"Mənim burada nə işim
var?"
Aktyor, rejissor, ssenarist Tural Ağayev:” Bir yerdə ki, nə
sənət var, nə pul, o yerə niyə gedim?”
Müsahibimiz aktyor, rejissor, ssenarist Tural Ağayevdir.
"Ölülər", "Bala başa bəla",
"Skapenin kələkləri", "Qoqol",
"Daşa dönmüş ürəklər", "Bəylik
dərsi", "Vətənə igidlər gərək"
kimi tamaşalarda, "Kişi ol", "Apatiya", "Xəyanət",
"Həyat, sən nə qəribəsən!",
"Aramızda qalsın", "2 ömür", "Məryəm", kimi serial və filmlərdə rol
alan aktyor həm də "Hozu", "Toydan sonra
nağara", "Qara Volqa", "Barama" kimi serial və
filmlərin ssenari müəllifidir.
Tural Ağayev ilə söhbəti təqdim edirik.
- Tural bəy, atanız, mərhum şairimiz Eldar
Baxış onun yox, öz yolunuzu seçdiyinizi biləndə
necə reaksiya vermişdi?
- Mən atamı itirəndə yaşım çox
az idi, onda heç mənim yolum yox idi. Bircə məktəb
yolum var idi (Gülür).
- Fəaliyyətiniz müxtəlif istiqamətlərə
şaxələnir. Rejissor, ssenarist və aktyor. Bu istiqamətlərin
hansında ayağınız daha çox daşa dəyir?
- Əslində heç bir peşə asan deyil. Hər
bir sahənin özünün kifayət qədər çətinlikləri
var. Ssenarist olanda başqa, aktyor olanda başqa, rejissor olanda da
tamam başqa problemlərlə üzləşirsən. Bir də
bizdə hazırda bu sahə hələ inkişaf mərhələsindədir,
yəni bəzi digər sahələr kimi inkişaf etmiş
sayılmır. Bir dənə İncəsənət
Universiteti var, orada da təhsil hələ də sovet
dövrünün metodları ilə davam etdirilir. Hansı ki,
indi dünyada yeni metodlar kəşf olunur. Düzdür, fərdi şəkildə
bəzi müəllimlər həmin metodlardan yararlanırlar, dərsliklərdə
olmasa belə, bunu tələbələrə öyrədirlər.
Sahəmizdəki çətinliklərin böyük əksəriyyəti
qeyri-peşəkarlıq və diqqətsizlikdən yaranır.
Məsələn, bizim sahəyə dövlət inkişaf
üçün pul ayırır. Bu, kifayət qədər
yetərli səbəbdir. Dövlət şərait yaradır
ki, inkişaf elə. Amma pulu ayırır, nəzarət eləmir.
Mən bir uşağa yüz manat pul versəm, gedib istədiyi
yerə xərcləyəcək. Çünki pulun haradan gəldiyi
onu maraqlandırmır, çünki uşaqdır. Bizim sahə
də uşaq kimidir. Onu gərək idarə edəsən,
çünki hələ təzə-təzə inkişafa
başlamışıq. Birinci Qarabağ müharibəsi
dövründə bütün sahələr kimi, bu sahə də
çox geriyə düşdü. Müharibədən sonra
digər sahələr başladı inkişafa, çünki
dövlət kimi formalaşmağımız üçün
bu, çox vacib idi. İncəsənət çox ertələndi,
hər dəfə bu təkrarlandı. Təxminən
2000-2010-cu illər arasında bu sahədə inkişaf
müşahidə olunmağa başlandı. O vaxt teatrlar
dağıdılmışdı, onlar təmirə
bağlandı, böyük teatrlarımızın
hamısı artıq təmir olunub. İndi 20 il əvvəlki
kimi soyuqda paltoyla heç kim oturub tamaşa izləmir. Eləcə
də, digər sahələr. Aktyorluq və rejissorluqda da
çətinlik çox vaxt maddiyyatla bağlı olur. Biz
universitet oxuduğumuz dövrdə böyük xəyallarla
yaşayırdıq, bu sahədə xarüqələr
yaradacağımızı düşünürdük. Amma bu
sahəyə ayaq basan kimi gördük ki, bizə öyrədilənlər
nəzəriyyədir, bizə isə praktika lazımdır. Bu
