edirdi ki...
Qış vaxtı işə gedəndə qonşu
uşaqlarını maşını ilə məktəbə
aparıb ki, onlara palçıqlı yolda çətin
olmasın. Hamının harayına gəlməyə imkan
tapırdı. Onun iş yerini Bakıya dəyişəndə
qonşular Ülvinin getməyinə çox heyifsiləndilər.
Hədsiz diqqətcil idi. O, mənim sirdaşım, məsləhət
verənim olub. Bir qədər yubananda narahat olardı, tez zəng
vururardı ki, səsimi eşitsin. Evə girəndə
görərdim ki, çaya qədər dəmləyib. Bu
gün UNEC-də müəllimlərindən Ülvini
soruşsanız, onların kədərini də görərsiniz,
oğlum üçün necə yandığını da.
Sosial şəbəkə üzərindən UNEC haqqında məlumat
səhifəsi açılanda ilk Ülvi Hacıyev
yazılıb. Dəqiqliyi çox sevərdi. Birinci sinifdə
oxuyanda avtomobil qəzası keçirmişdi. Məktəbin
dərs hissə müdiri onların sinif müəlliməsi
idi, gəlib evdə Ülviyə dərs keçirdi. Bir dəfə
dərsdən sonra məktəbdə yubandığından
bizə gəlməyə gecikib. Ülvi də pencərinin
qarşısında oturub onu gözləyirdi. Müəllimə
içəri girəndə dedi ki, siz 15 dəqiqə
gecikdiniz, axı mənim vaxtımdan gedir. Minayə müəllimə
indiyə qədər bunu deyir. Uşaqlar həyətdə
oynayanda deyərdim ki, çıx sən də onlara qoşul,
bir az əylən. Kitabları göstərib deyərdi ki, mənim
üçün əsas oxumaqdır. Hara getsəydi, oradan bir
çanta kitabla gələrdi. Haqsızlığı qəti
sevmirdi. Biliyinə əmin olduğu üçün cəsarətlə
həmişə özünü təsdiq edə bilirdi. Tələbə
yoldaşları deyir ki, imtahan vaxtı biz aramızda
püşk atardıq görək Ülvinin arxasında kim
oturacaq. Bilirdik ki, Ülvi soruşduğumuz bütün
suallara cavab verəcək. Bu günə qədər onun
bütün dostları mənimlə əlaqə saxlayır,
Ülvini yaddan çıxarmırlar. Eləcə də
iş yoldaşları. İşlədiyi bir il ərzində
o qədər hörmət sahibi ola bildi ki, hamı onun gənc
yaşına baxmayaraq, cənnəti bu dünyada
qazandığını söyləyirdi.
- Yaşının arzularla dolu olan çağında
idi...
- Arzusu uğurlu karyera qurmaq, yardıma ehtiyacı
olanların yanında olmaq idi. Bundan rahatlıq tapırdı.
Özünün bir yazısı var. Orada Ülviyə suallar
veriblər, o da cavablandırıb. Həmin yazı indi də
məndədir. "Çoxlu pulun olsa, nə edərsən?"
Ülvi cavab verib ki, ailəmə lazım olan miqdarda xərcləyərəm,
qalanını kimsəsiz uşaqlara, ailələrə verərəm. Sonda da yazıb ki,
vaxt gələcək Ülvi Hacıyevi bütün Azərbaycan
tanıyacaq. Onun kiçik yaşlarında dediklərinin əksəriyyəti
düz oldu. Bəzən düşünürəm ki,
Ülvinin hissiyyatı bu qədərmi güclü olub mən
bilməmişəm? Hər ana üçün övladı
onun gözündə əzizdir, hamıdan fərqlidir. Amma mən
Ülvinin xüsusiyyətlərində elə məqamlar
görürdüm ki, bu, onun yaşından artıq idi.
- Ana hissiyyatı deyilən bir duyğu var, yəqin ki,
içinizdə onu siz də yaşadınız Ülvini
müharibəyə yola salanda...
