DAHİNİN İLK
BÖYÜK GƏLİŞİ
Dil sözdən, millət dildən başlanır. Ona
görə də tarix boyu xalqları əridib yoxetmənin ən
kəsə yolu onun əlindən dilini, sözünü almaq
olub. Elə həmin səbəbdən də millətə
canı yananlar daxildən gələn ilahi fəhm və sədaqətliliklə
xalqın sözünü və dilini qoruyub
yaşatmağı həmişə ali vəzifələri
saymışlar. Düz 100 il əvvəl o qəbil müstəsna
Vətən yavrularından biri - gördüyü işin
möhtəşəmliyi indinin hündürlüyündən
oçağdakından qat-qat artıq görünən və
dərin mənası onun özünün o vaxt fikirləşdiyindən
də bu gün daha artıq dərk edilən - vur-tut 20
yaşlı bir gənc həyatındakı ilk böyük əsərini
tamamlamışdı.
Adlar var ki, onların sahibləri xalq və yurd naminə
gördükləri işlərə görə and yeri
olmağa, müqəddəslər zümrəsinə daxil
edilməyə layiqdirlər.
Üzeyir Hacıbəyli bəstəkar idi, müəllim
işləmişdi, jurnalist, yazıçı, dramaturq,
publisist, mühərrir olub, tarixə mədəniyyət, elm,
təhsil təşkilatçısı, ictimai-siyasi xadim (məhz
siyasi! Heç vəchlə yalnız "ictimai" yox!
Çünki onun bütün fəaliyyətləri fəlsəfəsi
ilə birbaşa milli siyasət idi! Milli Cümhuriyyətin təməlçilərindən
və dayaqlarından olmuş fədakar təfəkkür
adamının yeri, əlbəttə ki, yurdun üstün
siyasət öndərlərinin uca məqamındadır) kimi
düşüb və bu rəngarəng çalışma
istiqamətlərinin siyahısını bir qədər də
artırmaq mümkündür. Lakin ötənlərdə bu
qəbil işlər görmüş və indi də
oxşar səylər göstərən dəyərli
insanlarımız olub və indi də var, söz yox, sabahlarda
da mütləq yeniləri gələcək. Hətta
keçmişlərdə olduğu kimi, mümkündür
ki, yaxın və uzaq sabahlarda da belə çoxşaxəli
millətəxeyir əməllərin məcmusunu öz
istedadlı varlığında qovuşduran tək-tək
parlaq universallara da rast gəlinsin. Üzeyir bəyinsə nəticə
etibarilə bir məcraya yönələn müxtəlifyönlü
çalışmalarının və gəncliyindən
dahilik siqlətini daşımış şəxsiyyətinin
fəlsəfəsini müəyyənləşdirən, onu
fövqəladələşdirən, yaşadığı
zaman çərçivəsinə
sığmazlaşdıran, keçmişin və gələcəyinki
edənsə odur ki, bu müstəsna kişi yolunun lap
başlanğıcından ömrünün sonunadək Millət
Quruculuğu, Milli Düşüncə və Milli Zövq
Memarlığı ilə məşğul olmuşdur. Amma
yalnız "olmuşdur" demək də azdır.
Çünki Üzeyir bəy özünün Millət
Mühəndisliyi əməklərini bu gün də fasiləsiz
davam etdirməkdədir.
Biz nə qədər ki özlüyümüzü
hifz etmək və məhz bu sağlam təməl üzərində
yüksəlmək, çağdaşlaşmaq, sabahınkılaşmaq
niyyətlərimizdə israrlı olacağıq, o qədər
də Üzeyir bəy və onun irsi, ixtiraçısı,
icadçısı olduğu ülgülər gərəkliyini,
əvəzedilməzliyini qoruyub saxlayacaq.
Həmin bünövrələrdən ayrılsaq,
özlüyümüzü də, özümüz qalaraq
müasirləşməkdə davam etmək xüsusiyyətimizi
də qeyb etmək təhlükəsi ilə
qarşılaşacağıq.
Bunlar cavabını gələcək
çağların verəcəyi ehtimallar deyil, artıq
Vaxtın sınağından keçərək
sübutları ortada olan həqiqətlərdir.
Üzeyir bəy peyğəmbər sinninə
çataraq 1948-ci ilin noyabrında 63 yaşında bu
dünyadan köçəndə sığımı,
çəkisi baxımından yarım əsrdən qat-qat
uzun sürəcək XX əsrin yarıdan çoxu və
artıq ikinci onilini yaşadığımız yeni minillik,
yarılamağa doğru irəlilədiyimiz XXI əsr
qarşıdaydı.
Üzeyir bəy onsuzluğumuz dönəminin hər məqamında
daim bizimlə birlikdə ömür sürüb,
addımlayıb, yaşayışımıza və irəliləyişimizə
bilavasitə təsir göstərib.
Azərbaycan xalqının mədəni, dünyaya
açıq, ilhamlı, örnəklik bir toplum kimi tərəqqisi,
kamilləşməsi, cilalanıb rövnəqlənməsi
davam edirsə, əlbəttə ki, bu, yenə Üzeyir bəyin
bizimlə yol yoldaşı olmasının, yönəldiciliyini
elə əvvəlki tərzdə və nizamda irəlilətməsinin
təsdiqi deməkdir.
Üzeyir bəy yalnız ruhumuzun əbədi
dayağı əsərləriylə məcazi mənada
canlı deyil, həm də gündəlik mənəvi həyatımıza
bilavasitə təsirləri ilə diridir.
Milli operamızın ilki olan "Leyli və Məcnun"u
yaradanda onun 22 yaşı vardı. Bu əsər 1908-in
yanvarında səhnəyə çıxsa da, 1906-1907-ci illərdə
yazılırdı. Həm də unutmayaq ki, Azərbaycan
musiqisinin və bütövlükdə dünya operasının
tarixində tam yeni və bənzərsiz olan bu əsərin
müəllifinin yalnız ibtidai musiqi təhsili vardı. Lap
doğrusu söylənirsə, həmin musiqi təhsili həcmi
etibarilə ibtidaidən də kiçik idi.
Qori seminariyasında musiqi ümumi səviyyəni
qaldırmaq məqsədilə tədris olunan fənn idi və
ən yaxşı halda müasir ümumtəhsil məktəblərindəki
nəğmə, musiqi təhsili dərsinə bərabər
tutula bilər.
