İtkilərimiz, əzablarımız
və ümid
Esse
Heç gözləmədiyimiz zamanda, heç
ummadığımız yerdə, bircə anda, heç
olmamış kimi yoxa çıxır
qanımızdan-canımızdan olanlar və yalnız o an
doğmalarımızın başına gələnin hər
an bizim üçün də gözlənilən olduğunun
fərqinə varırıq. O zaman ixtiyarsız şəkildə
yol alır "Dünya mənasızdır!" nidası iki
dodağımızın arasından göy üzünün ənginliklərinə
doğru və həyatımızın mənasını
itirmişlik hissi gəlir bizə...
Atam dünyasını dəyişəndə cəmi
22 yaşım vardı. Əcəli qəfil gəlmişdi.
Gözləmədiyimiz ölüm idi. Ona görə də bu
amansız itkini qəbul etmək, üsyanımla başa
çıxmaq illərimi aldı. Həyatın mənasını
sorğulamağa başladım. Həyatı sorğulamaq
insan olmağın təməli olmaqla yanaşı, həm də
ən çətin tərəflərindən biridir.
Ölümün qaçılmazlığı
qarşısında dərin çarəsizliyə
düşdüm. Bu çarəsizlik əvvəl bir yük
kimi görünsə də, əslində məni daha dərin
bir axtarışa itələyən əsas gücə
çevrildi.
Bəlkə də, həyatın mənası mücərrəd
arqumentlərdə və yaxud da mürəkkəb nəzəriyyələrdə
deyil, yaşadığımız təcrübələrdə,
insanlarla aramızdakı bağlarda gizlidir. Həyatda hər
şeyi ziddiyyətli olan nəsnələrlə mənalandırırıq.
Aydınlığı qaranlıqla, sevinci kədərlə,
yaxşını pislə, aşağını yuxarı ilə
və sair. Bu mənada həyat da ölümlə məna
qazanmış olmurmu? İnsan ölənə qədər həyatında
məna axtaran bir varlıqdır. Dünyada var
olmağının məqsədini bilən insan həyatını
daha mənalı yaşayır. Kimisi qazandığı
uğurları ilə, kimiləri bir-birinin dərdinə dərman
olaraq, kimisi sevərək, kimisi anlayaraq, kimisi paylaşaraq...
Tarix boyu filosoflar da həyatın mənası üzərində
baş sındırıb, bu mövzuda açıq qalan
suallara cavab axtarıblar. Aristotelə görə, həyatın
mənası yaxşı olmaqdadır. Platona görə,
öyrənməkdədir. Hedonizmdə həyatın mənasının
zövq almaqda olduğu iddia edilir. Nihilizmdə həyatın
heç bir mənası yoxdur. Nitşeyə görə isə
həyat sonsuz və təkrar olunan bir heçlikdir.
Göründüyü kimi, həyatın mənası
şəxslərə və vəziyyətə görə dəyişir.
Bəlkə də dünyadakı insan sayı qədər fərqli
tərifi var həyatın mənasının. İnsan təbdən,
təbə düşən bir varlıq olduğu
üçün əzablar içində qovrularkən də,
xoşbət olarkən də həyata yüklədiyi məna
dəyişə bilir. Məşhur psixoloq Viktor Frankl
"İnsanın məna axtarışı" adlı
kitabında üç əhəmiyyətli məsləhət
verir bizə: Müsbət münasibətlər
formalaşdırmaq, bir şey yaratmaq və əzabın
içində də müsbət bir məqsəd tapmaq.
"Pis bir dövrdən keçirsinizsə, onun da içində
mütləq bir məna-məqsəd tapmağa
çalışın" - deyir Frankl.
Həyatın mənası bəlkə də hər
anın içində, lap gözümüzün
qabağındadır. Bir körpənin qığıltısında,
bir uşağın məsumluğunda, bir dostun çətin
anlarında kürəyinə dəyən əlində, təbiətin
bizə bəxş etdiyi gözəlliklərdə, ya da
bütün çətinliklər qarşısında dik
duruşumuzda... Bu anlar bizə həyatın həm ötəri,
həm də çox dəyərli olduğunu
xatırladır. Özümüzü, ətrafımızdakıları
və kainatı daha yaxşı anlamağa
çalışmaq, bizə yaşadığımız hər
anın qiymətini bilmək şansı verir həm də.
lll
Yazılarımda sitat gətirməyi çox sevirəm.
