Anlamadığımız
musiqidə yamsılama texnikası
(Esse)
Bəzən səhnədə, studiyada, ya da sinif
otağında bir musiqi ifaçısının və ya bəstəkarın
yaratdığı səsi eşidirik və belə bir sual
yaranır: "Bu musiqini özü anlayırmı?" Daha
sonra isə bizlər - dinləyici, tələbə, ya da tədqiqatçı
- bu musiqini anlamağa deyil, onu təkrarlamağa
çalışırıq. Anlamadığımız musiqidə
yamsılamağa girişirik. Bu, yalnız estetik problem deyil.
Bu, həm də əxlaqi, bəlkə də metafizik məsələdir.
Yamsılama bir öyrənmə mərhələsi
ola bilər, lakin o, orada ilişib qalsa, sənətin səviyyəsini
endirmiş olar. Biz əgər muğamı, barok musiqini, ya da
cazı yalnız səthindəki texnikanı təqlid edərək
ifa ediriksə, mahiyyətinə varmadan, yalnız səslərini
təkrarlayırıqsa, bu, "yamsılama" deyil, anlamadan
danışmaq kimi bir şeydir. Uşaq dil öyrənərkən
sözləri təkrarlayır, amma mənasını dərk
etmir. Musiqidə də çox zaman bu hal baş verir:
ifaçı və bəstəkar sanki yalnız eşitdiklərini
təkrarlayır, amma onun haradan gəldiyini, niyə belə
qurulduğunu, hansı dünyagörüşün
daşıyıcısı olduğunu anlamır.
Anlamadığımız musiqini yamsılamaq bir
neçə texniki mərhələ ilə baş verir:
1. Formanın kopyalanması. Musiqidə hansısa forma
təqlid olunur: məsələn, sonata, simfoniya, ya da muğam
dəstgahı. Amma forma ruhsuzdur - yalnız skeletdir. Onu hərəkətə
gətirən isə daxili enerji, fəlsəfi və emosional
yükdür.
2. Üsul və
üslubun səthi mənimsənilməsi. Ritmlər,
intonasiyalar, harmoniya sistemi öyrənilir, lakin onların
hansı mədəni koddan doğduğu bilinmir. Nəticə:
bu üslub "kənardan
yapışdırılmış" kimi görünür.
3. Estetik hissin yoxluğu. Musiqi anlayışı
olmayan biri, yalnız texniki səviyyədə çox şey
edə bilər. Amma musiqinin "daxili"ni - onun estetik
zamanını, mənəvi enerjisini hiss etmədən ifa etmək
sadəcə "nəğməkar bir maşın"
roludur.
4. Səthi orijinallıq. Yamsılayan bəzən
düşündüyü qədər təqlid etdiyini də
anlamır. O elə bilir ki, "yaradır". Halbuki sadəcə
eşitdiklərini fərqli ardıcıllıqla təqdim
edir.
Bu mənzərəni dəyişmək
üçün nə lazımdır?
Daxilə baxmaq: Musiqini eşitmək yox, dinləmək.
Notları oxumaq yox, mənalandırmaq. Musiqidəki "niyə"
sualını soruşmaq.
Mədəniyyətlərarası anlayış:
Əgər sən qərb polifoniyasını yazırsansa, onu
doğuran fəlsəfi düşüncə sistemini - məsələn,
Avqustindən Kanta qədər olan
ardıcıllığı - anlamalısan. Əgər
muğam yazırsansa, onun irfani-mistik qatlarını bilməlisən.
Texniki biliklə mənəvi duyumun sintezi: Yalnız
texnika yetərli deyil. Hiss olunmayan, yaşanmayan heç bir
musiqi uzunömürlü olmaz. Yalnız ritmi düzgün vurmaqla
"üsul" yaratmaq mümkünsüzdür. Üsul
zamanın mənalandırılmasıdır.
Nəticə olaraq:
Anlamadığımız musiqini yamsılamaq, zahirdə
sənətkarlıq, batində isə məna
boşluğudur. Hər bir ifaçı və bəstəkar
özünə bu sualı verməlidir: Mən bu musiqini həqiqətən
anlayırammı? Yoxsa onu yalnız təqlid edirəm?
Əgər cavab ikinciyə yaxındırsa - bu,
başlanğıcdır, amma dayanmaq üçün yox, daha
dərinliyə getmək üçün bir
başlanğıc.
Yoxsa əks halda, musiqi elə o
yamsıladığımız səslər içində
bizi tərk edər.
Vüqar CAMALZADƏ
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.14.