da lazımi vaxtda istifadə olunmadığına görə əziyyət
çəkməyə başlayırıq. Məsələn,
otuz nəfərlik qrupla çəkilişə
çıxırsan, aktyor nəyisə improvizə edir və
setdə olan otuz nəfərdən beşi gülür. O gülmək
seti saxlayır və çəkilişə yenidən
başlamalı olursan. Bu sahədə qeyri-peşəkarlar
çoxdur. Universitet hər il tələbə buraxır. Tələbələr
bu sahəyə yönəlmir. Bizim qrupda 12 nəfər tələbə
var idi, onların içərisindən cəmi iki nəfər
- Elnur Kərimov və mən bu sahədə
qalmışıq. 50 nəfərlik patokdan da 10 nəfər
qaldı. Bir də biz oxuyan vaxt incəsənəti bitirib bu
sahəyə gələnlər daha çox idi. İndi
çoxları diplom üçün gəlir. Sovetdən
qalma düşüncədir, nəyim olmasa da, diplomum olsun. Bu
da setlərdə çətinliklərlə qarşılaşmağımıza
gətirib çıxarır. Əlbəttə, bu da istehsal
etdiyin filmin keyfiyyətinə təsir göstərir, həmin
filmə baxan tamaşaçı keyfiyyət
aşağıdır deyə sənin digər filmlərinə
baxmır, artıq sənin alıcın olmur və işin
çətinləşir. Bu sektor çox çətinliklə
ayaqda qalmağa çalışır. Son dövrlər
dövlət pul ayırır, film çəkilir, amma səhəri
gün həmin filmi yutuba yerləşdirirlər. Milyonlar xərclənmiş
bir film nə üçün tamaşaçı
yığmadan, onun rəyini öyrənmədən yutuba yerləşdirilsin?
Bunu etməklə kino sektorunu daha da qəlizləşdirib
aşağı dartırlar. Tamaşaçı artıq
kinoteatra gəlməyə ehtiyac duymur, bilir ki, həmin film
yutuba yetləşdiriləcək. Bu yolla kino heç vaxt
inkişaf edə bilməz.
- Tural bəy, bir vaxtlar sizi ekranda, seriallarda tez-tez
görürüdük, amma indi demək olar ki, yoxsunuz.
-Siz bilsəniz ki, getdiyiniz yerdə neqativ halla
qarşılaşacaqsınız, ora gedərsiniz? Getməmək
şansınız varsa, əlbəttə, getmərsiniz. Məsələn,
mən son dəfə bir serial çəkilişinə getdim
və gördüm ki, hər şey tamam başqa
cürdür, çox aşağı səviyyədədir.
Heç kim sənətə, mədəniyyətə,
insanların psixologiyasına yaxşı mənada təsir etmək
üçün işləmir, burada hamı pul qazanmağa gəlir.
Bu zaman da insan özünə sual verir ki, mənim burada nə
işim var? Pul qazanmaqdırsa, bunun daha asan yolunu taparam. Niyə
gəlim burada bir sutka problemlərlə
qarşılaşım? Heç kimlə mübahisə etmədən,
söz-söhbət olmadan oturaram evdə, ssenarimi yazaram. Sonra
göndərərəm sizə, siz də göndərərsiniz
istehsal qrupuna, onlar da çəkilişə ötürər.
Nəticə olaraq mənəvi zövq almış olaram,
çünki heç kim yaradıcılığıma mane
olmaz və mən də mənfi halların heç biri ilə
qarşılaşmaram. İndi serial və filmlərə
çəkilməməyimin əsas səbəbi budur. Bir də
material söhbəti var. Məni cəlb edən elə bir
material yoxdur. Bir yerə ya sənətə görə gedərsən,
ya da pula görə. Bir yerdə ki, nə sənət var, nə
də pul, o yerə niyə gedim? Məsələ pul
qazanmaqdırsa, bunu kompüterin qarşısında oturub da edə
bilərəm. Bir də son zamanlar ssenari yazmaq mənə daha
maraqlı gəlir. Yəqin ki, atamdan keçib.
- Olurmu ki, aktyor olanda rejissorları, rejissor olanda
aktyorları müşahidə edərək nələrsə
öyrənəsiniz?