Həmin ibtidaidən-ibtidai musiqi savadı ilə
Üzeyir bəy birinci muğam operamızı yaratdı.
Bu vəhdət həm muğamın, həm
operanın tarixində yenilik idi. Çünki Azərbaycana
Avropa musiqi janrını gətirməklə bərabər
Üzeyir bəy məlum Avropa və dünya
operaçılığında da ixtiraçılığa
imza atmışdı, operanın o dövrəcən məlum
olmayan çeşidini doğurmuşdu.
Ənənəvi dünya operası prinsiplərinə
uyğun operaların nümunələrini sonralar həm
Üzeyir bəy özü, həm də silahdaşları və
ardıcılları yaratmaqla bərabər,
operaçılıqdakı məhz Azərbaycanın ortaya
qoyduğu muğam operası istiqamətini də həm
Üzeyir bəy, həm də digərləri davam etdirdilər.
Beləliklə, 22 yaşlı bir gənc yalnız
gözəl əsər deyil, həm də yaşayacaq ənənə
yaratmağa nail olmuşdu.
Möcüzə deyilmi?! Bu hadisədə İlahi
Əl, Haqdan açılmış vergi pəncərəsi,
Dahinin öncəgörümü var.
Yaxud Üzeyir bəyin 1907-ci ilin 10 iyulunda işıq
üzü görmüş "Türk-rusi, rusi-türk
lüğəti".
Məzmundan, müəllifin istinad edib şərhini
verdiyi "qəzet dili" kəlmələrinin ümumi mənzərəsindən
aydın olur ki, bu əsər nəşr edildiyi vaxtdan 2 il
öncə - 1905-ci ildə tərtib edilmiş, 1906-cı ildə
hazır əlyazma üzrəində dəqiqləşdirmələr,
cilalamalar aparılmşıdır.
Yəni Üzeyir bəyin 20-21 yaşlarında
olduğu dövrdə. Tərtibçinin özünün -
Üzeyir Hacıbəylinin bu kitabçanın təyinatının
"Qəzetə və cəraidlə məşğul
olanlardan ötrü pək lüzumlu bir dəstür ul-əməl"
deyə təqdim etməsinə rəğmən heç vəchlə
bu araşdırmanın gərəkliyi qəzet və jurnal
oxuyub-yazanlarla məhdudlaşa bilməz.
Bu əsərin də ümummilli əhəmiyyəti
var və XX əsrin başlanğıcının çətin
şərtləri nəzərə alınarsa, həmin
lüzumluluq birə-beş artar.
20-21 yaşlı bir gəncin belə
düşünüb, belə hərəkətlər etməsi,
bu qəbil məhsullar doğurması yenə adi məntiq
meyarları ilə asanca izah edilə bilməyən hikmətlərdəndir.
1899-1904-cü illərdə Qori seminariyasında
oxuyanda və təhsilini başa vuraraq Cəbrayıl qəzasının
Hadrut kəndinə müəllim təyin edilərək əmək
fəaliyyətinə başlayanda başı çox
qarışıq idi və hələ onun müstəqil
yaradıcılığa ayırası vaxtı yox idi.
Üzeyir bəyin ilk qələm təcrübələri
1905-ci ildə Bakıya gələrək Bibiheybətdə,
bunun ardınca "Səadət" məktəbində dərs
deməyə başladığı əyyamlara aiddir.
İlk yazıları - həm dövri mətbuatdakı
məqalələri, həm "Hesab məsələləri"
kitabı, həm mətbuatda işlənən siyasi,
hüquqi, iqtisadi və hərbi sözlərin ikidilli
lüğətləri, həm "Leyli və Məcnun"
operası Üzeyir bəyin əvvəlinci qələm təcrübələri
idi və müəllifin belə zəhmətlərə 20-21
yaşlarında ikən qatlaşmasını bir daha nəzərə
çatdırmağa ehtiyac duyuram.
Seminariya təhsili almışdı və müəllimlik
etməyə icazə verən sənədi vardı. Amma bu gəncin
20-22 yaşlarında etdikləri ilk qədəmlərini atan
sütül bir məktəb müəlliminin deyil,
yaşı iki-üç dəfə artıq ola bilən
ağsaqqal Millət Müəlliminin əməlləri
biçimində idi.
Allah xalqı oyandırmaq və yetkinləşdirmək
missiyasını həvalə etdiyi seçkinlərdən
olan Üzeyir bəyi ertə oyandırıb erkən yetkinləşdirmişdi.
Vaxtın və öz yaşının gerçək
qəliblərinə yerləşməmək Üzeyir bəydə
əslində daha əvvəllərdən, gənclik və
yeniyetməliyindən qabaqlar da xas imiş.
İnsan sonradan dahi olmur ki! Dahilər elə dahi olaraq
doğulur və illər artdıqca onların
gördüyü müstəsna işlərin miqyasları da
böyüyür.
1897-ci ildə Şuşada, Xandəmirov teatrında
Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü,
Cabbar Qaryağdıoğlunun və xorun iştirakı ilə
"Məcnun Leylinin qəbri üstündə" səhnəciyi
oynananda Üzeyir bəyin yaşı 12 idi və o da xorda
oxuyanlardan biri idi. Amma hamı kimi olmamaq, hər kəsin eyni
şeyi oxuduğu xora tən gəlməmək bu uşaqda elə
o çağlar da varmış və əhvalatın
üstündən 31 il sovuşandan sonra, 1938-ci ildə
yazdığı "Leyli və Məcnun"dan
"Koroğlu"ya qədər" adlı məqaləsində
etiraf edirdi: "Leyli və Məcnun" necə
yaranmışdır? Mən opera üzərində 1907-ci ildən
işləməyə başlamışam; amma məndə bu
ideya xeyli əvvəl... uşaq ikən doğma şəhərim
Şuşada həvəskar aktyorların ifasında "Məcnun
Leylinin məzarı üstündə" səhnəsini
gördükdən sonra yaranmışdı. Həmin səhnə
məni o qədər həyəcanlandırdı ki, bir
neçə ildən sonra Bakıya gəlib operaya bənzər
bir şey yazmaq qərarına gəldim".