Bu, əsla "mən çox oxuyuram, bunu da bilirəm,
ondandan da xəbərdaram" təsiri ötürmək istəyimdən
qaynaqlanmadığına and içə bilərəm, amma
inandıra bilərəmmi, ya yox, ondan əmin deyiləm. Bircə
onu deyə bilərəm ki, bəzən başqalarının
söylədiyi fikirlərlə hisslərimizi daha doğru
şəkildə ifadə edə bilirik. Ona görə də
yazımın bu hissəsinə elə böyük ozan Yunus
Əmrənin sözləri ilə başlamaq istəyirəm.
Yunus Əmrə, "Kaş ki, demək üçün belə
gecdir. Keçdi ömür bir ah ilə içi dolu eyvah ilə"
deyir. "Kaş ki" sözü mənə görə
sözlər içərisində ən kədərli
sözdür. Yaşanmamış və yaşanan
bütün peşmanlıqlar birdən-birə bu beş hərfə
sığır elə bil. Bu beş hərf istəyib edə
bilmədiklərimizin xəyalı ilə, edib də peşman
olduqlarımızın mühakiməsi kimidir. "Kaş
ki"siz bir həyat mümkündürmü, bilmirəm, amma
"kaş ki"ləri azaltmaq mümkün ola bilər, məncə.
Ömrümüzdən sürətlə ötüb keçən
zamanda çevrilib geriyə baxanda "kaş ki" ilə
başlayan çox sayda cümlə qururuqsa,
yaşadıqlarımızdan
çıxartdığımız dərslər çox vaxt
peşmanlıqlarımız olur. Çünki insan
"kaş ki" ilə başlayan bir cümlə qurursa,
bunun mənası qaçan fürsət, itirilən zaman,
dost, sağlamlıq kimi dəyərlərin itkisindən
ötrü hiss etdiyi peşmanlığın qısa, amma
amansız ifadəsidir. Həyat əslində içindən
gəldiyi kimi, doyaraq, sevərək yaşamaqdır. Bu həyatı
yaşadığımız "Kaş ki"lər ilə
öyrəniriksə, "yaxşı ki"yə çevirə
bildiklərimizi də qucaqlamağı unutmamalıyıq.
Çünki "yaxşı ki" deyə
xatırladıqlarımız, yəni etdiklərimiz gözəl
xatirələrə çevrilir və bizə az da olsa
rahatlıq verir. "Kaş ki"lər isə yalnız kədərləndirir.
"Bunu belə etsəydim, daha yaxşı olardı"
dediyimiz şeylərin olmamasında da bəlkə bir hikmət
var. Ona görə də bu məqamda qəbul edə bilmək
müdriklikdir. Xoşbəxtliyin bir adı da həyatdan dərs
alıb, əlimizdə olanlara qane ola bilməkdir.
Unutmamalıyıq ki, bu dünyada baş verən hər
şeyin bir səbəbi var və biz o səbəbi anlayana qədər
zaman su kimi axıb gedir. Odur ki, axıb gedən zamanın
içində yaşadıqlarımızın
peşmanlığını yaşanmalı olan gözəl
anların önündəki hasara çevirməyək.
Ölməz şair Musa Yaqubun dediyi kimi:
Yox, daha ömrümdə açılmaz o yaz,
Bir qanadım yorğun, birisi pərvaz.
Elədiklərimdən yaxam qurtarmaz,
Eləmədiklərim yandırar məni.
lll
Zaman-zaman iş həyatında, mənəvi
böhranlarla boğuşduğumuz anlarda, ailə, dost
qayğılarında boğuluruq. Sevdiyimiz insanları itiririk
və bu itkilərin fonunda əvvəlki sevinclərimiz də
yox olub gedir. Başımızı qaldırıb göy
üzünə baxmağı unuduruq çox vaxt. Hətta bəzən
olur, başımızın üstündə bir göyün
olduğunu da yadırğayırıq.
Ətrafımızdakı insanların çoxu bizə səhv
etmək şansı vermir. Daha sərt olurlar bizə
qarşı. Olur ki, bu burulğandan qaçmaq, geriyə
qayıda biləcəyimiz, başqa istiqamətə gedə
biləcəyimiz qapıların sayı da azalır. Yaş
üstünə yaş gəldikcə həyat kompüter
oyunları kimi görünür sanki. Hər mərhələ
bir əvvəlkindən daha çətin, daha məsuliyyətli
gəlir. Amma insanı bu çətinliyin fövqündə
ayaqda saxlayan bir güc olur. Adı ümiddir. Alman filosofu Ernst
Simon Blox utopyanı fəlsəfədə vazkeçilməz
anlayışa çevirərək ideal olanı yaratmaq və
ona çatmağa çalışmağı təşviq
etmək baxımından ümidi olduqca faydalı hesab edirdi.
"Ümid insanın Allah ilə olan rabitəsinin bir göstəricisidir"
də deyə bilərik. İnsan ümidini itirmədiyi
müddətdə mənəvi cəhətdən bəslənir.