- Burada çox qəribə nüans var. Sovet vaxtı
teatrlarda belə bir qayda var idi ki, aktyorlar və ya digər sahə
mütəxəssisləri universiteti bitirdikdən sonra gəlib
teatrda fəhlə işləyirdilər. Artıq bir dövr,
xüsusən sovet dağıldıqdan sonra aktyorlar buna etiraz
etməyə başladılar ki, biz təhsil alıb gəldiyimiz
halda niyə fəhlə işləyək? Zamanla analiz etdikdən
sonra görürsən ki, fəhlə səhnədə olur,
aktyorların necə hazırlaşdığını, məşq
prosesini, aktyorun rejissorla ünsiyyətini, rejissorun səhnəyə
nizam verməsini, bunların hamısını ən alt səviyyədən
görməyə başlayır. Tamaşanın necə
hazır olmasının bütün detalları ilə
tanış ola-ola gəlir və sonradan onun səhnədə
aktyor kimi fəaliyyət göstərdiyi dövrdə o bilir
ki, yerə vurulan parça necə vurulub, onun üstündə
necə hərəkət eləmək lazımdır, o bilir
ki, bir dekorasiya ilə necə rəftar etmək
lazımdır. Eyni şey kinoda da var. Mən aktyor kimi fəaliyyət
göstərəndə xeyli texniki təcrübə
yığdım. Sonradan rejissor kimi film çəkmək həvəsinə
gələndə həmin təcrübələrdən
istifadə elədim. Aktyor setdə yeganə postdur ki, digər
bütün sahələrlə əlaqədə olur, məsələn,
rejissor rəssam assistentini, qrimyoru görməyə,
tanımaya bilər, amma aktyor bunların hamısı ilə
birbaşa ünsiyyətdə olur. Buna görə də
rejissor olanda işin daha rahat olur. Dünya kino sektoruna nəzər
salsaq görərik ki, əvvəllər aktyor olan rejissorlar
daha yaxşı filmlər çəkirlər.
- "Apatiya" filmindəki rolunuz izləyicilər tərəfindən
maraqla qarşılandı. Hətta mən də daxil olmaqla
bir çoxları həmin rolu sizin
canlandırdığınızı bilmədi. Bəs sizin,
rolun içində özünüzü itirdiyiniz oldumu?
- Əslində itirmək
deyə bir şey yoxdur. Aktyorluqda xəyala dalmaq kimi bir şey
var. Ümumiyyətlə, sovet dövründən qalma bir
düşüncə tərzi var. Bizdə incəsənəti
aliləşdirmə, müqəddəsləşdirmə kimi
bir xüsusiyyət var. Bəzi aktyorlar deyirlər ki, mən
illərlə bu sənətə can qoymuşam, mənə
qiymət verin. Axı nəyə görə? Pulsuz etmisən
bunu? Teatra getmisən, maaşını almısan, dövlət
sənə mükafatlar verib, evlə təmin edib, rifahın
üçün nə istəmisənsə, sənətkar
olduğuna görə xoş qarşılayıblar. Bunlar ərköyünləşiblər.
Sən niyə kiminsə çiyninə yük qoyursan? Deyir 20
il səhnənin tozun udmuşam, 20 il maaşını
almısan da, maaş almasaydın o səhnənin tozunu
udmazdın axı. Bu, sovetdən gəlmə yalançı
ideologiyalardır. Yalançı qəhrəmanlar uydururdular,
biz də onlara inanırdıq. Sovet dağıldıqdan sonra
gördük ki, bunlar hamısı boş adamlar imiş.
Bunların hamısının əqidəsi tamam başqa
imiş. Əgər mən sənətimə hörmət eləmirəmsə,
heç kim hörmət etməyəcək. Bizdə nazirlikləri,
təşkilatları, agentlikləri, ittifaqları
günahlardırırlar. İttifaqları günahlandırmaq
lazım deyil, o, sənət işidir. Başda duranlar da sənət
adamlarıdır. Mən öz dost-tanışlarıma da
deyirəm ki, sən sənətə doğru münasibət
göstərmirsənsə, nazirlik nə etsin? Hər şeyi
dövlətin üstünə yıxmaq da doğru deyil.
Dövlət bu sahəyə pul ayırır, şərait
yaradır, aktyora rejissora həvəsləndirici mükafatlar
verilir. Bəs nədir mane olan? Düşünürəm ki,
bu sahəni bu hala salan müharibələr oldu. Birinci
Qarabağ müharibəsinin Azərbaycan xalqına vurduğu
psixoloji, mənəvi zərər 20 il davam edəcək. 30
ildən sonra da İkinci Qarabağ müharibəsi oldu, bunun
da təsiri 50 il davam edəcək. Birinci Qarabağ müharibəsindən
sonra insanlar mədəniyyət haqqında
düşünmürdülər. Uşağı evdə
acından ölür, necə mədəniyyəti
düşünsün. Bu insan ancaq dərd çəkəndə
mədəniyyət yadına düşürdü. Kimsə
muğam oxusun, o da ona qulağ asıb ağlasın, sabah təzədən
çörək dalınca getsin. Müharibə insanı
beyin səviyyəsindən mədə səviyyəsinə
salıb. İndi yavaş-yavaş ayağa qalxırıq. Amma
hələ də mədə ilə beyinin arasındayıq.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.15.