Üzeyir bəy elə binədən hər mətləbə
ucalardan baxmağı bacarıb, məsələnin cövhərini
dərk etməkçün onu panoramda seyr etməyə və
gələcək üçün düsturlar cızmağa
qadir olub.
Bu keyfiyyət onun zəhmətlərinin bəhrəsi
olan lüğətdə də əksini tapmışdır.
Lüğətə yazdığı qısaca "Bəzi bəyanat"
adlı guya texniki səciyyə daşıyan, izahedici mahiyyətli
önsözdə olduqca prinsipial məna yükü çəkən
mətləb üzərində dayanır və bir lüğət
çərçivəsində olsa da, tək Azərbaycanda
deyil, digər ölkələrdə də
qatışıqlığın hökm sürdüyü bir
mühüm sahədə nizam yaratmaq təşəbbüsü
edir: "Sair tayfalarda müşahidə olunduğu kimi, biz dəxi
qəbul etmiş olduğumuz əcnəbi sözləri müxtəlif
şəkildə yazıyoruz. Məsələn, latınca
olan "gkonomiə" sözünü bəzi
"ikonomi", bir paramız "ekonomi", digərlərimiz
"eqonomi" və sairə tərzində yazıyorlar.
...Bu cürə müxtəlif şəkildə
yazılan sözlər çoxdur. Biz isə o sözləri
rusca yazılan kimi yazmışıq".
Zahirən işçi xarakterdə olan bu qeydindəcə
mövcudluğu hamıya bəlli, amma əksəriyyətin bənd
olmadığı ümumi problemdən Üzeyir bəyin vətəndaş
və ziyalı narahatlığı, mətbuat dilimizdəki
qatmaqarışıqlıq və pintiliyə dözməzliyi,
bu təmayülə elmi yanaşması, pərakəndəlikdən
qurtularaq sistem yaratmaq məramı var.
Daha püxtə vaxtlarında, 25-30 il sonra Üzeyir bəy
vətənimizə çox qiymətli "Azərbaycan xalq
musiqisinin əsasları" əsərini təhvil verəcək
və bu araşdırmada milli musiqimizin nəzəri təməlləri,
quruluş prinsipləri, özünəməxsus cəhətləri
və mümkün inkişaf səmtləri bir yolgöstərici,
dərslik səviyyəsində sistemləşdiriləcək.
XIII yüzildə Səfiəddin Urməvinin
(1216-1294), ondan əsr sonra Əbdülqadir Marağayinin
(1353-1436) öz risalələrində Azərbaycan xalq musiqi sənətini
mükəmməl elmi şəbəkəyə bağlamaq təşəbbüslərini
Üzeyir bəy əsrlər boyunca baş vermiş dəyişmələrdən
sonra, yeni zaman içərisində davam etdirəcək,
yüzillərin gedişiylə divarları, bürcləri
uçulmuş, zədələnmiş sarayı bərpa edəcək,
bütün sonrakı musiqiçi və
musiqişünaslarımızdan ötrü yeni, kamil sistem
yadigar qoyacaq.
Bu nöqtədə Millət Quruculuğu ilə məşğul,
milli irsin Yiyəsi və Qoruyucusu kimi çıxış edən
Üzeyir bəy Urməvilərin, Marağayilərin sələfi
idisə, XX əsrin başlanğıcında tərtib etdiyi
lüğətiylə ilk leksikoqraflarımız Məhəmməd
ibn Hinduşah Naxçıvaninin (1293-1376), onun daha
yaşlı müasiri Hüsaməddin Xoylunun
davamçısı, məsləkdaşı idi.
Üzeyir bəyin XX əsrin əvvəlindəki əsəri
ilə həmin yüzilin ortalarına doğru qələmə
aldığı əsərinin elmi səviyyələri,
sanbalları müxtəlif olsa da, hər ikisində yanaşma
üsulu, münasibət eynidir. Müəllifin yaşına,
təcrübəsinə, təfəkkürünə
müvafiq olaraq miqyaslar seçilir, amma sistemləşdirmək,
nizam yaratmaq, ümdə milli maraqlar naminə quruculuq etmək
canatmaları eynidir, sabitdir.
Bu kitab vahid lüğət kimi təqdim edilsə də,
əslində, bir-birindən fərqli 3 lüğətdən
ibarətdir.
Birinci lüğət terminoloji, izahlı lüğətdir
və söz tərkibi baxımından siyasi lüğət
adlanmağa daha uyğun gəlir. Bunu biz əslində Azərbaycanın
ilk siyasi terminlər lüğəti saysaq, yanılmarıq.
İkinci lüğət, kitabın sərlövhəsində
göstərildiyi kimi, "Mətbuatda müstəməl
siyasi, hüquqi, iqtisadi və əsgəri sözlər"in
rusca-azərbaycanca normal lüğətidir.
Üçüncü lüğət isə Azərbaycan
mətbuat dilində işlək olan ərəb-fars sözlərinin
lüğətidir. Onillər sonra bu tip, yəni klassik ədəbiyyatımızda
rast gəlinən ərəb-fars kəlmələrini
çağdaş oxucuya aydınladan bir neçə başqa
lüğət yaransa da, Üzeyir bəy həmin səmtdə
də ilkdir, yolaçandır.
Üzeyir bəyin birinci lüğətindəki siyasi
terminlərin dairəsi və həmin kəlmələrə
verilən izahlarda onun siyasi mövqeyi, siyasi rəğbətlərinin
yönü, eləcə də artıq yetərincə şəkillənmiş
siyasi təfəkkürü aşkarca duyulur.
Tutalım, "diktatura" kəlməsinə
izahında "Diktatorun müvəqqəti olaraq hökumət-i
keyfiyyəsi" yazan Üzeyir bəy hər halda bu şəkildəki
idarəetmənin ötücü, ömürsüz, məhz
müvəqqəti olduğunu vurğulamaqla demokratik
düşüncə daşıyıcısı, hər
növ istibdad və mütləqiyyətə əks cəbhədə
dayanmağını izhar etmiş olur.
Yaxud Üzeyir bəyin "şovinizm"
sözünə verdiyi izah sadəcə izah deyil, həm də
bu anlayışla bağlı mövqe ifadəsidir, oxucusunu da
bu sözü, bu məfhumu məhz bu cür qavramağa
kökləmək fürsətidir: "Təkəbbür-i
millidən ibarət olan cəli və yalan vətənpərəstlik".
