Arzulanmayan qonaqlar
Esse
Bütün dünya 20-ci əsrin ikinci
yarısında yeni bir anlayışla tanış oldu:
Qloballaşma. Bəzi insanlar asanlıqla sərhədləri
keçərək "evlərimizə" baş çəkir,
öz həyat, düşüncə tərzini və məhsullarını
bazara çıxarır və bundan böyük iqtisadi qazanc əldə
edirlər. Vaxtilə müstəmləkəçilik adı
altında edilənlər indi qloballaşma adı ilə
qapımızı döyür. Dünyanın bir çox
ölkəsi qloballaşmaya hazırlıqsız yaxalanıb və
bu vəziyyətə uyğunlaşa bilməyib.
Müstəmləkəçilik illərindən bəri
"başqası" olmağa adət etmiş
"üçüncü dünya" cəmiyyətləri
indi "kimliklərini" itirmək narahatlığı
içərisindədir. Milli dövlətlərin getdikcə
təsirsiz hala düşdüyü bu nizamda dünya
iqtisadiyyatının nəhəng şirkətləri harada
bazar görsələr, rahatlıqla girib istehsal etdiklərini
sataraq böyük gəlirlər əldə edə bilirlər.
Bu şirkətlər üçün indi maarifçilik
dövrünün dəyərli mühakimələri deyil,
iqtisadi qazanclar önəmlidir. Belə olan halda ümumbəşərilik
önə çəkilərkən ölkənin bazar kimi
müəyyən edilən yerli dəyərləri önə
çıxır və qloballaşma fenomenini millətçiliyə
qarşı qoymaqla daha çox qazanc əldə etməyin
yolu tapılır. Stüart Holl qloballaşmanın müxtəlifliyə
yanaşmasını heç də məsum görmür. Holl
deyir ki, qloballaşma "fərqlərlə yaşamağa,
eyni zamanda onları məğlub etməyə,
basdırmağa, idarə etməyə və mənimsəməyə
çalışır".
Yeni dünya nizamında iqtisadi gücə sahib olan Qərbi
Avropa və ABŞ bu sistemin ən böyük payını
alaraq zənginləşdiyi halda, "üçüncü
dünya" getdikcə yoxsullaşır və digərlərindən
daha çox asılı olur. Bir müddət sonra artıq
özünü idarə edə bilməyən
"üçüncü dünya" çarəni
varlıların qapısını döyməkdə
tapır. Öz ölkələrində yoxsulluqla mübarizə
aparan insanlar daha yaxşı həyat dalınca zəngin
ölkələrə axışırlar. Beləliklə,
qloballaşma ağalarının ümumiyyətlə nəzərə
almadıqları bir vəziyyət yaranır: miqrasiya.
Kütləvi şəkildə gələn immiqrantlar
özləri ilə bir sıra problemlər gətirirlər:
işsizlik, şəxsiyyət problemləri, sosial
uyğunsuzluq və mədəni toqquşmalar. Mühacir
öz şəxsiyyətini qorumaq üçün müqavimət
göstərdiyi halda, yaşadığı cəmiyyət də
ona öz kimliyini və qaydalarını tətbiq edir. Bu son dərəcə
ziddiyyətli vəziyyət müasir dünyanın ən
mühüm problemlərindən biridir. Beləliklə,
immiqrantın şəxsiyyəti, assimilyasiya və
uyğunlaşma arasındakı incə xətt və bir
çox başqa problemlər immiqrasiyanın mənfi nəticələri
olaraq ortaya çıxdığı halda, immiqrantın
intellektual dünyasında nələr baş verir? Yəni
immiqrantlar yaşadıqları ölkələrdə sənət,
elm və düşüncə dünyasına töhfə verə
bilirlərmi, yoxsa bu ərazilərdə özlərinə
yeni bir mədəniyyət qurmaq məcburiyyətində
qalırlar? Xüsusilə ədəbiyyat sahəsinə nəzər
salsaq görərik ki, şəxsiyyətlə bağlı
yaşanan problemlər bu sahədə də mövcuddur.
Müstəmləkəçilik illərindən bəri
sərvətləri şimal yarımkürə dövlətləri
tərəfindən istehlak edilən cənub yarımkürəsindəki
bir çox ölkələrin əhalisi yoxsulluğun pəncəsinə
düşüb. Evlərində qonaq etdikləri zəngin,
bilikli, eyni zamanda hiyləgər qonaqlar bilmədən əllərində
olan hər şeyi götürüb öz ölkələrinə
qayıtdılar. Güneyin ənənəvi quruluşunu, mədəniyyətini,
ruhunu çox yaxşı bilən quzeylilər onu asanlıqla
istismar edərək, yoxsul həyatın qollarına
buraxıblar. Əsrlər boyu özünü gücləndirən
şimal, beləliklə, özünü mərkəzləşdirdi
və istismar etdiyi ölkələri asılı, inkişaf
etməmiş, aşağı ünsürlər vəziyyətinə
saldı. Xorxe Larrainin dediyi kimi, "qloballaşma prosesinin mərkəzində
dayanan ölkələr bu prosesin aparıcı qüvvəsi
olaraq öz milli kimliklərini mərkəzi, dominant bir şəkildə
qurmuş və bütün digər mədəniyyətləri
periferik və aşağı səviyyəli səciyyələndirmək
missiyasına malik olduqlarını düşünmüşlər".