- Ülvi sanki məni ovsunlamışdı. Vur-tut 19
gün müharibədə döyüşdü. Sonuncu dəfə
onunla oktyabrın 15-i danışdıq. Yalnız imkan olanda
özü bizimlə əlaqə saxlayırdı. Özü
də çox ehtiyatla olduğu istiqamətin şərti
adlarla bildirirdi və həmişə də əhvalı
yüksək idi. Sonuncu danışığımızda da səsindən
hiss edirdim ki, kefi kökdür, hansı ki müharibədə
idi. Soruşdum ki, ay Ülvi, yeməyiniz varmı? Gülə-gülə
dedi ki, ana, hər şey var, kababdan belə yeyirik. Narahat olma.
Ondan eşitdiklərimə məəttəl qalırdım.
Danışığı, əhvalı ilə mənə elə
sirayət edə bilmişdi ki, sanki Ülvi heç müharibədə
deyildi. İndi anlayıram ki, bunu mənim sakitliyim
üçün edib, çünki bizim münasibətimiz
ana-bala ünsiyyətindən çox ötə idi.
- Amma gözləmədiyiniz acı xəbər gəldi...
- 50 gündən sonra gəldi... Ülvilə sonuncu
danışığımızdan sonra ondan xəbər ala
bilmədik, çünki ən azından iki-üç
gündən bir ondan zəng gəlirdi. Atası bir neçə
dəfə döyüş bölgəsinə getdi və hər
dəfə də dedilər ki, narahat olmayın, onun xüsusi
tapşırığı var, Ülvi sağdır. Günlər
keçirdi, mən də ümidlə Ülvidən xəbər
gözləyirdim, pis fikri özümə yaxn
buraxmırdım. Ülvini hamı axtarırdı. Ülvilə
hamı maraqlanırdı - idarədən, oxuduğu
universitetdən, dostları, hamı axtarışda idi.
Oktyabrın 18-i, ya 19-u yuxuda gördüm ki, telefon zəng
çaldı. Cavab verəndə gördüm ki, Ülvidir.
Dedi hər şey yaxşıdır, qələbə
qazana-qazana gedirik, sən heç narahat olma. Soruşuram ki, səsin
niyə belə dərindən gəlir? Özüm belə
danışıram ki, səs ətrafa yayılmasın.
Sonralar düşündüm ki, bu yuxu mənə bir işarə
olub. Amma o acı xəbəri aldığımız günə
qədər biz Ülvinin nə itkin
düşdüyünü, nə şəhid xəbərini
almadıq və mən 50 gün xoş bir xəbərin
ümidilə yaşadım, ta ki dekabrın 4-nə kimi.
İndiyə kimi yadımdadır, gecə saat 22.15-də
yoldaşıma zəng gəldi ki, oğlunuz şəhid olub.
Bununla da Ülvili günlərimə nöqtə qoyuldu. Həmin
anda onun 26 illik ömrü bütün xırdalıqlarına
qədər bir kino lenti kimi gözümün önündən
keçdi, onun dediklərini təkrar eşitdim. Necə
demişdisə, elə də oldu. Özü şəhid oldu,
mənə qəhrəman anası dedilər, həyətimizdə
onun göstərdiyi yerdə indi Ülvinin adına xatirə
bulağı var. Çalışdığı idarədə
büstünü qoydular, Ülvi gömrüyün yeganə
şəhididir, mən də yeganə həkiməm ki, şəhid
anasıyam. Ülvidən sonra mən möcüzələrə
də inanmağa başladım. Maraqlı olacaqsa, birini
danışım...
- Buyurun...
- Ülvinin yoxluğundan sonra bizə bir pişik gəldi.