Yəni "şovinizm" kəlməsinin izahı
üçün, olsun ki, elə "milli təkəbbürlülük"
yazmaq yetərdi. Lakin gənc müəllif əslində bu
özündənrazı millətçiliyin saxta vətənpərvərlik
olmasını qabardır, başqa millətlərə o sayaq
hündürdən baxmaq istəyənlərin, zahirən
öz millətlərini daha üstün tutanların mahiyyətcə
heç öz xalqlarını da gerçək məhəbbət
və sədaqətlə sevmədiklərinə
inamını ifadə edir, bunu oxucusuna da aşılayır.
"Lüğət"in nəşr olunduğu ildə
hələ Azərbaycan istiqlalı bir röya qədər əlçatmaz
idi.
Üzeyir bəy padşahı olan bir dövlətin,
Çar Rusiyasının təbəəsi idi və
cümhuriyyət, respublika haqqında belə yazırdı:
"Cümhur bir cür dövlətdir ki, orada padşah
olmayıb, millət öz seçdikləri vəkilləri
vasitəsilə öz-özlərini dolandırıyorlar".
Amma elə başlanmış əsrin əvvəlindəki
qüvvətlənməyə üz qoyan milli tərəqqi,
sağlam ruhlu yeni vətənpərvərlər nəslinin
yetişməsi və onların əl-ələ olması
işarə edir ki, əziz günün gəlişinə
özül yaranmağa başlayıb.
Elə bircə bu "Lüğət"də
adıkeçən şəxsiyyətləri və
onların fəaliyyətlərini düşünün.
Bu kitabın rəmzi cəhətlərindən və
böyük millət quruculuğu layihəsinə xidmət
etməsinin dəlillərindən biri də odur ki, lap ilk səhifələrindəncə
Azərbaycanın iki nurlu insanının adları qovuşur.
Üzeyir Hacıbəyli ilə Məhəmməd Əmin Rəsulzadənin
(1884-1955) adları. Üzeyir bəy tərtibçi, Məhəmməd
Əmin Rəsulzadə naşir. Amma bununla da bitmir. Bir unudulmaz
ad da var.
Müqəddimədə naşir daha bir
silahdaşın adını xatırlayır və ona
inanımlı mənbə, nişan verdiyi yolla irəliləməyin
məsləhətli olduğu nüfuzlu şəxs kimi istinad
edir: "Hal-hazırda türk lisanına girmiş ərəb
və fars əlfazından başqa bir qədər əcnəbi
təbirat-i siyasiyyəsi daxil olduğundan həman təbirlər
dəxi əcnəbi tələffüzlə yazılıb mənası
bəyan edilmişdir və bir çoxunun ədib-i şəhir
Əli bəy Hüseynzadə həzrətləri tərəfindən
dilimizə tətbiqi lüzumlu görülən ərəb və
ya farsca müqabili yazılıbdır".
Diqqət edilsin ki, Məhəmməd Əmin Rəsulzadə
son dərəcə həssas, ümummilli əhəmiyyətli
bir məsələdə Əli bəy Hüseynzadənin
(1864-1940) fikrini əsas kimi qəbul edir. Hansı məfhumu
hansı kəlmə ilə ifadə etmək ixtiyarını,
bütün xalqa hər hansı ümummilli məsələdə
hamının qeyd-şərtsiz inanıb qəbul edəcəyi
səviyyədə ağıl öyrətmək səlahiyyətini
heç bir rütbə, vəzifə kürsüsü
heç bir insana vermək iqtidarında deyil. Bu, Millət
Atalarının, Millət Ağsaqqallarının, Millət
Qurucularının qismətində olan haqdır. Məhəmməd
Əmin Rəsulzadə kimi şəxsiyyətin bu haqqı
Əli bəy Hüseynzadəyə tanıması Əli bəyin
milləti üçün nə qədər önəmli bir
sima olmağına nişanədir. Əli bəyin zamanca
yaxın sələfləri arasında bu haqq Həsən bəy
Zərdabiyə (1842-1907), Mirzə Fətəli Axundzadəyə
(1812-1878) şamil edilmişdi.
Beləliklə, "Lüğət"in ərsəyə
gəlməsində zəhmətləri və təfəkkürləri
qovuşanların hər üçünün zahirən bu
xırdaca işlə də mahiyyətcə millətin
ziyasını artırmaq naminə daha bir dayanıqlı model
doğurmaq istəyi növbəti dəfə təsdiqini
tapır.
Azərbaycan dilinə atəşin sevgi və millətin
varlığıının bel sütunu sayılmalı bu
ilahi nemətə təmənnasız xidmət ömrü
boyu Məhəmməd Əmin Rəsulzadənin mübarizələrinin
əsas hədəflərindən oldu və 1917-ci il
fevralın 27-də "Açıq söz" qəzetində
dərc edilən "İslam dini və ana dilimiz" adlı
məqaləsində hətta dini müstəvidə belə
qeyri dilin - ərəbcənin azərbaycancadan üstün
mövqe tutması ilə barışmayaraq belə
yazırdı: "Diləkləri öz dilində diləmək,
istədiklərini öz dilində istəmək, qulluq
göstərildikdə öz dilində danışıb və
söylədiyini bilərək qulluq göstərmək,
ağzından çıxan sözlərin nə mənada
sözlər olduğunun özünü də bilmək, bizcə,
daha müqabil görünüyor".
Və ötkəm vətənpərvər islamın
milli din kimi ürəkdən etirafının və qəbulunun
da milli heysiyyata sayğıdan keçdiyini, ana dilimizə
ehtiramla birbaşa bağlı olduğunu bəyan edirdi:
"Dilimizə, millətimizə ögey nəzər ilə
baxmayıb tamam hüquq versə, o zaman islamı "milli
din" deyə qəbul edə biləriz".
100 yaşını arxada qoymuş, XX yüzildən
XXI əsrə gəlib çatmış Üzeyir bəy
"Lüğət"inin əlimizə gəlib çatan
nüsxələrinin üzərində zamanın siyasi
burulğanlarının düşündürücü izləri
qalır.