Artıq evlərinin rahatlığı olmayan kasıb,
periferik insanlar, bəlkə də, ilk dəfədir ki,
aldadılaraq, zorakılığa məruz
qaldıqlarının fərqindədirlər,
varlıqlarını davam etdirmək, gələcəklərini
qorumaq üçün hər cür riskə gedərək
qanuni və ya qeyri-qanuni yolla zəngin ölkələrin
yolunu tutublar. Yeni dünyaya çatmaq üçün əllərində
olan hər şeyi insan alverçilərinə satan, köhnə
qayıqda və ya yük maşınının dar yanacaq
çənində saatlarla yol getməli olan bu insanların bəziləri
boğularaq ölür, bəziləri isə dənizin dərinliklərində
basdırılır.
Həbib Bektaşın "Cənnətin
arxasındakı bağ" (1999) romanının qəhrəmanı
Çakır və ailəsinin başına gələnlər
kimi. Kədərli, küskün və bir az da ümidlə
mühacir qapısını döydüyü ölkələrdə
yeni həyata dəstək axtarır. Dilini və mədəniyyətini
bilmədiyi bir dünyada var olmağa çalışan bu
"qürbət uşaqları" şimalın dincliyini
pozur. Gündən-günə sayı artan küçələri,
prospektləri, məhəllələri dolduran
"başqaları" bütün istisnalara rəğmən,
ayrılmır, müqavimət göstərir, onların da insancasına
yaşamaq haqqı olduğunu hər fürsətdə dilə
gətirirlər.
Mühacir çoxluq arasında itməmək, o vaxta qədər
sahib olduğu, vəsf etdiyi dilini, dinini, mədəniyyətini,
kimliyini itirməmək üçün onlar kimi yaşayan,
düşünənlərlə birləşərək,
onları yaşadıqları cəmiyyətdən ayıran
icmalar və ya camaatlar qurur. Təcrid olunmuş və xor
baxılan mühacirlər bəzən varlıqlarını
sübut etmək və səslərini eşitdirmək
üçün zorakılığa əl atmağa məcbur
olurlar. Bir neçə il əvvəl Parisətrafı qəsəbələrdə
mühacir gənclərin nümayişləri onlara məhəl
qoymayan sistemə qarşı üsyandan başqa bir şey
deyildi. İmmiqrantlar indi məskunlaşdıqları ölkələrdə
hüquqlar axtarır və mərkəzdən pay almaq istəyirlər.
Mərkəzdəkilərin "periferik"
adlandırdığı insanlar indi öz şəxsiyyətləri
ilə bütün orijinallığını qoruyub saxlayaraq
həyatlarına ortaq olublar. Buna dözə bilməyən bəzi
dairələr özlərini irqçilik həddinə
çatdırıblar və mühacirlərə qarşı
divar hörmüşlər. Mərkəzdə irqçi
münasibət artdıqca, immiqrantlar da əks münasibət
olaraq öz kimliklərini vurğulamaq ehtiyacı hiss edirlər.
Mədəni kimliklərini əksər mərkəzin kimlik tətbiqlərinə
qarşı qalxan kimi istifadə edən immiqrantlar getdikcə
daha çox geri çəkilir, mərkəzə paralel və
mərkəzdən uzaq həyatlar yaradırlar. Onlar metropolislərin
ətraflarında yaşamaq üçün mübarizə
aparırlar. Bir tərəfdən dünya vətəndaşı
olmaq diskurslarının səsləndiyi, digər tərəfdən
də fərqli olanların
uzaqlaşdırıldığı bir sistemdə
qarşıdurma getdikcə alovlanır və bu atəş hər
iki tərəfi bərabər şəkildə
yandırır. Mərkəz və periferiya nə qədər
müqavimət göstərsə də, hər iki tərəf
bir-birindən təsirlənir və immiqrant bəlkə də
yeni əsrdə yeni kimlik qurmağa kömək edir. Kimlik
qarşıdurmasının qaçınılmaz nəticəsi
olaraq iki mədəniyyətin bir-birinə dəydiyi nöqtədə
qırılmalar meydana gəldi və hər iki tərəfdən
qırılan və tökülən parçalardan yepyeni bir
kimlik yarandı.
Bu gün müxtəlif rənglərə, geyimlərə,
dillərə, musiqilərə və mədəniyyətlərə
malik milyonlarla insan Avropa ölkələrində
dolaşır. Fərqlərini hər fürsətdə dilə
gətirən, hətta bunu Avropanın gözündə
ovuşduracaq şəkildə simvollaşdıran mühacirlər
nə qədər müqavimət göstərsələr də,
çoxdan ikili kimliyin pəncəsinə düşüblər.
Onlar artıq nə keçmişlərinə, nə də
indilərinə aiddirlər. Meyda Yeyenoğlunun təbirincə
desək, "immiqrant kimliyi nə arxaikdir, nə də
müasirdir, nə keçmişə, nə də indiyə
aiddir. Bir sözlə, immiqrantın kimliyi hibrid kimlikdir".
Amin Maalouf immiqrantın ikili kimliyini "İdarədən
çıxan dünya" əsərində bu cümlələrlə
izah edir: "Çox vaxt yad ölkəyə köçən
birinin öz ölkəsindən köç etdiyi unudulur, bu,
sıradan bir detal deyil, mühacir əslində iki insandır
və o, hər ikisi üçün eyni statusa sahibdir,
sürgün edildiyi şəhərdə aşağı səviyyəli
bir vəzifədə işləməyə boyun əyən məzun
vətənində hörmətli bir insan ola bilər,
şimal tikinti sahələrində cəsarətlə
danışan, həmişə yerə aşağı baxan mərakeşli
işçi, öz doğmalarına və qüruruna
qayıtdıqda, özünə güvənən, qıvraq
və şirin dilli bir hekayəçiyə çevrilə
bilər..."
Rəvan
525-ci qəzet .- 2025.- 12 iyul(№120).-S.11.