Evimizin blokunda Ülvinin xatirə guşəsini
yaratdığımız vaxtlar idi. Hələ büstü
qoyulmamışdı, ancaq şəkli vardı. Hər
gün görürdüm ki, boz rəngində bir pişik onun
şəklinin dibində yatır. Nə qədər qovsam da,
yenə fırlanıb gəlib o yerdə yatırdı. Bir
gün evə daxil olanda necə oldusa, özünü içəri
saldı və qaçıb Ülvinin
çarpayısının altına girdi. Sonunda mənə
dedilər ki, ona toxunma və beş ildir o pişik evimizdən
çıxmır. Gəlib Ülvinin şəklinə
baxır-baxır, sonra da şəklin altında yatır. Niyə
Ülvinin sağlığında bu pişik yox idi və nəyə
işarədir, onu da bilmirəm. Sanki onun ruhu elə ətrafımdadır,
hər halımı görür, hər addımımdan xəbərdardır,
göz yaşlarımı silir, bir növ
varlığını hiss etdirir.
- Bildiyim qədər Ülvi haqqında bəstələnən
mahnının da tarixçəsi var...
- Mahnının bəstəkarı Könül
Hüseynovanı heç tanımamışam. Öz istəyilə
Ülvi haqında mahnı bəstələyib. Mahnıdan
sonra onun da şəhid xanımı olduğunu bildim.
Könül xanım sosial şəbəkələrdən
Ülvinin axtarışlarından xəbər tutub və təsirlənərək
mahnını bəstələyib. Çünki onun da həyat
yoldaşı pilot Rəşad Atakişiyev vəzifə
başında şəhid olub və 27 gündən sonra nəşi
tapılıb. Mahnını ifa edən Atəş Qarayev isə
Ülvi ilə döyüş yoldaşı olub və onun
yanında şəhid olub. Təsadüfün içində
yenə də bir möcüzə. Ülvidən sonra
"kaş ki" sözünü tez-tez işlədirəm.
Kaş ki, qələbəni görəydi, kaş ki, qazi
olaydı, kaş ki, xəsarət almış olsa da, nəfəsi
gələydi. Bu "kaş ki"ləri
yığıb-yığışdıra bilmirəm.
Özümə onunla təsəlli verirəm ki, Ülvi
içində yaşadaraq böyütdüyü Vətənə
sevgi naminə şəhid olub. Onun yoxluğunun şəhid
kimi adı var, hansısa bir yolun, əməlin qurbanı
olmayıb. Adını, şərəfini, ləyaqətini
qorumağı bacarıb.
- Ülvisiz keçən beş il...
- Mən heç zaman Ülvisiz olmadım ki... Cismən
yanımda olmasa da, yenə də sözüm-söhbətim
onunladır, dərd-sərimin məsləhətçisidir.
Çünki bilirəm ki, mənə lazım olan anda
Ülvi mənə nə deyə bilərdi. Ülvidən
sonra mən ruhun varlığına nəinki inandım, onun
şahidi oldum. Ülvi yaşadığı qısa
ömürdə öz alicənablığını göstərə
bildi, bunları mən ondan sonra daha dərindən anladım.
Heç kim müharibə istəməz, xüsusilə analar.
Amma Ülvi kimi övladlar
göstərdi ki, nə qədər ağır olsa da, qoy
anaların göz yaşı qeyrətli oğullar
üçün axsın, hər zaman onlarla qürrələnib
fəxr edə bilsinlər. Bu gün dünyamız heç də
rahat deyil. Dilindən, dinindən asılı olmayaraq, heç
bir ananın övlad itkisi yaşamağını istəmirəm.
Nə biz övladlarımızı, nə də onlar bizi
seçir. İstənilən halda üzüağ,
alnıaçıq, şərəflə, qeyrətlə
yaşamaq qoy hamıya nəsib olsun və dünya heç
zaman Tanrının qəzəbilə üz-üzə gəlməsin.
SÖZARDI:
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Bu misralar 35 il öncə qanlı 20 Yanvar gecəsindən
sonra yazılıb. Və tarix göstərdi ki, o azadlıq
tumundan yetişənlər 44 günə heç kəsin
qisasını yerdə qoymadı. Zaman keçsə də,
vaxt ötsə də, haqq uzun bir yol gələrək öz
yerini tapdı, çünki bunu Tanrı istədi.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.20;21.