Sovet onillərində rəsmi ideologiyanın Məhəmməd
Əmin Rəsulzadənin adı və imzasına nifrətli
münasibət bəslədiyini və həmin riyakar sistemin
"xalq düşməni" damğası
vurduqlarının imzalarını tarixdən, yaddaşdan silməkçün
hansı məkrli üsullardan istifadə etdiyini yaxşı
bildiyimdən, əminəm ki, bu lüğətin çox
nüsxəsi elə həmin adın güdazına gedib -
cırıb atıblar, yandırıblar, torpağa
basdırıblar.
Elə dəhşətli dövrlər olub ki, üzərində
Məhəmməd Əmin Rəsulzadə adı olan kitabı
yalnız evində saxladığına görə insanı
"düşmənin həmfikri" deyə həbs edə,
sürgünə yollaya, güllələyə bilərdilər.
Nə qədər beləsi olub da!
Həmin qəbildən olan nəşrlərin Mirzə
Fətəli Axundzadə adına Respublika kitabxanası, Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun kitab xəzinəsi
kimi nadir arxivlərdə və digər saxlanclarda qorunan
nüsxələri də sovet dövründə hətta alimlərin
belə açıq istifadəsi üçün qapalı
idi.
Belə "düşmən" kitablarının tək-tək
nüsxələri arxiv və fondların "Xüsusi
mühafizə" bölməsi adlı dəmir
qapılı guşələrində, seyflərdə gizlədilirdi.
Hətta o qaranlıq seyflərdəki kitablarda belə
düşmən adlarını, onların fotolarını kəsirdilər,
qaralayırdılar.
Elə Üzeyir bəyin "Lüğət"inin
Əlyazmalar İnstitutunun arxivindəki nüsxəsində də
belədir. Üzqabığında və titul səhifəsində
Məhəmməd Əmin Rəsulzadənin adını qara
mürəkkəblə ört-basdır etməyə
çalışıblar.
Lakin nə qara mürəkkəb, nə qara vaxt, nə
qara məfkurələr millət və insanlıq naminə
görülmüş parlaq işlərin ziyasını
örtə, yox edə, soldura bilər.
Mirzə Cəlillə (1866-1932) birgə "Molla Nəsrəddin"
dərgisinin qurucularından olmuş Ömər Faiq Nemanzadənin
(1872-1937) qəzetin, mətbuatın cəmiyyət həyatındakı,
xüsusən XX əsrin başlanğıcında yeni bir mədəni
oyanış və yüksəliş yaşayan Azərbaycandakı
əhəmiyyəti haqda bu mülahizələri Əli bəy
Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə,
Üzeyir Hacıbəyli kimi məsləkdaşları ilə
ortaq olan baxışın ifadəsidir: "Qəzet aləmin
güzgüsüdür. Qəzet zəmanənin ən kəskin
qılıncıdır. Qəzet indiki cism-i həyatın
ruhudur, qəzet ən nüfuzlu, təsirli vaizdir. Qəzet hər
millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin
hamisi, vəkili, advokatıdır".
Və Əli bəy Hüseynzadə 1905-1906-cı illərdə
redaktoru olduğu, milli düşüncənin şəkillənməsində
mühüm təsirləri olmuş "Həyat" qəzetində
dərc etdiyi "Qəzetəmizin məsləki haqqında
bir neçə söz" adlı yazısında
ümummilli dəyərlər sırasında dil amilini təkidlə
qabardırdı: "Ülum və maarif əksəriyyət
beynində intişar etmək üçün lazımdır
ki, millətin öz ana dili məlum və maarif təhsilinə
alət olsun".
Elə oradaca Əli bəy Hüseynzadə milli dil
siyasəti, dilin hansı istiqamətdə zənginləşməsi
ilə bağlı qənaətlərini
bölüşür və əslində bu
ismarışlarıyla öz qəzetinə ana dilində məqalələr
yazacaq şəxslərə dillə necə rəftar etməli
təlimatını verirdi: "Dilimizi əcnəbi
lüğətlərlə doldurmaqmı lazım, yoxsa dilimizdəki
nöqsanları ikmal üçün bu dilə münasibət-i
diniyyə, tarixiyyə və ədəbiyyəsi olan ərəb
və fars dillərinə müraciət eləməkmi məsləhətdir?
Əlbəttə, içimizdə öz lisan-i millimizin qədrini
bilən hər fərd ikinci şiqqəyi tərcih edər".
1906-cı il martın 27-də Üzeyir bəy 21
yaşında idi, amma həmin ildə, həmin gündə
"İrşad" qəzetində dərc edilən məqaləsində
yolunu yeni başlayan bir gənc kimi deyil, millət
qarşısında vəzifəsini dərk etmiş,
böyük yolun yolçusu olduğunu özü
üçün müəyyənləşdirmiş
müdrik kimi düşünürdü: "Bu yol uzun yoldur və
həm tikanlı yoldur. Bu yolu axıracan nə gedən var və
nə tikanlardan təmizləyən var. Amma ikimcisi olsa, əvvəlimcisi
də, ümidvaram, tapılar.
Yolu təmizləyin, yolu: vəqt əldən gedir,
başlayın işin əslindən, fəri sonra da
mümkündür".
Üzeyir bəy yolunun lap əvvəlindən işin
"fəri"sindən - ikinci dərəcəlisindən
deyil, əslisindən, ümdəsindən, təxirsizindən
başladı.
Bu "Lüğət" belə əməllərin
ilklərindən idi.
Yeni başlanan iyirminci yüzildə, Azərbaycanın
ziyalı təbəqəsinin ədəbi-mədəni həyatda
hər gün yeni bir irəliləyişə şahid
olmağın fərəhi ilə yaşadığı
coşqun mühitdə Üzeyir bəyin "Lüğət"i
bayram sovqatı kimi qarşılanmışdı və həmin
kitabın dünyaya gəlişini çeşidli qəzetlərdə
dərc edilən bildirişlər, soraqlar müşaiyət
etmişdi.
"Qəzetə oxucularına!
Qəzetə oxuyanda rast gəldiyiniz çətin
sözləri bilmək üçün çarə
tapılmışdır. Üzeyir bəy Hacıbəyovun
siyasi, iqtisadi, hüquqi, əsgəri və qeyri sözlərə
dair türk-rusi, rus-türki lüğəti bu yolda sizin
köməyinizə çatar
Qiyməti - Bakıda dörd abbası (80 qəpik),
qeyri şəhərlərdə posta xərciylə onsəkkiz
şahıdır (90 qəpik).