Qısa desək, ümid həyatın səssiz
işığdır. Ümid itdiyi zaman məqsəd də
yoxa çıxır. İnsan mənəvi yöndən
quruyur. Jan Pol Sartrın dediyi kimi: "Ümidsizlik
insanoğlunun özünə qarşı hazırlaya biləcəyi
sui-qəsdlərin ən təhlükəlisidir. Ümidsizlik
mənəvi bir intihardır".
Və acı bir həqiqətdir ki, intihar edən
insanlar yalnız ümidlərini itirdiyi zaman bu yolu seçirlər.
Mən də intihar haqqında çox
düşünmüşəm əvvəllər. Xüsusilə
də 2021-2023- cü illər arasında, demək olar ki,
bütün günü beynimdə intihar fikri ilə gəzmişəm.
Analıq hissim o qorxunc aktı həyata kecirməyimə mane
olub. Övladlarım mənim içinə
düşdüyüm dibsiz boşluğun içindəki
ümidim olublar. İnsan həyatı boyu dəfələrlə
uçurumun kənarına gəlir. İnsanı o
uçurumun kənarına gətirən səbəblər
olduğu kimi, uçurumdan atlamağına imkan verməyən
səbəbləri də mütləq olmalıdır. Həyat
çox çətindir, amma hər şeyə rəğmən,
bizə bəxş edilmiş bir ərmağandır. Lakin hər
kəs bunun bu cür olduğunu düşünmədiyi
üçün intihar yaranıb. İnsanlar müxtəlif səbəblərə
görə intihar edirlər. Müasir dövrdə ən
çox intihar səbəbi sosial problemlər və tənhalıqdır.
Bizim insan olaraq intihar potensialı olan insanlara verəcəyimiz
sosial dəstək çox əhəmiyyətli qoruyucu
faktordur. Bəzən "hər şey yaxşı olacaq"
sözü də həyat qurtara bilir. Biz bunun ən gözəl
sübutunu bir neçə ay bundan əvvəl Aktau faciəsi
zamanı şahidi olduq. Gənc stüardessa Hökümə
Əliyevanın "Hər şey yaxşı olacaq"
sözü bir ümid idi və o ümid parçalanan təyyarənin
içindən 30-a yaxın insanın həyatda qalma səbəbinə
çevirildi.
Kimsə tərəfindən dəyər, diqqət
görmək insanı həyata bağlayır. Yenə də
Viktor Frankla müraciət edək. Onun başına gəlmiş
bir əhvalat ümidin insanı həyata
bağladığının tutarlı sübutudur. Gecənin bir aləmində
Franklın telefonuna zəng gəlir. O, dəstəyi
qaldırır və dəstəyin digər tərəfində
bir qadın deyir ki, doktor Frankl, telefon nömrənizi
kitabçadan tapdım, intihar etməyə
hazırlaşıram, son sözlərimi sizə deyib intihar edəcəm.
Həkim onu bu fikrindən daşındırmağa
çalışır. Düz 45 dəqiqə söhbət
edirlər. Qadın sonda dəstəyi asmalı olduğunu
bildirir. Frankl ondan qərarının nə olduğunu
soruşur. Qadın deyir: "İntihar etməyəcəm
doktor". Frankl onu fikrindən daşındıran səbəbin
nə olduğunu soruşur. Sual verir ki, mənim sözlərim
sizə təsir etdi deyə fikriniz dəyişdi? Qadın
deyir, yox, doktor, fikrimi sizin davranışınız dəyişdirdi:
əgər gecə saat 2-də bir insanı yuxusundan oyadıb
45 dəqiqə onunla danışa bilirəmsə, demək,
yaşamağa hələ ümid var. Bir insan başqa bir
insandan bu köməyi əsirgəmirsə, deməli, hələ
ümid var və mənim də yaşamağım
lazımdır.
Hər çətinliyə rəğmən, əgər
ümidimiz tükənməyibsə, həyatda qalmaq
üçün mütləq mübarizə aparacağıq.
Ümid etmək bu baxımdan çox əhəmiyyətlidir.
Ona görə ki, insan nələrəsə bağlanmağa,
inanmağa, güc qazanmağa və ona yaxşı təsir
edəcək şeylərə sahib olmağa ehtiyac duyur.
Psixoloqlar bunu belə açıqlayırlar ki, insan bir şeyə
bağlandığı, ümid etdiyi zaman həyatda qala, hətta
xoşbəxt ola bilir. Çünki inanmaq insana müsbət
təsir edir, ümid həyatı asanlaşdırır.
Günel MUSA
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.13.