Abbasqulu Kazımzadədən, Mirzağa Əliyevdən
və qeyri kitabfüruşlardan almaq olar.
Satmaq üçün xahiş edənlər naşiri
Məhəmmədəmin Rəsulzadəyə rücu etməlidirlər.
Sifarişə görə yüzdə 20 və ya 25
prosent çıxılır.
Nəşrin adresi boylə: Bakı,
"İrşad" qəzetinin redaksiyası. Məhəmmədəmin
Rəsulzadə".
"İrşad" qəzetində 1906-cı ildə
iki dəfə - noyabrın 25-də 119-cu, dekabrın 18-də
129-cu nömrələrdə dərc edilmiş bu sadə
elanı sətirbəsətir, sözbəsöz ona görə
köçürürəm ki, burada tarixin nəfəsi var. Hətta
indi sanki mənasını itirmiş rəqəmlər -
kitabın neçəyə satılması, hansı
kitabçıların dükanında olması,
topdansatış üçün hansı güzəştlərin
nəzərdə tutulmasında da epoxanın cizgiləri, XX əsrin
əvvəlindəki Bakımızın mədəni
ab-havası duyulur.
Bu elansa rus dilində nəşr edilən "Bakinskiy
denğ" - "Bakı günü" qəzetinin 1907-ci
il iyulun 4-də buraxılmış 20-ci sayındandır:
"Müsəlmanların nəzərinə!
"İrşad" qəzetinin əməkdaşı
müəllim Üzeyir bəy Hacıbəyovun tatar dilində
izahları ilə tərtib etdiyi siyasi, hüquqi, iqtisadi və
hərbi terminlərdən ibarət rusca-tatarca, tatarca-rusca
lüğətlər çap edilir, tezliklə işıq
üzü görəcəkdir. Güman etmək olar ki, bu
lüğətlər tatar qəzetlərinin oxucularına
çox böyük fayda verəcəkdir, onlara yeni müsəlman
mətbuatında rast gəlinən sözlərin başa
düşülməsini asanlaşdıracaqdır"
Əslində bu xırda mətnin daxilindəki
"tatar", "tatarca" sözlərini hər yerdə
"türk", "türkcə" kimi verməliydim. Elə
"İrşad"da dərc olunan elanda olduğu kimi. XIX
yüzilin sonları, XX yüzilin başlanğıcında
rusca mətnlərdə Azərbaycan xalqının adı
"tatar", dilinin adı "tatarca" kimi göstərilir,
amma elə həmin dövrün bütün anadilli mətnlərində
"tatar" deyil, "türk" işlənir.
Əlbəttə, çoxmillətli imperiyaya
ağalıq edən, müxtəlif türkdilli xalqları
bir-birində əridib itirməkdə maraqlı olan
çarizmin yürütdüyü siyasət baxımından
bu ifadə sərfəli idi. Lakin terminin müəllifləri
başqa və ortaya çıxmasının səbəbləri
daha əski idi.
Həmin anlayışı elmə bir sıra
tarixçilər və şərqşünas alimlər gətirmişdilər.
Bu qələt yanaşmanı elmi şəkildə təkzib
edən Əli bəy Hüseynzadə anladırdı ki, tarixən
nə "tatar" deyilən moğollar Tyan-şan
dağlarından bəri tərəfə hicrət etmişlər,
nə də Rusiya və Sibir çöllərindəki
türklər tatardır: "Biləks, bunlar türklərin ən
ziyadə türk olanlarıdır".
Bir sıra Qərb və Şərq alimlərinin, o
cümlədən qayınatası - məşhur lüğətşünas,
ensiklopediyaçı Şəmsəddin Sami bəyin
(1850-1904) mülahizələrini yanlış sayaraq rədd edən
türk təəssübkeşi Əli bəy Hüseynzadə
xətalı adlandırmanın əsas baisinin slavyanlar
olduğunu təsdiqləyirdi: "Türklərin
"tatar" adlandırılması kimi səhvin mənbəyi
islavlar olmuşlar. Belə ki, onlar Çingiz xanın türklərdən
ibarət əsgərlərini deyil, onların sərkərdələrini
nəzərə almışdılar. Halbuki fəth olunan ərazinin
əhali-yi turaniyyəsi zatən minəlqədim türk, bu əraziyi
fəth edən əsgərlər türk, bunları təqib
edən mühacirlər türk, Çingiz özü
türk, türkün bir qisminə, bir şivəsinə, bir
dövr tarixinə namını verən oğlu
Cığatay, yaxud özbək türklərinə nam verən
oğlu Cuci kimi həp türk oğlu türk idilər.
Çingizin ümur-i dövləti üçün
moğolların deyil, uyğurların, yəni qədim
türklərin xətt və lisanlarını qəbul
etmiş olduğu da cümləcə məlum bir keyfiyyətdir".
Mətləbdən aralansaq da, xalqımızın və
dilimizin bir dövrdə "tatar" adlandırılması
ilə bağlı elə Üzeyir bəyin "Lüğət"inin
rusca hissəsinin sərlövhəsində də keçən
tarixi yanlışlığı izah etməyi gərəkli
bildik.
Bu "Lüğət"i ən yüksək
peşəkarlıqda tərtib etməkçün Üzeyir bəyə
yardımçı olan vasitələrdən biri də o idi
ki, tədqiqat üçün lazım olan ən azı 4
dilin dördünə də o, mükəmməl səviyyədə
aşina olub.
Farsca və ərəbcəni hələ
Şuşada aldığı ilk təhsili zamanı mənimsəmişdi
və bəstəkarın arxivində, ayrı-ayrı əlyazmaları
ilə işləyərkən şahid olmuşam ki, onun bu
dillərdən istifadə imkanları sərbəst imiş.
Qori təhsili ruscanı Üzeyir bəyçün təxminən
ikinci ana dili durumuna çatdırmışdı. Bunu təsadüfən
qeyd etmirəm. Özü kimi millətçi olan bir sıra
müasirləri, o sıradan qardaşı Ceyhun bəylə
(1891-1962) məktublaşmaları çox öynə rusca idi.
Öz aralarında da ünsiyyət vasitəsi kimi ruscanı
tez-tez istifadə edərdilər. Bu, onların vəfalı və
təmənnasız vətənsevərliyinə, millətpərvərliyinə
qətiyyən mane olmur və xələl gətirmirdi.
XX əsrin əvvəllərində Rusiyada təhsil
alaraq Azərbaycana qayıtmış bir sıra başqa yurdsevərlərimizin
bioqrafiyasını və irsini araşdırarkən də
eyni halı müşahidə etmişəm.
Bu, Azərbaycan ziyalısının yeni tipi idi, təbii
ki, zaman keçdikcə daha da təkmilləşəcəkdi,
onun ana dili səviyyəsində bildiyi, yararlandığı
dillərin miqdarı da artacaqdı. Təəssüflər
ki, o körpü olacaq aydınlarımızın əksəriyyətini
1930-cu illərin siyasi repressiya girdabları udaraq məhv etdi,
bir ənənə də mərdümazar sovet rejiminin qəddar
hökmü və məkriylə belə sındı.
XX əsrin ikinci yarısında formalaşan azərbaycanlı
ziyalı nəsillərinin rusdilli kəsiminin əksəri
öz ana dilində adam içərisinə
çıxarıla biləcək abırlı səviyyədə
nə danışa, nə yaza bildi.
"Lüğət"ində "kosmopolitizm"
sözünü Üzeyir bəy belə yozur və bu
baxışı ilə əslində aşırı millətçiliyin
dardüşüncəlilik göstəricisi olması qənaətini
ifadə edirdi: "Vətən oğlu olmayıb,
"dünya oğlu" olmaq əqidəsi; bu əqidə
sahibləri, bəzən kutahbinlikdən ibarət olan vətənpərvəri
və millətpərəstliyi kənara atıb ümum-i
insanlara bir nəzər ilə baxmağı əfzəl bilirlər
və ümum-i insanları üxüvvət və
qardaşlığa dəvət ediyorlar".
Üzeyir bəy belə düşünsə də, hər
halda Vətən oğlu olmağı daha üstün tutdu.
Dövrünün diktəsi ilə dünya oğlu olmaq şərtlərinin
bir qisim tərəflərini əxz etsə də, milli
maraqlara xidmət onun son nəfəsinəcən idealı
olaraq qaldı.
Üzeyir bəyin ayrı-ayrı kəlmələrə
verdiyi izahlarda bir çalar da diqqət çəkir ki, o,
yalnız sözün mənasını açmır, həm
də bəzi vacib kəlmələrdə onların fəlsəfəsini
xırdalayır, milli təfəkkürdə yer
almasını istədiyi mənaları oxucuya təlqin etməyə,
aşılamağa can atır. Başqa sözlə, bu izahlar
bir izahlı lüğətin tələb etdiyi minimumdan - fəqət
dürüst mənanı bildirmək çərçivəsindən
xeyli kənara çıxır. Bunu sezməkçün elə
bircə "nasionalizm" - "millətpərəstlik"
sözünə dair Üzeyir bəyin şərhinə baxmaq
yetər: "Millətini sevmə".
Bəlkə elə burada saxlamaq olardı. Amma
Üzeyir bəy dayanmır və yaxşı millətçinin
necə olmasının tək izahını yox, düsturunu irəli
sürür: "Millətinə məhəbbət yetirib tərəqqi
və səadətinə çalışma".
Yəni burada millətpərəst olmaqçün
sevginin hələ azlıq etdiyi, həmin məhəbbəti
isbat edəcək faydalı əməllərin olması şərti
də ortaya qoyulur.
"Lüğət" Üzeyir bəyin - bu gənc
müəllimin müasiri olduğu siyasi tarixi, hüquq
sistemini, dövlət quruluşunu incəliklərinə qədər
bildiyini nümayiş etdirir.
Bir sıra terminləri izah edərkən Üzeyir bəy
sanki haşiyəyə çıxır, tarixə ekskurs edir
və elə ayrıntılara toxunur ki, nəticədə
mütaliəçi XX əsrin başlanğıcının
Rusiya imperiyası həyatındakı müəyyən təfərrüatlardan
da xəbərdar olur.
Lüğətdə elə terminlər də var ki,
onlar artıq arxaizmlərdir. Bu qisim terminlər və onlara
verilmiş izahların hansılarısa keçmiş barədə
məlumatımızı artırırsa, araşdırma
aparırkən, XX əsrin əvvəllərinə aid mətbuatı
vərəqləyərkən dadımıza yetirsə, elələri
də var ki, hətta xiffət oyadır.
"Obrazovatelğnıy üenz" ifadəsini
Üzeyir bəy "Ləyaqət-i elmiyyə", yəni
elmi baxımdan layiqlik kimi çevirərək anladır:
"Böyük bir işə (məsələn, Məclis-i əyana
üzv olmağa) girməyə elm və mərifət cəhətincə
rəsmən layiq olmaq şərəfi".
Bu deyim XX əsrin başlanğıcında cəmiyyətdə,
idarəçilikdəki oturuşmuş bir prinsipi nişan
verir. İbrəti də ondan ibarətdir ki, ətrafdan
baxıb anlayanlara məhəl qoyulmadan ləyaqət-i elmiyyəsi
uyğun gəlməyənlər, dayazlar, bəsitlər,
göydəndüşmələr bir ucdan mühüm
kürsülərə oturdulur, dürtülür və
bunları gördükcə, heyhat, nəsə etməyə
gücün çatmadıqca qəlb ağrısıyla
arzulayırsan - nə olaydı, vaxtilə işlək
olmuş həmin rəsmi qayda bərpa ediləydi.
Ya "Lüğət"də dilin dərinlərinə
çökmüş, fəal işləklik dövriyyəsindən
çıxmış öz türkcəmizdəki elə saf
sözlərə rast gəlirsən ki, dərhal onları
müasir dilimizə qaytarmaq və istifadə etmək məqsədəuyğunluğu
barədə fikrə dalmalı olursan.
Məsələn, "qısqı" sözü.
"Svoboda" - "Hürriyyət" kəlməsinə
izahında Üzeyir bəy bu sözü "Azadlıq.
Əhalinin hökumət qısqısından azad
olması" kimi verir.
Bu gün kəmsavad qəzet işçilərinin
tez-tez təhrif edərək gah "təziq", gah "təyziq"
kimi yazdığı ərəbcədən gələn diləyatmaz
"təzyiq" sözünün əvəzinə
"qısqı" işlətsək daha yaxşı
deyilmi? Onunla eyni köklü "qısnamaq" felini ki
işlədirik. Həm də bu söz Türkiyə türkcəsindən
alaraq ara-sıra işlətdiyimiz "basqı"dan həm
səslənişi, həm də anlam əhatəsi ilə
daha məqbuldur.
Yaxud, ərəbcədən gələn və bir
zamanlar istifadəmizdə olmuş "dain" kəlməsinin
- bu gün hüquq praktikasında "borc verən" kimi tətbiq
edilən ifadənin əvəzinə Üzeyir bəyin
lüğətindəki variantın - "alacaqlı"
sözünün götürülməsi qat-qat münasib
olardı və indi də məhz onun istifadəsi umulandır.
Üzeyir bəyin lüğəti həm də bunu
müşahidə etməyə inkan yaradır ki, ümumən
daha mühafizəkar, dəyişməyə az mail olan
hüquqi və siyasi terminologiyamız XX əsrin
başlanğıcından indiyədək hansı təkamülü
adlayıb və ərəbizmlərdən nə dərəcədə
azad ola bilib.
"İştə Rusiyyənin köhnə tərz-i
idarə-yi əsiranəsini darbadağın edən hərəkət-i
əhraranə mətbuata vəsi bir meydan açdı".
Bu da Məhəmməd Əmin Rəsulzadənin
"qələm arxadaşı"nın "Lüğət"inə
önsözündən bir cümlədir.
XX əsr başlananda yazı dilimiz indiki azərbaycanlıların
yüzdədoxsanının dərk etməyəcəyi bu təhər
kəsif havalı, bulaşıq bir kökdə idi və indi
nə qədər duru, parlaq, şirin olduğunu görərək onu hər fəsaddan
qorumağa, qədrini bilməyə hər an hazır olun!
Bu lüğətin yaranması və nəşrinin zəruriliyini
əsaslandıran Məhəmməd Əmin Rəsulzadə
XIX yüzilin sonları ilə yenicə başlanan XX əsrin əvvəlindəki
ziyalı nitqi və yazısını, mətbuat dilini
müqayisə edərək müşahidəsini belə
yekunlaşdırırdı: "Üsul-i məişət dəyişdikcə
tərz-i lisan da dəyişir. On il bundan irəliki sözlərlə
bugünkü əhval ü övza ifadə ediləməz".
Haqlıdır. Amma vaxtın axarında yalnız tərz-i
lisan yox, tərkib-i lisan da xeyli başqalaşır. Məhəmməd
Əmin Rəsulzadə 10 il əvvəllə içərisində
yaşadığı günləri müqayisə edərək
müqayisəyəgəlməz qədər dəyişikliklər
görürdüsə, baxın ki, o vaxtdan bəri bir əsrdən
artıq müddət ötəndən, üsul-i məişət
180 dərəcə dəyişəndən sonra "tərz-i
və tərkib-i lisanda" fərq nə yekəlikdə olar.
Son illərdə hətta yüksək elmi dərəcələri
olanların imzası ilə nəşr edilmiş bir para
transliterasiyalarda elə naşılıqlar, məsuliyyətsizliklər
və qaba səhvlərə tuş düşürük ki,
bunları acı təəssüf və rişxəndlə
qarşılamamaq olmur.
...Azərbaycan qamusçuluğunun, milli lüğətçiliyimizin
700 ildən artıq zəngin tarixi vardır.
Bu "Lüğət"i ilə dahi Üzeyir bəyin
fəxr qaynağımız olan adı həmin möhtəşəm
tarixin qoynunda da ehtiramlı yerini tutmaqdadır.
Yaxşı iş hansı dövrdə, hansı
şəraitdə yerinə yetirilməsindən asılı olmayaraq
köhnəlmir.
Xeyir əməl altuna bənzəyər ki, zaman
ötdükcə torpar altında, gizlində qalsa belə, pas
tutmaz, korşalmaz, əksinə, dəyəri artar.
Kitabınsa altundan da üstün məziyyəti budur
ki, qızılı dar ayağın, qara günün
yarağı saysalar da, yazı, qələm töhfəsi həm
yaxşı, həm yaman günün gərəyi və bəzəyidir.
Yer üzündə miqdarı bilinməyən qədər
dillərdə sayı-hesabı olmayan kitablar var. Ancaq
bütün xalqlar və bütün dillərdəki
bütün kitabları müştərək edən bir kitab
da var.
Ellik kitabların başlanğıcı olan kitablar
kitabı - "Əlifba".
Lakin hərfləri, sözləri öyrədən
"Əlifba"dan daha yuxarıda millətlərin
üstün övladlarının istedad
işığıyla doğurduqları Yaxşı Millət
Olmağın "Əlifba"sı da var ki, Üzeyir
Hacıbəylinin də bütün ömrü həmin alidən-ali
kitabın səhifələrini yaratmaqla keçdi.
Üzeyir bəyin hər ölməz əsəri Milli
Düşüncə Memarlığının, Millət
"Əlifba"sının bir parçasıdır və
onun "Lüğət"i də Millət Quruculuğuna
hesablanmış həmin silsilənin davamıdır.
Üzeyir bəyin dahi babalarından olmuş, həm
astronom, həm riyaziyyatçı, həm təbib, həm
ilahiyyatçı və həm də dilçi, lüğətşünas
Hinduşah Naxçıvani gələcəyə göndərdiyi
əsərlərindən birinə
"Təcarüb üs-sələf" - "Sələflərin
təcrübələri" ünvanı qoymuşdu.
Sələflərdən xələflərə
yetişən, yaşamağa (və yaşadılmağa) layiq
təcrübələrin zənciri qırılmadıqca millət
bütöv, güclü, inamlı, ötkəm olur.
Bütün çoxşaxəli
çalışmalarında sələflərin əzəmətli
təcrübələrinin sönməsinə macal verməyərək
onları davam etdirmiş və xələflərə yeni, bir
qədər də qüvvətli, sabahları tənzimləyəcək
daha mükəmməl təcrübələri miras qoymuş
nadir azərbaycanlı Üzeyir Hacıbəylinin az adama bəlli
"Lüğət"i də onun hər kəsə məlum
sevimli əsərləri kimi köhnəlməzdir, həmişə
də gərəkli olaraq qalacaqdır.
4 iyul 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.16-17;21.